Sənət və ədəbiyyat dərgisi

Axının səs-küyü arasında - Tamara Lazarevna Motılyova

08 Fevral 2023 / 09:42

Tamara Lazarevna Motılyova

(1910-1992)

Romen Rollanın “Jan Kristof” romanı

 

 

İtaliyanın ən qabaqcıl şəhərlərindən biri olan, gənc Romen Rollanın Romaya gəlişindən əvvəl ziyarət etdiyi Siena rəsm qalereyasında XV əsr rəssamı Sano di Pyetronun “Müqəddəs Xristofor” adlı əsəri saxlanır. Əsərdə ilkin planda axını ilə düz tamaşaçının üzərinə hədəflənmiş çay təsvir edilib. Qucağında körpə uşaq olan hündürboylu kişi isə çayı keçir. O, dizlərinə qədər suya batıb. “Onun cəngavər çiyinlərinə malik nəhəng bədəni suyun üzərindən yüksəlir... Axının səs-küyü arasında yumruğunda saçlarını saxladığı nəhəngin “İrəli” kəlməsini təkrarlayan körpənin sakit səsini eşidir. O, irəli gedir, kürəyi əyilib, gözləri kəskin cizgilərinin hələ uzaqdan görünməyə başladığı qaranlıq sahilə tuşlanıb”.

Bu sözlər Romen Rollanın “Jan Kristof” əsərinin finalındandır. Romanın qısa alleqorik epiloqunda Kristof-Xristofor körpəni – Gələcək günü iti axan çaydan keçirir. Ola bilər ki, Rollanın İtaliyaya ilk səfərindən 30 il sonra yazılan bu epiloqda onun gəncliyində yaşadığı təəssüratlardan biri canlanır: burdakı bəzi detallar Sano di Pyetronun əsəri ilə uyğun gəlir. Amma bu və ya digər halda “Jan Kristof”un alleqorik sonluğu romanı bütövlükdə anlamaq üçün olduqca vacibdi.

Romanın qəhrəmanı – yeni Bethoven alman kimi dünyaya gəlməli idi – bu hələ əvvəldən aydın idi. Rollan ona Kraft soyadı verir (mənası “Güc”, “qüvvə” deməkdir) və bir neçə vaxt uyğun ad seçimində tərəddüd yaşayır. 1903-cü ildə – ilk kitab üzərində çalışdığı zaman axtarış tamamlanır – Jan Kristof (“möhkəm, qədim ad”). Sonra isə görünür latın ikisətirlikləri yada düşdü və qəhrəman-musiqiçi müəllifin təxəyyülündə əfsanəvi cəngavərlə assosasiya yaratdı.

Artıq Yanikul təpəsindəki (Yanikul təpəsi Romada, Tibr çayının qərb sahilində yerləşən təpələr) ilk “görüşdən sonra” həmin qəhrəman Rollanın fikrində hər şeydən əvvəl cəsur, açıq fikirli insan kimi canlanırdı.

Cəmiyyətə müxalif olan müstəqil düşüncə özülüyündə o qədər də yeni bir şey deyil. Müxtəlif dövrlərə məxsus Qərbi Avropa ədəbiyyatı artıq – Bayronun Çayld-Haroldundan başlamış, Anatol Fransın “Müasir tarixi”ndəki professor Berjerə qədər bir çox tənqidi düşüncəli şəxsiyyətləri yaratmışdı.

Amma Jan Kristof təkcə düşüncə sahibi deyil, həm də aktiv həyat fəaliyyəti olan şəxsiyyətdi. O, təkcə görüb mühakimə yürütməklə qalmır, həm də lazımi məqamda, hər şeydən əvvəl isə Rollanın özünə daha çox yaxın olan sferada fəaliyyət: incəsənət, musiqi sahələrində. Həm də Rollan kimi o da incəsənətin insanlara xidmət üçün yarandığı qənaətindədir.

R.Rollan romanı dörd hissəli simfoniya ilə müqayisə edirdi. Hər bir hissənin öz ritmi və tempi, öz hökmranlıq edən əhval-ruhiyyəsi var. Bununla bərabər Rollan “Jan Kristof” un sonuncu redaksiyasında romanı əhatə edən on kitabı dörd böyük cildə yerləşdirir. Birinci hissə (“Şəfəq”, “Səhər”, “Doğuluş”) Kristofun gənclik illərindən bəhs edir, onun hisslərinin və şəxsiyyətinin oyanışını çatdırır. Gərginlik davamlı olaraq artır, ikinci hissə isə (“Qiyam”, “Meydanda keçirilən yarmarka”) kəskin mübarizənin ruhu ilə dolur – Kristof cəmiyyətin əleyhinə baş qaldırır. Qəhrəmanın fransız dostlarının fəaliyyətə başladığı üçüncü hissə (“Antuanetta”, “Evdə”, “Rəfiqələr”) daha sakitdir, burada düşüncə, ruhun diqqəti, dostluq və təmiz sevgi mövzuları ön plandadır. Və nəhayət dördüncü hissədə (“Yanmayan kol” (müqəddəs kitabda yanan amma külə dönməyən göyəm kolu. Tanrının Sinay dağı yaxınlığında qoyunları otaran Musaya görünməsinə işarədir. Musa “kolun yansa da külə dönmədiyi səbəbini” öyrənmək üçün yaxınlaşdıqda Tanrı yanan koldan onu çağırıb İsrail xalqının Misirdən çıxarılmasına çağırır) “Gələcək gün”) dağıdıcı qəlb fırtınaları dinc, aydın finalla sona çatır.

Romanın simfoniya ilə bu cür müqayisəsi əsassız və gərgin görünə bilər: ədəbiyyat və musiqi – incəsənət olduqca fərqli, hətta bir çox hallarda ayrıdırlar – onların hər birinin öz qanunları var. Amma Rollan dəfələrlə öz yaradıcılığının musiqi təbiəti haqqında danışmışdır. Onun etiraflarına ciddi yanaşmaq lazımdı – axı onlarda onun yazıçı şəxsiyyətinin əsas tərəfləri təsvir edilib.

“Jan Kristof”un musiqi əsəri ilə qohumluğu təkcə gördüyümüz kimi müəllifin heç də az məna vermədiyi “simfonik struktur”da deyil. Rollan bəzən öz əsərini qəhrəmanlıq nəğməsi, bəzən isə poema adlandırmışdır.

“Jan Kristof”dakı hadisələr nə vaxt baş verir? İlk kitablarda Bethovenin tərcümeyi-halının epizodları qırılanda (elə digər alman bəstəkarları kimi) bəzən oxucuya elə gəlir ki, sanki o, XIX və ya hətta XVIII əsrin geridə qalmış yarımfeodal Almaniyasındadır.

Amma rəvayət davam edir, qəhrəman həm sosial-demokratlarla, həm də dekadent gənclər çevrəsi ilə qarşılaşır. O, almanlarda şovinizm ruhu və aqressiyanın necə artdığını hiss edir. Kristofun alman meşşanlığı və hökümətin tiranlığı ilə konflikti dördüncü kitabın (“Qiyam”) sonunda partlayır . Kəndli qızın namusunun müdafiəsinə qalxıb əsgərlərlə savaşan gənc musiqiçi ölkəsini tərk etmək məcburiyyətində qalır. Onun növbəti ünvanı Fransa olacaqdı – və biz beşinci kitabda (“Meydanda keçirilən yamarka”) pamflet (Hər hansı bir şəxs, yaxud ictimai quruluş, siyasi hadisə və s. əleyhinə yazılmış istehzalı publisistik əsər) gerçəkliyi ilə təsvir edilmiş ədəbi-musiqili Parisi görürük.

Həmin zamanlar Kristof ömrünün ikinci onilliyini yaşayırdı. Bir çox dramatik dəyişiklik və sərsərilikdən sonra ən yaxın dostu Olivyeni polislə küçə döyüşündə itirən, İsveçrədə ərli qadın Anna Brauna qarşı hiss etdiyi əzablı sevgi yaşayan, sonra isə italyalı Qrasiyada doğma ruh tapan Kristof bəstəkar kimi təsdiq olunub Parisə qayıdır. “Artıq Kristof ötən illəri hesablamır...” – sonuncu kitab bu cür başlayır. Elə əsərin müəllifi də onları hesaba almır. Kristofun Parisdəki “meydan yarmarkası” ilə ilk tanışlıq anından başlamış, ölümünə qədər otuz il zaman keçir – o, ahıl yaşda vəfat edir. Rollan isə romanı 1912-ci ildə bitirir. Başqa cür desək, sonuncu kitabdakı hadisə gələcəyə doğru irəli çəkilmişdir.

 

Rollanın şüurlu şəkildə gələcəyə boylanıb oxucunu da düşünməyə vadar etmək arzusu var idimi? Görünür ki, hə. Jan Kristof “əsl insan” kimi öz tarixi zamanından çıxıb “gələcək günə” doğru addımlayır. Amma yazıçını hissələr, detallar (əlbəttə ki, hadisələrin dəqiq xronologiyası da) deyil, ən əsası Qərbi Avropanın yeni yüzillikdə ümumi tarixi inkişafı maraqlandırırdı. O, ilkin planda həqiqətən vacib bildiyini hesaba alırdı: idarə edən sinfin artan məntiqli və mənəvi çöküşü, sosial ziddiyyətlərin şiddətlənməsi, dünya müharibəsi təhlükəsi. Və bununla bərabər uzaq, aydın olmayan perspektivdə həyatın gələcək üçün inqilabi yenilənməsi var. Bu əsas həlledici cizgilərdə Romen Rollan öz dövrünü bəsirət gözü ilə, real cəhətdən görürdü.

“Jan Kristof”dakı hadisələr dörd ayrı ölkədə baş verir: Almaniya, Fransa, İsveçrə, İtaliya. Roman epopeyanın coğrafi miqyası lap əvvəldən təyin edilmişdi.

Elə musiqiçinin cəmiyyətlə qarşılıqlı əlaqəsi, burjuaziya, meşşan dünya ilə qarşıdurması da əvvəlcədən düşünülmüşdür. Kristofun yaşayıb fəaliyyət göstərdiyi cəmiyyətin öz təsviri isə romanda getdikcə daha çox qəliz və qarışıq şəklə düşür. Bu isə Rollan qarşısında çətin suallar qoyur.

 “Jan Kristof” elə əvvəldən “yeni Bethoven” haqqında roman kimi düşünülmüşdü. Rollan öz qəhrəmanında sevimli bəstəkarının musiqisinin öz qəhrəmanlığı, həyatı təsdiqləyən ruhundan qiymətli olduğuna dair bəzi cizgilərini göstərirdi. “Jan Kristofun” birinci hissəsinin dərcindən çox əvvəl Rollanın bir çox oxucuları həyəcanlandıran kiçik ölçülü “Bethovenin həyatı” kitabı işıq üzü gördü. Bu sadəcə olaraq tərcümeyi-hal deyildi. Burada Rollan incəsənət barədə şəxsi baxışlarını orijinal formada dilə gətirir. Bunlar dahi bəstəkarın “insanlıq”, “gələcəyin insanı” uğrunda çalışmaq istəyi barədə fikirləridir.

O, Bethovenin düşüncələrini bölüşdürür: “Musiqi insanın qəlbində alov oyandırmalıdı”. Rollanın “Bethovenin həyatı” əsərini, xüsusislə də onun ilk səhifələrini oxuduqda biz həmin motivləri açıq şəkildə görürük.

Rollan Bethovenin sərt uşaqlığından söhbət açır. Onun atası müğənni, anası isə evliliyə qədər qulluqçu olmuşdur. Ailə yoxsul şəraitdə yaşayırdı. “Ata oğlunun musiqi istedadından mənfəət götürmək qərarına gəlir və bu kiçik möcüzəni kütləyə təqdim edir. Dörd yaşına kimi o, uşağı klavesin (klavişli musiqi aləti) qarşısında əyləşdirir, ya da taqətdən düşənə kimi skripkada ifa etməyə məcbur edirdi... O yerə gəlib çatdı ki, Bethoven güc tətbiqi altında musiqi ilə məşğul olmalı olur. On yeddi yaşında o artıq ailənin başçısı idi, iki qardaşının qayğısını çəkirdi. Bu əzablar gəncin qəlbində dərin izlər buraxmışdı“.

 “Jan Kristof”un ilk kitablarında “Bethovenin həyatı” ilə toqquşma təbiidir, lakin Rollanın qəhrəmanı gələcək taleyində real şəxsdən ayrılır və özünəməxsus inkişaf edir. Amma xarakter etibarilə Jan Kristofun ruhi görünüşü təkcə gənclik deyil, həm də yetkin dövrlərində də onu Bethovenlə yaxınlaşdırır. Jan Kristofun musiqisi də Bethoven kimi varlığın həyat enerjisi və sevinci ilə hiss olunur.

Həqiqi, yeni incəsənətin axtarışı həmfikirlərin və silahdaşların axtarışı ilə bir yerdə gedir. Jan Kristof yalançı incəsənət və saxta demokratiyaya nifrət edən istedadlı şair Olivye Janenlə yaxınlaşır. Sonra isə onun bacısı Antuanetta ilə tanış olur. Jan Kristof onlarda, eyni zamanda qulluqçu Sidoniyada, şən ustada, musiqiyə vurğun olan gənc işçi qadında, Kommunanın iştirakçısında həqiqi Fransanı təmsil edən insanları görür.

Bu, “sadə xalq, kiçik adamlar təsərrüfatçıdırlar, əməksevər, sakit təbiətlidirlər, qəlblərində ocaq mürgüləyir... Onlar hər zaman qurbana çevrilən, dəfələrlə ocaqla sınağa çəkilən, ancaq möhkəmlənən xalqdır. Onlar ölümü məğlub edərək dəfələrlə yenidən dirilib!” Olivye və Jan Kristof sosial təbəqələrin həyatı ilə yaxından maraqlanır. Amma qəhrəman aydın şəkildə insanların ancaq ümumi sevgisi və qardaşlığının çatışmazlığını dərk edir. Onun mövcudluğu naminə hərəkət vacibdir. Romanın doqquzuncu kitabı “Yanmayan kol” əsas etibarilə xalqa gedən yolun axtarışına həsr olunub.

Bu, Jan Kristof üçün olduqca vacib məqamdır. O, sosialist hərəkatın başçıları ilə (Jusye, Kokar, Qrayo) ilə tanış olur, siyasi mitinqləri ziyarət edir və hətta inqilabi mahnı da bəstələyir. Amma dostu Olivyenin bir may nümayişi zamanı itkisi, dünyanı zorla dəyişməyə inamın yoxa çıxması Jan Kristofu mübarizə yolunu dəyişməyə və bütün qüvvəsi ilə vaz keçməyə çalışdığı individual hücrəsinə çəkilməyə məcbur edir. Əlbəttə ki, o, reaksiyanın təntənəsi ilə barışa bilməz, amma fəhlə sinfi də onda əminlik yaratmır. Roman-epopeyanın sonuncu kitabında sosial və şəxsi sarsıntılardan keçən Jan Kristof (dostunun həlakı, Anna Brauna qarşı əzablı hisslər, Qrasiyanın ölümü) həyatı sakit və müdrikcəsinə dərk etmək bacarığına yiyələnir.

Jan Kristofun (həmçinin Rollanın özünün) ziyalı təkəbbürünə malik olmasından, mənəvi aristokratlığından şübhələnmək ədalətsizlik olardı. Yox, musiqiçi-novator öz həyat yolu boyu sıravi zəhmətkeş olmağa meyl edir, onlarla ortaq dil tapmağı bacarır. Romanın personajları arasında incəsənətə ruhu ilə bağlı sadə və namuslu insanlar az deyil. Kristof onlarla dostluq edərək özünə arxa-dayaq qazanır.

 Jan Kristofun qürubu yumşaq tonlarla verilib. Məhrumiyyətlər, həyəcan, ağır zəhmətlə keçən uzun ömürdən sonra onun özünü qalib hesab etməyə haqqı var. O, tacir əxlaqı önündə əyilmir, onların bayağı zövqünə önəm vermir. Onun cəsur, enerji ilə dolu, bir çox cəhətlərinə görə qeyri-adi musiqisi həqiqi qiymətini alır – o, ölümündən sonra da insanlara sevinc bəxş edəcəkdir.

 

 

Rus dilindən tərcümə edən: Xatirə Nurgül

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.