Sənət və ədəbiyyat dərgisi

Göz yaşının mürəkkəbi - Fərid Hüseyn yazır

26 İyul 2022 / 16:38

 

Göz yaşının mürəkkəbi

 

44 günlük Vətən müharibəsinin qəhrəmanı, şəhid Amil Hüseynovun həyat yoldaşı Xalisə xanım ömür-gün yoldaşının Şəhidlik şirvəsinə ucalmasından sonra onun haqqında “Zəfərin Amili” adlı memuar-kitabını qələmə alıb.

 

Kitabı oxuyarkən Xalisə xanımın dağınıq düşüncələrindən, təbəddülatlı yanaşmasından, çalxantılı hisslərindən anladığım o oldu ki, əgər Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlının təşəbbüsü olmasaydı, bu kitab da yazılmayacaqdı. Eləcə də, bu nəşrin ərsəyə gəlməsində şair Ramil Əhmədin redaktor kimi cəfakeş əməyini də gözardı etmək haqdan deyil. Ən nəhayət, regional idarənin bu əsəri nəşr etməsi, insanlara paylaması çox təqdiredici haldır. Həm sözün vətəni olan ədəbiyyata xidmətdir, həm də hamımızın Vətəni olan Azərbaycana...

 Bəs bu kitab olmasaydı nə olacaqdı? Bir kitab az-bir kitab çox, heç bir əsər zəfərimizdən və onu qazananlardan ucada ola bilməz. Bu kitaın yazılması ilk növbədə Xalisə xanımın özü üçün gərəkli idi, çünki o, bu düşüncələrini yazmaqla içində təkrarlanan hisslərdən qismən xilas olub. Çünki yazı elə bir şeydir ki, o, ancaq orijinal olur – bir nüsxədə və bir dəfə. Nə qədər ki, mətn yazılmayıb o, daim təzələnir, öz-özünə müəllifin könlündə təkrarlanır. Xaslisə xanım bu yazıları əlindən tikan, ürəyindən ox, yarasından neştər kimi çəkib çıxarıb. Və bu kitab ilk növbədə Xalisə xanımın heç zaman sağalmayacaq yarasının yeganə məlhəmidir.

Kitabda bəyəndiyim məqamlardan danışmaq istəyirəm. Hiss olunur ki, uca şəhidimiz Amilin cənnətə qovuşması onu Xalisə xanım üçün daha geniş planda qəhrəmanlaşdırıb. Hətta deyərdim, bu itki Amili Xalisə xanıma yenidən tanıtdırıb. Onun yaddaşında həyat yoldaşına aid ən adi günləri belə dirildib, əzizləşdirib. İnsan yaşadıqca öz izlərini bir qədər görünməz edir, elə ki həyatdan köçür, onun toxunduğu hər şeydəki izləri üzə çıxır. Müəllifin sevdiyi insanın izlərini aşkarlamaq, üzə çıxartmaq və onları itməyə qoymamaqla bağlı məramı kitabın çox hissəsində aydın görünür. Və bu da öz növbəsində kitabın səmimiyyət gücünü artırır.  

Müəllif şəhid Amil ilə bağlı yaşadıqlarını, onun vəfatına qədər, yaxud hüzür günləri içərisindəki hadisələri bütöv hissələr kimi yazıb. Sonrakı bölmələri isə fraqmentlər kimi qələmə alıb. Bu forma, struktur heç də təsadüfü deyil. Sanki şəhid Amildən sonra Xalisə xanımın həyatından bütöv heç nə qalmayıb, hər şey xırda anlara, sevdiyi insanla bağlı hissələrə dağılıb.

Amil cənnətə qovuşmamışdan əvvəl Xalisə xanım bir xalça alıbmış, özü də divanın rənginə uyğun bir döşənəcək seçibmiş. Bu xəbəri Amil deyəndə şəhidimiz cavabında söyləyib ki, “Stolu elə qoyarsan xalça rəngi seçilsin evdə”. Əlbəttə, o, bu fikir xalçanın diqqət çəkməsi üçün dilə gətirib. Amma Amil şəhid olanda onu həmin həmin xalçaya büküblər və o xalçanı bütün kənd, dəfnə gələn insanlar görüb. Bu, məqam çox təsirlidir. Nə arzula, amma nə yaşa... Fəqət bu da təsadüfü deyil. Çünki əşyaların da insanlar kimi taleyi var. Və bizim onlara münasibətimiz, bizim onlarla bağlı arzularımız həm də onların bizə münasibəti, onların bizimlə bağlı reallığı kimi təzahür edir.

Amil çox peşəkar kəşfiyyatıçı olub və onun çox mətin bir döyüş yolu var. Amil necə döyüşlər zamanı güllələrdən yayınıb, manelələri aşırmışsa, Xalisə xanım tam əksinə, bu kitabda, Amil itkisinin bütün tikanlarına ilişib, bütün güllələrinə tuş gəlib, bu yoxluğun onun həyatında basdırdığı minalara düşüb, heç bir hədəfdən xilas ola bilməyib. Amma Amildən fərqli olaraq, Xalisənin aldığı yaralar onu bizim aramızdan ayırmır, əksinə onu bizimlə, xalqımızla birləşdirir.

Xalisə xanım müqəddəs şəhidimiz Amilə xitabən soruşur: “Son nəfəsində keçdimmi ağlından, ürəyindən?  Məncə, əgər Amil son nəfəsini versəydi, belə bir təsirli kitab yazılmazdı, bu qədər ağrılar, sevgi kağıza köçməzdi. Çünki bu kitab Amilin hələ də gedib-gələn nəfəsidir. Vətənlə həmnəfəs olanların son nəfəsi olmur.

Xalisə xanım yazır ki, “Sən mənim o dünyam, mən sənin bu dünyanam”. Çox, təsirli fikirdir. İnsan harasa bir yolluq gedəndə ən qiymətli hesab etdiyi nəsnəni özü ilə aparır. Deməli, Amil də Xalisəni özü ilə aparıb, necə ki, Xalisə Amili könlündə bu qədər saxlaya, qoruya bilib.

Bu kitabda iki Məcnun, bir Leyli var. O məcnunlardan biri Vətən Məcnunu Amil, o biri isə Vətən Məcnununu məcnunu Xalisə xanımdır. Leyli isə səbəbkardır: Yəni ayrılıq!

Sonda müəllifə səbr, dözüm, yeni həyat və yaradıcılıq uğurları arzulayaraq Vətən təəssübü çəkən oxucuları bu dəyərli kitabı oxumağa dəvət edirəm.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.