Anar yaradıcılığında janr müxtəlifliyi - Pərvin yazır
29 Mart 2024 / 11:32
PƏRVİN
Anar yaradıcılığında janr müxtəlifliyi
Ustad Anarın şeirlərini yeni gözlə, müxtəlif yönlərdən yanaşaraq oxuyanda bir sualın cavabını elə hey axtardım... Şairlik niyə azardı, nə üçün həvəsdi?! Qeyri-adi lirik parçaları misra-misra qət elədikcə, öz şairliyini hərdən-birdən tutan azara, ya da qəfil baş qaldıran həvəsə bənzədən müəllifi anlamağa çalışıram. Kədər, qüssə, tənhalıq, bir az özünə ironiya, azacıq zarafat, yüngülvari şikayət motivləri, üstü basdırılmış duyğular və daha nələr-nələr... Elə isə "Beş-on şeir də mən qoşdum, dedim həvəsdi, bəsdi..." söyləyən müəllifin şeirə yaradıcılıq yox, ani həvəs məhsulu kimi baxmasının səbəbi nədir?! Cavablarım müxtəlifdir... Görünür, uşaqlıqdan gözünü şeirlə açmış müəllif əzbər bildiyi şairlərin ömür və şeir hekayətlərindən poeziyanın necə ardıcıl və ciddi bir iş, görəv, proses olduğunu yaxşı bilir. Həmçinin ata-anasının qəliz zamanla məhz şeiri vasitə edib, silah edib çarpışdığını, mübarizəni təkcə ictimai yox, həm də poetik meydanda apardığını da görüb. Yəni şeirin, sadəcə, lirik duyğuların anlıq çılpaqlaşması, ya da müxtəlif dərin, ya dayaz fikirlərin qafiyəli, vəznli ifadəsi olmamağı ondan ötrü sirr deyil... Yaxşı, bunu az-çox anladım, bildim ki, şeir yazmaq nəyə görə həvəsdi, azardı... Ya da Füzulinin məsləhətini qulaqardına vurub inandım Şairin sözünə. Elə isə bunları yazdıran azarın adı nədi?!
Anar yaradıcılığına az-çox bələd olan, nəsrini, dramaturgiyasını ardıcıl oxuyub mənimsəyən, yaxud da elə sadəcə, "Təhminə" filminə baxıb yazıçını görər-görməz, üstünə foto çəkdirməkdən ötrü qaçan hər kəs bu şeirlərin ab-havasını duya bilər. Çünki məhz şeirlər daşıdıqları məna, ideya etibarilə Anar yaradıcılığının kiçik tezisləridir. Sanki prozasından, dramaturgiyasından, publisistikasından, esselərindən, ictimai həyatından doğulan şeirlər bu zəngin və çoxşaxəli Sənət dünyasının kiçik elementləridir... "Azar" - deyilən də elə bunların hamısını hərəkətə gətirən ağrıdır...
Bəzən sual yaranır, niyə xəstələrin vəziyyəti gecələr ağırlaşır, nəyə görə təcili yardımlara ən çox gecələr ehtiyac olur, bütün kədərli və ağrılı duyğular da gündüzün payı deyil, qaranlığın əsəridir? Tibb buna cavab verib deyir ki, bir "sərgərdan sinir" varmış, gecələr səfərə çıxırmış insan bədənində, bütün zəif nöqtələri bir az da gərginləşdirən, ağrıdan, incidən o imiş... Tibb mütəxəssisi olmadığım üçün bu elmi həqiqəti araşdırmaqda çətinlik çəkirəm. Amma bu ideyanı yaradıcılıq prosesinə tətbiq etsəm, müxtəlif janrlarda əsərlərin yaranması üçün həlledici ağrıları da, o zəif nöqtələri, çətin, keçilməz məqamları və bunların hamısını şiddətləndirən, alışdıran o "sərgərdan" əsəbi müəyyən edə bilərəm. Hər halda, "Bakı küçələri" şeirinin müəllifi Anarın poetik silsiləsində şəhər obrazı təsadüfi deyil, məncə.
Ədəbiyyat çabalayır
Kəndlə şəhər arasında...
- deyən müəllif şəhərin yükünü də, zaman və məkan qarşıdurmasını da, bunların hamısını önə çəkən urbanistik sənətin meyarlarını da yaxşı bilir. Elə yaradıcılığa qədəm qoyandan bu günə kimi bütün janrlarda qələmə aldığı əsərlərdə əsasən, şəhər mədəniyyəti, tarixi gerçəklik, mühit və bunun içərisində öz yerini tapmağa çalışan insanı önə çəkib. Amma mənə görə məhz "Ağ qoç, qara qoç" romanında şəhər, sadəcə, məkan olmaqdan çıxıb, ayrıca qəhrəmana, canlı orqanizmə, varlığa çevrilib. Bu ideya ilə yan alsaq, şeirlərin də qəhrəmanı şəhər, sadəcə, məkan deyil, sadəcə coğrafi ərazi deyil, zamanın amansızlıqla dəyişdiyi xarakterdir... Və şairdən ötrü şəhər metamarfozaları ilə barışmaq çətindir. Çünki bu barışıq dünənsiz yaşamaq məcburiyyəti kimidir...
Dəmirdən, betondan qat-qat qutular
Küçəni, meydanı, bağı tutdular.
Qədim binaları söküb uddular,
Bu şəhər daha mənim şəhərim deyil.
***
Bağışla bizi, İçərişəhər,
Qoruyammadıq səni
Bağışla bizi, İçərişəhər,
bağışla Məni.
Sanki Əsmərin monoloqudur, elə bil, əl təmasıyla İçərişəhərin yalın divarlarını doğmasının üz cizgiləri kimi tanıyan kor kişinin çarəsizliyidir (hər ikisi "Gürcü familiyası" hekayəsinin qəhrəmanlarıdır)... Amma daha çox hələ 60-cı illərdə İçərişəhərin sökülməsinə etiraz kimi nəsr əsərləri yazan, 90-ci illərdə yeni, modern binalarla şəhərin tarixini məhv edənlərə qarşı çıxıb, Milli Məclisdə çıxışında - "Bir vaxt İçərişəhəri sökməyin - deyirdik, indi isə deyirik - İçərişəhəri tikməyin" - deyə həyəcan təbili çalmağa çağıran yazıçının, ziyalının - Anarın ağrısıdır. Və bu ağrı şeirində, nəsrində, publisistikasında yox, hər gün, hər yerdə müəlliflədir. Əks halda, sadəcə, elə tədbirdə, müsahibəsində, iclasda - İçərişəhərdən kabab iyi gəlir, Ensiklopediyanın binası restorana çevrilib, Zərdabi heykəli də indi yeməkxana qarşısında durur, - deyib etirazını bildirməzdi... Bu mənada janr fərqi yoxdur...
Qız qalası..
Daşdan simfoniya...
Poema qalası...
Daşa dönmüş fəvvarə,
Ağır qanadlarını geniş açan,
Daşa çevrilmiş quş...
Bu, şeir kimi səslənən misralar əslində publisistik mətndən götürdüyüm cümlələrdir... Yazıçı "İçərişəhər" essesində Qız qalasının tarixini danışdıqca abidəyə aid təşbehləri sıralayır! Sadəcə, düzülüşünü nizamlayınca bütün intonasiya dəyişir... Və məsələ janrda, onun ölçü və meyarında deyil! Müəllifi rahat buraxmayan düşüncənin, hissin ifadəsindədir...
Və bu şəhər-zaman mövzusunun dərinliyinə gedəndə anlayırsan ki, baş verənlər qaçılmazdır. Və şairin lirik qəhrəmanı, hətta xoşbəxtliyə doğru yenilikləri də, dəyişiklikləri də hüznlə qarşılayır...
Susub yazı makinası,
Çaynikin qaynaması.
Atılıb yerə yazılmamış vərəqi son dəftərin,
Son dəfə içəridən açıram cəftəni.
Söndürürəm işığı, qapını bağlayıram
son dəfə.
Bu qapının dalında qaldı ömrümüzün on ili,
Müddətimizi çəkdik,
Tərk edirik yarı-zirzəmi mənzili.
Vaqif küçəsində yerləşən, dövrün söz-sənət adamlarının, daha çox da altımışıncıların toplaşdığı o evin mətbəxində "Ağ liman" yazılıb... Niyə mətbəxində?! Çünki o zaman gənc yazıçının (1976-cı il) balaca uşaqlarının yatdığı darısqal evdə yazı makinasının çaqhaçaraqı mane olardı.... Daha rahat mənzilə köçən müəllif köhnə evindən ayrılığı şeirə çeviribsə, lirizm elə budur; bütün vidaların hüzn gətirməsi. Və bu şeirlə bağlı ustaddan aldığım bir master-klassı heç unutmuram... Şeirin son misraları belədir:
Bomboş otaqlarda dolaşır qərib bir kölgə
Ömrün ən xoş anlarını
burda qoyub gedirik bəlkə.
Son dəfə
Bu pilləkənlərdə siqaret yandırıram,
son dəfə.
Son dəfə bu tində maşın dayandırıram,
son dəfə.
İllər öncə hələ Anar yaradıcılığı ətrafında araşdırmalara yeni-yeni başladığım vaxtlarda bir dəfə ustadın poeziyasından söz düşəndə bu şeirin sonluğu haqqında soruşmuşdum... Daha doğrusu, gənclik romantikası ilə bir fikir yürütmüş, şeirin "ömrün ən xoş anlarını burda qoyub gedirik bəlkə..." misrasında bitdiyini demişdim. Anar müəllim özünəxas təmkinlə: - razı deyiləm, onda çox ümidsiz və pessimist görünərdi sonluq, lazımsız duyğusallıq olardı şeiri belə bitirmək... - demişdi. İndi şeiri başqa poetik nümunələrlə birgə oxuyanda daha yaxşı anlayıram. Həm də o keçmişdən ayrılığın, qaçılmaz sonların həyatın qanunu kimi, hətta bir az da məişət detalı kimi qavranması təsirlidir. Və mənə görə Anar yaradıcılığını bütöv şəkildə böyük oxucu kütləsinə sevdirən məhz bu həyatilik, təbiilik, yalançı duyğusallıqdan, gizli, ya aşkar pafosdan uzaqlığıdır... Bəlkə ona görə, hətta poeziyanın qanunu olan lirizm, həzinlik də onun təqdimatında daha dərin, təkcə şüuraltı yox, həm də ayıq, real düşüncə təsiri bağışlayır...
Bəlkə ağ yelkənlər də
dalğaların üstündə
təslim bayraqlarıdır.
Ya bəlkə çılğın eşqin
izlərini saxlamış döşəyin ağlarıdır.
Ağlarmı yelkən olub,
Yelkənlərmi ağ olub?
Son külək susan zaman
Ütülənmiş dənizlər
Hamarlandığı təkin,
Tarım yelkən də bəlkə
Başqa bir yaşantının
Qəmin-qüssəsin çəkir.
Vaqif Səmədoğlunun "Son gecədir bu gün yenə" şeirinə cavab kimi yazılmış şeirdən gətirdiyim bu misraları sürreal üslubda, təzadlarla dolu ideyaları daşıyan sadə poetik nümunə saymaq olardı. Əgər "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının qəhrəmanlarından biri, Anar nəsrinin ən tədbirli, təmkinli, dünyagörmüş xarakterlərindən biri, rejissor Muxtar Məhərrəmov bu haqda film çəkmək niyyətində olmasaydı... Muxtar elə Moskvada, restorandaca Təhminə və Zauru qonaq edəndə çoxdankı niyyətini açmışdı onlara:
"İçərişəhər haqqında film çəkmək istərdim, - deyirdi. İçərişəhərin evləri yadınızdadır da... Bax, bütün hadisələr bu evlərdə, həyətlərdə, o dar küçələrdə gedərdi, finalda isə - finalını elə aydın görürəm ki, filmin, tez-tez yuxuma girirlər bu kadrlar - finalda İçərişəhər evlərinin damlarını göstərərdim və damlardan birinin üstünə zil qara paltarlı gənc, gözəl bir qız paltar sərərdi... İpin üstündə ağlar, mələfələr, balış üzləri asılıb. Hamısı da ağappaq, meh onları yellədir və qara paltarlı qız da bu ağ parçaların arasında görünüb itir, göy üzü açıqdır, uzaqda da gömgöy dəniz... bu bir növ rəqsdir - ağ parçaların, qara paltarlı qızın, küləyin rəqsi... Amma eyni zamanda kəndirdəki ağlar elə bil yelkəndir və bu evlər də yelkənli qayıqlardır, uzaqdakı mavi dənizin içində üzürlər... Başa düşürsüz, kameranı elə nöqtədə qoyardım ki, evlərin damı gəmi göyərtəsinə oxşardı və ağlar da yelkən kimi dənizin fonunda görünərdi - həm plastik obrazdır bu, həm də rəmzi..."
Romandan belə böyük bir parçanı nümunə gətirməyim elə-belə deyil... Yaradıcılıq adlı böyük bir həyati aktın yazılmamış qanunu görünür yuxarıdakı iki nümunədə. Yazıçının şəxsi düşüncəsi, gözləntisi kimi şeirə çevrilmiş ideya qəhrəmanının da təbii arzusuna, niyyətinə dönür və bütün bunlar su içmək, hava almaq, darıxmaq, gözləmək, sevmək kimi təbiidir yaradıcı adamdan ötrü... Yəqin elə buna görə də bütün janrlarda yazılmış əsərlərin birindən digərinə adlamaq çətin deyil... "Altıncı mərtəbə" şeiri elə bu mənada, Nazim Hikmət demiş, "insan mənzərələri" yaradır və bu mənzərə içərisində şairin adamlarını görmək, duymaq mümkün olur...
Gecə saat ikidə
bu zil zülmət şəhərdə,
qaranlıq bir binada,
altıncı mərtəbədə
yalnız bir pəncərədən
işıq süzülüb gəlir.
O pəncərə ardında
kim var, nə var görəsən?
Heç kəs oxumayacaq
əsərini yaradan
yuxusuz bir yazarmı?
Hər misrası düşüncə toxumu olan bu poetik nümunəni bütöv oxumaq, yenidən dərinliyini dərk etmək maraqlıdır... İndilikdə suala cavab; o zil-zülmət şəhərdə, işıqlı pəncərə arxasındakı kimdir?! Gecə gəlincə, yuxusuzluğun dəhşətini yaşayan, canını qoymağa yer tapmayan Təhminə ("Beşmərtəbəli evin altıncı mərtəbəsi"), ağır günün sonunda boyat yeməyi nuş eləyib, şirin yuxu görən Kəbirlinskinin ögey oğlu Eldar ("Dantenin yubileyi"), payız vaxtı evi daman, damlaların səsindən təngə gələn mühasib Səftər, monoton maqnitofon yazısını silə bilməyən Nemət ("Ağ liman"), təyyarə uğultusu dinləyib yalqızlığını ovutmağa çalışan Mədinə ("Mən, Sən, O və telefon"), bayram axşamı tək qalan Həmidə ("Keçən ilin son gecəsi")...
...Şeirin əsas ideyası odur ki, işıq gələn pəncərə ardında zülmət də ola bilər, sevgi də, sevinc də. Amma təsəllisiz ana, qaranlıqdan eymənən tənha daha çox düşündürür müəllifi və elə buna görə də yuxarıda sadaladığım qəhrəmanlar, onların gecəylə, zülmətlə, təkliklə mübarizəsi mövzuya çevrilir onun üçün... Və o liftsiz binanın pillələriylə tövşüyə-tövşüyə qalxan, enən, işıqlı pəncərəni seyr edib yeni qəhrəmanlarını, onların işıqla süzülüb gələn yaşantılarını xəyal edən müəllif özüdür... Elə o özü də - işıqlı pəncərə ardında olanlardan da biri yazıçı özüdür. Minbir dərdindən birincisi də anlamaq dərdidir.
Aydındır şeirin dili,
istəyirsən sevincdən,
istəyirsən qəmdən yaz.
Elə aydındır bu dil,
nadan yüz yol oxusun,
yenə bir şey anlamaz.
Yaratdığı təptəzə poetik düşüncəyə, yepyeni forma, üslub, vəznə görə qəzetbaşı, məqalə-məqalə, cümlə-cümlə yamanlanan, gözəl əsərləri "tapmaca", təravətli deyimləri "mücərrəd" adlandırılan Rəsul Rza bədxahlarına cavab kimi yazmışdı bu misraları. İskəndəri qınamayıb - yaman olur anlamaq dərdi - deyən də Rəsul Rzadır. Amma bu qısa, lakonik şəkildə deyilmiş problem, sanki elə ziyalının, işıqlının əbədi problemidir. Elə Anarın da...
"- Deyirlər ki, Ərk qalasını sökmək istəyirlər, siz bu barədə niyə məsələ qaldırmırsınız? Niyə haykırmırsınız?
- Necə məsələ qaldırmıram? Elə bu məsələni birinci mən qaldırdım da…
- Haykırmısınız?
- Haykırmışam.
- Çox gözəl. Təbrizdəki Ərk qalası haqqında haykırırsınız, amma gözümüzün qabağında İçərişəhəri məhv edirlər, siz buna biganə qalırsınız.
- Bağışlayın, səhviniz var. İçərişəhərin sökülməsi haqqında da, yöndəmsiz tikilməsi barədə də dəfələrlə danışmışam, yazmışam.
- Haykırmısınız?
- Bəli, haykırmışam.
- Bəs apastrof?
- Nə?
- Apastrof məsələsi necə olacaq? Apastrof lazımdır, ya yox, niyə bu barədə fikrinizi açıqlamırsınız, nədən çəkinirsiniz? Ziyalı cəsarətli olmalıdır. Niyə bu barədə haykırmırsınız?
- Bilirsiz, dünyada bütün məsələlər haqqında haykırsam, heyim qalmaz".
"Kim Dali, yaxud yaşasın söz azadlığı" hekayəsindən gətirdiyim bu nümunəyə ürəkdən gülürəm... Və başa düşürəm ki, məndən ötrü kədərli mövzudan, Ustadı ömrü boyu izləyən, yoran, özü demiş, "mətbuat zəhərlədikcə qanda şəkəri artıran" məsələlərdən daha sakit, bəlkə əslində pafossuz söz açmaqdan ötrü yada salıram satirik hekayəni... Satirik hekayələri oxuduqca düşünürsən ki, nə yaxşı, bədxahlarına da, özü bir işin qulpundan tutmayıb, ziyalılara qənim kəsilən, bivec "şünas"lara, klaviatura qəhrəmanlarına yumorla yanaşa bilir müəllif... Amma şeirlər başqa həqiqəti göstərir!
İncidərlər, əzərlər,
Çərlədərlər, üzərlər,
Sonra da deyərlər ki,
"Uman yerdən küsərlər".
***
Tənhalıqdır ancaq indi vətənim,
Yalqızlıq ömrümün son diyarıdır.
***
Çox möhnətlə üzləşdim,
Yıxılmadım, dayandım.
Çölümdə görünmədi,
İçimdə yandım, yandım.
***
Hara qaçaq bu qapqara böhtandan,
Necə can qurtaraq hərzə-hədyandan.
Kəmfürsətdən, kəmsavaddan, nadandan
"Nə söz qaldı sənətkara dəyməmiş?"
Ayrı-ayrı şeirlərdən seçdiyim bu misralardan bir Master yalqızlığı, ziyalı kədəri duyulur. Amma məgər təkcə budurmu düşünən insanın problemi?! Yox, əlbəttə! Bircə ölümə çarə yoxdur - həqiqəti bütün yaşananların və yazılanların əsas təməlidir. Anar üçün isə ölüm qaçılmaz son olmaqdan savayı, həm də çarəsiz ayrılıqdı.
"Onu da düşünürəm ki, Ənvər ilk hekayələrinin müəllifi kimi otuzuncu illərdə nə səbəbdənsə, Allah eləməmiş, dünyasını dəyişsəydi, bu gün onu, məsələn, tutalım musiqidə Asəf Zeynallı, rəssamlıqda Rüstəm Mustafayev kimi çox erkən vəfat etmiş nadir bir istedad kimi xatırlar və qiymətləndirərdilər."
Ənvər Məmmədxanlının xatirəsinə ithaf etdiyi "Həyatım ağrıyır" povestindən gətirdiyim parçada yazıçının ölümə münasibəti "Allah eləməmiş" ifadəsində gizlidir... Artıq çoxdan dünyasını dəyişmiş adamın nə zamansa gəncliyində vəfat edə biləcəyi ehtimalını "Allah eləməmiş" ifadəsi ilə bağlaması çox şeyi deyir... Necə ki, dostlarının - Yusif Səmədoğlunun, Emin Sabitoğlunun, Vaqif Səmədoğlunun, Araz Dadaşzadənin ölümünə yazdığı şeirlər ağı kimi, ağrı kimi, əbədi və çıxılmaz dərd kimi qavranır... Və həyatının ikinci yarısında yazdığı şeirlərdə hansısa irreal, fəlsəfi, hətta dini təlimlərə arxalanması, sanki təsəlli axtarışı təsiri bağışlayır...
Bəlkə də haqlıdırlar
Hindistan müdrikləri.
Ölən insan da bir gün
Dönüb qayıdır geri,
Quş kimi, balıq kimi,
Ağactək, gül-çiçək tək.
Quşları ovlayırlar,
Balıqları tuturlar,
Ağacları kəsirlər,
gül-çiçəyi dərirlər,
yenə məhv olur dönən,
Mən hansıymışam görən?
Həyata, ölümə müdrik və təmkinli münasibət elə bu şeirlərdə həm də xalq yaradıcılığı elementləri kimi görünür. Bu mənada, Anarın müəllifi olduğu dördlükləri folklor nümunələrindən seçmək çətindir. Və bu dördlükləri ardıcıl oxuduqca müxtəlif anımlar, assosiasiyalar bir-birini əvəz edir, insan hisslərinin bütün zamanlarda dəyişilməz, oxşar, hətta eyni olmasına inam möhkəmlənir. Min il öncə əzizinin ölümünə kədərlənib ağı deyən adamla, yeni dünyanın ağı yazan sənətkarı bənzər qəmi yaşayırlar... Anarın özünün "Qəmli yerin əlvan rəngləri" məqaləsində şifahi xalq ədəbiyyatı haqqında yazır:
"Xalq yaradıcılığı kollektiv tərəfindən yaradılmır, o, müəlliflərin, ardıcılların, həvəskarların və bu sənəti hifz edənlərin birgə işinin məhsuludur. Yüz, əlli, on, hətta beş, üç və ya iki nəfər bir yerə toplaşıb iki misra yarada bilməz:
Qapıya kölgə düşdü,
Elə bildim yar gəldi...
Bu, bir insanın, bircə nəfərin, tək şəxsiyyətin hisslərinin poetik ifadəsidir. Amma bu sətirləri qavrayanın da, yaddaşında saxlayanın da, cilalayanın da, günümüzə gətirənin də öz payı var burada."
Bu dəqiq qənaəti davam etdirsək, deməliyik ki, çağdaş zamanda folklorun yaranmamağı, yaxud da təzə dövrün deyimlərinin xalqın dilində əzbər olmamağı dövrün sözdən uzaq düşməsinə işarədir həm də ...
Qəlbimi yar alandı,
Gənc ömrüm yaralandı,
Bilirəm, əvvəl-axır
İnsanı yer alandı.
Forması, üslubu, ab-havası etibarilə qədim folklor nümunələrindən seçilməyən bayatı dünyanın faniliyini ifadə edir, əvvəl-axır yerin nəsibi olacaq insanın bunu gəncliyindən dərk etməsini, zamanla, onun amansız qanunları ilə barışmasını göstərir. Əslində, çoxəsrlik, zəngin poeziyamızın keçdiyi bütün mərhələləri təhlilə çəksək, bu ideyaların əbədi olduğunu görərik. Elə isə, eyni mövzulara hər yeni gələn zamanda müraciətin səbəbi nədir?! Mənə görə yeni dövrün sənətkarının bu əbədi və əzəli problemlərə öz dövrünün kodları ilə, zəmanəsinin dilindən yenidən müraciət etməsi lazımdır. Çünki zaman keçdikcə həllini tapmayan məsələlər zəmanə qəhrəmanlarına yenidən çatdırılmalı və aktuallığını itirmədiyinə bir də belə diqqət çəkilməlidir. Müəllifin klassik şeirlərlə səsləşmələrini bu yöndən təhlil edəndə Nizaminin, Nəsiminin, Füzulinin, Yunus Əmrənin, Vaqifin, Sabirin müasirimiz olduğunu anlayırıq. Məndən ötrü bu səsləşmələrin başqa əhəmiyyəti də var; nə qədər qəribə səslənsə də, elə bunların özündə də təkcə müəllifin poetik zövqü yox, həm də nəsrini, dramaturgiyasını, iri, ya xırda planda göstərdiyi qəhrəmanları hiss etmək üçün elementlər görünür... Misal üçün, Şah İsmayıl Xətainin, həm hökmdar, həm də şair olması hər kəsə bəllidir. Amma seçdiyi misralardan aydın olur ki, Anardan ötrü "Şah mənəm" - deyən hökmdar yox, bunu deyən adamın, güclü bir padşahın özünə qəm-qüssəni vəzir-vəkil seçməsi maraqlıdır:
Diyari-eşqə sultanam, dila, mən də
zamanimdə,
Vəzirimdir qəmü-qussəm, oturmuş iki
yanımdə.
Şah İsmayıl Xətai
Anar isə deyir ki...
Nə sultanəm, nə də şahəm, vəzirim də
yoxdur mənim,
Fəqət, hər gün qəmü-qüssəm oturur
iki yanımda.
Hər zaman bir-birinə qarşı qoyulan şahla sənətkar bu səsləşmədə eyniləşir. Onları yalqızlıq, təklik, qəm-qüssə birləşdirir. Və bu qəm-qüssə, sadəcə, səbəbsiz, klassik lirik qəhrəmanın "boynuna düşmüş" kimi görünən kədər deyil. Yazımın əvvəlindən bu yana, dediyim kimi, az qala ömrün və yaradıcılığın əksi olan şeirlərdə də duyulan yalqızlıqdı, qəmdi. Və bu hisslərin hamısı dərin düşünən adamdan ötrü o qədər təbiidir ki...
Anarın lirikasında sevgi şeirlərinin özəl yeri var. Proza və dramaturgiyasında yaradılmışlara aid olan ən ali hissin ən müxtəlif çalarlarını göstərən müəllif poeziyasında da başqa bir eşqi, bənzərsiz bir duyğunu təsvirə çəkir.
Ay batanda ağlayıb,
Gün çıxanda gülürsən.
Dünyanı gah bağlayıb,
Gah açmağı bilirsən.
***
Səninlə hər söhbətim
Acı həyat dərsində
Bir udumluq nəfəsdir,
Bir anlıq tənəffüsdür.
***
Bu eşq macərasında
Axır, qaldıq üçümüz,
Qaldıq üçümüz, gülüm,
Bir sən, bir mən, bir ölüm...
Reallıqla irreallığın, yuxu ilə ayıqlığın sərhədi Anar qəhrəmanlarından ötrü son dərəcə əlçatandır. Elə gerçək həyatda olduğu kimi... Sevgi şeirlərində də eşq, həm əlçatan, gerçək bir duyğudu, həm də xəyal, ilğım kimi uzaqdı...
Ta 90-cı illərdən Anar yaradıcılığından qırmızı xətlə keçən mövzuların əsasını Qarabağ problemi təşkil edib. Torpaqlarımızın işğalını, qaçqın və məcburi köçkünlərimizin, qazi və şəhidlərimizin dəhşətli taleyini nə yazıçı, nə də onun qəhrəmanları unudublar. Bu mövzu janr, forma, üslub demədən bütün kitablarına, əsərlərinə, çıxışlarına, filmlərinə səpələnib yazıçının... Şeirlərdə də bu ağrının, nisgilin xronoloji ardıcıllığını duymaq sadədir.
Gözün tökülsün yağı,
Sinəmə çəkdin dağı,
Qanlı göz yaşı tökür
İndi İsa bulağı.
2000-ci ildə yazılmış şeirdən gətirdiyim bənd müəllifin heç cür ovuda bilmədiyi, barışmadığı həsrətini ifadə edir. O həsrət ki, ona yalnız o torpaqlara sahib çıxmaqla, düşməndən azad etməklə son qoymaq olardı... Elə də oldu! Otuz ildən sonra Azad Qarabağa, Şuşaya səfər edən Anar aşağıdakı misraları yazdı:
Otuz illik həsrətimiz
Qırx dörd gündə çatdı başa,
Azad edildi Qarabağ,
Azad oldu gözəl Şuşa...
Yurdun taleyi ilə sənətkarın bioqrafiyası biri digərindən ayrı qavrana, qəbul edilə, yaşana bilməz. Bunu müəllifin şeirlərilə də, bütöv yaradıcılığıyla da təsdiq edə bilərik.