Sənət və ədəbiyyat dərgisi

Qiyamətdən fraqmentlər - Ələsgər Əhmədin yeni şeirləri

08 May 2022 / 08:26

ƏLƏSGƏR ƏHMƏDİN YENİ ŞEİRLƏRİ
 

N)AMİL

 

Bütün sahillərin danışıq tərzi,

gəmilərin ümidvar yelkən səsidir, Liman

Dəstəklərini həyatın əyləcindən alan ahılların

dilindəki zəvvar yalan - həqiqət məhbəsidir

Güzəşt etsək, yüksək iman

 

Gözüm yumulduqca əyildi qəddim

tələsik hesablanma sıfırlanıb qayıtdı səbr sayğacına

Döydüyüm qapıyla eyni açıldı

itin boyunbağına çevrilən xalta

oyun bağına silahların beyni açıldı - təbiət matəmi başlatdı

Xatəmi doğrayan balta

 

Pendirdən çətin daş atdı qarğa ac-acına

Bu baltanın sapıyla

özümü gizlətdim,

ömrümü yellətdim çörək ağacından dar ağacına

 

Udqundum:

gürzələri lərzəyə gətirənlər mirzəmi?

Sancırmı müvəffəqiyyətləri hərzə yerə çimdikləyən paxılları

Taxılları çürüddükdə bir zəmi

 

Uğundum:

Zirzəmi damcılarındakı saray xəbərləri

dəlidən doğrudu

Alnımdakı tərli taleyin uğurudu əlimin qəbərləri

 

Ağlın qatı məni bezdirib,

səni çərlətdikcə

təşvişlərdə gəzdirib

atı tərləddikcə öyrətdi xain ata

yerin cazibə qüvvəsi;

atmosferin kainata müsahibə nüvəsi

 

Cavablar susduqca suallar danışdı

Dünyəvi evi hasarladı

küdurətlər parladı kinləri qəti

Sakinləri təhlükəni anlamaz,

oğrular məşəqqəti

yalanlar bəlkəni unudursa, gündəlikdi

doğrular müvəqqəti

 

Barmaqların azaddısa,

Qlobuslar dövrünü uzatdısa, reallıqlar dəlikdi

Təkcə,

axsaq misralarım,

indinin özündə də ədəbi çəliklərimin qorxusuymuş

Seysmik düşüncə:

Düşündüklərim

edə bilmədiklərimin yuxusuymuş

Hə, yat!

"Həyat" sözündə də bir küncə döşəkçə atmaq, yatmaq var.

 

Bəşəri mənafe yatır

səmaları deyindirməkdə

simaları don vurub

Torpağın damarlarını sovurub

yaradılan qara zəlzələyə "seysmik don" geyindirmək də

quruya çatmaq - çatmaqçün çəkdiyin avar

 

İnandırıldığınız,

yandırıldığınız közərtilərdən miras:

içdiyin andın da əməlində iblis olasan

O iblis ki,

özün özündən zövq aldıqda sevişdiyin ehtiras

 

Həmin hiss ki

göyərçin başlarına bildirir gilyotin dəndi

 

Payızkən

torpağın yarpaq ehtiyacından bilirsən,

asılılığın tərkibi nikotindəndi

 

Qiyamətdən fraqmentlər :

Ölü torpaq qayıdır qışdan

Basdırılmış tumurcuqlar "bitki"n tarix "yaz"ır yağışdan

Sən də,

dağa qaldırdığın çürük meyvələrin dadından xəbərdar.

 

Məcburən,

utancından ölürsən,

sancından imtinan gəlir,

sola-sağa saldırdığın şəhvət adından.

havaya çevrilirsən, sərhədsiz yaranışdan,

məhv etdiyin qadından.

Bu genişlikdə gəbər,

dar səhpası görünsə də kürən

 

Bəzən

"özümü göstərmirəm" deyən adam,

başqalarının  gözündən özünü göstərər.

 

Günahlandırıldığı budaqdan

yanlız meyvə sözünü dərər

Yalnızkən.

 

De,

eşq sabit mərtəbə

və yaxud saxlayacağın ən münbit "Dayanacaq"

Ora çatan hər kəs, özlüyündən oyanacaq

 

 

 

Onuncu divar

11 oyunçunun qələbə köməyində

9 aylıq təqvimin doğumu idi 12-ci imam,

sonuncu şam yeməyində

 

Göz, burun, dodaq, qulaq bulağımızdı

Gözün gördüyü,

burnun dərdiyi,

dodağın işlətdiyi,

qulağın eşitdiyi etirazı səsləndirsək

 

Görərik ən böyük parçamız qulağımızdı

 

Qəflətdi?

oyandır

gözü bağlı qayıtdığın qapılarda

açar söz vəhdəti: "rəhmli və bağışlayandır"

 

Cəhənnəm alovuna

cənnət suyu səpdilər sanki

İnan ki

Bu günün sabahları qaytarılmır dünənlərə

 

Təyyarədən paraşütlə enənlərə,

"Allahın dostları" deyən uşağın məsumiyyəti

Bir-birinə dəyib

qığılcımdan alov yaradan daşların məsuliyyəti

Bir də sənin varlığın

Bunların hamısı karlığın,

gözlərdən eşidilən hərfləri

 

zaman zərfləri, bir cümləlik xəbər gətirdi;

Nökərin tər qoxusu,

şahın özünü əhaliyə sevdirdiyi ətirdi.

 

Səhər mesajı.

 

Önündəkinin kini,

itirilmiş zamanın, cibindəkindən artıq

müzakirə məsrəfi

Mübahisəni canlandıran zümrənin şərəfi,

boş olsa da

 

Seminar vaxtı,

fəlsəfi mühazirə oxuyan müəllimlərin

qalstukunun vicdan sıxan tərəfi boşalsa da

 

Bunların hamısı,

bir cümlədə - dünyanın elektron variantıdır

 

Həkim yazısıyla desək;

kaktus dibçəyinə

bağlanmış şarı

"içində nəfəs var" yalanına inandıran yara bandıdı

 

 

Onsuz da çökürdü

dalanında uşaq yatan küçədə səhərləyən

Külək yetər, uçulmağına

 

Anla.

yuxunu zəhərləyən xoruz banı,

şükrdü - səhərin açılmağına

 

İsti quma sevdalananların dabanı,

kölgələdən asılanlarla yanaşı sıfırlanır

 

Qanadsız quşun,

sınmış budaqdan keçmişə uça bilməmək surəti

ovuc boyda qar topunun,

dağdan böyüyərək yuvarlanma sürəti

görünsə də sürəsi

 

Yer kürəsi

bayquşun başı ətrafında fırlanır.

 

Xətkeşlə

düz xətti əyri çəkən hər kəs, dəqiq deyil

içi mən qarışıq -

 

Divar çatı arasından gördüyüm işıq,

Üstümə gələn qatarın həyəcanı da olar

Sonuncu ümid də.

 

Bir anlıq açıqlanır,

vurulanda.

 

Saraylar on bir pillədən qurulanda,

insanlıq palçıqlanır onuncu kirəmitdə.

 

Qızıl mədənlərinin üstünə

neft töküb, pambıqla alışdırdılar

 

Bir zərgər kül oldu:

 

Nizami metrosu istiqamətində,

Zərgərpalan küçəsi, heykəlinin qarşısında

 

"kamil bir palançı olsa da insan"

 

misrasını xatırlayıb bəlkə ən yaxşısını da,

bacaracağı

hər hansısa çətində - özünü yoxlamaqdan çəkinərkən

 

gözlədikdə düşündüm:

 

Nənəm və babam

50 yaşdan sonra

yatağı ikiyə ayıranda anladım ki;

Sevgi bitəndə ayrıl daha erkən.

 

Gecə köklər çilə kəsir,

tumurcuq axtarırsız sübhə siz

Şübhəsiz,

doğum günü adamları 00:00-a

digərinin gəlməməsi üçün tələsir.

 

 

Ya Liman,

pis insan yoxdu

yaxşı ola biləcəyini dərk edə bilməyənlər çoxdu.

 

L-M-N

 

Sənsiz baxırsa, nöqtəyə gözlər narazıdır

Qəlbin həqiqəti demə, zahir məcazıdır

 

Əvvəl qovuşmağım üçün iftarı tək yedim

Gördüm qovuşmağın özü bayram namazıdır

 

Ol yar uzaq olursa, səsim incinir, o səs

Bir qarğa qorxusundakı bülbül avazıdır

 

Səndən gələn ölüm də məni qorxudan deyil

Torpaq əsarətində şəhid etirazıdır

 

Sən var'sən mənimlə, həmin varlığın sənin

Allaha yetməyim üçün eşq imtiyazıdır

 

İlk gün gözündən axdı yaş, öldüm dirilmədim

Ruhum təmizlənəndə dedim, dəstəmazıdır

 

Hər dəm gəmiylə dərdi səyahət edib, fəqət

Axır limanı sənsən, Ələsgər də razıdır.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.