Həyətin təməm meqafazası - Rahid Ulusel yazır
14 Fevral 2024 / 15:25
Həyatın təməl meqafazası və ya İnsan Teatrı Kainat Teatrının bir səhnəsi kimi - Rahid ULUSEL
Adil Əsədovun “Kainat və onun inkişaf mərhələləri” və “Teatr və Proto-teatr” kitabları haqqında
Rahid ULUSEL
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor, ölkəmizi bir sıra beynəlxalq elmi konqreslərdə təmsil edən, elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə AMEA Rəyasət Heyəti mükafatının qalibi Adil Əsədov ardıcıl iki fundamental kitabı ilə çağdaş fəlsəfi fikrimizi zənginləşdirmişdir.
O, elm və fəlsəfənin yaranışından bəri həmişə onların diqqət mərkəzində olan bir problemə - kainatın mənşəyi məsələsinə müasir astronomiya, astrofizika və fizikanın xüsusi bölümlərinin, başlıca olaraq, ümumi nisbilik nəzəriyyəsi və nəzəri fizikanın ən son elmi nailiyyətləri zəminində dərin konseptual baxışı özündə əks etdirən "Kainat və onun inkişaf mərhələləri" adlı yaradıcı intellektə güclü təkan və impulslar verə biləcək əsərini ərsəyə gətirmişdir. Müəllif "Böyük Partlayış"la ("Big Bang") başlayıb, "Həyat"ın (Canlı Aləmin) yaranması çağınadək davam edən, təqribən 14 milyard illik mövcudluq dönəmini bir-birindən doğan epoxal mərhələlər olaraq, həm də özünəməxsus elmi-fəlsəfi üslubun cazibədar epik təhkiyəsi ilə izləyir. Filosofun təhlillərindəki "zəncirvari reaksiya" elə "Böyük Partlayış"ın inqilabi dəyişmələrindəki bağlılığı andırır. Bu, həm də o deməkdir ki, fəlsəfi idrakın yaddaşında Kainat təkamülünün izləri saxlanılır... Sivilizasiyanın tərəqqisi də, əslində, o yaddaşın qorunması və keyfiyyətcə təzələnməsi, zənginləşməsi ilə mümkün olur.
Əsər iki böyük hissədən - müəllifin analitik "monoloqu"ndan və digər mütəxəssislərlə problem üzrə apardığı "dialoqu"ndan ibarətdir ki, onlardan spontan olaraq bir-birinə sarmaşıb üzə çıxan fikirlər belə bir mürəkkəb problemə aydınlıq gətirmək məqsədi daşıyır. Filosof ən müxtəlif hipotez və nəzəriyyələrin nəticələrini ələyərək, Kainatın yaranması haqqında mövcud elmi-fəlsəfi biliklərdən toplanmış daha mühüm və dürüst saydığı qənaətlərin vahid arsenalını yaratmağa çalışır. Az qala, hər gün yeniləşən, bir-birini tamamlayan və tamamlamayan, təsdiq və inkar edən, eksperimental təcrübələrlə daha dəqiq nəticələr əldə etməyə çalışan, bəzən elmdən-fəlsəfəyə, fəlsəfədən-elmə adlamasında dolaşıb uçuruma, skepsisə yuvarlanan, hətta ən etibarlı imperativlərini belə sorğu-suala tutan nəzəriyyələrin ortaq məxrəcini tapmaq və həmin arsenalı gücləndirərək, onu elmi axtarışların növbəti mərhələsinə yüksəltmək kimi çətin bir missiyanı XXI əsrin fəlsəfəsi öz üzərinə götürür.
Əsər məhz XXI əsr fəlsəfəsinin baxışı olaraq Kainatın varlığına nəzər salır: "Böyük partlayış"ı - "mahiyyət daşıyıcısının ideyadan gerçəkliyə total transformasiyası" kimi şərh edərək, inkişafının hər mərhələsində Kainatın yetdiyi yeni durumun özəlliyini açır. Bu epoxal təkamül pillələri Kainatı "yetişdirir", onu orqanikasının daha mükəmməl mərhələsinə çatdırır. 13,72 milyardlıq ili qapsayan bu prosesin ən heyrətləndirici məqamı - Kainat həyatının ilk 10-43 saniyəsidir. Məhz həmin başlanğıc anında ("Quantum Fluctuations") sinqulyar nöqtədən Kainatın yaranışına "Böyük partlayış"la təkan verilir. Müəllif Kainatın "Böyük partlayış"dan sonrakı inkişafının bu birinci mərhələsini, yəni "Böyük partlayış" anından 10-43 saniyənin sonuna qədər davam edən Plank Epoxasını lüksonların doğuluşu və məkan kvantlarının mövcudluğu zamanı sayır. "Kainatı törədən iki başlanğıcdan biri olan lüksonlar maskulin başlanğıc statusunda, ikinci başlanğıc olan məkan kvantları isə feminin başlanğıc statusunda çıxış etmişlər" - qənaətinə gəlir.
Qanunauyğundur ki, filosof bu iki (maskulin və feminin) başlanğıcı Kainatın təkamülündəki epoxal dəyişmələrin - lüksonlardan qalaktikalara, məkan kvantlarından qara dəliklərədək - hərəkətverici və sükunətləndirici qütbləri kimi tədqiqatının sonuna qədər izləyir. Qədim Çin fəlsəfəsində kosmogenezi açan "in" və "yan" başlanğıclarının dialektikasını xatırladacaq bu yanaşma Kainatın vəhdətində ilahi bir nizamın - Loqosun olduğuna da xüsusi diqqət yetirir. Kainat "orqanizmi"nin hər bir hüceyrəsi, elementi, sanki bütün Kainatın həyatını özünün "fərdi" qısa ömründə özünün ayrıca taleyi olaraq yaşayır.
Adil Əsədovun gəldiyi bu nəticə olduqca maraqlıdır: "Mən Kainatda yalnız materiyanın və enerjinin deyil, həm də obyektiv informasiyanın mövcudluğunu qəbul edirəm. Mən ... inamla təsdiq edə bilərəm ki, fotonlar və eləcə də digər lüksonlar məhz Tanrıdan gələn informasiyanın daşıyıcısıdırlar, bir qədər də dəqiqləşdirilərsə, fotonlar və digər lüksonlar - Tanrıdan gələn informasiyanı və enerjini dünyaya yayan başlıca vasitələrdir. Bu səbəbdən də Kainatda real olaraq mövcud olan yalnız materiya və enerji deyildir, həm də obyektiv informasiyadır... Kainatın bütün mahiyyəti haqqında informasiyalar, həqiqətən də, Tanrıda toplanmışdır." Bu, filosofun elmi sübutsuzluq çarəsizliyindən gəldiyi nəticə deyil, doğrudan da, nəinki fenomenal Kainatın, ümumiyyətlə substansial varlığın yaranışını mümkün edən ilahi qüdrətin təsdiqidir.
Adil Əsədovun kitabı "Həyat"ın başladığı nöqtədə bitərək, ikinci nəfəsində dialoji sferaya açılır: "Maskulin və feminin başlanğıcların on dördüncü və sonrakı nəsillərinin təşəkkül tapması isə Kainatda həyat adlı möhtəşəm bir hadisənin təşəkkül tapmasından sonra baş verdi." Bu, fəlsəfi düşüncədə "Həyatın Üverturası"nı oyandırır! Əvvəlki əsərlərinin örnəkləri əsasında demək olar ki, Adil Əsədov fikir klassiklərində olduğu kimi, öz fəlsəfi sistemini yaratmağa iddialı olan çağdaş mütəfəkkirdir. Bu o deməkdir ki, "ideya qalaktikasının formalaşması" hələ davam edir və Azərbaycan filosofu Kainatın Materiyadan Ruha doğru hərəkətində bütün fazaları birər-birər arayacaq, Kainatın özünü görən gözünün nə qədər bəsirətli olduğunu, İnsanı Yer planetində təsadüfən yaratmadığını bir daha təsdiq edəcəkdir!
Azərbaycanın daim axtarışda və tapıntıda olan alimi Adil Əsədovun "Kainat və onun inkişaf mərhələləri" kitabından sonra, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin "Gözəllikdən Teatr Estetikasına" adlı dəyərli Ön sözü ilə başlayan, mövzu və problematikası ölkəmizdə ilk dəfə qaldırılan "TEATR VƏ PROTO-TEATR: teatrın mahiyyəti və təşəkkül xüsusiyyətləri fəlsəfi refleksiya kontekstində" əsərini yazması yetərincə təbiidir. Yaradılışı və mövcudluğu ziddiyyətlərsiz mümkün olmayan varlığın mahiyyətinə enməyə çalışan filosofun o varlığın dramatik-teatral ekzistensiyasına varması qaçılmaz idi. Adil Əsədov, doğru olaraq, teatrı təkcə bəşər sivilizasiyasının yaratdığı bir incəsənət forması kimi deyil, həm də kainatın, sanki mövcudluq forması kimi idrak edir. Kainatın təkamülü və bu təkamül nəticəsində Günəş sistemi və onun da strukturunda Yer planetinin, bu planetdə canlı həyatın ali varlığı kimi İnsanın yaranması və nəhayət, İnsanın sivilizasiya həyatına başlaması və həmin sivilizasiyanın bətnindən teatrın doğulması bir-birini yetişdirən mərhələlərdir. İnsan Teatrı Kainat Teatrının bir səhnəsidir!
Kainat teatrı kosmodialoq modelindədir. Bu teatrın da baş qəhrəmanları - Harmoniya və Xaosdur. Harmoniya və xaos varlığın ziddiyyətdə olan əbədi qarşı-substansiyası kimi bir-birindən ayrılıqda mövcud olan yox, bir-birindən törəyən hadisələrdir: harmoniya xaosu, xaos harmoniyanı doğurur. Kainatda onların kosmomonoloqu yox, kosmodialoqu baş verir; ancaq xaos, disharmoniya yalnız harmoniya qanunlarının fəaliyyət sferasında müəyyən zaman və məkan kəsiyindəki pillələrdir. Məhz harmoniya qanunları içrə harmoniya və xaosun əbədi dialektikası təzahür edir. Yəni varlığın əbədi və başlıca mənası, mövcudluq prinsipi - xaosun harmoniyaya tabe olmasıdır. Harmoniya sonsuz, əbədi proses, xaos isə bu əbədi, sonsuz prosesin zəruri, qaçılmaz "buğumları", "düyünləri", "intervalları"dır; Kainatın ümumi hərəkət və təkamülü, kosmosferin, onun daxili inkişafı kimi günəş sisteminin, bu sistemdə Yer planetinin, burada biosfer və noosferin yaranışı, üzvi aləmin təşəkkülündə filogenez və ontogenez proseslərinin (bütövün və onun hissələrinin) vəhdəti, koevolyusiya sisteminin formalaşması, psixosferin idarəedici qüvvəyə çevrilməsi və onun daimi olaraq ilkbaşlanğıca - kosmosferə can atması məhz harmoniya qanunları əsasında baş verir.
Kainat Teatrı Rejissorunun - Dialektikanın qarşılıqlı bağlılıqda olan üç qanunu - əksliklərin vəhdəti və mübarizəsi, inkarı inkar və kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunları - ayrılıqda və bir-biri ilə münasibətdə ümumdünya harmoniyası qanununun tərkib hissələri kimi fəaliyyət göstərir. Varlığın universal əlaqələri, interaktivliyində mövcudlaşan sistemlərin və altsistemlərin daxili əlaqəliliyi məkan, zaman və hərəkət harmoniyasının pillə, mərhələ və proseslərində sinergiyalaşır. Harmoniya qanunu əsasında (1) varlıq - dünyaya, (2) hərəkət - dinamikaya, (3) zaman - tarixə çevrilir, (4) biosferin - antroposfer, (5) kosmoloqosun - psixoloqos, (6) təbiətin - mədəniyyət fazası yaranır. Beləliklə, varlıq - dünya - insan yaradılışının bir-birini tamamlayan, homosivilizasiyanı planet həyatının mühüm təkamül aktına çevirən ilk böyük meqafazası başa çatmış və yenisinə keçilişin şərtlərini meydana gətirmiş olur.
Bütün canlı aləmdə, xüsusilə, həyatın iki mühüm aktı - cütləşmə (insanlarda sevişmə) və ovlama az qala, ritual səviyyədə teatral mahiyyət kəsb edir. Demək olar ki, bütün canlılar ovu ilə oynayır. Pələng porsuqla, pişik siçanla, köpək balığı suiti ilə, suiti balıqla..., qalib əsgər məğlub əsirlə oynayır. Özü də bu, sadəcə, "oyun" deyil, əslində ölüm-qalım dramıdır. Sivilizasiya isə başdan-başa teatrallaşmış bir səhnədir. Tarixin ayrı-ayrı çağlarında bu səhnəyə ayrı-ayrı qəbilələr, xalqlar, dillər, dövlətlər, cəmiyyətlər, dinlər, ideologiyalar, personal səviyyədə siyasətçilər, diplomatlar, alimlər, o səhnənin yan-yörəsində bir-birinin tayasını yandıran bığıburma kişilər, bir-birinə tapança çəkən qoçular - Əsgər bəylər... çıxır.
Meqafaunada (planetin canlı sferası) olduğu kimi, meqaflorada da (planetin bitki sferası) dramatik teatr yaşanılır. "Ərazi fatehliyi" bitkilərin həyat prinsipidir. Hündür ağacların kölgəsində məhv olmaq istəməyən bir kol al günəşin qızmarında "özünü yandırır" ki, həmin hündür ağaclar da külə dönsün! Meşədə ətrafını yandıran həmin kol yenidən kök diblərindən göyərir və fatehlərin ərazisini fəth edir! Kosmosferada da bu proses yaşanılır. Kainatın bətnində, hətta qalaktikalar, metaqalaktikalar bir-birini "yeyir". Qara dəlik, anti-materiya təkcə dağıdıcı, məhvedici deyil, həyatyaradıcı proseslərin başlanğıcıdır. Kainat Dramının estetikası İnsan Dramının estetikasına ən dərin stixiyasında proyeksiya olunur... Biz sezsək də, sezməsək də, o "təbii" dramın gərginliyini, cazibəsini antropoloji mahiyyətimizlə, hüceyrələrimizlə duyur, yaşadırıq...
Professor Adil Əsədovun əsas paradiqması - "teatr insani mahiyyət və insanın real mövcudluğu arasında yaşanan ziddiyyətin kütləvi nümayişi kimi" formullaşdırılaraq irəli sürülür. Bu ideya estetikanın təməl kanonikasına söykənir: təkcə teatr deyil, bütövlükdə incəsənət, təbii ki, həm də ədəbiyyat mahiyyətində harmoniyanı əks etdirən "ideal dünya" ilə mahiyyətində xaosu gizlədən "real dünya"nın toqquşan və barışan ziddiyyətli münasibətlərinin bədii dərkidir. Öz "insani mahiyyəti"ni tapa bilməyən dünya elə öz ziddiyyətləri içərisində qıvrılır, qovrulur. Teatr, həm də bu qıvrılma və qovrulmanın estetik yaşantısıdır. "İnsani mahiyyətlə onun real mövcudluğu arasında yaşanan ziddiyyətin" teatrı - təzadların gərilmiş dramatik təcəssümündə "dram" olur, komik təcəssümündə "komediya" olur, tragik təcəssümündə "faciə" olur. Georq Vilhelm Fridrix Hegel komizmin əsasını daxili çatışmazlığın zahiri özünütəsdiqə dəlicəsinə can atması gülünclüyündə görürdü. Onun fikrincə, Aristofan komediyalarının estetik dəyəri bundadır ki, o, gerçək substansial mahiyyətini itirmiş məxluqların məhz belə bir mahiyyətə malik olmaq iddiasına gülə və güldürə bilir. Hegelə görə, dünyanın durumu faciəvi və komik ola bilər. Tərəqqi Ruhun mahiyyətini və ideallarını əks etdirən substansial başlanğıcın təntənəsindən özünə yol açır. Sonra Ruh daxilindəki nizamı taparaq "aram vəziyyət" alır, bunun da ardınca tarixin komediya fazası başlayır. Yeri gəlmişkən, deyim ki, Karl Marks Hegelin bu ideyasını özünün məşhur aforizmində belə cizgiləmişdi: "Tarix iki dəfə təkrar olunur: əvvəl faciə, sonra fars şəklində." Bu "transformasiya", deyəsən, incəsənət tarixində də öz əksini tapır: realizmdən sonra sürrealizmin yaranması onun komediyası deyilmi?!
Xüsusilə, bu gün bəşəriyyətin "gülüş mədəniyyəti" (M.Baxtin) onun estetik dünyagörüşünün, yaradıcılıq qabiliyyətinin böyük sərvəti kimi, tarixən gəldiyimiz yolun, müasir sivilizasiyanın dərkində ən kəsərli vasitələrdən biridir. Bu Mədəniyyətin Beşiyi - Teatrdır.
"Ədəbiyyat" qəzeti