Sənət və ədəbiyyat dərgisi

Nə yazıq ki, mən deyiləm yanında - İntiqam Yaşarın şeirləri

30 Oktyabr 2023 / 12:49

Mən deyiləm yanında

 

Hansı yerin küləyinə üşüdün,

hansı yerin soyuğu var canında?

Xəyallarım çox da sənə sarılıb,

Nə yazıq ki, mən deyiləm yanında.

 

Düşünürəm hansı işə yarayır

Əllərini isitmirsə nəfəsim.

Sən gələndən, sən hopandan ömrümə

Nə sükutum sənsiz olur, nə səsim.

 

Sən demişəm, sən deyəcəm hər nəfəs

Bir gün əgər qalmasam da yadında.

Bircə bunu unutmazsan ömürlük,

Mən özümü tapmış idim adında.

 

Bəlkə də bir bəhanədir, yalandır,

Gözlərində nəfəs dərib dayanmaq.

Ölüm kimi kabus olur, biləsən,

Gedişinə zərrə qədər inanmaq.

 

Hansı yerin küləyinə üşüdün

hansı yerin soyuğu var canında.

Xəyallarım çox da sənə sarılıb,

Nə yazıq ki, mən deyiləm yanında.

 

 

Mən çıxıb getməyə

bir küçə tapsam

 

Mən çıxıb getməyə bir küçə tapsam,

Mən çıxıb getməyə bir kimsəsizlik,

Mən çıxıb getməyə bir ada tapsam

Bir boş ada!

Nə ağacı olsun, nə daşı olsun!

 

Mən çıxıb getməyə bircə yol tapsam,

Mən çıxıb getməyə bir azca da güc.

Mən çıxıb getməyə ən uzaqları!

Kimsənin olmayan uzaqlar!

Nə bir iz buraxım, nə geri baxım.

 

Mən çıxıb getməyə qərarlı olsam,

Mən çıxıb getməyə yır-yığış etsəm.

Mən çıxıb getməyə həyətə çıxsam.

Əllərim qoynumda qəfil titrəsə!

Hər şeyi o köhnə evdə unutsam!

Hər şeyə yenidən başlamaq olar!

 

 

***

Mən gülə bilmirəm, bilmirəm.

Buludları qərarsız səmanın altında.

Bəli, mən bir az da bədbin adamam.

Amma, amma adam kimi adamam.

Günah məndə deyil.

Misalçün, dünən sevgilimin şəklinə baxırdım,

içim sızladı.

Sevgilimi görmədim.

Küçənin tinində süpürgəçi qadın gördüm.

Söykəndiyi süpürgədən kiçik.

Yeganə dayağına söykənmişdi...

 

 

***

Saçlarına söykənib səni sevmək olar ölüncə,

Toxunma o saçlara, toxunma ölüm gəlincə.

Mən həyata gələn adamların

            ən sonuncu dərd çəkəni,

Dərdi dəbdən salanıyam,

sevən də çoxdu, sevməyən də məni.

İndi uzaqlar ən yaxın mənzildi unudulmağa,

İndi yaxınlar ən qorxulu uzaqlıqdı mənimçün.

Qınama, çox şey oldu.

Qınama heç nə olmadı.

 

 

***

Bütün təsəllilər ən pis söyüş kimi səsləndikdə,

Anlayırsan ki, nəfəsin divarı əridə bilməz.

Əllərin uzaqbaşı səfeh yumruğu olar...

Gözlərin yumulub-açıldıqca

qatı duman bürüyər bütün uzaqları.

Ağ kağızlar yazılar-bükülər, yazılar-bükülər.

Sətir-sətir için əriyib gedər.

Əriyər tökülər.

Ürəyin sol tərəfini bəyənməz...

Hədər...hədər...hədər...

 

 

***

Bozumtul hava, qağayılar və saçların...

Günəş gizləndi...

Günəşi istəmirik...

Sadəcə qağayılar qanad çalsın,

Sevgi ritmləri ilə.

Saçlarını sərin meh üz-gözümə dağıtsın,

Sahil boyu bütün addımlar

            ayrılıqlara meydan oxusun,

Bütün gəlib keçənlər barmaq-barmağa,

nəfəs-nəfəsə.

Gözlərim dənizlə gözlərin arasında

            lövbər salsın,

Ağ əllərin ağ qağayılara saçlarıma

            qonmaq cəsarəti versin,

Başın köksümə sıxıldıqca fit verən gəmini

bu oyunun hakimi bilək.

Getmə, dayan!

Dəniz vağzalı, dəmir yolu vağzalından

            daha hüznlüdür...

 

 

***

Gecələr dözülməz olur,

Sənsizliyin qalın kölgəsində.

Ümidlərin ayaq ucunda keşik çəkirəm, adam.

Gecələr bir az da dərin olur,

Gecələr bir az da sükut qışqırır

            sənsizliyin üstünə,

Saçlarına dəniz mehi toxunsaydı,

Əllərimi köməyə çağırardınmı?

Susuram ən böyük həqiqətin qarşısında,

Susuram səndən uzaqlığın bir küncündə,

Tənha adalar kimiyəm bu soyuq günlərdə,

Gözlərim bir ağ yelkənli gəmi gözləməsə də,

Ağ əllərini tutmaq üçün özümdən uzaqlaşıram.

 

 

***

O qadını saçlarından yaşamaq istəyirəm

bu payız sükutunda.

O qadını əllərim divanə kimi oxşasın istəyirəm.

Mən həqiqətə təslim olmamışam,

Mən həqiqətə belə üsyankaram.

Vaxtımın çoxunu dalğalara uduzsam da,

Yenə də ayağım dənizdən kəsilmir.

Yenə də tələsirəm kimsəsizliyimə,

Ömrünü uduzmuş adamların

vaxtı az olur,

Bağışla, sağollaşmalıyıq...

            dənizi tək qoya bilmərəm.

 

 

***

Ömrümüzü ayaqaltı edənlər,

ömrümüzü başdaşı kimi əzizləyəcəklər.

Bircə öldüyümüz günü gözləyin.

Hərəkətsiz gəmilər dənizə yükdür, dost.

Bu dünyada hamı gözlərini

            Tanrının əllərinə dikib.

Görünməz əlləri daha güclü bilirlər.

Yorğun kölgələrimiz səkilərdə can verir.

Yorğun gözlərimiz də şəkillərdə süst düşüb.

Bircə bulud da yoxdur çəkilək altda susaq...

Bu ömrün qabağında susmamağa səbəb yox...

 

 

***

"Gözlərin ayağının altını seçmir"

            deyənlərə anlada bilmədim,

Anlada bilmədim ayaqlarıma dolaşan

            kabusa baxa bilmədiyimi.

Hər yerdə qınandım,

Hər yerdə özgə oldum.

Ürəyimin ən yüksək yerlərindəki buzlar da əridi,

ürəyimə od düşəndə.

Bütün dayanacaqlarda ağrılar qalaqlanmış.

Bütün avtobuslardakı sərnişinlərin

            bir gözü arxada.

Övladını yetimlər evində qoyub

            gedən atalar kimi.

Hamı yalan danışır.

Hamı tezliklə dönəcəm deyir...

Amma bütün biletlər birtərəflidir...

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.