Sənət və ədəbiyyat dərgisi

Poeziya barədə ən gözəl FİKİRLƏR

23 May 2024 / 08:00

Poetik düşüncələr

Bəzən şairin ağlına bir sətirdən ibarət poetik fikir gəlir. Sonralar xalturaçı “ədiblər” bu fikri şişirdir, şeirə (o cümlədən mənsur şeirə) çevirir. Bizcə, ilhamlı dəqiqələrin məhsulu olan bu cür fikirlər ayrıca çap oluna bilər. Necə ki, dünyanın bir çox ölkələrində bir çox tanınmış şairlər belə yaranmış poetik fikirləri ayrıca silsilə şəklində çap elətdirir, şeir kitablarına daxil edirlər. Bu baxımdan Amerika şairi Teodor Reotkedən və türk şairi Tələt Səid Halmandan seçilmiş poetik düşüncələr oxucularımızda müəyyən marağa səbəb ola bilər.

 

Teodor Reotkedən

 

İçimdə bir şey var, şair olmaq istəmir.

 

***

Mərdliyim torpağı öpür.

 

***

Öz adımda itib getdim.

 

***

Ölüm çiçəkləndi gözlərimdə.

 

***

Öyrəndiyim sevdiyimdir.

 

***

Son işığı da apar, sevgilim.

 

***

Başqa heç bir yer yox: olduğun yerdən başla.

 

***

Bir qadın kimi özümü aynalara xərclədim.

 

***

Qorxunc gözləriylə gülür aynalar.

 

***

Öz səssizliyini tapmağa çalışan adam.

 

***

Yalqızlıq qərib və mərhəmətsiz bir müəllimdir.

 

 

 

Tələt Səid Halman

 

Bir şeir, bir də eşq – öldükcə gözəlləşir.

 

***

Eşq: bir durnanın qopan, yerə düşməyən teli.

 

***

Ən qara zindan ürəyin zindanıdır.

 

***

Yarpaqlarından öncə ölən tək ağac: şair!

 

***

Döyüşə-döyüşə yıxılanın bayrağında dan yeri ağarar.

 

***

Bitməsindən qorxursansa, eşq deyildir duyduğun.

 

***

Şeir heç ölmür, ölməz, ölüm şeirdə yaşar.

 

***

Heç ağlamamış insana heç ağlayan olmaz.

 

***

Qəhrəman ölməlidir, bəlkə, yaşar, qorxaq olar.

 

***

Heç nə dilləndirməz eşq yorğununu.

 

 

 

Hazırladı: Vaqif Bayatlı Odər

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.