Sənət və ədəbiyyat dərgisi

Tarix məni izləyir - Kortasarın müsahibəsi

11 İyun 2024 / 09:06

Xulio Kortasar: “...tarix məni izləyir, mühasirəyə alır”[1]

Blaskesin fikrincə, Kortasar yaradıcılığının ən yaxşı tədqiqatçılarından biri Karlos Fuentesdir. Fuentesə görə, Kortasar Buffonun məşhur “İnsan öləcəyini bilən heyvandır” – fikrinə qarşı çıxan bir sənətkardır.

Kortasar ona etiraz edir: “Fuentesin mənim adımla bağladığı ideyalar heç vaxt ağlıma gəlməyib”.

Blaskes sonrakı qeydində bütün Latın Amerikası nəsri üçün xarakterik olan keyfiyyətlərdən danışır və sonra Kortasarın “Muncuq oyunu” kitabı üzərində dayanır. Blaskesin fikrincə, Kortasar Argentinadakı reallıqdan qaçmaq, gizlənmək üçün yaradıcılığının ilk çağlarında fantastik hekayələr yazmışdır.

Kortasar Blaskesin bu fikrinə belə cavab verir: ”Ən əvvəl “qaçmaq” sözünün əsl mənasını dəqiqləşdirmək lazımdır. Doğrudur, Avropaya gəlməmişdən qabaq Argentinada yazdığım ilk hekayələr fantastika janrına aid edilə bilərdi. O dövr üçün bu hekayələr, həqiqətən, reallıqdan qaçmaq forması idi. Ancaq Argentinada baş verən dəhşətlərdən qaçmaq fikrim yox idi. O günlər hər bir ziyalı üçün həyat çox darıxdırıcı keçirdi və mən özümdən fantastik bir dünya uydurmaqla bu darıxdırıcı aləmi, ədəbi yolla da olsa, maraqlı etmək istəyirdim. Bu düşüncələr, uydurduğum həmin o fantastik dünya məni real həyatın yeknəsəqliyindən xilas etdi. Sonralar mən Avropada tamam başqa aləmə – tarixi bir atmosferə düşdüm. Argentinada yaşayarkən tarixlə, hər hansı bir ideologiya və siyasətlə heç bir əlaqəm yox idi. Burda, Avropada isə hiss etdim ki, tarix məni izləyir, mühasirəyə alır. Məncə, “Muncuq oyunu” əsərində  bu, gözəçarpacaq dərəcədə hiss olunur.

Həmin kitabı yazıb qurtarandan sonra həyatımda ilk dəfə böyük tarixi hadisə ilə – Kuba inqilabı ilə tanış oldum. İnqilabın qələbəsindən 2 il sonra Kubada olanda mən xalqın nəyə qadir olduğunu başa düşdüm. Bu səkkiz milyonluq xalq dostcasına baş-başa verib Parisdəki balaca otağımda mənim tək-tənha dərk etməyə çalışdığım şeyləri tapmağa cəhd göstərirdi.

Elə o vaxt mən özümdə daxili bir məsuliyyət – bir yazıçı məsuliyyəti hiss elədim”.

Blaskesin fikrincə, Xulio Kortasarın fantastikası günümüzün hadisələrindən yaranır. Başqa sözlə, Kortasar fantaziyası yeni bir ölçü, yeni bir forma ilə reallıq anlayışını genişləndirir, bu yolla Kortasar yaradıcılığında reallıqla irreallıq qarşı-qarşıya qoyulmur, əksinə, onlar arasındakı sərhədlər dağılır.

Kortasar Blaskesin bu fikrinə belə cavab verir:

“Fantastik olan hər şey məni hərtərəfli və mütləq mənada maraqlandırmır. Onun daha çox sehrli nağıllara oxşarlığı var, bizim bu real aləmlə heç bir əlaqəsi yoxdur. Mənim bütün fantastik hekayələrim isə ən ali reallıqdan yaranır, sonra birdən dəstək burulur, qapı açılır, dəhlizə çıxırsan və burada tamam başqa ölçüylə, formayla qarşılaşırsan, finalda yenidən reallığa qayıdırsan. Mən bilən bu cür fantastika reallığı zənginləşdirir. Bəs real həyatsız fantastik əsərin taleyi necə olardı? Birdəfəlik bilmək lazımdır ki, real həyat olmadan hər cür fantastika əhəmiyyətini, mənasını itirir. (Mən öz fikrimi, hiss elədiyimi deyirəm. Bəlkə də, mənə etiraz eləyən tapılar)”.

Kortasarın yaradıcılığını təhlil edən Blaskes onun əsərlərində sürrealizmin, dadaizmin, patofiziologiyanın təsirini axtaran tənqidçilərə qəti etiraz edir. Blaskesin fikrincə, yazıçı bütün ömrü boyu eyni bir kitabı yazır və bu kitab insanlıq yaranandan bir dildən başqa dilə, bir mədəniyyətdən başqa mədəniyyətə, bir yazıçıdan başqa yazıçıya keçir. Aydın məsələdir ki, belə bir kitab ancaq roman ola bilər. Belə bir kitabın yaranmasını Blaskes bu cür təsvir edir: “Allah dünyanı idarə etməyi dayandırandan sonra (başqaları deyə bilərdilər ki, Allah öləndən sonra) Don Kixot evindən çıxdı, ancaq nə insanlığı, nə də dünyanı dərk eləməyə gücü çatdı. Onun qarşısına çıxan bir çox şeylər problemə çevrildi. O vaxtdan etibarən mütləq həqiqətlər aradan çıxdı, təqribi həqiqətlər isə müdriklik simvoluna çevrildi. Çex yazıçısı Milan Kunderanın dediyi kimi, Qərb dünyasının ən böyük kəşfi – roman belə yarandı. Əsl roman ümid və ümidsizlikləri arxada qoyub gedir və romanlar nə qədər qara rəngdə olursa olsun, yaşanmış günlərə çevriləndə maraqlı bir oyun yüngüllüyündə oxuculara təqdim olunur.

“Oyun” anlayışını dəqiqləşdirmək üçün Kortasar bu anlayışın hərfi mənasına müraciət edir: “Mən yaxşı xatırlayıram ki, uşaq vaxtı mən və dostlarım necə oynayırdıq. O vaxt oyunlar bizim həyatımızda hər şeydən, o cümlədən məktəbdən də vacib bir iş idi.  Futbol oyununun qızğın vaxtı valideynlərimiz gəlib deyəndə ki, yuyunmağa və ya nahara getməliyik, yaşlıların bu hərəkəti bizə yüngüllük kimi görünürdü. Uşaq tam ciddiyyətlə oynayır  və bu oyun ona əyləncə kimi görünmür, uşaq bunu çox ciddi bir məşğuliyyət sayır.

Öz fikrini daha da inkişaf etdirən Kortasar “Böyük oyun” haqqında – yüksək mənada bədii yaradıcılıq haqqında danışır: “Uşaq oyun oynayan kimi mən də yazanda tam ciddiyyətlə oynayıram. Belə fikirləşirəm ki, Pikassonun şəkil çəkməyi də gözəl bir oyun olub. Ancaq necə oyun! O tam ciddiyyətlə oynayıb, hər bir şəklinə ömrünü, həyatını sərf eləyib”.

Yenidən “Muncuq oyunu” kitabına qayıdan Blaskes, Kortasarın bu kitabında qeyd etdiyi “oxucu-qadın” terminini xatırladır.

Blaskesin fikrincə, kitabın, demək olar ki, hər səhifəsində kişinin qadından üstün olması ideyası təlqin edilir.

Kortasar ona belə cavab verir: “Oxucu-qadın” termininə görə, Venesuelada – universitetdə görüş zamanı oxucularımızdan üzr istəmişəm. Mən bu əsəri yazanda cəmiyyətimizin əsas bəlalarının, ağrılarının səbəblərini bimirdim. Kişinin qadından üstünlüyü ideyası da Latın Amerikasında cəmiyyətin bəlalarından doğan, əsası olmayan bir ideyadır. Bu ideyaya tənqidi münasibət məndə sonralar yarandı. Şübhə yoxdur ki, o zamanlar indiki kimi fikirləşsəydim, “oxucu-qadın” terminini işlətməzdim”.

Kortasarla dialoqun sonunda ispan jurnalisti yazıçının dünya ilə əlaqəsini, yaradıcılığının son məqsədi haqqında özünün düşüncələrini aydınlaşdırır. Onun fikrincə, “kitab yazmaq özünü öldürməyin bir üsuludur”. Lakin hər yeni güclü əsərdən sonra, özünü öldürmüş sənətkar təzədən dirilir. Əsl sənətkardan, tənha qalmağa çalışan sənətkardan (Blaskesin fikrincə, bu yol dünyanı və özünü bütünlüklə dərk etməyin yeganə üsuludur) camaat içinə, radio və televiziyaya çıxmağı tələb etmək ağılsızlıqdır.

“Mən bu fikirlə razılaşa bilmərəm, – deyə Kortasar Blaskesə etiraz edir. – Mən heç vaxt özümdə hamıdan uzaqlaşmaq ehtiyacı hiss etməmişəm. Mənim fikrimcə, oxucularla əlaqə saxlamaq, onlar qarşısında çıxış etmək yüngüllük əlaməti deyil.

Bir sözlə, o söhbəti ki mən minlərlə oxucu ilə aparıram (minlərlə oxucu haqqında düşünürkən, ola bilsin ki, mən həddən artıq nikbinlik göstərirəm, qoy min olmasın, heç olmasa, bir oxucu olsun, həmsöhbət olsun), tək bir şeylə bu sözlərimə haqq qazandırıram ki, mənim söhbətimə, heç olmazsa, diqqətlə qulaq asırlar. Mən də belə bir diqqətlə onların söhbətlərinə qulaq asmaq istərdim”.

 

 

 

[1] “Literaturnaya uçyoba” jurnalının 1980-ci il 1-ci nömrəsində dərc olunmuş ispan jurnalisti A.Blaskesin tanınmış Argentina yazıçısı Xulio Kortasarla söhbəti.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.