Sənət və ədəbiyyat dərgisi

Müasir muğamın Şuşa zirvəsi - Aygün Bayramlı yazır

06 Avqust 2022 / 11:18

Aygün Bayramlı

Müasir muğamın Şuşa zirvəsi

 

   Muğam şifahi, professional,ənənəvi musiqi janrı,milli sənətimizin əsas tərkib hissəsidir. Gəlin şifahi ənənəli professional musiqini aydınlaşdıraq. Ona görə şifahidir ki, əsrlər boyu yaşayan bu musiqi notsuz, dildən-dilə keçərək bu günümüzə gəlib çıxmışdır.

 

 

Ənənəvidir, çünki özündə milliliyimizi ehtiva edir. Professionaldır, ona görə ki, ustad tərəfindən tədris olunur. Bu janr bütün Şərq xalqlarının musiqi mədəniyyətində müxtəlif adlarla təşəkkül tapmışdır.Özbəkistan, Tacikistan, Əfqanıstan, Pakistan, İran, Türkmənistan, Qazaxıstan və Qırğızıstanda ifa olunan folklor musiqisi, muğam, məqam, raqa, makam, makom adları ilə Şərq musiqisi adı altında tanınır.Yaranma tarixi dəqiq bilinməsə də muğam janrı, əsrlərin süzgəcindən keçərək, müxtəlif dəyişikliklərə məruz qalsa da, öz aktuallığını qoruyub saxlamışdır. Bu gün müasir dövrümüzdə muğamın inkişafı yolunda atılan addımlar haqqında istənilən qədər danışmaq olar.

Təkcə muğam müsabiqələrindən danışmaq kifayətdir ki, Azərbaycan muğamının bu gün hansı dəyərdə olduğu görülsün. İlk televiziya muğam müsabiqəsi 2005-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə keçirilmişdir və müsabiqə başlanmazdan əvvəl, 2005-ci il fevralın 2-də Mehriban xanım respublikanın adlı-sanlı muğam ustadlarını Heydər Əliyev Fonduna dəvət edərək, qədim muğam sənətimizin qorunub-saxlanması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetişdirilməsi naminə çox dəyərli layihələr irəli sürmüşdür.

 

   “Space” Müstəqil Teleradio Şirkəti də bu təşəbbüsə qoşularaq, Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin 120 illiyinə həsr olunmuş muğam televiziya müsabiqəsi keçirməyi qərara almışdır. "Muğam bizim qəlbimizin xüsusi məqamıdır.Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O, artıq bizim həyatımızın bir hissəsi deyil, o bizim özümüzdür”. UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva.

   Bu günə qədər ənənəvi hal alan bu müsabiqə muğam sənətinin inkişafı ilə yanaşı eyni zamanda yeni səslərin, yeni nəfəslərin yaranmasına, bu sənətdə tanınmasına böyük imkanlar yaradır.Bu mötəbər layihədə təkcə səslər deyil, eyni zamanda instrumental ifaçılar da yetişir. Hansı ki, bu müsabiqədən sonra müxtəlif triolar, ansambllar yaranır, demək sənət inkişaf edir.
  Bundan başqa tamaşaçı öz musiqisi ilə yaxından tanış olur. Təkcə musiqidirmi? Əlbəttə ki, poeziyamızla muğamın bağlılığından da bəhs edəcəyik.Muğamlarımızın poetik əsasına diqqət yetirsək, Füzulidən, Nəsimidən böyük söz ustadlarımızın yaradıcılığından ifaları görmüş olacayıq. Eyni zamanda səsin artikulyasiyasından tutmuş ahənginə, tembrinə, sözlərin dəqiq tələffüzünə qədər ən xırda detallar bu müsabiqədə araşdırılır. Estetik görünüşdən də danışmaq lazımdır. Çünki burada milli geyimlərimiz təbliğ olunur. Bir görün bu layihənin məqsədi, məramı nə qədər gözəldir. Muğam sənətinin ən mahir biliciləri, ustad sənətkarlar müxtəlif bölgələri gəzərək 300 dən çox gənci dinləyərək, onların arasından yalnız müsabiqəyə layiq bildikləri ifaçıları final mərhələsinə məsləhət görmüşlər. Mənsum İbrahimov,Arif Babayev, Nəzakət Teymurova, Mələkxanım Əyyubova, Fərqanə Qasımova, Teyyub Aslanov, Sərdar Fərəcov, Səkinə İsmayılova, İlqar Fəhmi müsabiqənin münsiflər heyyətidir.
   Bu gün artıq daha bir müsabiqəni , 8-ci muğam televiziya müsabiqəsini geridə qoyduq. Müsabiqə final mərhələsinə 28 iştirakcı ilə başladı, 1-ci və 2- ci qrupa bölünərək həm azyaşlılar ,həm də 30 yaşa qədər xanəndələr iştirak etdi. Daşqın Kürçaylı-Ağsu, Rəvanə Vəliyeva-Ağdam, Fuad Əzizzadə-Bərdə, Pedram Rəncbər-Təbriz İran, Aynur Həsənxanova-Zəngilan, Ülkər Abdullayeva-Tərtər, Sabir Hüseynov-Yevlax, Nərgiz Cabbarova-Ağcəbədi, Vüqar Əbilov-Bakı, Vüsal Qasımov-İmişli, Əmrah Məmmədov-Bərdə, Tahir Şəfiyev-Bərdə, Məftun Səfərli-Sabirabad, Səbinə Abbasova-Kəlbəcər, Aydan Süleymanzadə-Laçın, Ismayıl Talıbxanzadə-Şamaxı, Günay Mütəllimova-Quba, Günel Allahverdiyeva-Biləsuvar, azyaşlılardan, Sabir Ağayev-Füzuli, Lətif Lətifli-Ağcəbədi, İsbəndiyar Dadaşov-Qobustan, Fatimə Kərimova-Laçın, Həzrət Əzizli-Biləsuvar, Səlim Əliyev-Gəncə, Ədilə Əliyeva-Bakı, Abbas Mənsimov-Goranboy,  Aydan Həmzəyeva-Rusiya Fedarasiyası, müsabiqə iştirakcılarıdır.
   Xanəndələri müşayiət edən virtuoz ifaçılar, ansambl heyətini məxsusi vurğulamaq lazımdır. Tarda Rəşad İbrahimov, Rüstəm Müslümov, Kamançada-Təbriz Yusubov, Elnur Salahov, Qanunda-Aysu Sadıqova, Nağarada-Siyavuş Kərimov, Udda-İdris Hüseynov(müharibə iştirakcısı), Balabanda-Adil Müslümov.
Maraqlısı budur ki, əvvəlki müsabiqə iştirakçılarının tələbələri , bugünki müsabiqə iştirakçılarıdır, demək ənənə ən gözəl şəkildə davam edir.
   İlk televiziya muğam müsabiqəsindən başlayaraq iştirakçılar Azərbaycan muğamına böyük töhfələr vermişdir. Onlar bu günün ən ünlü sənətkarlarıdır. Hansı ki, nəinki Azərbaycanda, eyni zamanda dünyada muğam sənətimizi layiqincə təbliğ edirlər. Təyyar Bayramov, Qoçaq Əsgərov, İlkin Əhmədov, Elnur Zeynalov, Məhəbbət Səfərov, Nurlan Namazov, Orxan Hüseynli, Rəvanə Əmiraslanova, Ayşən Mehdiyeva, Mirəli Sarızadə, Gülnar Qüdrətli, Almaxanım Əhmədli, Sədəf Budaqova, Babək Şuşalı, Nişanə Baxışova, Sərxan Bünyadzadə, Zümrüd Məmmədova, Güllü Muradova, Aytən Məhərrəmova... və başqaları bu siyahıda yer almaqdadır.
   8-ci muğam televiziya müsabiqəsinin digər müsabiqələrdən fərqini xüsusən vurğulamaq lazımdır, çünki bu gün artıq müsabiqə yekun konsertini mədəniyyət paytaxtı Şuşada keçirdi. Qaliblərini Şuşada elan etdi. Bu, qayıdışımızın böyük təntənəsidir. Əsl sənət, öz yerinə-yurduna qayıdır.


   Noyabrın 8-də cənab ali baş komandan Şuşa müjdəsini verərkən demişdi ki, Şuşa artıq azaddır, bu həqiqətdir. Demişdi ki, biz Şuşaya qayıtmışıq, qayıtdıq. Demişdi ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik... Bu gün festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və bundan sonra da keçiriləcəkdir. Qarabağa sözümüzlə, musiqimizlə, ənənəmizlə, mənəvi dəyərlərimizlə qayıdırıq!

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.