Ölümün nübar vaxtıdı - Xəyalə Sevilin şeirləri

08 Yanvar 2025 / 10:03
Xəyalə Sevil
İçimdə bir sıxıntı var
İçimdə bir sıxıntı var,
Bir ah çəkdirir adama,
Gəl görəsən!
Buludlar ağ çiçək kimi
Açılıb göy üzündə,
İndi bir yağış yağacaq,
Sel görəsən.
İlahi, hərdən nəfəs al,
Boğuluram bu havada.
Boynum bir nazik ipdədi,
Yıxılıram bu havada.
Anlayıram hər şeyi,
Ürəyimdə əndişə var...
Eh, bu nə ruh düşkünlüyüdü?
Seçim axı həmişə var:
Pis, yoxsa daha pis?
İntihardı bu ayrılıq
Bir göz sıxım gedişinə,
Bir söz düşsün dodağımdan,
Şeir olsun.
Yenə yadıma düşmüsən
Gecə vaxtı,
Aman, Allah, xeyir olsun.
Vaxtına çəkir həsrətin,
O gün də şər qarışanda
Gördüm, Tanrı əllərimi
Üstümə tullayıb gedir.
İçimdəki quyunun
Dibindən gəlirdi səs:
Unut! Unut!
Üçüncüdə-
Sözünü ağzında qoydum,
Başını üzdüm ümidsizliyimin
Bıçağı boğazında qoydum.
İntihardı bu ayrılıq,
İntihardı - biləyəcən.
Axı biz danışmışdıq sənlə,
Danışmışdıq: Çəliyəcən!
Ölümün nübar vaxtıdı
Bu uzun gecənin qaranlığında
Canıma vəlvələ düşüb.
Bir kəndir özünü asıb tavandan,
Məndən əvvələ düşüb.
Gecədən bir az keçir,
Saat səhərə yaxın.
Nə intihar vaxtıdı...
Ruhum üzü göylərədi,
Ölümün nübar vaxtıdı.
Yoxdu burdan o tərəfi,
Nə günəş, nə də ki, ay olasıdı.
Bir cüt qərənfilə dönüb əllərim
Sinəmin üstünə qoyulasıdı.
Qəfil ürəktutmasıtək...
Necə dəyişmişəm?
Ürəyincəmi?
Bu ruhsuz, duyğusuz
Halım necədi?
İndi, yoxsa öncəmi?..
Qəfil ürəktutmasıtək
Tutmuşam ürəyimi.
Hara qoyum?
Küncəmi?
Təzə-təzə sevinirdim,
Təzə-təzə sevirdim.
Dağıtmısan,
Qoparmısan qönçəmi.
Özünü bir özgəsiylə
Nə vaxt dəyişir insan?
Nə vaxt?
"Böyüyüncəmi?"
Şeir vaxtıdı
Elə dolub ki, gözlərim,
Gözümün bəhər vaxtıdı.
Əllərimin kölgəsində
Daldalanan ürəkçün
Dünyanın şər vaxtıdı.
Kimdi nazımı çəkən?
Arzumun kür vaxtıdı.
Göy vaxtıdı ruhumun,
Ömrümün yer vaxtıdı...
Qoşa-qoşa buludlardı
Pəncərəmdə səs edən.
Küləklərdi ağaclarla
Həzin-həzin rəqs edən.
Göy üzündə Ay doğub,
Ayın da tər vaxtıdı...
Eh! Mən rahatlıq axtarıram,
- Susun, şeir vaxtıdı!