Sənət və ədəbiyyat dərgisi

Mühitimiz  - Rövşən Yerfi yazır

06 Noyabr 2023 / 18:17

Rövşən Yerfi

MÜHİTİMİZ...

Cəmiyyət hər hansı mənşə, vəziyyət, mənafe və sair ümumiliyi əsasında birləşən insanlar birliyi, onun qayda və vərdişlərini nəzərə alan toplum, adamlar mühitidir.
Özünə hörmət etməyən və hörmət tələb etməyən cəmiyyət - mədəni cəmiyyət sayılmır..
Biz olduğumuz mühitdə xoşbəxtikmi?.. Mühit xoşbəxtliyi mümkündürmü? 
Bütün bədbəxliklərimizin iki başlıca səbəbi cəmiyyətdə çoxluq təşkil edən ZEHNİ YOXSULLUQ və MƏNƏVİ DÜŞKÜNLÜKDÜR...
RUHu tanımayan, hər şeyi maddiyyatla (vəzifə ilə) ölçən CƏMİYYƏT Allahın deyil, ŞEYTANın ixtiyarındadır...
Yalan danışan, rüşvət alan, dələduzluq edən - kəslərin heç birində ilahi xofu olmur. QORXMAMAQ isə, ALLAHI TANIMAMAQ,, onu SAYMAMAQ DEMƏKDİR. Bu hesabla ətrafımızda, gör nə qədər ALLAHSIZLAR var...
İctimaiyyata hörmətsizliyin nəticəsi ictimai qınağın dəyərsizləşməsidir. Ən acınacaqlı hal - həqiqətin inkar edilməsi, ona tüpürülməsidir, daha bundan o yana YOXDUR..
Bəzən susmaq daha razılıq deyil, açıqlanmayan etiraz əlamətidir. Haqlı etiraz şüurun sağlam varlığı, kor-koranə riayət isə onun əlillik əlamətidir.
Günün həqiqətlərini maddiyyata qurban edənlərin imzalarını GƏLƏCƏK "iqnor" edəcək. Haqqın müdafiəsindən qorxan cəmiyyət dərəbəyliyə layiqdir..
Xalq niyə bu qədər LAĞLAĞIYA ALUDƏ OLUB? Hesab edirəm ki, LAĞLAĞI CİDDİLİKDƏN SIĞORTALANMAQ və HƏQİQƏTİ DƏYƏRDƏN. GÖZDƏN SALMAQ üçündür... Qabiliyyət və ya cəsarət yetərli olmayanda yol - LAGLAGIYA verilir..
Çoxluq üçün hər şeydən öndə PULDUR.. İnsanlarımızın çoxunun alver etmə həvəsi, beyin zəhməti çəkmədən az vaxtda tez pullanmaq hərisliyindəndir. Pul hərisliyi bütün cəmiyyəti bir-birinə qarşı qoyub. Hamısını son məqsədi ümumi yox, şəxsi rifahı, puldur. Təhsil, səhiyyə, qanunçuluq – hər kəs ürəyinin dərinliyində bir-birinə nifrət edir. Sanki bilərəkdən mühiti özü-özündən iyrəndirirlər...
"Pulun var? var, var!" (“Arşın mal alan”) - qövmümüzün həyat formulasını iki sözlə ifadə edən ÜZEYİR bəyin DAHİLİYİNƏ hər eşidəndə heyran qalıram...
Bir cəmiyyətdə  pul namusdan üstün olarsa, demək, orada Qurana, Allaha inanmırlar...
***

Deyirlər, indiki nəslə, adamlara söz deməyin, ümumiyyətlə tənqidin əhəmiyyəti yoxdu. Doğru fikir deyil. Belə deməklə, ya susmaqla narazı qaldıqlarınıza bəraət vermiş, onlarda özündən razılıq, məmnunluq, etdiklərinə haqq, inam yaradırsınız. Tənqid düzəltmirsə də, ən azından davam edən özbaşınalığı ləngidir, böyüməsinə, inkişafına imkan vermir. Ona görə də tənqidi sevmirlər və çox vaxt ən alçaq yollarla onu boğmağa, qarşısını almağa çalışırlar. Tənqid olmayan yerdə isə heç vaxt həqiqi inkişaf olmur, yalan, saxtalıq dərəbəylik cövlan edir..Hər sahədə belədir.
Daim kənar durmağa çalışdığım şəxslər - çoxlu pulu olan ruhən kasıblardır.. Hər toplumda barmaqla sayılacaq adam var ki, Allahın xətrini uca tutsun. Qalan hamısı yalnız öz xeyrinə çalışır, Allahı da xeyirləri üçün istəyirlər. Sərf etməyəndə isə, onu arsızcasına heç TANIMIRLAR...
Hər işdə, hər sözdə xeyir gözlədiklərindən tanıdıqları insan haqqında xoş sözləri TƏMƏNNASIZ tək bir zamanda - öləndə deyirlər. Sanki, o vaxtacan kor və lal imişlər. Çox yox, cəmi üç gün. Sonra yenə fikirləşirlər ki, filankəsin rəhmətə gedənini, xeyir ola, xatırlayım, mənə nə xeyri?..
“Allah ürəyincə versin" - bu deyimdən hamının xoşu gəlir, çünki ən pis adamlar da ürəyini təmiz və geniş hesab edir.. Varlı, vəzifəli və yaxud istedadlı çox "adama" elə gəlir ki, Allah bu imkanı ona yalnız özünə və qohumlarına xeyir verməyə verib. Daha düşünmürlər ki, Allah bu fürsəti onlara insanlığa xidmət üçün bəxş edib. Ona görə də İlahinin bu lütfünü dərk etməyənlərin sonu daim lənətlə bitir...
Adamlar var, xalqdan milyonlar qazansalar da, ürəklərində "azərbaycanlı" olmalarına UTANIRLAR. Elə ona görə də ailələrində Azərbaycan dilində danışmırlar...
Vəzifədə pula sitayiş edənlər vəzifədən çıxanda din yadlarına düşür, olurlar "NAMAZ ƏHLİ"..
Əksər məmurların təbirincə, kim onlara rüşvət verməyə etiraz edirsə, demək PSİXOLOJİ PROBLEMİ VAR..
Pulla mandat, vəzifə alınanda istefa MƏDƏNİYYƏTİ, könüllü istefa olmur - ya "qələmi sındırılır", ya da ölənəcən işləyir..

"Nə etmisənsə - çalışmısan, vuruşmusan, özünçün, öz yerinə etmisən, MƏNƏ NƏ?.. gətir, cibimə 1 manat qoy, hə, onda olarsan YAXŞI ADAM". Cəmiyyətimizin bütün təbəqələrində belə ƏXLAQSIZ DÜŞÜNCƏ ilə İŞLƏYİB YAŞAYANLARIN sayı-hesabı yoxdur..
Utanmağı yadırğayan mühitdə allahsızlığın və heyvanlaşmanın kütləviləşməsi LABÜDDÜR...
Yaşadığımız zəmanə gələcəkdə mənəvi yönümdən - UTANMAZLIQ DÖVRÜ - adlanacaq. Yəni, baş verən neqativlərə görə, utanılmaması, yalanın, saxtalığın və həyasızlığın bu illərdə ADİLƏŞMƏSİ QEYD OLUNACAQ...
Ədalətsiz cəmiyyətdə maddi sıxıntısız, imkanlı yaşamağın asan yolu əxlaqsız və əqidəsiz olmaqdır.
 
Cəmiyyətimiz əsasən rahat manipulyasiya edilən KÜTLƏdən ibarətdir. Bunun da başlıca səbəbi KÜTLƏNİN İNTELLEKT VƏ DÜŞÜNCƏSİNİN aşırı dərəcədə dayaz olmasındadır.
KÜTLƏ - (sosioloji anlamda) düşünmək istəməyən, öz içindən deyil, kənardan idarə edilən, qorxaq, yaltaq, müft üçün HƏRİS - KÜT TOPLUM... O, yalnız düşünməyi bacaranda, təşkilatlananda XALQA çevrilir. Daim belə olub:sərf edəndə xalq, etməyəndə insan yığını – kütlə deyilib.
Hələ nə qədər, hərə yalnız özü üçün çalışacaq XALQ yox, kütlə qalacayıq..
Bizə daim özgənin olanlar şirin olub, xüsusilə, dil... Qarnımızı mənliyimizdən üstün bildikcə, DİL KÖLƏLİYİ canımızda qalacaq.  Biz əsrlər boyu şəxsi mənfəətə görə - ŞAHINDAN ŞAİRİNƏDƏK – dilini alçaldıb, özgə dilə QUL OLANLARIQ. Bir millətin ki, Nizami kimi dahiləri, bütün şahları farsın dilini ana dilindən üstün sayıblarsa, bu gün də, onun öz dilinə etinasız münasibəti, YADLARIN DİLİNİ XOŞLAMASI heç də, təəccüblü deyil, qanımızda var ..
Həmişə özümüzü əskik duyub, ÖZÜMÜZ OLA BİLMƏMİŞİK. Tolerant olmağımız, hədsiz qonaqpərvərliyimiz də, özümüzə dəyər verə bilməməyimizdəndir...
Çox qəribə olsa da, bizim insanlar göstərişsiz, könüllü birliyi, başqalarına rəğbəti yalnız yas zamanı və yas yerlərində nümayiş etdirirlər, vəssalam. Qalan vaxtı - hər yerdə tək özləri üçün narahat olurlar, başqaları onları maraqlandırmır. Uzun illərdir bizi təkliyə, fərdiçiliyə alışdırıblar. İstəməyiblər ümumiliyi düşünək, bir-birimizi sevək, hörmət edək – asan idarə etmək, istəyəndə rahat tək-tək dənləmək üçün...
Məcburiyyətsiz, imtiyazsız, bir xəttli növbəyə durmaq mədəniyyətinə çatmayanadək – bizdən BÖYÜK XALQ, xoşbəxt cəmiyyət olmayacaq.
Mühitimizin ürəyimizcə olması üçün ən vacib vəzifəmiz SEVMƏK və SEVİLMƏYİ bacarmaq, bu hissi əməlimizlə bir-birimizə, hamıya AŞILAMAQDIR!..

01.23

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.