Sənət və ədəbiyyat dərgisi

Öz dünyasında var olanların poeziyası - Fərid Hüseyn yazır

21 İyun 2022 / 10:59

 

Fərid Hüseyn

 

Öz dünyasında var olanların poeziyası…

(Nicat Məmmədovun “Aramsızlıq” adlı  şeirlər kitabı haqqında)

 

 

Ən müasir dövr Azərbaycan poeziyasında şeirlərini sevərək oxuduğum şairlərdən biri də Nicat Məmmədovdur. Onun tək-tək şeirlərini zaman-zaman oxusam da kül halında mütaliə etmək fürsətim olmamışdı. Nicat bəy şeirlərini rus dilində qələmə alsa da, bir sıra beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil etsə də, onun ədəbi imzası təəssüf ki, azərbaycandilli oxuculara qədərincə bəllli deyil. Nicatın şeir yolu da o qədər ciddi, dəbdən kənardadadır ki, çağdaş dövrün ifrat duyğusllığa meyilli, yaxud lirizm aludəçiləri olan oxucuları onun dərin məzmunlu poeziyasına lazimi qədər doğmalaşa bilmirlər. Yaxın günlərdə Nicat Məmmədovun “Aramsızlıq” adlı kitabı üç dildə (Azərbaycan, rus, ingilis) nəşr edildi. Kitabdakı ingilis dilində olan şeirləri Esmirova Serova ruscadan çevirib. Orijinaldan – rus dilindən Azərbaycan dilinə çevrilən əsərləri isə müəllif özü lisanımıza qazandırıb. Öz şeirlərini tərcümə etmək həddən artıq çətin prosesdir, bu duyğuları ikinci dəfə orijinal halına qaytarmaq deməkdir. Şairdən – müəllifdən başqa heç bir tərcüməçi bu prosesi reallaşdıra bilməz. Ona görə də şeirləri oxuduqca Nicatın orijinala sədaqəti aydın görünür. Bu amil mətn qədər də, Nicatın özünə qarşı ehtiyatkar münasibətinin göstəricisidir.

Nə acı ki, Azərbaycanda çağdaş sərbəst şeir getdicə həddən ziyadə aforistik hal alır, şairləri ifrat müdrik qiyafədə təqdim edən bu cür quruma poeziya nümunələri gündən-günə artmaqdadır. Bütün bunlar isə şairlərin bəlli obrazını daha tanınmaz hala salır. Sanki şeirlər şairin kimliyini, əsilliyini gizlətmək üçün bir vasitəyə çevrilir. Belə bir dövrdə Nicatın xalis poetik nümunələrini oxumaq, oradakı qatbatat mənalarla tanış olmaq olduqca zövqverici proses idi…

 

Təklər üçün…

 

 

Elə şeirlər var ki, müəllifin “başına insan toplayır”, elə şeirlər də var ki, şairi təkləyir, onları azların, xridarların dərd ortağına çevirir. Gün gəlir təklənmiş şairi oxucuları o qədər anlamırlar ki, artıq onun  azsaylı oxucuları sadəcə şairin sənətini sevənlər yox, həm də onun “dərd ortağına” çevrilirlər. Artıq “Tiktok”un intibah dövründə ciddi poeziya “yox olmaq təhlükəsində” olan mədəni sərvətdir. Nicat Məmmədovun sərbəst şeirləri bu baxımdan qorunmağa dəyər nümunələrdəndir. O, özünü kəsərli sözü, intelektual düşüncə tərzi, dərin məna qatları ilə təkləmiş şairdir. Şair əgər yazmaq prosesinin özünü ustalıqla mövzuya çeviribsə, deməli, mətnləri onun  həyatının təyinedici gücüdür, eynən Nicatın qələmindən qopanlar kimi:

 

Və yazmaq həzzi –

keçib-getmiş həzzin boş kölgəsidir.

 

 

Qəzəb yumruğu...

 

 

Nicatın şeirlərində əsəbi gərginlik, psixoloji qısaqapanmalar diqqətdən qaçmır. Və ondandır ki, o, ürəyini soyudan yox, əsəblərini satitləşdirən nəsnələrdə poeziya tapır:

 

Fincan düşmür ki, yerə paralasın ikiyə

Özü ilə özü arasındakı sükutu.

 

Sükut və sükunət Nicat üçün eyni yox, fərqli mənşəli anlayışlardır. Çünki o sükutu bir proses kimi təqdim edir deyə sonrakı misralarda yazır ki, “Fincan yerə düşməməyə davam edir”. Bu, dünyanın aramsız hərəkətinə, fırlanmasına, yuxudakı yaşama, ölərkən var olmaya qarşı verilən mesajdır. Anlayışlar arasındakı xırda fərqləri anlamlı poeziyaya çevirmək qüdrəti Nicatın şeirlərinə xas əlamətlərdəndir.

 

Mənanın izi ilə...

 

 

Nicatın şeirlərində ətrafı müşahidələri də müstəqil proses yaradır, onlare sadəcə sadalanmalarla bitmir. O, gördüyünü mənalandırmağa, adlandırmağa çalışmır, proses, davam edən hərəkət öz məğzini oxucuya açır. Azərbaycan poeziyasında çox zaman təsvirlər, kənar müşahidələr ümumi hadisəni əks etdirmir, sadəcə göstərir, amma oxucuya heç nə yaşatmır, oxucu təqdim olunanlarla öz həyatı arasında bağlılıq tapa bilmir. Nicat isə məhz bunu bacarır, yəni oxucusunu poetik hadisənin (ovaqatın, vəziyyətin!) iştirakçısına çevirir, onu passiv tamaşaçılıq mövqeyindən çıxarır:

 

“Mən” deyərək yalnız həriflərin

 cəmini nəzərdə tutmaq gözəldir.

 

 

Konteksti daşımaq...

 

Nicatın misralarının bir başqa özəlliyi də ondan ibarətdir ki, onun tək-tək misraları şeirlərindəki ümumi poetik fikirdən əksər hallarda ayrı düşmür. Yəni, onun misralarını ayrılıqda paylaşanda şairin fikir kontekstdən çıxarılmış kimi təsir bağışlamır. Şeirdən “kənara çıxmış” misra özü ilə birgə şeirin ümumi ovqatını da daşıya bilir.

 

 

Yolçu yolda gərək

 

 

Nicatınn poeziyasının  digər bir üstün cəhəti də odur ki, onun mətnləri özü-özünü tükəndirən yazılar deyil. Yəni elə şairlər var ki, onların tutduqları poetik xəttin ardıcıl olması, uzun müddət davam etməsi  az qala mümkünsüzdür. Şair şeirini bitməz xətt boyunca da davam etdirə də bilər, hansısa sonu məlum yol ilə gedib mövzu baxımından mənzil başına çata da bilər. Bir çox şairlər bir dönəmdən sonra poetik baxımdan dalana dirənirlər, ya dayandıqları yerdə addımlayırlar, ya da yazdıqları ilə guya yaradıcılıq yolunun tükənmədiyini büruzə vermək istəyirlər. Fəqət həqiqət həqiqətliyində qalır, heç bir yalan gerçəyin yoxluğuna dəlalət eləmir.

Bəs necə bilirəm ki, Nicatın şeirləri ardı gələn, hələ yol uzun olan şeirlərdir? Çünki onun şeirlərindək poetik qayə qəti fikirlərə, sınmaz mülahizələrə əsaslanmır, poetik düşüncələr daşlaşmayıb, təlqin effekti yaratmır, həqiqət bir versiyalardan biri kimi təqdim olunur və ən əsası gerçəklik müdafiəyə ehtiyac duyulmayan şəkildə sərgilənir. Bu, qətiyyən o demək deyil ki, şairin dünya barədə, yaradan haqqında, keçmiş xüsusunda, gələcək sorağında yekdil, qətiləşmiş fikirləri yoxdur, o, sadəcə qərarsız düşüncələrini poeziyasına yansıdır, xeyir, sadəcə o, oxucuya öz mətləblərinin içindən keçirib ona doğru yönəlməyə bir istiqamət, çığır təqdim edir. Bu isə şeirləri qavramaqda variyasıyalıq imkanını artırır. Şair dərk baxımından oxucusuna kifayət qədər etimad edir.

 

 

Dalğa üstünə çırpılan dalğa kimi

Növbəti sətir də özündən öncəkini silib aparır.

gülün hərtərəfli təsviri,

kiçiltdiyimiz və lüğət cildində əsir etdiyimiz

kainatın təsviri qədər genişlənir.

 

Piramida

 

Nicatın şeirlərində məna tərs çevrilmiş piramida kimidir, yəni, şeir poetik genişliklə başlayır, sonra detallarla mənaya doğru gedən yol daralır, sonda isə anlama çatılır və yol boyunca oxucuya yad təsir bağışlayan nəsnələr, bir sözlə, şeir başlayandan axıra qədər gələn hissələr ümumi məzmuna doğru aparır. Və çox maraqlıdır ki, Nicatın şeirlərində mənanın özü də əlavə olaraq mənalandırılır, yaxud belə demək mümkündürsə, əlavə mövzuya çevrilir:

 

  • Vərəq, nədən ağarırsan üzümə?
  •  Mənə yazdın, qara yaxdın artıq.
  • Yoxluq sual doğurur...
  •  Bu da elə cavab olur.
  •  Varaq, səsin güzgüsüsən
  •  Çilik-çilik etdim onu.

 

Azərbaycan poeziyasında bu cür – dialoq tipli şeirlər çoxdur, amma onların əksərində müəllifin özünün hansı tərəfdə dayanması aydın anlaşılır. Bu isə tərəflərdən birinin düşüncəsinin təsir gücünü heçə endirir. Ancaq Nicat bu tipli poetik əsərlərində sual verən ilə cavablandıranı bərabərhüquqlu şəkildə təqdim edir, nəticədə şeirdəki daxili güc itmir, enerji qorunub-saxlanılır. Nəticədə poetik sual da ən azı cavab qədər siraətedici olur:

 

Cəsarət örnəyi

 

Nicatın şeirlərində ictimai həyatın, güzaran boğanağının, səhhət böhranlarının işıltıları, sızıltıları, avtobioqrafik elementlər daim nəbz kimi döyünür. Əlbəttə, şair üçün bu cür halların əks olunması çox təbiidir. Sadəcə söhbət burada səmimiyyət gücünün, çılpaq düşüncələrin ustalıqla kağıza köçürülməsindən gedir. Məsələ də elə bundadır:

 

O, lakin sərvətimin pul,

ya da məşhurluq olmasını istəməzdim,

sərvətim yeni nəfəs olmalıdır.

Varidatrım dağlar, dənizlər, nəhənglərtək

Mənimsənilməsi mümkünsüz şeylər olmalıdır.

 

Gözəldir ki, müəllifin şair kimliyi sadəcə duyğusallıqla yox, həm də həyata münasibətlə, təqdim etdiyi yaşam tərzi ilə açılır. Nicat şairlərə xas düşüncə formalarını, estetik həyat tərzini ustalıqla mövzuya çevirə bilir. Bu, məqam ən müasir dünya poeziyasının bariz trendlərindəndir. Şairliyin həyat tərzi kimi təqdimi Nicatın poeziyasında uğurla əks olunur. Eyni zamanda, o həyatın çətinliyi, xüsusən indiki zamanda şairin başqa əsrin insanı kimi kənarda qalması məsələsini, ədəbiyyata biganlər arasında həssas ruhlu qələm sahibi obrazının yaşadığı durum onun şeirlərində kompleksiz təqdim edilir. Əksər şairlər bu vəziyyəti üsyan kimi təqdim etsə də, Nicat bu yaşayışı özəl anlam daşıyan ruhi vəziyyət kimi oxucuya çatdırır. Nicat bir otaq daxilində bir dünyanı, bir siqaretin çəkilib qurtaranacan çəkən prosedə bütöv onilliyin keşməkeşlərini bir neçə misraya sığdıra bilir.

 

Azadəlik...

 

Nicatın şeirlərindəki azad ruh, kompleksiz düşüncə tərzi oxucuya ifrat təsir bağışlamır. O, nə azad həyatını göstərdiyini diqqətə çatdırır, nə də hürlüyündən aldığı feyzi gözə soxur. O sadəcə bu həyatı sadə bir şəkildə təbliğ edir. Məşhur bir deyim var ki, tarix əvvəlcə dramatik, sonra komik şəkildə təkrarlanır. Nicatın şeirlərində təkrar fikirlər daim öz dinamik tərzini saxlayır, gülüncləşmir. O, frazaları qurama aforizmlərə çevirmir, şeiri fikir yükü ilə ağırlaşdırmır, əksinə ağırlığı şeirin mahiyyətinə – may asına yerləşdirir.

 

Bu şeir boş şeydir,

Və o Heç nədir

Elə bunu sübut etmək tələb olunurdu.

Daha doğrusu göstərmək.

Nəyi sübut edəsən? Kimə? Bəlkə, ylnız özünə...

 

 

Nicat şeirlərində daxili dünyasını, ədəbiyyat ilə bağlı yaşantılarını, tənhalılq münasibətlərini elə əks etdirir ki, onun şeir yazandan, poeziya barədə düşünündən, kitab oxuyandan, dünyanın gərdişi barədə özünə suallar yağdırandan sonrakı həyatını təsəvvür etmək çətin olur. Düşünürsən ki, axı o, bu dünyanın havası ilə necə nəfəs ala bilir? Mən real həyatda Nicatın simasında həmişə bir boğulmaqlıq əlaməti müşahidə etmişəm, bəlkə də, bu bir aldanışdır, olsun ki, onun dərisinin rəngi, simasının tonu belədir. Amma onun poetik dünyasına dalandan sonra onun real həyata – bizlərin arasına qatılanda həqiqətən boğulduğunu aydın dərk edirəm.

Nicatın çox güman sükutla qarşılanacaq bu kitabında dərin poeziya, hermenevtik rəngarənglik, filoloji ustalıq, geniş poetik erudusiya, sakrallığa individual münasibət, ən əsası yüksək həssaslıqla qələmə alınmış şeirsəl ovqat düşündürücü, təsirli şəkildə misralara qovuşub. Bu şeirlərin vacib bir üstünlüyü də var: oxuduğun şeirlər misra-misra, bənd-bənd yadda qalmasa da, poetik nümunələrin təlqin etdiyi ovqat uzun müddət oxucunu tərk etmir. Mən inanıram ki, Nicatın şeirlərinin bu üstünlüyü “Aramsızlıq”ı oxuyan şairləri yeni şeirlər yazmağa, onlarda yaranan ovqata yenidən qayıtmağa sövq edəcək, digər kateqoriyalı oxucular isə Nicatın təqdim etdiyi dünyanın individualizinin sehrini qəlblərinin hansısa bir yerində istər-istəməz hifz edəcəklər...

 

 

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.