Həyat bir vəhdətdir- Rövşən Yerfi yazır

21 Dekabr 2024 / 12:23
Rövşən Yerfi
HƏYAT BİR VƏHDƏTDİR
DÜNYA başdan-başa QARANLIQ və İŞIĞIN vəhdətindən ibarətdir. Yaranışdan HƏYATIMIZ BOYU qaranlıqdan işığa - işıqdan qaranlığa QOVUŞURUQ...
Bu vəhdət, biri digərindən asılılıq, həm də, bir mübarizədir: saxtalıqla doğruluğun, ləyaqətlə əxlaqsızlığın gah yoxuşu, gah enişi, biri o birini əvəzləməsi HƏYAT adlanır. "Həyat şirin yalan, ölüm acı həqİqət, illərboyu çarpışmağımızın nəticəsi isə YALANIN SONU OLAN HƏQİQƏTƏ ÇATMAQDIR..."
Fərqliliklərin vəhdətində yaşayırıq. Əvvəllər "hörmətli" sözü işlənərdi: hörmətli yoldaşlar, dostlar və həmkarlar! Son on illərdə "hörmət" sözü rüşvəti əvəz etdiyindən çirkləşib, gözdən düşüb. Onun yerini kapitalizmə münasib "dəyər" sözü tutub: dəyərli izləyicilər, xanımlar və bəylər!
Demək, DƏYƏR HÖRMƏTi üstələyib.
İnsanlarımızda ən böyük çatışmazlıq İLAHİ qorxusunun olmamasıdır. Yaradan buraxıb bizi PULun - şeytanın ixtiyarına, üzərimizdə ANOLOQU OLMAYAN eksperiment aparır...
Faciə hərənin öz başını saxlamaq istəməsidir. Ümumi rifah üçün çalışılmadıqca, görüntüdən başqa əldə ediləcək heç nə olmayacaq. Hamı bir-birinin cibinə girib, ürəyində hər kəsə nifrət edəcək..
Haqsızlığı, saxtalığı zorun hesabına nəfsi üçün doğru kimi təqdim edənin vəzifəsi, varı, rütbəsi, fəxri adı, elmi dərəcəsi - hər şeyi ola bilər, təkcə VİCDAN RAHATLIĞINDAN başqa... Çünki, etdiyinin BƏDƏLİNİ günlərin birində mütləq İLAHİ ƏDALƏT tərəfindən özü olmasa da, ailəsindən günahsız birinin çəkəcəyi şübhəsinin daim ÜRƏYİNİ SIXMAMASI MÜMKÜNSÜZDÜR.
Niyə bəzən kütlə ləyaqətsizləşib müft - havayı üçün əksilir? Nədəndir bu acgözlük?.
Bu qövmün nə kasıbının qarnı, nə də varlısının gözü doyan gün OLMAYACAQ..
Yaradanını saymayan - onun yaratdığı bəndəsinə nə dəyər verər?..
Qadağalar qanunların qorunmasından çox, kasıbların idarə olunması üçündür..
Ən iyrənc insan - ƏBLƏH (Əbu Ləhəbin törəməsi) olmasını bilsə də, özünü MƏLƏK kimi göstərəndir... Beləsini islah üçün tənbeh etmək, Haqq yoluna gətirmək də mümkünsüzdür. Firona kim nə edə bildi ki? Firon fironluğunu etdi, ölən gününədək Allahı da tanımadı. Allah isə min illər lənətlənməsi üçün onun cəmdəyini çürüməyə qoymadı. Allahın bundan artıq əlindən iş gəlmədi... O insan deyildi ki, səbrinə yiyəlik edə bilməsin, acığını Fironun qohum-əqrəbasından çıxsın.
Bütün böyük oğurluqların, talanların SONUNU hara daşınmasından asılı olmayaraq, "oğrudan oğruya halaldır," ümumbəşər qanunu ilə MÜSADİRƏ GÖZLƏYİR.. Rüşvətlə-əxlaqsızlıqla qazanılan PUL bu gün cəmiyyətdə bütün dəyərlərdən yüksəkdə durur. Rüşvətxorluq və korrupsiya əslində sıradan adi bir cinayət deyil, iqtisadiyyatımıza, milli dövlətçiliyimizə zərbə vurmaq, DÜŞMƏNLƏRİMİZƏ gizli XİDMƏT ETMƏKDİR...
Görülməli işi aylarla, illərlə ləngitmək, insanları daim yalanlarla ümidli saxlamaq dələduzluq, JULİKLİKDİR. Əgər kimsə haqsızlığını bilərək - gözünü qırpmadan, qızarmadan MƏN HAQLIYAM DEYİRSƏ, o, ən qorxulu insandır..
İstənilən mənada FAHİŞƏLİK - şəxsi deyil, ictimai fəaliyyətdir
Fiziki və mənəvi fahişəliyə alışmışlar, daim, başqalarını da, əxlaqsızlıqda günahlandırıb özlərini HAMIDAN "NAMUSLU" kimi göstərirlər..
Tribunalardan tez-tez səslənən ifadə - Vətəndaşın hüquqi və qanuni mənafeyi təminatının QORUNMASI ---Necə gözəl "avazı" olan ifadədir...
Ətrafını və özünü aldadandan sonra, Allahı da aldatmaq istəyi - LƏYAQƏTİN koma halına düşməsidir...
Həya ADAMLARDA olur, adam olmayan canlılar HƏYA nədir, bilmirlər..
Ayıb anlayışı itib, yoxdur ayıb... Daha heç kəs utanmır. Nə qədər ki, abırlı adamlar var, SIRTIQLAR həmişə uğur qazanacaqlar. Hiylə və sırtıqlıq dövrün ali həyat normasına dönmək üzrədir.
Yalanın da qiyməti artıb - inananlar azalıb. "Həcisi" hacısından ÇOX OLAN DÜNYA...
İndiki zamanda tanıdıqların arasında dələduz olmayan beş-on adam varsa, xoşbəxtsiniz..
Qiymətlərin böhranında elə bir nizamlanma yaradılıb ki, LƏYAQƏT davamlı olaraq ENDİRİMdədir..
Total ləyaqətsizlikdə ən azından olanları təkrarlamamaq – zəmanəsində Tanrıya ən böyük ehtiramdır.
Həqiqətdə fiziki fahişələr mənəvilərdən - rüşvəti sözdə cinayət, əməldə "hörmət" sayanlardan daha əxlaqlıdırlar..
Həqiqət sərf etməyəndə "həzm olunmur"... Ən rahatı aldanılmaq və aldatmaqdır.
Əxlaq ədalətin rüşeymidir. Əxlaq pozulanda ƏDALƏT SARSILIR.. Ədalətin olmaması qaranlıqdır, işığa həsrət qaranlıq.
İnsan nə işıqsız, nə də qaranlıqsız həyatın mümkünlüyünü dərk edə bilməz. İşıqsız qaranlığın, qaranlığsız da işığın mövcudiyyətini, varlığını anlamaz – müsbət və mənfi, xeyir və şər, həyat və ölüm kimi.
Ölüm isə son deyil, Yeni həyatın başlanğıcı, yenidən qaranlıqdan işığa - İlahi işığına yönlənmə, istiqamətlənmədir...
03.2024