Özümü dərk edəndən sənətlə məşğulam
13 Mart 2024 / 12:00
Dünya görünməz rəssamın əli ilə min bir rəngin çalarından yaranaraq bəşəriyyətə bəxş edilən bir möcüzədir. Sirlərlə, gözəlliklə, füsunkarlıqla dolu bir möcüzə. Rənglərə bürünmüş möcüzə... Bəlkə də artıq adət etdiyimizdəndir ki, ətrafımızı saran rənglərə sıradan, bəzən də adi gözlə baxırıq. Lakin unuduruq ki, incəsənətin elə bir incə sahəsi var ki, onun peşəkarları bu rənglər dünyasının içində yalnız onlara məlum olan sehri görür, gecə-gündüz çalışır və sonda qəribə çalarların toplumundan bizlərə bir gözəllik nümunəsi təqdim edir. Onların adı isə rəssamdır.
İncəsənətin şaxələri çoxdur və sizləri də sənətin müxtəlif səpkili nümayəndələrilə dəfələrlə görüşdürmüşük. Amma hələ ki, bir rəssam müsahiblə heç özümün də söhbətləşmək kimi bir fürsətim olmayıb. Düzü, onu mənə bir rəssam kimi tanıtdılar. Bu fürsətdən yararlanmaq qərarına gəlib haqqında araşdırma aparanda məlum oldu ki, o, təkcə rəssamlıq sahəsində uğur qazanmaqla kifayətlənməyib, ölkənin ictimai-siyasi həyatında rolu olan fəal bir xadimdir, daha dəqiq, millət vəkilidir. Onunla həmsöhbət olmaq istəyimizi bildirəndə, tərəddüd etmədən və məmnuniyyətlə razılığını verdi. Beləliklə də, bu şənbə qonağımız Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri, "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyevadır.
- Təəssüf ki, dünya öz axarında deyil...
- Düz vurğuladınız, deyil və mən həm yaradıcı insan, bir az da siyasətdə olan biri kimi çox narahatam. Sənətdə olan insan daima sülh istəyir, ölkəsinin siyasi xadimi olan da buna can atır. Biz çox böyük yol keçib, itkilər verməklə zəfər tariximizi yazmağı bacardıq, təbii ki, müdrik bir rəhbərin siyasəti sayəsində. Bununla belə, içimizdə təlatüm hələ də var. Bu təlatüm tək ölkəmizlə deyil, bütün dünya ilə bağlı bir narahatlıqdır. İstəyimiz də odur ki, dünya sülh, əmin-amanlıq və barış içində yaşasın.
- Ülviyyə Həmzəyevanı özünə bağlayan rəssamlığın ilk cizgiləri...
- Özümü dərk edəndən sənətlə məşğul olmuşam, çünki sənətkar ailəsində doğulmuşam. Atam da rəssam olub, xalam da və sənətin, özüm də yaradıcılığın genetik kodlaşdırılmış ötürülməsinə inanan insanlardanam. Çox sonralar bildim ki, hər iki tərəfdən olan ulu nənələrim gözəl xalça toxumağı bacarıblar. Ən əsası həmin xalçaların iplərini də özləri boyayıb, naxışları da özləri seçiblər. Hətta 4 əsrlik yaşı olan bir xurcun bizə qədər gəlib çatıb və hər dəfə onlara baxanda daha çox həvəslənirəm. O ki qaldı soruşduğunuz ilk cizgilərə, əvvəl onu vurğulayım ki, mən tək rəssam deyil, həm də hərbçi qızı olmuşam və ilk addımım rəssamlıqla olmayıb. Hərbçi uşaqlarının bağçasına gedirdim, orada əl qabiliyyətimin olduğunu müəllimlərim bilirdilər. Bir dəfə atam plastilindən gözəl bir at fiquru düzəltmişdi. Bu o qədər xoşuma gəldi ki, onunla birlikdə heyvan fiqurları düzəltmişdim və bu, çox maraqla qarşılandı. Tərbiyə aldığım bağçada bu fiqurlardan ibarət ilk fərdi sərgim təşkil olundu. Və həvəsin qığılcımları beləcə görünməyə başladı.
- Deməli, maneə deyil, dəstək gördüz ailədən...
- Maneə gördüm. Mən daha çox nənə-baba himayəsi altında böyümüşəm. Məktəb vaxtından kiçik həcmli yazılarım babamın xoşuna gəlirdi və düşünürdü ki, jurnalistikaya meylim ola bilər, amma daha çox məni həkim kimi görmək istəyirdi. Mən evdəkilərin istəyilə razılaşdım, 9-cu sinifdən Naxçıvanda özəl tibb məktəbində təhsil almaq üçün ora yönəldim, yaxşı da oxudum. Lakin bir il başa çatmamış anladım ki, mən öz yerimdə deyiləm. Qərarımı təkcə anam bildi və arzuladığım təsviri incəsənətin ardınca getdim. Babam uzun müddət mənimlə danışmadı və ən təəccüblü o oldu ki, atam da sənətdə olmağımın əleyhinə çıxdı. Yeganə dəstək gördüyüm insan anam oldu. Əl işərimə baxan mütəxəssislər yekdil olaraq müsbət fikirlərini bildirdikdən sonra sevdiyim sənətin arxasınca getdim. Və düşünürəm ki, bu, Allahın mənim üçün seçdiyi yol idi ki, onunla da yürüməli idim.
- Sizin düşüncənizdə rəssam...
- Hərdən mənə elə gəlir ki, rəssam böyüməmiş uşaqdır. Bəzən isə görürəm ki, rəssamlar bir növ tərki-dünya olmuş insanlardır, onlar üçün əhatə, çevrə deyilən bir anlayış yox olur, çünki onlar özlərini yaratdıqlarına həsr edir. Rəssam yaratdığı əsərdə özünü təsvir etməyə çalışır. Hər ştrixdə, seçdiyi boyada, aldığı hər çalarda belə, rəssamın özü mütləq var. Bəzən rəssam elə tablo, elə abstrak əsər yaradır ki, kənardan baxan bunu anlamır və "cızma qara" hesab edir. Amma əslində bu, əlində fırça olan bir insanın həyat hekayəsidir, onu hər kəs dərk edə bilmir. Sərgiyə tamaşa etməyə gələn seyrçi rəssam qədər düşüncəyə malik olmalıdır ki, onun nə demək istədiyini anlaya bilsin və zövq alsın. Belələri yoxdur demirəm. Rəssam portret yaradarkən yalnız gördüyü cizgilərlə işləyərsə, soyuq bir tablo alınar. O, ilk növbədə qarşısındakı insanın xarakterini tutaraq, beynində canlandırdıqdan sonra portreti işləməyə başlayır, başqa cür mümkün deyil. Əgər baxıb gördüyünü çəkərsə, bu, surətçıxarma olur. Rəssamın yaratdığında onun təxəyyülü, düzgün istiqaməti, seyrçini düşündürəcək və onun dərk edə biləcək məqamlar varsa, bu, əsl sənətdir. Bir əsər rəssam ömrünü aylarla, illərlə ala bilər. Və onun ömründən gedən bu zaman kəsiyinə dəyər verilməyəndə, sənət donur. Rəssamlıq Allah vergisidir. Rəssamların dili eynidir və onlar bir-birini yaxşı anlayır. Soruşduz ki, rəssam kimdir? Rəssam rəsmlərinin aşiqidir. O, özünü daha çox sənətinə həsr edir.
- Əsərlərinizdə millilik, uzaq keçmiş, mifologiya motivləri üstünlük təşkil edir...
- Hər dəfə Turan deyəndə, qədim türk elləri deyəndə, özlüyündə fərqli bir duyğular yaşayır insan. Rəssam bunları yalnız eşitmir, o, təxəyyülündə onları canlandırmağı da bacarır. Bizim üçün ən dəyərli olan kökümüzdir, nağıllarımızdır, mifologiyamızdır, qədim tariximizdir. Bir rəssam olaraq istədim ki, düşündüklərim, istədiklərim, arzularım kətan üzərində öz əksini tapsın. Arzuladıqlarım həyata keçdi. Biz türkçülüyümüzü qəbul edib ona qayıtdıq. Anladıq ki, biz Qərbdən daha yüksəkdəyik. Bizdən süni şəkildə alınan dəyərlər çox olub və nə yaxşı ki, onlar artıq geri qayıdır. Bütün bunların səbəbkarı Ulu öndər və bu gün onun davamçısı cənab Prezident İlham Əliyevdir. Nə nağıllarımız, nə mifologiyamız uydurma təxəyyülüdür. Onları araşdırdıqca köklərin hansı dərinlikdən gəldiyini dərk edirsən. Bütün bunları yavaş-yavaş özümüzə qaytarmağa başlamışıq. Bayaq belə bir fikir səsləndirdim ki, rəssam bir növ böyüməmiş uşaqdır, lakin bütün bunların fonunda həmişə o uşaqlıqda qalmaq olmur.
- Zövqlər müxtəlif olduğu kimi hər rəssamın da özünün sevdiyi rəng var...
- Ağ və qara... Dünyanı nə qədər rəngli görsəm də, əsərlərim nə qədər rəngarəng olsa da, onların hamısı sevdiyim bu iki rəngdədir. Ağ və qara - həyatın fəlsəfəsidir, həyatın anlamıdır. Hər ikisində sevinc də var, kədər də var, sevgi də var. Tək qara deyil, ağ da matəm rəngi olur bəzən. İstənilən halda ikisi də mənim üçün əsasdır.
- Amma qara rəng çox zaman qorxu və vahimə saçır...
- Razı deyiləm... Gecənin rəngi qaradır və həmin fonda biz ulduzları görəndə bu, artıq bir romantikadır. Çox zaman insan qaranlıq gecələrdə düşünür, fikirlər təzələnir. Heç uzağa getməyək, biz yaradıcı insanlar əsasən gecənin səssiz qaranlığında daha məhsuldar işləyə bilirik. Və bu zaman nə qorxu keçiririk, nə də bizi vahimə basır.
- Eyni zamanda rəssamın öz sənətində ruhuna daha yaxın olan sevdiyi sahəsi də olur...
- Daha çox rəngkarlığı və qrafikanı sevirəm. Amma bir pillə üstünlüyə gəlsək, o zaman həmin yerdə qrafika dayanır.
- Rəssamlarda olduğu deyilən üçüncü göz...
- Hamısında deyil, lakin bəzilərində var və bu göz sadə insanın görə bilmədiyi hər bir şeyi görməyə qadirdir. Bəzən ətrafımızda elə insanlar olur ki, heç kəs onlara məhəl qoymur, dəyər vermir. Üçüncü göz odur ki, bu cəvahiri görür, üzə çıxarır və onu kəşf edir.
- Bəyənib pərəstiş etdiyiniz etdiyiniz rəssam...
- Çoxdur və bunun əcnəbi, ya özümüzünkü olmağına aidiyyəti yoxdur. Məh hər görülən işə böyük hörmətlə yanaşıram. Hər atılan addım, hər vurulan fırça, əsərə qoyulan düşüncə böyük zəhmət, proses və araşdırma tələb edir. Rəssamlıqda araşdırmaya daha üstünlük verirəm, çünki burada kor-koranəlik ola bilməz. Ona görə ki, kökündə tarix dayanıb. Düzdür, bizim estetik zövqümüzü oxşayan gözəllik nümunələri də olmalıdır. Lakin araşdırmalar aparıldıqda fərqli sənət nümunələri yarana bilir. Bu baxımdan ad sadalamadan rəssamlara böyük hörmətlə yanaşıram.
- Rənglərin dilindən danışaq...
- Rənglərin gözəl olduğu qədər mistik bir dili var. Qayaüstü rəsmlərdən başqa, biz əsrlərdən üzü bəri gələn xalçalarımıza diqqət etsək görərik ki, hər atılan ilmə deyilən bir sözdür. İstər qədim hindularda, hunlarda, Meksika xalqlarında çox maraqlı rənglər dili-düyün dili olub. Yəni hər düyünün öz rəngi olub və onlar bir-birilə bu rənglər vasitəsilə danışıblar. Bu, mükəmməl bir şeydir və bizim xalçalarda öz əksini çox tapıb.
- Rəssam və həsəd hissi...
- Mən daha çox hansısa bir rəssamın uğuruna sevinən biriyəm. Həsəd yox, qürur hissi keçirə bilərəm, çünki bizim belə rəssamlarımız çoxdur. İstər daxildə, istər xaricdə olsun içimizdən kiminsə əli harasa çatırsa, o, bizdəndir. Bununla da yalnız qürurlana bilərəm, vəssəlam.
- Söhbətimizin istiqamətini dəyişək. Erkən yaşından rəngləri sevən, onunla dostlaşaraq böyüyən rəssam Ülviyyə Həmzəyevanın bu gün ictimaiyyətdə daha bir adı var - millət vəkili...
- Bir fikrimdə daima eyni və dəyişməz mövqedə qalmışam həmişə. Ən böyük siyasət sənətdir. Sənətin hansı sahəsində olursansa ol, əgər sən öz mədəniyyətini, incəsənətini, milliliyini, adət-ənənələrini təbliğ edirsənsə, deməli, sən öz dövlətinin, ölkənin simasısan. Bundan böyük siyasət ola bilməz.
- Bu düşüncə də sizi millət vəkilliyinə gətirib çıxardı...
- Məndə insanları sevmək, onları duymaq, anlamaq hissi böyükdür. Universitet illərindən ictimai işlərin içində olmuşam. Çox aktiv tələbə kimi bir çox müsabiqələrin qalibi adını qazanmışam. Məqamına düşdüyü üçün bunu da vurğulamaq istərdim. Azərbaycanda soyqırım qurbanlarının xatirəsinə həsr olunan ilk abidənin müəllifiyəm. Bu abidə Naxçıvan Dövlət Universitetinin Gənclik parkında ucaldılıb. Onun istəyilə deyil, sənətə getdiyim üçün məndən küsülü olan babam həmin abidənin açılışından sonra mənimlə barışdı. Artıq xəstə idi və məni yanına çağıraraq dedi ki, məni bağışla, sən həqiqətən düz yol seçmisən. Siyasətə gəlməklə də, düşünürəm ki, doğru addım atdım. İnsanların yanında olmaq, onların problemlərinin həllində iştirak etmək, qanunlara söykənərək onlara yardım göstərməklə də xalqıma, millətimə yararlı olmaq istədim. Bəzən insanlarla çox sadə, bəsit bir dillə danışanda belə, bu, öz nəticəsini göstərir, Çünki ən azından səsini verdiyi birini yanında görmək, dərdini dinləmək, çıxış yolu tapmaq üçün çalışmaq kimi hərəkətləri görmək sadə insana bir toxtaqlıq verir. Həm də sənət adamları digərlərilə müqayisədə daha həssas olur və bu da qarşındakını anlamaqda böyük rol oynayır. Həm insanlarımıza, həm sənət adamlarımıza yardım etmək üçün bu yolu tutdum.
- Millət vəkili...
- Millət vəkili xalqla dövləti bir-birinə dost edən insandır, yəni bu istiqamətdə vasitəçilik edən bir ictimai xadimdir.
- Lakin çox vaxt seçicisindən narazı qalan xalqın nümayəndəsini görəndə, düşünməyə əsas yaranır ki, bu, heç də göründüyü kimi deyil...
- Çünki millət vəkili özü də çox vaxt çətinlik qarşısında qalır. Kimliyimizdən asılı olmayaraq, hər birimiz insanıq və bu insanlar hamısı eyni deyil. Onların istəkləri, arzuları, niyyətləri də fərqli olur. Məhz bu baxımdan biz də dövlət qurumlarındakı insanlarla çox çətinliklə dil tapa bilirik. Bizim üçün xalqla, insanlarla işləmək daha asandır, nəinki məmurlarla.
- Naxçıvan Azərbaycan xəritəsinin tamamlanmayan hissəsidir...
- Bu, mənim ən ağrılı yerimdir. Hamı Naxçıvandan millət vəkili seçildiyimi bilir və tez-tez məndən soruşurlar ki, işinin böyük hissəsi Bakıdadır, niyə köçüb gəlmirsən? Həmişə özlüyümdə düşünmüşəm ki, həm Bakıda, həm Naxçıvanda olmaqla əlaqələri bir az da yaxınlaşdırmış oluram. Mənim seçicim Naxçıvandadır və mən gəlib Bakıda olaramsa, onların mənimlə mütəmadi əlaqəsi necə olar? Təyyarə biletinin qiyməti 60 manatdır və bu, çox bahadır. Mən necə razı ola bilərəm ki, seçicimə lazım olan anda o, məni görmək üçün təyyarəyə minib Bakıya gəlsin. Verdiyiniz sual istər mənə ünvanlananda, istərsə özlüyümdə bu haqda düşünəndə hisslərimə hakim kəsilməkdə çətinlik çəkirəm. Naxçıvanı Azərbaycanın ayrılmış bir parçası kimi görən tək mən, siz, bizlər deyilik. Bu, illərdir dünyanın gördüyü bir mənzərədir. Lakin çox böyük ümidlərim var ki, xəritənin tamlığı mütləq yerini tutacaq, Zəngəzur dəhlizi öz həllini tapacaq, Bakı ilə Naxçıvan arasında daha yaxın əlaqə və münasibətlər yaranacaq.
- Zəngəzur dəhlizi dediniz, bütün Azərbaycanın diqqətinin əsas nöqtəsi. Amma düşmən ipə-sapa yatmaq heç istəmir...
- Ölkə başçısı andiçmə mərasimində belə bir fikir söylədi: "Bu zəfərimizi Avropa bizə bağışlamayacaq". Bu, bir həqiqətdir ki, onlar yenə nələrəsə cəhd göstərəcək və biz bütün bunlara hazır olmalıyıq. 44 günə alınan bu torpaqlar övladlarımızın qanı ilə suvarılıb, qələbə dediyimiz sevincin içində nə qədər yarımçıq ailələr, nakam sevgilər, atasız uşaqlar, anaların qurumaq bilməyən göz yaşları, müharibədən sonra dünyaya gələn körpələr var. Bir gözümüz güldüsə də, o biri hələ də qan ağlayır. Bütün bunları düşündükcə, dinclik tapa bilməyən düşmənin ipini də, sapını da dibindən kəsməyə borcluyuq. Əgər bir ağacın kökü hələ torpaqdan qidalanırsa, o, quruyana qədər şaxələnəcək. Yəni nə qədər ki, yurdsuz-yuvasız bu azğınlar dünyadan dəstək alır və güclü havadarlara malikdirlər, bizim rahat olmağa haqqımız yoxdur. Zəfər çaldığımız kimi torpaqlarımızı qorumaq bir vicdan, namus məsələsinə çevrilməlidir. Düşüncəsi belə qorxuncdur ki, 30 illik həm yaxın, həm uzaq keçmişi bizdən sonrakı nəsillər heç zaman yaşamamalıdır. Nöqtəni elə qoyaq ki, tarix bir də təkrarlanmasın.
SÖZARDI: Söhbət əsnasında Ülviyyə xanım bir məsələyə o qədər incəliklə toxundu ki, bunu diqqətdən kənarda qoymaq istəmədim. Dörd il Rəssamlıq Akademiyasının aspiranturasında oxuyan sənətşünasın dissertasiya işi millət vəkili olduğundan müdafiəyə qapalı qalıb. Seçdiyi mövzuda belə, öz kökünə sadiq qalan bu xanım sakit qalmayaraq türk rəssamı kimi tanınsa da, əslən Naxçıvanın Cəlilabad kəndindən olan mühacir bir rəssamın həyat və yaradıcılığına öz tədqiqatlarını da əlavə edərək "İbrahim Safi: Rəssam impressionist" adlı kitabını ərsəyə gətirib. Ötən il 125 illiyi olan rəssamın xatirəsinə ehtiram əlaməti olaraq C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında kitab təntənəli çəkildə oxucu kütləsinə, sənət adamlarına təqdim olunub.
Tamilla M-zadə
525.az