Sənət və ədəbiyyat dərgisi

Məyusluğa qapılınca - İDRİS ŞAH

11 Oktyabr 2023 / 11:57

İdris ŞAH (Seyid İdris əl-Həşimi)

Böyük sufi şeyxidir, yazıçı və alim kimi bütün dünyada ad-san qazanıb.

16.09.1924-cü ildə Hindistanın Simla şəhərində dünyaya göz açıb, 23.11.1996-cı ildə isə Londonda vəfat edib.

Məhəmməd peyğəmbərin (s.ə.s.) aid olduğu qədim Haşimilər nəslinin nümayəndəsidir.

Sufi dünyagörüşünün çağdaş dünyada yayılması üçün illər uzunu çoxcəhətli fəaliyyət göstərib. Onlarla kitaba imzasını atan İdris Şah təkcə İslam dünyasında deyil, dünyanın hər yerində, həm də ən müxtəlif ölkələrin dövlət başçıları və alimləri səviyyəsində dərin intellekt sahibi kimi qəbul olunub. Avropada yaşayan və bir çox dillərdə sərbəst danışıb-yazan bu müdrik insan mədəniyyətlərin inteqrasiyası, siyasət aləmindəki məsələlərin daha çox qansız-qadasız həlli yönündə misilsiz işlər görübdür.

Müxtəlif dünya dillərinə çevrilən kitabları isə hazırda bestsellerdir.

 

 

Hikməartıları

 

və lgü

 

Vaxtilə dünyada ahıl yaşa gəlmiş bir sufi ustad yaşayırdı. Ömür günəşinin qüruba doğru endiyini hər gün daha bariz bir şəkildə hiss etdiyindən onun ən böyük arzusu öz müridlərini Böyük Yola sadiq bir ustada tapşırmaq və yalnız bundan sonra dünyadan rahat əl-ətək üzmək idi.

Mövcud qanunlara əsasən o, öhdəsində olan on yeddi dəvədən ibarət mal-mülkü də müridlərin arasında bölməliydi. Sözügedən bölgünün necə aparılacağını ustad öz vəsiyyətnaməsində bu cür açıqlamışdı:

"Ən böyük, ortancıl və ən kiçik müridlərim bölgüdən aşağıdakı nisbətlərdə pay alacaqdır: böyük müridə mirasın yarısı, ortancıla üçdə biri, ən kiçiyə isə doqquzda biri çatacaq".

Ustad sufi canını tapşırandan sonra müridlər vəsiyyətnaməni açıb oxudular və mərhumun niyə bunca müşkül bir bölgü sisteminə üstünlük verdiyini, doğrusu, heç cür anlaya bilmədilər. Çünki on yeddi rəqəmi tam şəkildə nə ikiyə, nə üçə, nə də doqquza bölünürdü, halbuki söhbət canlı dəvələrdən gedirdi.

Qoyulan şərtlərdən məyusluğa qapılınca, onlar başqalarından məsləhət istəməyə yollandılar.

Bir nəfər təklif elədi: "Gəlin, siz o mirası paylara heç bölməyin, dəvələrdən eləcə ortaq şəkildə faydalanın". Ancaq müridlər mərhumun vəsiyyətnaməsindəki şərtlərin bacardıqca tam şəkildə yerinə yetirilməsini vacib sayırdılar.

Bunu öyrənən bir qazı onlara dəvələri satmağı, əldə olunacaq məbləği isə həmin nisbətlərə uyğun şəkildə aralarında bölməyi ən ağlabatan yol kimi müridlərə təklif elədi.

Məsələnin mahiyyətinə varan bəzi şəriət alimləri isə bildirdilər ki, hansısa vəsiyyətnamə şərtlərinin icrası kağızda yazıldığı kimi tətbiq oluna bilmirsə, onda həmin sənəd öz-özlüyündə qüvvədən düşmüş sayılır.

Beləcə, bölgü məsələsi öz həllini tapmadı. Bir müddət sonra müridlər belə qənaətə gəldilər ki, ola bilsin, bu cür bölgüyə üstünlük tanıyan ustadın hansısa gizli bir məramı, niyyəti var imiş. Odur ki, çətin məntiqi düyünləri açmaqda, müşkülləri asana çevirməkdə ad çıxaran bir ustadın axtarışına çıxdılar.

Ancaq kimin qapısına üz tutdularsa, heç kəs onlara hansısa yardım əli uzada bilmədi.

Ən axırda, bütün ümidləri uca Peyğəmbərimizin əmisioğlu və kürəkəni olan Həzrət Əlinin bu məsələnin həllində onlara göstərəcəyi köməyə qaldı.

Müridləri diqqətlə dinləyən İmam Əli hər hansı tərəddüd keçirmədən dedi:

"- Sözügedən bölgünü asanlaşdırmaqdan ötrü miras aldığınız on yeddi dəvəyə mən özümə məxsus bir dəvəni də əlavə edəcəyəm. Belədə, həmin on səkkiz dəvənin yarısını təşkil edən doqquz dəvə yaşca böyük müridə çatacaq. İkinci mürid on səkkiz dəvənin üçdə biri qədər, yəni altı dəvə alacaq. On səkkiz dəvənin doqquzda biri, yəni iki dəvə isə üçüncü müridin payına düşəcək. Bu da edəcək on yeddi dəvə. Yerdə qalan bir dəvə isə mənimki olduğu üçün onu qaytarıb öz sahibinə verəcəksiniz".

Həzrət Əlinin dərin ağlına heyran qalan həmin müridlər onu yekdilliklə özlərinə yeni mürşid seçmək qərarına gəldilər.  

 

vayətin əsl məğzi

 

Seyid İmam Əli Şah qədim Misir ehramlarıyla bağlı bir rəvayəti vaxtaşırı danışmaqla, əslində keçmiş əyyamlarda yaşamış insanların təlim-tədrisi əsnasında hansı üsullardan istifadə olunduğuna diqqəti çəkməyə çalışırmış.

Sözügedən rəvayətə görə, bir firon hələ sağ ikən özünə nəhəng sərdabə, yəni ehram tikdiribmiş, iqtidarda olduğu müddətcə rəiyyətdən soyub-taladığı sərvəti də onun içinə toplayıbmış ki, öldüyü vaxt bu cah-cəlal başqa birisinə qismət olmasın.

Amma sərdabəni tikən ustabaşı firona məxsus o əbədi istirahətgahın planına dair gizli sirləri özünün iki oğluyla bölüşərkən, onlara əlbəəl tapşırıbmış: "Mən bu dünyanı səfil birisi kimi tərk etməyi onsuz da gözə almışam. Ancaq məndən fərqli olaraq, sizin əlinizin altında o ehrama gizli yolla girməyin hazır planı var. Onu sizə ata mirası kimi qoyub gedirəm: o amansız hökmdar mənim kimi minlərlə məzlumun qismətinə yiyələndiyi üçün sizlər də hər vəchlə o tükənməz xəzinədən öz payınızı almaqdan çəkinməyin".

Atalarının vəsiyyətini gerçəkləşdirən övladlar ehramdan bir miqdar qızıl sikkə oğurlayırlar, amma qardaşlardan biri içəridə qurulan gizli tələlərdən birinə yaxalanır. Qalan ailə üzvləri də qəzəbə uğrayıb edam edilməsin deyə, həmin cavan öz qardaşına yalvarır: "Sən, gəl, qılıncla boynumu vur, təki nəslimiz sonralar da bu sərdabədəki ləl-cəvahiratdan yetərincə faydalana bilsin". Könlü buna heç cür razı olmasa da, ikinci qardaş məcbur qalıb, qardaşının boynunu vurmalı olur və kəsdiyi başı da götürməklə, maneəsiz bir şəkildə ehramı tərk eləyir.

Sərdabədə başsız bir cəsədin tapılması barədə xəbər fironun qulağına çatanda o, hədsiz dərəcədə heyrətlənir. Vəzir-vəkiliylə məsləhətləşdikdən sonra əmr verir ki, başsız cəsəd şəhərin qala divarlarının yanında çarmıxa gərilsin və həmin yerdə bir keşikçi dəstəsi qoyulsun. Əgər bu sərdabə talançısının qohum-əqrəbası cəsədi dəfn etmək üçün çarmıxdan endirməyə cəhd göstərsə, əlüstü onlar yaxalansın və ölənin kimliyi də bu sayədə ortaya çıxsın.

Ancaq mərhumun diri qalan qardaşı da yaşına görə az bilmirdi. O, dükandan aldığı üç-beş tuluq şərabı bir eşşəyin belinə yükləyir və həmin tuluqları məhz o keşikçi dəstəsinin pusqu qurduğu yerin yaxınlığında yolun sağına-soluna atır.

Tuluqları tapan keşikçilər hədsiz sevinirlər və bihuşdarı qatılan o müftə şərabdan düt deyincə içib, sərxoş olurlar. Ayıq-sayıqlıqlarını itirincə isə hərəsi bir tərəfdə yıxılıb yatır.

Pusquda durub, məhz bu məqamı gözləyən ikinci qardaş cəsədi çarmıxdan endirir və torpağa tapşırmaq məqsədiylə dərhal oradan uzaqlaşır.

Seyid İmam Əli Şah izah edirmiş ki, bu rəvayətdə nağıl olunan ayrı-ayrı məqamlar əslində ağlımızın fəaliyyətinə tamamilə uyğun gəlməkdədir. Talanıb-gizlədilən xəzinə biliklər dünyasının, zalım və dünya malına həris firon isə həyatda bizə faydalı olacaq bilgilərə yiyələnməyə ərinməmizin gizli, üstüörtülü simvoludur. Rəvayətdəki ata - gərəkli bilgilərə yiyələnməyə can atanlardan öz köməyini əsirgəməyən, onlara düzgün yol göstərən mürşiddir, mənəvi öndərdir.

Mərhumun bir cüt oğlu isə ağlımıza xas iki fərqli cəhətdir. Bunlardan birinci qardaş - xəyal gücü hər nə qədər nəhayətsiz olsa belə - əsla uzaqgörən davranmır, bu səbəbdən də təhlükə ilə qarşılaşır və seçdiyi hədəfə çatmadan ölüb gedir.

İkinci qardaş isə fəal həyat mövqeyi tutmaqla yanaşı, həm məntiqli və gözüaçıq davranır, həm də ən çətin sınaqlardan alnıaçıq, üzüağ çıxmağı bacarır.

İmam Əli Şah öz izahına adətən aşağıdakı sözlərlə yekun vurarmış:

"Göründüyü kimi, təlim-tədris işi bu və ya digər şəkildə - yəni həm zahiri, həm də batini müstəvidə - fasiləsiz şəkildə davam etdirilməlidir. Bu isə son nəticədə insanlığa xidmətin bariz bir nümunəsidir. Sadəcə olaraq, danışdığım rəvayətdə nəyisə öyrətməyin nisbətən fərqli bir üsuluna üstünlük verilibdir. Həm də bu rəvayətin gerçək dünya və orada cərəyan edən olaylarla əlaqəsi bir elə də vacib sayılmaz, çünki o, sırf əyani səciyyə daşıyır.

 

Padşahın üç fərqli təbəssümü

 

Padşahın şikayətçiləri qəbul elədiyi vaxt həmin zala bir nəfər daxil olur. Hər hansı xahiş-şikayət eləmədən eləcə çəkilib, zalın uzaq bir küncündə dayanır.

Baxışlarını həmin adama dikən padşah əliylə başını sığallayır. Buna cavab olaraq, həmin kişi padşaha təzim eləyir və əliylə öz dodaqlarına toxunur. Padşah üzünü sığallayınca, həmin kişi əlini boğazına aparır. Padşah əlini qarnının üstünə qoyanda isə həmin kişi öz ayaqlarına toxunur.

Padşah buyurur:

- O adama bir qızıl külçəsi verilsin!

Xəzinədar qibleyi-aləmin əmrini cəld yerinə yetirir və öz ənamını alan kişi əlüstü zalı tərk eləyir.

Padşahın sağ cinahında duran və bu səxavətdən dərin heyrət hissinə qapılan vəzir-vəkil maraqlanır:

- Qibleyi-aləm, o cındırından cin hürkən adama hansı xidmətinə və ya mərifətinə görə belə səxavət sərgilədiyinizi bizlər, düzü, heç cür anlamadıq.

Padşah gülümsəyərək deyir:

- Sırf şahlara layiq mərifətinə görə. Mən o müdrik insana ard-arda üç müşkül sual ünvanlayıb, hamısına xeyli müdrik cavablar aldım.

Baş vəzir təəccüblənir:

- Ancaq nədənsə bu zalda olanlar nə sizin suallarınızı eşitdilər, nə də onun verdiyi cavabları!

Padşahın üzündə yenə də mənalı bir təbəssüm dolaşır:

- Gözləri açıq olan kəs hər şeyi görür, ayıq-sayıq kəs isə onsuz da hər şeyi maneəsiz bir şəkildə anlayır. Mən əlimlə başımı sığallamaqla ondan soruşdum ki, insanoğlunun başına bəla açan nədir? O da əlini dodaqlarına toxundurmaqla: "Ehtiyatsız və yersiz söylənən söz" cavabını verdi. Əlimi üzümdə gəzdirməklə ondan soruşdum ki, bu dünyada insan öz simasını necə itirə bilər? O müdrik adamdan aldığım cavab belə oldu: "Öz ömrünü-gününü və sərmayəsini sadəcə qarnını doyurmağa sərf eləməklə". Əlimlə mədəmi göstərib, işarət diliylə ondan soruşdum: "Bəyəm insanoğlu öz qarnının qulu deyil ki?!" Müdrik adam him-cimlə mənə: "Yox" - dedi və ayaqlarını göstərməklə bildirdi ki: "Bu ayaqlar insana ona görə bəxş edilib ki, gəzib-dolaşıb, özünə bab bir iş-güc tapsın və bu fani dünyanın bütün gedişatından xəbərdar olsun".

Başına yığılan saray əyanlarını süzən padşah üçüncü dəfə gülümsəyərək deyir:

  • O müdrik insanın gəldiyi müdrik qənaəti sizin də bilmənizdə böyük fayda var: "Dil adamın başını bəlaya sürükləyər, ayaqları isə onu qarnını doyurmağa vadar eləyər".

 

Tərcümə: Azad Yaşar

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.