Tapmayacaq tutmağa saman çöpü də əllər - Oktay İsmayıllının şeirləri
29 Noyabr 2022 / 11:48
Oqtay İsmayıllı
MƏHŞƏR
Bu dünyanın nizamı nagahan pozulacaq,
Bilən yox, məxluq hara çıxıb gedəcək o gün.
Kömürtək qaralacaq həyat adlı od-ocaq,
Ölüm bizi ovcunda sıxıb gedəcək o gün.
Dirəkləri çürümüş dam kimi göy uçacaq,
Torpaq dəhşətdən əsib, ayaq altdan qaçacaq.
Günəş sonuncu dəfə öz nurunu saçacaq,
Şimşəklər də son dəfə çaxıb gedəcək o gün.
Yarılacaq hər tərəf, torpaq olacaq şan-şan,
Nəhəng bir xarabaya dönəcək yer həmin an.
İnsan izi tərtəmiz silinəcək dünyadan,
Ölənlər də qəbirdən qalxıb gedəcək o gün.
Kəlmeyi-şəhadət də deyəmməyəcək dillər,
Tapmayacaq tutmağa saman çöpü də əllər.
Tük kimi sovrulacaq dərələrə zirvələr,
Tufanlar dağları da yıxıb gedəcək o gün.
Qayalar gurultuyla yerə çırpıldığı an
Göz heç nə seçməyəcək toz-duman arasından.
Bulaqlar, çaylar çıxıb əvvəlki məcrasından,
Qeybin dənizlərinə axıb gedəcək o gün.
Vahimədən məxluqat donub dönəcək daşa,
Köməyə gəlməyəcək heç kim dosta, yoldaşa.
Bürüyüb alov kimi aləmi başdan-başa,
Vulkanlar yer üzünü yaxıb gedəcək o gün.
Dağılan kainatın quduz gurultusuna,
Can çəkişən bəşərin boğuq zarıltısına,
Neçə milyard boğazın ölüm xırıltısına
Əzrayıl da vəhm ilə baxıb gedəcək o gün.
Burdan nə götürmüşdük, fələk tutub alacaq,
Bizi cansız, cəsədsiz qeybə yola salacaq.
Yükümüz yalnız savab, ya da günah olacaq,
Hərə öz əkdiyini yığıb gedəcək o gün.
XEYİR – ŞƏR ÜSTÜNDƏ
Xeyir-şər üstündə qurulub dünya,
Doğum nə yaxşıdır, ölüm nə yaman.
Səni aldatmasın görünüş, boya,
Bir gül zəhərlidir, birisi dərman.
Könüldə gah günəş, gah da duman-sis,
Nədənsə qaçağıq, nəyəsə həris.
Qaçdı-qovdudadır qəlbdə iki hiss:
Birisi inamdır, biri şəkk, güman.
O deyir: “Hər sözə kortək baş əyin”,
Bu deyir: “Çırağın olsun baş-beyin”.
Dünyanı anlayıb dərk eləməyin
Bir adı küfr imiş, bir adı iman.
Rahatlıq, üzgünlük var hər zəhmətdə,
Halal da, haram da eyni qismətdə.
Birgədir, birləşmir bir cəmiyyətdə,
Qütblərə bənzəyir qul ilə sultan.
Qalacaq Qiyamət olan saatda
Bəşəri qanunlar ayaqlar altda.
Odla oynayanlar yanacaq odda,
Qatillər hamısı olacaq qurban.
DOLAŞIQ DUYĞULAR
Bu Yer kürəsitək başım fırlanır
Dolaşıq duyğular içində daim.
Qalxmış qılıncları çürük çöp sanır,
Bir yarpaq düşəndə düşür ürəyim.
Sanki Tanrım indi xəlq edib məni,
Mən ki milyon ildir ömür sürürəm.
Kor kimi görmürəm hamı görəni,
Qeybi ovcum kimi aşkar görürəm.
Güc yox gül dərməyə bax bu əllərdə,
O göylər uçular, çəksəm əlimi.
Məndən ağıllıdır ən cahillər də,
Mənəm aqillərin tək müəllimi.
Yüksəyəm bugünkü həqiqətlərdən,
Həqiqət içində tamam saxtayam.
Ruh kimi yaxınam dirilərə mən,
Ən uzaq ulduzdan mən uzaqdayam.
Zaman fərmanıma bir qul kimi – ram,
Zamana köləyəm, mən ki heç nəyəm.
Kainat dolusu sirrəm, mövhumam,
Günəştək həmişə göz önündəyəm.
Ən ali mələklər qəlbimə mehman,
Bəlkə, iblislərdir mənim sirdaşım.
Dolaşıq duyğular içində hər an
Bu Yer kürəsitək fırlanır başım.
DÜŞÜRƏMMİ YADINA
Sonası ovlanmış qərib göl kimi,
Saralmış keçmişdən qalan gül kimi,
Bağından perikmiş bir bülbül kimi,
Söylə, düşürəmmi yadına hərdən?
Mənsiz görünərdi dünya yad sənə,
Vermişdim uçmağa qol-qanad sənə.
Mən idim ay, ulduz, kainat sənə,
İndi düşürəmmi yadına hərdən?
Mən idim həyattək sevib-seçdiyin,
Eşqinə sadiqlik andı içdiyin,
Hər gecə yuxunda gəlin köçdüyün,
İndi düşürəmmi yadına hərdən?
Nurumu səninçün saçası idim,
Üzünə cənnəti açası idim.
Ömrünün ən qızıl parçası idim,
İndi düşürəmmi yadına hərdən?
Ağrıtək qəlbinə gəlmişəmmi, de,
Xəyalən gözünü silmişəmmi, de,
Sənin keçmişinlə ölmüşəmmi, de,
Yoxsa düşürəmmi yadına hərdən?
Qaranlıq bəxtimə sökülərdi dan,
Ruhsuz bədənimə qayıdardı can,
Məhşərdə istərdim səni Tanrıdan,
Bilsəm ki, düşürəm yadına hərdən.
NƏSİMİ SAYAĞI
Həm məhdudam, həm hüdüdsuz,
Bir mizansız mizandayam.
Bal da mənəm, şan da, amma
Nə baldayam, nə şandayam.
Həm yoxdayam, həm də varda,
Həm beşikdə, həm də gorda.
Nə burdayam, nə də orda,
O yandan da o yandayam.
Zərrə-zərrə hər şeydəyəm,
Həm zəmzəmdə, həm meydəyəm.
Nə yerdəyəm, nə göydəyəm,
Ağılyetməz məkandayam.
ARTIQ
Yaman qısa imiş həyat,
Deyilmiş o, andan artıq.
Doxsanı öt, lap yüzə çat,
Kim qalacaq bundan artıq?!
İnsan ancaq uşaqkən – şad,
Gənclik bitdi, olur bərbad.
Qocalıqda yox imiş dad;
Bal süzülür şandan artıq.
Əldən çıxır bəxtin əli,
Yazıq ürək olur dəli.
Ruh diridir, bədən ölü,
Adam bezir candan artıq.
Yaş artdıqca uçur bir-bir,
Sevinclər köç edib gedir.
Qoca daim ah-zar edir,
Saysan, hər gün mindən artıq.
Addımbaşı yorul, tənti...
Hər ağrı bir əcəl zəngi.
Sübh çağı da görürsən ki,
Zülmət gəlir öndən artıq.
ƏBƏDİ MƏHƏBBƏT
Mən xilqətəm, Xaliqim var,
Anladığım həqiqət – bu.
Tanrıdan uca kim var?!
Ülviyyət – bu, güc-qüdrət – bu.
Şübhələri sil beyindən,
Təmizlik – bu, qüdsiyyət – bu.
İblisi qov ürəyindən,
Əsl ərlik, şücaət – bu.
Allahı gör, hara baxsan,
Aqillik – bu, bəsirət – bu.
Ancaq onun eşqilə yan,
Ən əbədi məhəbbət – bu!
CANDAH KEÇİB
Hər son bitir mütləq bir əvvəl ilə,
Əvvələ çatırıq biz sondan keçib.
Bədən bir libasdır, ruh başqa libas,
O dona düşürük bu dondan keçib.
Əməllər məhşərdə biçilən əkin,
Tarlana çürük dən çəpməkdən çəkin.
Günahın üzü xoş, batini çirkin,
Qoru paklığını sən yandan keçib.
Özün ol özünün gözlərinə nur,
Özünə, sözünə nurdan bəzək vur.
“Allah qulu” kimi uca ad yoxdur,
Ülviləş dünyəvi ad-sandan keçib.
Ömür səfərinin mənası nədir? –
İnsan qaranlıqdan işığa gedir.
Can, cahan puçdur, puç, ruh əbədidir,
Əbədi oluruq oluruq puç candan keçib.
Allahın rəhminə ümiddir hamı,
Məhv etmək olmayıb Tanrı məramı.
Ölüm bircə anlıq yoxluq məqamı,
Ölməzlik alırıq o andan keçib.
ÖLMƏZDƏN ƏVVƏL
Göz açıb, behişti görüb- bilmişəm
Yerin varlığını bilməzdən əvvəl.
Göydə mələklərlə deyib-gülmüşəm
İnsanla danışıb gülməzdən əvvəl.
Mənə qədimlərdən bu güllər tanış,
Bu dağlar, bu göllər, bu çöllər tanış.
Bir dəfə dünyada yaşamışammış
Hələ bu dünyaya gəlməzdən əvvəl.
Təzə həyat üçün yenə od allam,
Nurumu behiştin yoluna sallam.
Ruhumu pak edib, sonra qarallam,
Cənnətlik olaram ölməzdən əvvəl.
VAY MƏNƏ
Çiçək yaranmışam, çiçək qalaram,
Kol kimi tikanla dolsam, vay mənə!
Ya mələk taparam, ya tək qalaram,
Şeytanla danışıb-gülsəm, vay mənə!
Mənsəbə yetişim, var yığım deyə,
Gah Xeyrə, gah Şərə baş əyim niyə?!
Yaşaram, özümü bölsəm ikiyə,
Qəlbimi ikiyə bölsəm, vay mənə!
Vüqarım cənnətlik ləyaqətimdir,
Saflığım Tanrıya itaətimdir.
Şərəfim Allahdan əmanətimdir,
Yerə bircə dəfə salsam, vay mənə!
Bülbüləm, baharla dil açmaqdayam,
Sünbüləm, işığa əl açmaqdayam,
Halalla həmişə gül açmaqdayam,
Haramın dadını bilsəm, vay mənə!
Hələ göyərməyib çox arzularım,
Hələ yetişməyib çox könül barım.
Uzaq ol, ey qışım, yağma, ey qarım,
Bu altmış yaşımda ölsəm, vay mənə!
CƏNNƏTƏ DƏVƏT
Qocalıq çox ağır yükdür,
Bir gün məni də yoracaq.
Səmadan bir ovçu enib,
Ürəyimə ox vuracaq.
Mən kiməm ki aləm üçün,
Səbəb olam dərd-qəm üçün?!
Üç-dörd adam mənim üçün
Üç-dörd gün matəm quracaq.
Adı qorxunc ölümü mən
Faciətək etmirəm zənn.
Ruhum yıxılan tənimdən
Çıxıb ayağa duracaq.
Ölüm sondur hər zillətə,
Dəvətdir bizi cənnətə.
Canım gedəcək zülmətə,
Ruhumu işıq saracaq.
OLSA HƏR KƏSİN
Bu cahana tay olmazdı cənnət də,
Üzü Haqqa sarı olsa hər kəsin.
Boş qalmazdı bircə evin süfrəsi,
Bir sünbüllük barı olsa hər kəsin.
İnsan, ancaq eşqin ilə sən öyün,
Məhəbbətsiz sənin üçün sönər Gün.
Şeytan kimdir, yerdə qura toy-düyün,
Əgər Allah yarı olsa hər kəsin.
“Yerdə Tanrı çırağıyam mən” – deyə
İşığını saç torpağa, saç göyə.
Çevrilərdi dünya, vallah, pətəyə,
Arı qədər arı olsa hər kəsin.
DOYA BİLMİRƏM
Deyirlər, hər gələn mütləq gedəcək,
Bu fikrə mən əsla uya bilmirəm.
Aşiqəm həyata bir pərvanətək,
O dünyaya mehr duya bilmirəm.
Əldən verərəmmi bu qisməti heç?!
Almıram eynimə o söhbəti heç,
Salmıram yadıma qiyaməti heç,
Guya xəbərsizəm, guya bilmirəm.
Cənnətdən kəm deyil bağlar, bağçalar,
Hamı köçüb getsə, yer viran qalar.
Məndə elə coşqun həyat eşqi var,
Özümü ölümlü saya bilmirəm.
Eybi yoz, hey düşüm alova, selə,
Nəşəylə yaşaram əzabda belə.
Yaşımın üstünə min il də gələ,
Vallah, qocalıqdan doya bilmirəm.
GƏRƏK DEYİL
Gəlirsənsə, gəl, Əzrayıl,
Aman mənə gərək deyil.
Yurd didildi, mən bütövəm,
Ta can mənə gərək deyil.
Düşmənə dağ çəkilmədi,
Şər qalası sökülmədi.
Döyüşlərdə tökülmədi,
Bu qan mənə gərək deyil.
Sellənir kin axınları,
Artır qatil yığınları.
Tükənmirsə qırğınları,
Cahan mənə gərək deyil.
Bu dünyann zatı kirsə,
Zülmətləri devrilmirsə,
Eşq evinə çevrilmirsə,
Viran mənə gərək deyil.
Dili şəkər, bal olmursa,
Haqq bağında gül olmursa,
Həqiqətə qul olmursa,
İnsan mənə gərək deyil.
GÜMAN İÇİNDƏ
Biz hardan gəlirik, hara gedirik?
Nə bilək, uçuruq duman içində.
Doğumdan əvvəl də bizə qaranlıq,
Ölümdən sonra da güman içində.
Qeybdən uzanıb bizim tağımız,
Bu doğma dünyaya var yadlığımız.
Məhkumluq kimidir azadlığımız,
Torda çırpınırıq ümman içində.
Yüz il öyrənsək də, cahilə tayıq,
Min bir səhv edirik, olsaq da ayıq.
Bircə işimiz var Allaha layiq:
Qorunaq Şeytandan iman içində.
YARADA
(təcnis)
Cahil ömrün mənasını heç qanmaz,
Aqil gərək tikə, qura, yarada.
Bilirsənmi, adın nədir, ay qanmaz,
“A” əvvəldə, “ı” sonda, “y” arada.
Sən özünü söndürürsən, anla, yan,
Alış, tutaş, ayla, günlə, anla yan.
Gec də olsa, xeyir tapar anlayan,
Barı bircə xeyir işə yara da.
Ağlın varsa, bir qeyrətə, ara bax,
Sən və insan... çox böyükdür ara, bax.
Zalım oğlu, öz içini ara, bax,
Tez sağalar, çirk olmasa yarada.
GÖYDƏN GƏLİR
Rəbbim verir ömür payın,
Zamanımız göydən gəlir.
Cəsəd yerdə yaransa da,
Bu canımız göydən gəlir.
Burda çatsa da ruzumuz,
Orda yazılır yazımız.
Olanımız, olmazımız,
İmkanımız göydən gəlir.
Bizi Haqqa qovuşduran,
Həqiqət yovuşduran,
Məhşər xofun sovuşduran
İmanımız göydən gəlir.
Bəxtdə varsa, gülərik biz,
Yoxsa, neytək mələrik biz.
Necə qova bilərik biz? –
Dumanımız göydən gəlir.
Bu dardan yox çıxışımız,
Hərdən tutur naxışımız.
Biz kimik ki?! – hər yaxşımız,
Yamanımız göydən gəlir.
Min mərəz var – qara bəla,
Gülür canlar ala-ala.
Yerdə deyil, çox tapıla,
Dərmanımız göydən gəlir.
Ömür birdi, dərdi yüzdü,
Hər ümidi bir dərd üzdü.
Dəyişdirmək mümkünsüzdü,
Fərmanımız göydən gəlir.
CAVAB VERƏR
Mələkləşsən, bil, cənnətdə
Rizvan sənə gülab verər.
Yoxsa Malik sənə sənin
Öz ətindən kabab verər.
Qiyamət başlanan gündə
Bəhanən yox, bil, ey bəndə.
Qadir Tanrının önündə
Lal da, kar da cavab verər.
Həsəd ilə süzmə taxtı,
Taxt-tac ilə ölçmə baxtı.
Firon özü məhşər vaxtı
Bir qul kimi hesab verər.
Dayan maldan, mülkdən qıraq,
Hər yananı bilmə çıraq.
Nicatından sənə soraq
Quran adlı kitab verər.
Odur rəhbər, bil ki sənə,
Mizan, ölçü, ülgü sənə.
Deyir: “Cənnət mülkün sənə
Qazandığın savab verər”.
XOŞ TAMAHIM
Canım nə qədər zəifsə,
Ruhum bir elə gümrahdır.
Özüm bəşərlə yoldaşam,
Qəlbim mələklə həmrahdır.
Bülbül könlüm olub şeyda,
Ona baxıb sızlar ney də.
Ürəyimdə, yerdə, göydə
Gördüyüm ancaq Allahdır.
Canımı bir eşq odlayar,
Qəlbim odu nicat sayar.
Cənnətsiz bağrım çatlayar,
Tamahım nə xoş tamahdır.
GEDƏRƏM DÜNYADAN
Ta dözmürəm, öz nəfsimi
Soyub gedərəm dünyadan.
Canımı göz yaşım ilə
Yuyub gedərəm dünyadan.
Nikahdadır mənimlə qəm,
Bəxtəvərdir, gülür hər dəm.
Lap ölümdən xoş üz görsəm,
Uyub gedərəm dünyadan.
Küsüb yerdən, göydən könül,
Nə bağ qalıb, nə də ki gül.
Elə yandım, bir ovuc kül
Qoyub gedərəm dünyadan.
Bəsdir, qəlbim, ta qanama,
Məcnun kimi qəm sanama.
Qoymaram dərddə, canıma
Qıyıb gedərəm dünyadan.
Allah, söndür atəşimi,
Hər köz mənim zərrəm kimi.
Od-alovu Kərəm kimi
Geyib gedərəm dünyadan.
Bulanıq bəxt, durul, süzül,
Nəs qismətim, məndən üzül.
Bir bəxtəvər günü yüz il
Sayıb gedərəm dünyadan.
Pərvanəyəm, şama yetəm,
Yanğılıyam, cama yetəm.
Lap bir günlük kama yetəm,
Doyub gedərəm dünyadan.
YAXŞIDIR
Dözə biləm bu payıza,
Hələ solmasam, yaxşıdır.
Gül neylər qara, yağışa?!
Ləçək yolmasam, yaxşıdır.
Amma şər öc alacaqsa,
Dünya belə qalacaqsa,
Həmin-həminki olacaqsa,
Yaşa dolmasam, yaxşıdır.
Ah, dəyişə, kaş ki, zaman,
İşıq ilə dola hər an.
Güllənməsə bütün cahan,
Yaza qalmasam, yaxşıdır.
Uçam Aya, Günə qədər,
Möhlətim bitənə qədər.
Cənnətə yetənə qədər
Qanad salmasam, yaxşıdır.
İnsandır varlığın şanı,
Ondan gözəl gövhər hanı?!
Elə sevirəm insanı,
Dəli olmasam, yaxşıdır.
DURULACAQDIR
Çəkmə xiffətini ötən çağların,
Can gedir, neyləyək, ruh qalacaqdır.
Hər nə qədər sayıq olursansa, ol,
Ömrün gün-gün itib yox olacaqdır.
Cavanıq, yamyaşıl, bəhərli bağıq,
Qocaldıq, bir kasıb daşköynək dağıq.
Bahar gələndə də saralacağıq,
Xar didən gül kimi üz solacaqdır.
Yük altında olaq, ya taxt üstündə,
Əsla durammarıq biz vaxt üstündə.
Ya piyada gedək, ya at üstündə,
Gec-tez amanımız qırılacaqdır.
Heçə dönəcəyik, hər kim də olsaq,
Mərəz tapacağıq, həkim də olsaq.
Lap belə dünyaya hakim də olsaq,
Bizə də məhkəmə qurulacaqdır.
Gah qara geyinər, gah ağ bəxtimiz,
Əzaba, nəşəyə calaq bəxtimiz.
Burda bulansa da bulaq bəxtimiz,
Behiştdə kövsərtək durulacaqdır.