\"Sevgi ağacı\"nın elegiyası - Nurəngiz Günün minimalist poeması
20 Dekabr 2023 / 15:25
Nurəngiz Gün
Bu gün görkəmli şairə Nurəngiz Günün anım günüdür, Şairənin "Sevgi ağacının elegiyası" adlı poemasını təqdim edirik:
“SEVGİ AĞACI”NIN ELEGİYASI
(Hekayət – minimalist poema)
Bu son yazımdır sənə
Və...
Bu ağacın dəfnini
yük olarsa çiyninə,
tapşırdım sevənlərə...
Heyrət
İndi biz
ağ kağızlar üzərində görüşürük.
İndi biz,
Ömrün sap kimi nazik,
bu bivəfa çağında
Gah küsülü, gah incik,
Gah şah kini içində
ağappaq ağrımızla
yuxularda bölüşürük...
Döngəmizdəki rüzgar
qaranlıq gəldi bizə,
Söykənib durduğumuz
gövdəsi nəhəng ağac
heyrətdə qaldı bizə,
heyrətdə qaldı bizim
ömür hekayəmizə.
Hələ də baş açmayır
ovcumuzdakı alma...
Onun, ya bizimkiydi?
Bizim qollarımızı
Kim qırdı, kim ayırdı,
Onun sevgi barına
hansı insafsız qıydı? –
Sarılmışıq boyuna
sarmaşıq gülü təkin,
qoruyurdu o bizi
qızılgül budağında
bir vurğun bülbül təkin!
Düşünür gecə-gündüz: -
Özəyi öz özəyi,
Üzündə insan gözü
o alma hansı sehr,
hansı möcüzə idi?
Yoxdur bir etirazı –
o sevgi ağacıydı,
biz də sevginin tacı.
İncidir, üzür düzü,
bu düzlərin üzündə
itən varlığın özü!
Qüssə aparır onu -
Ovcumuzda tərləyən...
onun bu qönçə barı
hansı ovsuna düşdü?
Sevgilərdən yoğrulan
onun bu çiçək barı
harda, hansı məkanda,
a bu dünya allahı,
görən, necə üşüdü?
Hələ də anlamayır,
O bir üzü ağlayan,
bir üzü də qanmadan,
heç bir şey anlamadan
dirçəlib ovcumuzdan
elə hey gülümsəyib,
Kor yağışa... boylanan
O almanı deyirəm,
ovcumuzdan kim aldı?
Hələ də intizardır,
Kor yağışa aldanan
zəhəri bal tək dadan
o almanı görəsən
alıb yağmur... cəngindən
Tanrı hara apardı?
Zəhər nəkarəydi ki,
hicranda imiş söhbət...
Tanrı niyə tələsdi?...
Hey düşünür o ağac,
o yaşıl həyat tacı,
o gövdəsi, rişəsi
sevgilərdən cücərən
nəhəng “Sevgi ağacı!..”
Rüzgar
Ağac yaman töyşüyür;
Fikirləşir, görəsən,
Bu bəyaz yollar boyu
nə çox külək... döyüşdü?
Bu döyüş yürüşündə...
əmanət əllərimiz
nədən ki, zəif düşdü?!
İztirab içindədi,
Məni, səni, almanı
örtüb gizləyən ağac,
Əzablar içindədi
Bizim yollarımızı
Hər an gözləyən ağac.
Yırğalanır budaqlar,
yuxulanır yarpaqlar:
“Ləpirliydi bu yollar,
hanı, yoxdu ki indi?!”
Yollarımız sozalıb,
o ağac tənha qalıb.
Bu sirr ağrıdır onu,
neştərləyir köksünü
hiylələr oylağında
taleyin sərt oyunu!
Nə müddətdir kiriyir,
müdrükdür, susub, dinmir,
nə böyükdür, o ağac!
“Bəlkə canlı insandır,
geyinib ağac təkin?
Ağac niyə göynəsin?” -
“Bəlkə ürəkdir, candır
o yarpaq, budaq donu?
Onun ağrılarını
ah, heç gözlər görməsin!..” -
Gör necə də çulğayıb
məni fikrə salıbdır,
Aman, allahım, aman,
Bu etinasız yurdda
o necə sağ qalıbdır?
Kim ağlayıb, kim anar
onun bu nağılını?
Səndən başqa kim qanar
Üstüörtülü yazsam,
Onun bu əhvalını.
Ağrı
Bu ayrılıq uzunu
dili yoxdu, dinmədi.
Yaxşı dinlə sən indi,
Bükülüb qəddi-qamət,
Hicranına dözmədi,
Onun qəhrü-qədəri
sərvim, başqa qiyamət! –
Yarpaqlarda şübhələr,
şübhədə titrəşmələr...
Toxundum yarpaqlara,
halı həmən bilindi.
Yarı sarala qalan,
Yarısı xəzəl olan
Yarpaqlar arasından
qıpqırmızı qızaran
alma gözlər göründü.
Nə var, nə yox dünyada
o yuxulu... bəbəklər
indi yaxşı dərk edib,
Şair, dərdini alım,
aydın-aşkar görürdü!
Almanın ruhuydu o,
hopmuşdu yarpaqlara,
ağaca son vidatək
uçub, yetmişdi bura.
Baxır, çəkilir, itir.
yenə müdam, baxırdı,
qurumuş budaqlara
çıxışsız əlac təkin
bal şirəsi... sıxırdı!...
Fəğan etdi kipriklər,
Ağac faydalanmadı,
kipriklər çəkildilər.
Onda, yanar əllərim
şaşırıb, titrəyirdi,
Amansız qürurunu
çaşıb qəfil itirdi.
Sevgi məndən qəlbiymiş,
heç özüm də bilmədən
o sevgi ağacına
yıxılıb, əyilmişdim!..
Uzandılar əllərim,
ağacı qaldırmağa
(O sənin, həm mənimdi,
indi ruh olub, axan...
yağmur vuran almanı...
bizə o göndərmişdi)
heyhat, qüvvəm çatmadı.
Ağac dərin yuxuda,
həyat - yapışqan toru...
Əllərim tora yatdı! –
...Əbəs imiş bu fəda,
həlak-filan... artıqmış,
fələk də öz torunu
billah, bica atıbmış! –
Ehtiyac yoxmuş buna. –
Budaqlarda sirişklər
rəngi günəş gözlərlə
nüvəsindən üzülür,
üzülüb damla-damla
ağaca süzülürdü.
Sən demə, demə şair,
O sevgi dolu ağac
Öz qatran sinəsinə
baş qoyub gömülmüşdü,
Bir böcəyin qəminə
dözə bilməyən şair-
indi döz buna görüm.
Özəyində sevgisi,
ruhunda alma rəsmi
yığışıb öz içinə
bu tənha guşə içrə
Ağac çoxdan ölmüşdü.
Zülüm
Bu ağacın qəhrini
çəkib ciyərlərimə
hey oxşadım, ağladım.
Qoxladım “saçlarından”...
Aldım bir yarpağını
dodağıma apardım.
Gördüm ürəyi varmış,
ürək hələ vururmuş,
yanar dodağım üstdə
öpdüm acılarından!..
...Mərhəba, uca ağac!
Yağmurlar vız gəlibmiş,
Yapışqan da... eləcə.
Mərhəba, əhsən sənə -
Öz qəlbinə söykənib
xəzan ömrü qucan ağac!
Mərhəba ha, mərhəba! –
Ölüb, ölüb, dirilib,
viran qalan çəməndən
itən, qeyb olan ağac!
Ağuşunda o rəsim...
ürəyini götürüb
bu yerlərdən ömürlük
qıyy vurub, uçan ağac!...
Son söz
Öpdüm, öpdüm...
Öpdüm uçan yollarını,
Öpdüm onun ardınca,
Öpdüm, öpdüm.
Öpdüm acılarından!..
Və anladım ki,
Sevgi ağacı ucaymış
Yamaclarda ləngər döyən
Ömür ağaclarından!...
1988