Poeziyasız Yaşamaq mümkün deyil - Yevgeni Yevtuşenko

10 İyun 2024 / 09:10
Poeziyasız yaşamaq mümkün deyil
“Literaturnaya qazeta” 1980-ci il 26 mart tarixli nömrəsində müasir Fransanın tanınmış şairi Alen Boske ilə Yevgeni Yevtuşenkonun söhbətindən bir hissə vermişdir.
Alen Boske Fransada həm də nasir kimi tanınır. Onun “Rus ana” əsəri bu yaxınlarda Fransa Akademiyasının mükafatını alıb. O, tənqidçi kimi də tez-tez “Mond” qəzetində çıxış edir.
Alen Boskenin cavablarında, sənət və əxlaq haqqında fikirlərində mübahisə doğuran cəhətlər vardır. Ancaq onun cavabları bütövlükdə müasir Fransa poeziyasının bugünkü mənzərəsini oxucularımıza çatdırmaq baxımından, burjua ideologiyasının tənqidi baxımından maraqlıdır.
Y.Yevtuşenko: Dəfələrlə Fransada olmuşam. Məndə belə bir fikir yaranıb ki, fransızlar şeir kitablarını az alırlar. Poeziya ilə az maraqlanırlar. Əgər fikrim sizə mübahisəli görünmürsə, bu kədərli faktı nə ilə izah edə bilərsiniz? Deyə bilərsizmi, poeziyaya maraq azalıb, yoxsa poeziyanın özü böhran keçirir?
A.Boske: Tamamilə haqlı olaraq qeyd edirsiniz ki, Fransada şeir oxucuları azdır. Bu, təzə şey deyil. Orta əsrləri nəzərə almasaq (o dövrlərdə şifahi ədəbiyyat geniş yayılmışdı), Fransada poeziyaya, demək olar ki, ancaq iki dövrdə böyük maraq olub: 1810–1830-cu illər arasında – romantizm dövründə; 1940–1944-cü illərdə – müqavimət hərəkatı dövründə. Bütün qalan dövrlərdə isə poeziyaya ancaq müəyyən qrup adamlar fanatikcəsinə sitayiş eləyiblər. Təkcə onu demək kifayətdir ki, Artur Rembo kimi şairin əsərləri sağlığında nəşr olunmayıb.
Müasir fransız poeziyasının dili çox çətindir, onu başa düşmək üçün oxucu səviyyəli olmalıdır. Digər tərəfdən, hər on fransız şairindən doqquzunu şeiri həddən artıq intellektləşdirməkdə günahlandırmaq olar. Başqa bir tərəfdən isə, Qərb dünyasında poeziya maraqlı sənət sahəsi sayılmır. Bunlardan əlavə, Fransada bir çox sahələrdə, o cümlədən incəsənətdə passivlik yaranıb. Üstəlik, mahnı janrı da poeziyanı sıxışdırır. Mənim fikrimcə, Jak Breli (onların ən yaxşısıdır), Jorj Brasensi və ya Şarl Aziavuru şair hesab eləmək düz deyil. Ancaq xalq belə hesab edir ki, əsl şair onlardır.
Y.Yevtuşenko: Bir çox ədəbiyyatşünas və tənqidçilər bu fikirdədirlər ki, Sen Jon Persdən, T.Eliotdan, Pasternakdan, Nerudadan sonra dünya poeziyasında durğunluq yaranıb. Onların layiqli əvəzediciləri yoxdur. Sizcə, böyük şairlərin yaranması hansı səbəblərlə bağlıdır? Tarixi şəraitdən asılıdır, ya dilin inkişafıyla, bəşəriyyətin, ayrı-ayrı xalqların psixoloji vəziyyətləri ilə bağlıdır?
A.Boske: Böyük şairlərin ölümündən sonra adama elə gəlir ki, onlar əvəzedilməzdir. Ancaq sonra başqa bir böyük şair meydana çıxır və onun haqqında da eyni fikir yaranır. Belə bir fikir də mövcuddur ki, böyük şairin yaranması tarixi hadisələrlə bağlıdır. Bu fikir Fransanın böyük şairlərinin timsalında özünü doğrultmur. Bizim ölkəmizdə heç bir tarixi hadisə böyük şedevrlərin yaranmasına səbəb olmayıb. Nə 1789-cu il inqilabı, nə Paris Kommunası, nə Verden ətrafındakı qələbə heç bir məşhur əsərdə öz əksini tapmayıb. Etiraf etməliyəm ki, bizim müqavimət dövrü poeziyamız Yuqoslaviyada faşizmə qarşı mübarizə poeziyasından, Leninqrad mühasirəsinə həsr olunmuş sovet poeziyasından geri qalır.
Fransız poeziyası mühüm hadisələrin baş vermədiyi dövrlərdə daha çox nailiyyətlər qazanıb. Prussiya ilə müharibədə məğlubiyyətin artıq unudulduğu bir dövrdə – 1873–75-ci illərdə Rembo ən gözəl şeirlərini yazmışdır. Sen Jon Persin ən yaxşı əsərləri 1907–1910-cu illərdə yaranmışdır.
Bizim poeziyamızda XIV Lüdovikə, Napoleona, Joresə və ya de Qolla həsr olunmuş çoxlu şeirlər var, ancaq onlardan heç biri poeziyamızda əbədilik qazanmış şeirlər sırasına daxil olmayıb.
Y.Yevtuşenko: Necə bilirsiz, kino və televiziya müasir insanın formalaşmasında mühüm rol oynaya bilərmi? Sənətin bu yeni sahələri ədəbiyyatı və insan qəlbinin dərinliklərini fəth etməyə qadirdirmi?
A.Boske: Mən kinoya baxmıram, çünki filmlərin içində əriyirəm. Kino – zəmanəmizin ən güclü tiryəkidir. Kino fikirləşməyə mane olur. İncəsənət sahələri içərisində insana ən çox təsir edən kinodur. Kapitalizm dünyasında bu hər şeydən əvvəl insanın instinktlərinə toxunan, onu heyrətə salan bir sənaye sahəsidir.
Mən bu sözlərimlə görkəmli kino xadimləri Fellininin, Bertoluççinin, Kompolanın sənət sahəsindəki xidmətlərini azaltmaq fikrində deyiləm.
Mən yaşda olan adamların fikrincə, televiziya məkan və zaman anlayışlarını darmadağın edib. Heç vaxt olmadığım yerləri, görmədiyim Zambezi şəlaləsini, Böyük səhranın qumlarını televiziyanın hesabına tanıyıram. Həm fərəhli, həm kədərli hadisədir ki, televiziya müəyyən hadisəyə görə adamı dərhal həyəcanlanmağa məcbur edir və eyni zamanda bu hadisə haqqında ayıq fikirləşməyə də imkan vermir.
Y.Yevtuşenko: İnsanlığı xeyirxahlığa, gözəlliyə çağıran saysız-hesabsız kitablar yazılıb. Ancaq dünyada hələ də zülm, amansızlıq, istismar, müharibələr var. Doğrudanmı, incəsənət dünyanın qara qüvvələrinə təsir göstərə bilmir? Bəlkə, əsl böyük əsərlər hələ az yazılıb. Bəlkə, güclü bədii əsərlər indikindən on dəfə çox yazılsa da, bu işdə heç bir köməyi olmayacaq. Bəlkə, biz ədəbiyyatın əhəmiyyətini həddindən artıq şişirdirik. Bəlkə, insan əxlaqı sənətdən asılı deyil.
A.Boske: Ədəbiyyatla əxlaqı qarışdırmaq çox təhlükəli məsələdir. Dantenin, Şekspirin, Dostoyevskinin, Sviftin əxlaqından heç kəsə dərs demək olmaz. Ədəbiyyat insan ürəyinin ən dərin guşələrini öyrənir. İnsanların tərbiyəsi üçün həm də nümunəvi dərs kitabları lazımdır. Bəzi dahilər isə öz əsərləri ilə zəmanələrini ötüb keçirlər və ona görə də öz dövrləri üçün anlaşılmaz qalırlar. Dəqiq desək, gözəllik də, bitkinlik də hissi bir əxlaqdır.
Y.Yevtuşenko: Vaxtilə Qərbdə çox dəbdə olan “antiroman”ın taleyi haqqında nə deyə bilərsiniz? Sizdən bugünkü dünyamızın on ən yaxşı romançısının adını çəkməyi xahiş etsəydilər, kimləri o siyahıya daxil edərdiniz?
A.Boske: “Yeni roman” və ya “antiroman”ın yaranması ilə Balzak və ya Tolstoyun əsərlərində mövcud olan ənənəvi psixoloji məntiqin sonu çatdı. Bunun əvəzində yeni romançılar ədəbiyyata psixoanaliz elementləri və qəhrəmanların əbədi şübhəsini gətirdilər. Belə suallar meydana çıxdı: qəhrəmanların fəaliyyəti onların iradəsindən asılıdırmı, ya asılı deyil? Özü də hansı dərəcədə asılıdır, ya asılı deyil. Belə bir vəziyyətdə müəllif özü hakim rolu oynamır, psixoloji momentlərin, hadisələrin nə ilə qurtaracağını o özü də bilmir.
Dünyanın on romançısı söhbətinə gəldikdə isə, mən ancaq indi yaşayan ədiblərin – xüsusilə birinci növbədə amerikalı Tennesi Uilyamsın, türk Yaşar Kamalın, sonra Qabriel Markesin, argentinalı Xorxe Borxesin, yazıçı və dramaturq kimi Semuel Bekketin adlarını çəkmək istərdim. Və İsveç Artur Lundkvisti, bolqar Elisovet Baqryanı, yunan Ritsosu xatırlatmaq lazımdır.
Təvazökarlıq xatirinə fransız yazıçılarının adını çəkməsəm də, Jan Pol Sartrın adının üstündən sükutla keçmək mümkün deyil. İcazə versəydiniz, ədəb xatirinə və böyük hörmətə görə, sevdiyim rus yazıçılarının da adını çəkməyim.
Y.Yevtuşenko: Rus ədəbiyyatı haqqında bir neçə söz eşitmək istərdik.
A.Boske: Puşkin poeziyasını bütün gözəlliyi ilə fransız dilinə tərcümə eləmək, demək olar ki, mümkün deyil. Qoqolun ağrıları da fransız xalqına yaxşı tanış deyil. Məhz bu səbəblərə görə, bu iki sənətkar fransız ədəbiyyatına hiss ediləcək dərəcədə təsir göstərməyiblər. Dostoyevskini biz dünya ədəbiyyatının ən böyük yazıçılarından sayırıq. İnsanın öz günahlarını duyması baxımından Dostoyevski Şekspir, Servantes və Höteyə nisbətən bizim ədəbiyyatımıza daha çox təsir göstərir. Bu mənada Dostoyevskinin və Frans Kafkanın səviyyəsində üçüncü sənətkar yoxdur.
30-cu illərdə fransız ədəbiyyatında Mayakovskinin ardıcılları yaranmışdı. Məsələn, L.Araqon poeziyası. Çexov 40-50-ci illərin bir sıra dramaturqlarına təsir göstərib. Son illər bizim gənc şairlər müasir sovet poeziyasında təzəliyi, sözü açıq, cəsarətlə deməyi yüksək qiymətləndirir, bu poeziyanın təsiri ilə şeirlər yazırlar.