Ədəbi təxəllüslər və ləqəblər
10 İyun 2024 / 08:59
Ədəbi təxəllüslər, ləqəblər
Florensiyalı şair əczaçı Antonio Qratsini italyan ədəbiyyatına öz soyadı ilə deyil, italyanca “balaca balıq” mənasını verən “Laska” adı ilə daxil olub Bu adı ona XVI əsrdə İtaliyanın ədəbi mərkəzi olan Della Kruski Akademiyası vermişdir.
***
Alman satirik yazıçısı Hans Bittixerin də ləqəbi dənizlə bağlı olmuşdur. O, uzun illər dənizçilərlə bir yerdə olmuş, dənizçilərin onları fırtınadan qoruduqlarına inandıqları əfsanəvi dəniz atının adını – Rinqelnatsı özünə ləqəb seçmişdir.
***
Keçən əsrin Venesuela yazıçısı Emira Gestos isə “Toro” – öküz təxəllüsünü götürmüşdür.
***
Görkəmli alman yazıçısı Anna Zegersi “Yeddinci xaç”, “Ölülər cavan qalırlar” romanlarının müəllifi kimi tanıyırıq, ancaq onun əsl adı Netti Radvanidir. Anna Zegers romançı olmaqla yanaşı, həm də sənətşünasdır və sənətşünas kimi özünə orta əsr flamand rəssamı Zegersin soyadını təxəllüs seçib.
Müasir alman ədəbiyyatının görkəmli nümayəndəsi Lüdvik Reni 1928-ci ildə çapdan çıxmış “Dava” adlı romanının qəhrəmanının adını özünə ləqəb götürmüşdür.
***
Birinci Dünya müharibəsində ingilis qoşunlarında xidmət edən fransız zabiti Emil Hersoq “Danışmağı sevməyən Dronbl” əsərini başqa adla nəşr etdirmişdir. Çünki müəllif öz əsərində ingilis baş qərargahının üzvlərini heç də həmişə müttəfiqə layiq vəziyyətdə göstərməmişdi. Emil Hersoq cəbhə xəttindəki Morua kəndinin və davada həlak olmuş əmioğlusu Andrenin adlarını özünə ad və soyad götürmüşdür. Beləliklə, “Andre Morua” adlanan məşhur fransız yazıçısının ədəbi təxəllüsü yaranmışdır.