Sənət və ədəbiyyat dərgisi

Əsrin son yuxusu - Nurəngiz Günün poeması...

21 Sentyabr 2022 / 09:17

Nurıəngiz Gün

 

Bu gün görkəmli şairə Nurəngiz Günün doğum günüdür. Şairənin poemasını təqdim edirik:

ƏSRİN SON YUXUSU

(poema)

 

Boz dünya

 

Pəncərəmdə gecə idi, gecə güclə sezilirdi,

Gecə hekayət söyləyir, pəncərəm yağış süzürdü.

Baxdım küçələr kimsəsiz, səkilər su içindəydi,

Şər qarışıb, şəhər bomboş, damlar qüssə çənindəydi.

Fənərlər islanmış idi, sel-su baş alıb gedirdi,

Miskin baxırdı gözlərim, heç nə təsəlli vermirdi.

Təsəlli deyildi mənə nə bu aləm, nə də rəngi,

Köhnə idi tıqqıltılar, ovutmayırdı ahəngi.

Otaq sıxırdı könlümu, könlümə dağlar düşmüşdü,

Yuxularımdan boylanan, o ulu çağlar düşmüşdü.

Durdum yeriyəm gecəylə, o çağları axtaram mən,

Baxdım nə dağ, nə ulusu, nə bir insan, nə mən varam.

Dünyadan aman istədim, dünyanın üzü bombozdu,

Ayaqyalın düşdüm yola, dünya halını pozmadı.

Nə çətirim, nə çəkələt[1]... fənərlər kiprik döyürdü,

Leysan yuyurdu his-pası, dirəklərsə öyünürdü.

Yollar, keçidlər, illər bir-birinə ilişdilər.

rəqəmlər pırtlaşıq düşüb, gəlib önümdən keçdilər.

Ən qabarıq 13 - idi; 20 - ydi, 41 idi, 37, 71 - di...

bir də şüarlar, bayraqlar...                               

yorğun idim, sağ əlimlə ixtiyarsız itələdim, lövhələri.

Rütbəlilər keçdilər, gördüm heykəlləşiblər,

Onları da beləcə, sildim, süpürdüm, ötürdüm.

Təkcə insanlar idi... ac-yalavac baxırdılar,

Ölüm sapından asılıb, qalaq-qalaq axırdılar.

Təkcə sümük əllər idi, tumar çəkdim, əl yetirdim,

Təkcə sınıq könüllərdi, qovuşunca, itirdim...

 

 

Məchul aləm

 

Başım enmişdi sinəmə, aram-aram keyiyirdim,

Su axırdı üz-gözümdən, heç nəyi dərk etməyirdim.

Mürgü döyürdü gözlərim, yerdən kimsə qoparırdı,

Qulağımda narın səslər.... səslər çəkib aparırdı.

Başqa dünya içindəydim, kipriklərim qapanmışdı,

Kipriklərimdən o yana məchul aləm dayanmışdı.

Birdən-birə sükut çökdü, çəkdim əlimi üzümdən

Gördüm qupquruydu torpaq, yağış hanı yer üzündə?

Gecə yığıb ətəyini, dağlar ardına enirdi,

Buludlar başıaşağı, yorğun-yorğun sürünürdü.

Rəngbərəng idi dünyam, əllərim rəng biçirdi,

 

Bənövşəyi, narıncı, sarı keçidlər keçirdim...

...Sonra çəhrayıydı aləm, üfüqlər yerə sərildi,

heyrət götürdü məni, dünya mənə özgə gəldi.

 

 

Gümüş köçü

 

Ürpəşdi bütün bədənim, göymü, yermi yarıldı,

yerdə gümüş zolaqlar,

bir qom gümüş işığı, gümüş seli fırladı. –

havadan gümüş zəri, gümüşu tor-toz çiləndi,

ya da ölü ulduzlardı, bölüklənib, çilikləndi.

yerin gümüş uçuşumu, asiman uçqunuydumu,

Bu gümüşü uçuşa, bütün bədənim uçundu;

Qara donum cilvələndi, üstü ulduz-ulduz oldu.

Qara tellərim bəzəndi, çil-çil gümüş, zərlə doldu.

Yer üzü bir ahənrüba, gümüşlərlə qamaşırdı,

Sarı, solğun bənizim, iri dolğun gözlərim

qərib bir ahəng içində, yaşarır, işarırdı.

Vahimə bürüdü məni. Bir qom işıq ləkələndi,

Bir qom işıq selində kölgələr kölgələndi.

İşıqdan səs yüksəlirdi! Səsdə hənir-hünür vardı!       

Aman allah,

İşıqdan nəfəs gəlirdi! İşıqda səs yaşayırdı!

- Qoca, mənim günahım nə?

-Qardan təmiz insanlarım heç görünməyir gözümə,

Mən vurmadım, sən yıxmadın,

Bəs kim silib yer üzündən?

O heç məni eşitmirdi, eşitmək də istəmirdi.

Gözlərimdən qəm yağırdı, fikri torpaq üstündəydi.

Torpaq ürəklər

 

Düşüncələr içindəydi, fikri yerə çırpılırdı

Düçüncələr pəncəsində səssizcə pıçıldayırdı:

“-Ürəklər yatır torpaqda...Torpaq olubdur ürəklər...

Bir hərb də olarsa artıq... bir zor da olunca belə...

Bu dəfə süvarilər...ürək üstdən keçəcəklər.”-

Birdən güclü, nər əlləri gərildi torpaq üstünə,

Dümağ, piranı telləri sərildi torpaq üstünə.

Düz ürəyinin içinə qulağından səslər dolmuş,

Yer altından gələn səslər, sitəmlər ilə doluymuş.

Sürtdü üzünü torpağa, oxşadı qara torpağı,

Öpdü, üç-dörd kərə öpdü, bağrı yara torpağı.

 

 

Yiyəsiz səslər

 

Torpaq zığ vurur ölüylə-haray çəkib qalxdı, O

Fəğan eylədi, çağladı, diriləri çağırdı O:

  • Dirilər, hey!..

Gözləriniz hara baxır? Bunlar insanlardı, axı!..

Mən yüz dedim ömürləri, yüz yerə kim böldü bunu?

Kim düşündü insan üçün, min əsarət oyununu!.

Səslər göynədir torpağı, səslər imdad diləyir,

Sərgərdan qalıbdır səslər, səslər fəryad eyləyir.

Bica hərblər, hiylələr, apardı bu oğulları,

Köçürdü yuvalarını, uçurdu nağıllarını!.. 

 

Bəyaz qiyafə

 

Bir bəmbəyaz qiyafədə, gərək ki, insan səsiydi,

Ya ehtyactək gəzdiyim, bəyaz insan kölgəsiydi.

Yerinmi məxluqu idi, göydənmi  yerə endi O

Üzülüb işıq selindən,

bəyaz, gümüş libasında, bir döngədə kiridi O.

Qışqırdım ey... kimsən elə? – bəbək çevirdi, yan ötdü,

“Sən də əsrin övladısan!..” – deyib məndən kənar ötdü.

Qalın, ağappaq qaşları gözlərini gizləmişdi,

Onun da kipriklərinə gümüş tozu ələnmişdi.

Gəzişdi bir az kənarda, əlləri belində idi,

Qaşları çatılıb durmuş, kiprikləri titrəyirdi

Siması çox ağayana, gur səsi amiranəydi,

İçində söz girlənirdi, aram-aram dilləndi:

- Yağış götürüb dünyanı, sis dumandan boğulursuz,

Dəryalar tərkindən çıxır, özünüzlə məşğulsunuz.

Guya dünya kəşf edirsiz, dəryalara üşüyürsüz,

Dəryanı da, dünyanı da başdansovdu düşünürsüz.

- Kimsən belə?.. – ürkək-ürkək boylandım mən öz

küncümdən.

- Dünya qocalıbdır daha, siz ucalıq qərqindəsiz,

Dərd olubdur insan ona, siz gör nəyin fərqindəsiz?

Cücü-mücü elmi ilə, ömrü yelə verirsiniz,

Birə geni öyrənirsiz, talelərdən gen gəzirsiz.

- Qoca, axı sən kimsən?

- Titrəmir insan insana! Bir kök üstdə köklənmirsiz.

Ona görə tarix bərbad ... bax bu kökdə, bu gündəsiz.

- Allah eşqinə söylə bir, kimsən, hardan gəlmisən?

- Ürəksiz boş cümlənizdə... insan böyük, insan öncə,

Unudulur insan dərdi, kitabınız örtülüncə.

Şəkillərə... can verirsiz, insan canda şəkilləşir

Mənimkidir bu övladlar, mənim oğullarmdır,

Niyə ki səsləri belə, abdal olub boğulubdur?!

Biri deyir, “Haqsız öldüm, mən ölməzdim, öldürdülər”

Biri deyir, “Düz söz dedim, bədənimlə tən böldülər.”

O dedi ki, “Həsrət üzdü, qürbətlərə ötürdülər.”

Bu dedi ki, “Obam vardı, yerdən qərib götürdülər.”

Bunlar dedi, “Acı həqarət cəbr etdi-

Yüzümüzü bir döşəkdə... bit içində

Sürgünlərə göndərdilər.”

Onlar dedi “Qarət söhbəti çərlətdi-

Gözümüzün düz önündə, varımızı, yoxumuzu

Komamızdan... çomağacan, quzeylərə...əndərdilər.”

İnsan, insan əməliylə, bax belə məhv olub gedir-

Qılınc zülmün əlindədir, zəncir onun zənciridir,

məni suçlu bilməyiniz, mənim əllərim nəçidir?

Sol da dedi, sağ da dedi,

Dünən ölən, bu gün ölən də dedi,

Kişi dedi, qadın dedi, hamı dedi, hamı dedi-

“Yalan, palan!Plan, filan!-Dərimiz soyuldu getdi,

hədə, qorxu!Talan, filan!-Ürək də... oyuldu getdi!..”

Ölülər naləsidi bu, ÖLÜLƏRİN HİMNİDİ!

Eşidirsizmi dirilər!Bilin ki öldürən kimdi!

Təəccüb

Axı, burda heç kim yoxdu,

bunları o kimə deyir, axı, kimə söyləyirdi?

 

Göreşən

          - Mənə deyir.

- Sən kimsən ki?

- Goreşənəm.

- O nədir ki?

- O odur da.

- Kişisən, ya arvadsan?

- Mumla!..

Hələ bəşər yaranandan

hələ heç bir oğul kişi

görə bilməmişdir mənim

tarixdə gördüyüm işi.

- Qəribədir. Nədir ki o gördüyün iş?

- Deyim də. Bax, əvvəlcə, torpağı seçmələyirəm.

- Hə,

- Sonra onu yaxşı-yaxşı eşmələyib, eşirəm.

- Hə,

- Hə, hə də. Sonra canuva sağlıq,

Kəllələri... bircə-bircə hoppul...

- Sus! Murdar!

Mən heç “Qırmızı kitab”da

belə heyvan olduğunu bilməmişəm.

Tez ol, rədd ol, rədd ol burdan!

- Qorxma, mən də ölmüşəm.

- Gorbagorsan deməli.

- Niyə, şəklim ki, qalıb. Budur. Bax, mən şəkiləm.

- Şəklin də iyrəncdi sənin,

Çirkindi üz-gözün sənin, tumgöz, qotur, boz rəzil!

Demək, bu sima ilə dünyanı alt-üst etmisən?

Rədd ol, çəkil!

Bax, bu daşı görürsən, vuracam indi getməsən! –

Söydüm, özünə almadı, yerdən rahat, ləng tərpəndi.

Sinirsiz, qansız bir şeydi, olsun qansız nəslindəndi.

Gözləri qartmaq içində qaşsız, kirpiksiz, tüksüzdü,

Çəkilib bir boz təpəyə, qanrılıb bağrımı üzdü.

Boz təpənin dalındaydı, xırçhaxırçla nəsə yeyir,

“Pəh, bəh... onurğa!..” deyərək

başını gah qaldırır, gah da aşağı əyirdi.

Cin vurdu birdən təpəmə, yerdən bir daş qovzaladım,

Tuşlayıb yastı dalını, düz üstünə tolazladım –

-Ha-hha! O daş ki, daldan atıldı,

Bax, bax, bu topuğa dəyər.

Torpağı hey eşələyir, çıxarırdı yer qatından,

Torpaq dağı yaranmışdı, qoltuqlarının altında.

İndi çatdı beynimə ki, o kim, mən hansı bəndə,

Çaşqın düşmüşəm demə, mən bu qara səhnədə...

Tüklərim biz-biz oldu, vicvicə götürdü məni:

İlahi! Mən burdayam!...

“Yetiş mənim köməyimə!” - çağırdım Qiyafəni...

 

Cavab

 

İtirmişdim özümü, itirmişdim onu da,

Səsimə hay verdi amma, dünyanın lap sonundan:

“Sus insan, susss! Danışma! Gərək elə mən deyəm?

Daş-torpaqdan yaranıb, O, gücüm çatmaz ki, əyəm.

Mən yaradan məxluq deyil, görmürsənmi torpaq yeyir,

qandan əsər yoxdu onda? Görmürsənmi daş da udur,

baş udur, onurğa yeyir, cəsəd, filan da çeynəyir?

Onun adı qandı, qan! Goreşən ləğəbidi.

Dünyanı çaxnaşdıran, araqarışdırandı

Ömür-billah “Qan!” - dedi, qorxma, indi ləğvədi[2]!..”

“- Bir kömək et, ilahi! Axı, mən titrəyirəm.

Titrəyirəm, ilahi! İla-hi!...”

“- Eşitdim.

Küləklər yetirdi mənə, ruha çox xoş səpildi.

Xoş rayihəymiş o söz, ahəngi də gözəldi!...

... Demək, elə dar ayaqda düşür yada mənim adım?

Unudulub getmişdim mən. Qız sən məni kövrəltdin...

Sənin neçə yaşın var?”

 “- Getdi?”

“ - Eşitmədim, bərkdən de, bu dağlar çox qəlbidi.

Deyirəm neçə yaşın var?”

“ - Heç bilmirəm, iyirmi.

Ya da elə... Elə iyirmidənəm...”

          “- Gülməli qızsan yaman. Adın nədir?”

“- İşş... Dayan tapım.”

“ - Anlayıram, unutdun. Ya da soyuqqanlısan.

 

Elə iyirmidəndi[3]... bütün soyuqqanlılıq...”

 “ - Get-di-iiii?...”

“ - Əlbəttə ki.”

“Qarabasmadı bu belə, məni də basmaladı.

Qorxma.... gü - lümm... Sən öz pismillahını de.”

“ -...”

“ - Bax, bax, çəkildi tamam, girdi yerin dibinə.”

          “- ...”

“- Sən gözünün acısın al, yuxusuzsan, get evinə,”

“-...”

“-Nədir, səsin niyə gəlmir? Bayılmısan, yoxsa sən?..”

 “- Get, get, zavallı, get, get. Get bir azcana dincəl...

          İndi bulud endirəcəm........ Bir mərsin[4] də dərmişəm,

onu sənə göndərəcəm,

Bu dağlar sıldırımlıdır... Mən hələ çox gec enəcəm...

Çəkər bir az...  qəndilli[5] qız...

And verirəm bu dağlara, sən bu dağların eşqinə        

...solma, solma!.. Avazıma, sozalma...”

 

                                                           Köhnə səhnə

 

Ovuşdurdum gözlərimi, demə mürgü döyürmüşəm

Elə acı mürgülərin, içindəki mürgülərdən

ürkə-ürkə, boy verib, boy atıb böyüyürmüşəm!

Gördüm heç nə dəyişməmiş, torpaq eyni cür rəngdəydi,

O Qiyafə də yeni cür eyni gethagəldə idi.

Elə bunun da varlığı az qala gözdən düşmüşdü,

O zülmə ki mən ilişdim, zənn etdim qəsdən etmişdi.

Nəsə, şükür! Şükür aləm yerindəydi.

Təkcə torpaq qırışıqdı, səslər yenə qışqırırdı,

Yenə imdad diləyirdi, yenə dünya qarışıqdı.

Mən tutdum qulaqlarımı, Qiyafəsə heybətdəydi,

Görən hansı çarə bulur, hansı əlac-niyyətdəydi?

Baxdım elə tutulub ki, buludlar nəkarəydi ki!

Duman içində düşündüm,

Əgər yoxdusa ürəyi, bu qəm nə karınaydı ki?...

 

İsti ovuc

 

Səslər onu yandırmışdı, dişi dilini kəsirdi,

Bir ovuc torpaq götürüb, hovxurub[6] isidirdi.

Torpaq ilə bərabər özü də üşüyürdü.

Soyuq torpağın üstünə isti göz yaşı düşürdü.

O yəqin ki əzazillə, əzrayılı tutuşdurur,

Bu iki bənzər kəlməni tutuşdurub, uyuşdurur,

Kəlmələri, gəlmələri, gedənləri düşünürdü,

Gedib daha gəlməyənlər, ərənləri düşünürdü.

 

Səksəniş

 

Hərblər, hiylələr üzündən övladlarım vaxtsız solur,

Mənim alın yazılarım şeytan əliylə pozulur.

Bu nə hərrac, nə hərcmərclik? Deyin, haqqınızmı var

Qan bazarın bağlayınız! Əsriniz qəfil qaralar!

 

                                                    Kilidli qapılar

 

Əfsus, dünya eşitmədin, insan hələ yatmış idi.

Bu şəhər də eşitmədi, dərin yuxuya batmışdı.

Deyən elə bir mən idim, bir dəli keşməkeşdəydim,

yağanlar üstümə yağdı, təkcə mən eşikdə idim.

Sübhə kimi ürək ilə, beyin ilə əlləşirdim,

Sübhün bu erkən çağı da nalələri mən eşitdim.

yox, yox eşitmişdi deyən, pəncərələr, tül pərdələr,

Cəftələrin səsi gəldi, tül pərdələr titrədilər.

Hürkü varmış içəridə, dil-dodaqlar xırp kipləndi.

Heç nə aydın olmasa da, qapılar bərk kilidləndi.

...Pəncərələr bir-bir sınır,

bu daşlar hardan yağırdı?

“Biganələr, qorxaqlar, ayy!” - kim idisə, görünmədi –

elə bir ucdan daş çırpır, eyham ilə bağırırdı.

Sınıq şüşələr yerinə, müşəmbələr asıldılar,

Evlər yeriyib yapışıb, bir-birinə qısıldılar.

 

Külək dili

 

Yerdə şüşə qırıqları könlümü yaman əzirdi,

İki gözüm ikisi də, o daş atanı gəzirdi.

Külək fırlandı ortada, çəkdim donuma əlimi,

Külək heç nəyi saymırdı, vız-vız etdi tellərimi.

Külək dil açıb danışdı, mənə bir güzgü də verdi,

Lap cinə oxşuyurdum mən, küləksə çox təriflədi.

Külək şeytanlıq edirdi, yaman güldürürdü məni,

Papaq fırlatdı önümdə, gülməkdən öldürdü məni.

Dedi, “gözəl, özünə gəl, yuxusan sən başdan başa,

Ayıl, yaşa, qəndilli qız...

Bu da mərsin... tax döşünə, yaşa, yaşa!

Bu dünya bir tamaşadır, tamaşa, ha!...

Get su götür, yu üzünü, oynuyum sənçin istəsən,

Biganələr yurdundasan, dəli olub itəcəksən.

Di dur, vida söylə bura, yelləncək asdım havadan,

Yellən, sən də bir kef elə, qorxma, qorxsan, qorx

                                                                          allahdan. –

Küləyin səsi kəsildi, yəqin külək yatdı daha.

Araşdırdım bu aləmi, qaldım belə, baxa-baxa.

Külək nə gəzirdi burda? Burda yelləncək hardaydı?

yerdə mərsin gilələri... daha heç nə, heç nə yoxdu

Yelləndim mən öz yelimə, mən bir uca hasardaydım.

Əl yellədim boş havaya, boylandım ağlaya-gülə,

Bunu külək öyrətmişdi, yandım, amma gülə-gülə.

Gülə-gülə istədim mən, vüsalımı boş havadan,

Bütün bu boşluq yerinə, sinəmdə o dəstə mərsin

Gülə-gülə təkrar etdim, “qorxma, qorxsan, qorx

                                                                         allahdan”

 

Qızıl səs

 

Yoruldum, əyləşdim yerə, daş hasardan səs gəlirdi,

Anladım, Qiyafə idi, səsi daşları dəlirdi.

Mənim ayaqlarım yorğun, onun səsi yorulmuşdu,

Sürünüb, yaxına gəldim, gördüm rəngi qaralmışdı:

- Biganəsiz, biganə, siz!

Hop tutub oturmusunuz, suyu, çayı qurutmusuz, -

Pul sayıb, pul yığırsınız, böyük dərdi unutmusuz!

O yurdun... bağrı partlayır, daha niyə yaşayırsız?

Düz qalmadı əl vermədiz, niyə ordan yaşınırsız?

Niyə bekara döyüşlə, özünüzü aldadırsız,

Niyə binəvaları siz... öyrədib oda atırsız?

Başınızı sındırınız, bir iş görün ki, iş olsun,

Başa salın yüksəkliyi... qoyun gediş-gəliş olsun.

Düşüncəni niyə verdim? Niyə sizə baş vermişəm,

Niyə buynuz verməmişəm, dil və danışıq vermişəm?

Danışın adam dilində, bəsdi belə şığıdınız,

Yırtıcılar heybətdədi, boş döyüşdən yığışınız!

... Bəndəyə bax, bəndəyə sən! Pay bölür, yolları yarır,

Sevgilər öyrətdim ona, atılıb üz cırmaqlayır.

Bəndəyə bax, bəndəyə sən! Qan tökür, beşik hürküdür,

Bəndə bəndənin zülmündən, oturub qərib hönkürür.

                          - Hə qoca, hə

                          Özüm oturub ağladım,

                          Dərdi sinədə saxladım,

                          Bütün qəriblər yükünü

                          Qərib canıma bağladım.

-Kim var burda? Kimdi belə layla deyir? –

Sapsarı kəsildim həmən, dedim eşidər o məni,

Eşidər yəqin mənim də, köhnədən köhnə nəğməmi.

Eşitməyib. Eşitmədi, eşitmədi,

Qulaqlarım çınlayırmış, öz-özünə səsdə imiş,

Elə bayaqkı mürgü də, yəqin mənim səksəkəmmiş.

yəqin elə o külək də, o güzgü, dəstə mərsin də...

Könlümdən gözümə elçi ya kösöv, ya kəsəkmiş

...Uzaqlardan davul[7], mis səsi gəlirdi,

 

Səs get-gedə çoxalır, dartılıb genəlirdi.

Bax bu həqiqət idi, bu səsi o eşitdi,

Tutub o səs sapından, səs gələn məkana yetdi.

 

Mis səsi

 

- Eheyyy!.. Nədir belə cingildəyir?

O qol-qanad açıb qopan, o dopdollu o səs nədir? –

apaydındı təmiz səsi, mis səsiylə tən gəlirdi,

gah nazilib düzdə itir, gah da dağdan yüksəlirdi.

- Oğul, insan əməli gör!

Nədən ki bu mis divarlar dəri yerinə soyulur,

Yazısı zər, zor saraylar, niyə ki oğrun oyulur?

Bu daşı kim belə ovub, bu da əsrin nəfəsidir,

Bu dopdolu davul səsi, Dəli Domrulun səsidir...

Əl saxla sən, çək külüngü! Bu misin öz qarğışı var,

Sən də oğul, sal baltanı! Mis qarğışı göz çıxarar.

Bu misin cəngi, ahəngi, zəng səsi də özünündür,

Bu daşın zənguləsi də, cəngisi də özünündür!

 

Boşluq

 

Bəlkə gözüm yaxşı görmür, bəlkə ətrafda kimsə var,

Bəlkə onlar xırda-para, lap balaca adamlardır,

gözə görünməyirlər?

yaxşı, tutalım belədi, onda “qulliverlər” hanı?

Onlar ki yaxşı görünür, hər yerdən boy verirlər -

Bəlkə doğrudan da elə, dünya üçün... iş görürlər?

yox əşşi, yox, dünən İsa[8]da elə,

mən deyəni deyirdi: “Bəbəklərim yorulub,

necə gözə girirlər?!”

Bəs hanı?

... Görən ayın neçəsidir, həftənin hansı günüdür?

Televizorda görən, şərq... indi hansı gündədir?...

Dünya baxırdı gözümə “Zaman”ın[9] aynasından,

                  faydası olmasa da.

Vallah dönüb gedərəm, yolları çaşdırmasam,

Xeyli qabaq düşərəm, itib, batıb boşluqda

                  hovuna yapışmasam!...

Bir xeyli aşağı düşdüm, bunu aydın dərk elədim –

Ömür boyu «haqq» çağırdım, haqq söz dedim, əzab çəkdim,

Neylim, belə yoğurulmuşam, dərrakəyə gəlmədim,

gəlmədim ki, gəlmədim də!

Sərin, buz kimiydi hava, bura haraydı, mən düşdüm,

Gərək yalan qışqıraydım, onda «göyə» yerləşərdim.

 

Yenilik

 

“- Bəsdi yalan danışdız siz! Yamanca zəvzəksiniz!

İpi sallayın buraya, burda insan boğulur!

Bir az ehtiyatla çəkin, boğazını üzmüsünüz.

yenidən quruluruq[10] biz, bizimki insandır, insan!

Bəsdi kələk gəldiyiniz, getdi o siz deyən dövran”.

          Hər kimdisə, adam idi,

sözlərini anlamadım, başqa dildə danışırdı.

Gözləri mavi işıqlı, cümləsi qarışıqdı.

Fərqi nədir

Ürəyi vardı, ürəyi!

Ya anadangəlmə idi, ya da elə bəri başdan

bu qurulma söhbətini

öz ürəyindən başladı.

Dünyanı azad görüncə, yaman qışqırmaq istədim,

qışqıra bilmədim amma...

Mənası nə?

Çıxmışdım ki qaranlıqdan işıqlara.

Yeni gəldi dünya mənə, elə qələbəlikdi ki!

Adam nə qədər istəsən!

Adam adama gəlirdi, xırda-xırda adamlar da

Gözlərimin önündəcə,

şişir, dartılır, enlənir, böyüyüb yüksəlirdi...

Mən yerimdə saysam da

Fərəhimdən uçurdum,

Adamları birbəbir, bağrıma basıb qucurdum.

Xilas edəni gəzir,

hələ bir arada da tərcüman axtarırdım,

Tərcümanı tapmadım, xilaskarı itirdim.

Yadıma Qiyafə düşdü, o da gözümə dəymədi.

Qüssələndim. Ancaq, könlüm!...

Könlüm elə sevincəkdi, heyf, heyf, çox az çəkdi,

Nə adam, nə də ki, meydan! Adamlar hara çəkildi?

 

Heyrət

 

- Qayıdız! Hara gedirsiz!!! Bu da kilid!-

O idi, O! Demək O da burda imiş,

Demək belə... adamlarla birlikdəymiş...

Səsin təpər- heyrətinə adamlar yoldan oldular,

Pıçhapıç, basabasla, geri dönüb, mil durdular.

“Bu hansı qüdrət idi?” -

Özü görünməsə də, səsi təşviş oyatdı,

hamı donub - dovuxub, elə belə, mat qaldı:

Niyə yola getməyirsiz? Nədi ki sizin ömrünüz? -

Cümlətanı bir səhifə! Çevirdiz, bitdi, getdi.

Nə deməkdir bu kilid? Yaxşı baxın, pas atıb!

Yolları sərdim ki yerə, yol başında duraydız?

Suları ehsan dedim ki, suya qıfıl vuraydız?

Buyurun, alın!

Alın, baxın, özüm açıb gətirdim,

Alın, baxın, atın dərin dəryalara!

həya gərəkdir, həya! -

Yollar nədir, bölük nə? Xilqət nədir, məkr nə?! –

Susub heç kim danışmırdı, elə təkcə baxışlardı,

ehtiyatla baxışırdı.

Arada üstüörtülü, biri o birinə dedi:

                 - Kimdi ki bu, görünmür?

                 - Yəqin hürkür.

                 - Bu sözləri kimə deyir?

                 - Gəlininə.

                 - Boy!

                 - “Qızım sənə deyirəm...”di.

                 - Vay səni! Güldürmə də, qulaq as.

- Söküb dağıtmısınız, torpağa divan tutmusuz,

Çağların gözəl çağını, udub oturmusunuz.

Buğdalar üz çevirəcək, pak zəmilər diksiniblər,

Sürüşəcək ovcunuzdan, saçları ipək sünbüllər.

                 - Ə, bu başqa söz deyir, e.

                 - Biz bilən deyil, eləmi?

- Nə bəxş etdim, xor baxdınız, dünyama haram qatdınız, -

Toyuğunuza kiş dedim, yerdən mənə ox atdınız,

Nə edim ki, mən tənhayam, işim də başımdan aşır,

Əllərim ömür uzunu

Sizə Günəş işığı, yağış, külək, qar daşıyır.

                 - Ay qız, dartma ətəyimi,

                 ay qız, bəlkə elə bu...

                 - Hə, vallah, hə... Odu, O!..

                 Tüklərim biz-biz oldu.

Buna görəmi belə, hədəf oldum yer daşına?

Barı buna görəmi

birinizin yazısında... xoşbəxt olub... çıxdım başa,

qaldım əsrin yaddaşında?

hamarlayıb vəsf edirsiz, devi dilçəyinə qədər

Əsrlərlə gördüyüm iş, bir cümləyə dəyməz məgər?

İtirmisiz! Özünüzü, sözünüzü itirmisiz!

Adımdan da çəkinirsiz! Ey dadbidad,

Mədəniyyətdi yəqin ki... nazilib, belə azalır,

ismim qələmin ucuyla, kiçik hərflə yazılır.

İtirmisiz, itirmisiz! Unudulub, yaddan çıxıb,

Müqəddəslik eşqinə heç nə qalmayıb dünyada.

Sozalıbdır o dualar... o məbədlər... saraylar da!...

          Susdu, daha danışmadı. Qanun ona qarşıymış,

          Zaman ona zalımmış!.. Səsi uçmuş, özü yoxmuş,

          Yoxmuş, yoxmuş, dünyanın nə müqəddəsi,

          Nə qüdrətli bir səsi!.. O... yox imiş!

           Zaman onun üstünə, qalın kölgə salıbmış!..

...Duyuq düşübmüş adamlar. Adamlar çaşbaş qaldılar

Çoxusu da arif idi

başları üzüaşağı, bir-bir dağılışdılar.

 

İç döyüşü

 

Nədir, yoxsa ürəksizdi, bu adamlar?

Bəlkə şəkildi bunlar da?

Ki, şəkiltək gəldilər, şəkil təkin şəkillənib

şəkil kimi görsənib, çəkildilər silindilər, itdilər!

Hə çox aldadır gözlərim, bu nə cürə əyləncədi,

Hə çox uğuldayır beynim, axı bu nə işgəncədi? -

Bir qupquru sahildir, bir o məğrur Qiyafə...

Bomboş qalıb sağım, solum, hansı çıxış, nə izdiham

Nə quyu, hansı xilaskar? Nə meydan, hansı adam?...

 

Su üzü

 

Xiffət çəkirdim düzü, niyə məni görmədi,

Sözüm... ehtiyac içində...

nə gördü, nə dindirdi, nə də bir yol çağırdı.

Dümdüz bəyaz qaməti, dümdüz bəyaz çiyinləri

dəniz başından sallanır, ağappaq ağarırdı...

... Su üzünə köçmüşdü O, Əksi suda dayanmışdı,

baxışları daş kimiydi, gözləri qəm daşıyırdı...

Dümağ, uzun telləri su üzündə yellənirdi,

Alnı, əlləri, qolları suda yüzə bölünürdü.

Baxışları paralanır, sınıb, suda üzülürdü,

Sınıb, üzüb, axıb, gedib, su üzünə söz deyirdi:

“Tutalım mən uydurmayam.

İnanırsız göz önünə.

Haçandan doğruçu olub

bəs bu dəniz köpəyi? Su pərisi...

bəs bu ifrit, cin, əcinnə?

           Xəyaldısa niyə bəs

           Siz onları cəhd ilə

          nağıllara daşıyırsız?

          Belə naxələflik olmaz,

          bəs onda mənim adımdan

          niyə qorxub daşınırsız?..”

“...Sizə həyat bağışladım,

ikram etdim çiçəkləri,

Mütrüblərin ayağına

sərib atdız ləçəkləri.

Dərib o çiçəkdən birin

bir yol göyə atmadınız!..

          Mələklik öyrətdim sizə,

          Ləkələdiz mələkləri.

         Aləmə qara yaxdınız

         Bir yol güzgüyə baxmadız!”

“Dəniz çirklənib durubdur,

lil içində yorulubdur.

Ciyərlərim zəhər çəkir,

su qoxusu zəqqum yayır.

Balıqlar çəkilib dibə, yəqin kürü də qoymayır.

... Hərzə[11] sözü danışırsız,

tamarzısız balıqlara

heç dinib danışmayırsız?

         Balıqlar naəlacdır,

         duz əlindən, buz əlindən...

         Vətəgələr hərracdır.

         acgöz, quduzlar əlində.

         Dəniz dözür, dözür boğula-boğula.

         Özünüzlə məşğul olun,

         dəniz baxır,

         baxır qovrula-qovrula...”

          “Eh nə isə...

Etina etmədiz mənə, günəş telli talalara,

Süni toxumlar əkdiniz ətri əmbər tarlalara,

haqqı hoqqaya dəyişdiz, atom üçün tərlədiniz...

“Bir qarışqa yaradınız, əgər belə təpərlisiz!

bir qarışqa... bir qarışqa... bir qarışqa...”

- Bir qarışqa yaradınız, əgər belə təpərlisiz! -

Bunu yaman möhkəm dedi

Möhkəm dedi, bərkdən dedi, təkrar dedi, ötkəm dedi.

 

Təzə vücud

 

Sükut çökmüşdü hər yana

hər yan, hər yer susurdu.

Sübhün bu lal sükutunu

təkər səsləri pozurdu.

Dan yelinin iziylə,

tənbəl-tənbəl yol gedən

çarxları taraq-turuq

bir ərəbə[12] gedirdi,

Bunun da arxasınca

Ortaboylu, qaraqaş

bir kişi yeriyirdi.

Xeyli fikirli idi,

rəngi-rufu ağappaqdı,

çönüb bəyaz səs yoluna

əlləri o bəyaz səsi,

o Qiyafəni çağırdı:

          - Sabahın xeyir, insan!

-...

-Mən sübh ilə bir dururam, hər gün bu yoldan keçirəm,

Tikan basıbdır yolları, dərdini yaman çəkirəm.

- ...

-Arabaçı çox yorğundur, heyrət etmə, görmüşəm,

Tək gedir, hə? Özüm bu yolu seçmişəm,

elə belə, boş buraxıb, bir az azadlıq vermişəm.

-...

-Bu yolla işə gedirəm, yol boyu fikirləşirəm,

hərdən enib dənizlə, Günəşlə söhbətləşirəm.

Yaratdığın məxluqlara daim ehtiram edirəm, 

Dediyin o qarışqandan...

Otunacan... salam verib mən ötürəm.

-Əcəb, əcəb. Avazın çox yaxşı gəlir...

-Müdrik imiş mənim babam, bir azca  ona çəkmişəm,

Diyari-bəkir[13]gəzsəm də, yad ellər yad gəlmiş mənə,

qəriblikdən bezikmişəm, bura pənah gətirmişəm.

-Əcəb, əcəb. Çox əcəb. Səsin də xoşuma gəlir.

Cümlənizin cövhəri nə?

-Sənin təbirincə desəm, bu el mənim öz yurdumdur,

Ölənlərdən xəbərim yox, dirilər indi ordumdur.

Beləə deee... Sərkərdəsən?

- ...

-Olsun, olsun! Qala, qüllədən nəyin var?

-Var var. Lap təptəzə, əcəridir[14].

-Qəbiləsi, tayfası nə?

-Necə deyim... ümumidir hər cürədir.

-Əyandır qala havası.Əsgərlərin nə yerdədir? 

-Ən böyük dərd bax, bu dərddir.

Gözləri qan çəkib durub, qanı sudan ayırmırlar,

Təlimləri köhnədəndir, ipə-sapa yatmayırlar.

Nə səbir, nə aman bilir, nə mənə imkan verirlər,

nə höküm... nə zaman... bilir, «qana qan!» la hərlənirlər.

Dürüst çatmır nəsihətim, iti görünür xəncərdən,

İzn ver sözümü deyim, bu gen-geniş məhəccərdən.

-Buyur, qovdum küləkləri... Anladım, böyükmüş dərdin.

 Nə deyirsən, ürəkdən de!

Bütün söhbət ürəkdədi,..

Sərkərdəsən, sərkərdəsən! Haqq yolunu deməlisən.

Bugün gözdən pərdə asıb, qeyrilərtək yalan, palan

Bəndə gözünün içinə filan, filan... oxuma sən!..

Amma insan saydığımın, birinə də toxunma sən!

-Mən də bəşər övladıyam, məni də bir ana doğmuş,

Mənim də ürəyim vardır...

Nə edim ki, ürəyimdən, kimsənin xəbəri yoxmuş!..

Axı sizləri deyərək, bu yerlərə qayıtmışam,

Dünyanın baş-ayaq çağı özümü oda atmışam.

Qoyun öz işimi görüm, torpağın beli əyilib,

 

Vurub elə yıxmısız ki, dəniz də böyrünü əyib...

Gün uzunu əlləşirəm, dəyirman heç cür düzəlmir,

Dəyirmançı da bir yandan, fikrim ilə düz gəlməyir.

-Dəyirmanı vermisəəən?          

-Yox, yox! Daşı düz hərlənmir,

Söhbət lap köhnə söhbətdir, beynimdə çox girlənir...

-Anladım. Bəs eylər mənə. De sözünün ardını.

-Hə, camaat,

Dünyanın bu kasad vaxtı, buynuz buynuza durmusuz,

                ...bəyliklərdən dəm vurursuz.

Mən də çox xatırlayıram o bəy dədəm, bəy elimi,

bəy nəslimi, bəy kökümü, bəy əsrimi, bəy dilimi.

Məgər tək mən itirmişəm, tək mən də qaytaram geri?

İtkiləri bir-bir yığar, bir-bir dəf edərlər səbri!

Mənə də rəhminiz gəlsin, fikirlərim pərən-pərən,

Bir dərindən düşününüz, yoxuş hansı, eniş nə?

Dolaşıq düşüb bu yollar... düşüncələr əldən salır,

Səfasını çəkən çəkdi, bütün cəfa mənə qalır.

- axşı, qınama məxluqu. Bir elə də bənd olma sən,

bu dərsi gəl alma məndən.

Mən qocayam, danışacam, mənim səbrim köhnəlibdir,

Min qərinədir dözürəm, canım boğaza gəlibdir.

Sən hələ çox-çox güclüsən, tədbirlə iş görməlisən,

Gördüm gözünün içini, sən təmizsən,

Təzə divar tikirsənsə,

Təməli tülkülərlə yox, insan ilə hörməlisən!

Bir həqiqət deyəcəm, buna göz yetirməlisən,

Zinhara gəlib bəndələr, bu yolda cəhd etməlisən.

Bax da, oğul... bir gör... gör bir nə gələr sənin əlindən

Mənim ən böyük dərdimi, bütün qüvvən ilə dinlə:

Əsrlərin əsiriydim, əsirlər dərdini çəkdim,

Bilmədim ki,

Əsirləri yığın-yığın, belə əsr görəcəkdim!.. –

İndi oğul, bildinmi ki

Nədən belə qınadım, niyə danladım dünyanı?

Və bildinmi ki indi, dünyanın əsgərləri...

bütün dəliqanlılar... niyə belə giryandı[15]?..

Qüssə

 

Yenə dünya boşaldı, bütün kölgələr çəkildi,

Bu da getdi, o da getdi, gözüm yenə qüssə çəkdi.

Gözlərinin önündəydim, nə görüb, nə hiss etdilər,

Bu da Qibleyi-alilər!..

Bunlar da onlar kimi

bir ucdan öz dərdlərini çiynimə sərib getdilər.

Ovxaladım üz-gözümü, gördüm yenə toranlıqdır,

Anladım ki, bu dünya nə ah, nə də amanlıqdır.

 

...Günəş tir-tir üşüyürdü, tellərini yığışdırdı,

Pərişan bir axşam düşür, ovcumda şər qarışırdı.

Çöllü – biyabandı güman, sap-sarı saralırdı,

Bir tərəfdə də zəmilər

Günəşin son damlasını, içib yuxuya dalırdı.

 

Sünbülqıran

 

Lap böyrümdən bu anda bir heyvan sivişdi keçdi,

Sünbülqırandı, tülküydü, gözüm yaxşı seçmədi.

Ayağında dəstə sünbül, iti sürətlə qaçdı,

Tfu, lənət şeytana,

Yox, yox, tülkü deyildi, rəngini qarışdırdım

Gərək ki sünbülqırandı,

boylanıb öz yuvasından, sarı bığını qaşıdı.

Sünbülləri bir-bir qırır, baxıb altdan göz vururdu,

“Hi, hi!.. İnsan, bax belə ha, belə ha!” -  gülüb yanıq verirdi.

Gördüm yerdə qırıq-qırıq nəhayətsiz zəmilərdir,

Dən-düş qalmayıb saplaqda, yerlə yeksan sərilibdir.

Qucaqladım zəmiləri, yığıb bir dərz də bağladım,

Öləziyən, solğun baxan, qucağımda solub axan

bu dərzin...

üstünə də baş qoyub, ta o ki var ağladım.

 

Quş ürəyi

 

Yatıb qalmışdım beləcə,

                               röyamda şənəbub uçur,

Bub-bub!... səsiylə mənim

                               ürəyimi uçururdu.

Caynağında ayaqqabı,

                               qanadında ləçək vardı,

dimdiyində bir sap sünbül;

                              Ayağımı geyindirdi,

başımı bərk-bərk sarıdı,

                              dəni dilim üstə qoydu.

Dedi, uç! Uçsan savabdır!..

                              Bu quş, quş canıyla mənim

Könlümə havadar idi,

                               indi süzürdük göylərdə

uçuşuma sərdar idi.

                               Nə qüssə, nə qəmim vardı.

Göylər huşumu alırkən

                               mən yenə yarıayıqdım,

Qəribəydi, çox qəribə, qəribəydi,

                               göydə ayaqqabılıydım,

yerdə ayağıyalındım...

                              zərbə idi, zərbə idi, insanlığa zərbə idi! –

Quş ürəyi... bir də məndim,

                              quş ürəyinə söykəndim.

Bəxtiyar idim göylə mən,

                              fərəhimdən hövl edirdim.

Bir az sonra qovuşacaq.

                              qonacaqdım qübbəmə mən.

 Heyhat!... Ayaqlarım ağır,

                              göydə taraz qalmayırdı,

Ayaqqabılı ayağım

                              göydən yerə sallanırdı.

Ağır düşübmüş çəkim,

                             Öyrəncəli deyilmişəm.

Bir də gördüm sərdarım yox,

                             gəlib mən yerə düşmüşəm.

 

Köç

 

Yerdə gördüm lap uzaqdan nəhəng quş dəstəsi gəlir.

    Cürbəcürdür bu quşlar –

       Bülbül cəhcəhini kəsib,

          Qaraquş qara geyinib,

             İsaq-musaq[16] mat qalıbdır,

                sərçələr titrəyib əsir.

Bayquş da bir sim üstündə, tabaq gözlərlə yüksəlir.

     Burnum dünyanın içindən

         bambaşqa bir qoxu çəkdi,

             sözlü - xəbərliydi quşlar

                quşlar çox yazıq baxırdı,

                   quşlar lələk tökürdü.

Şənəbub[17] da, bub-buyla, obaşdannan ürək dəlir.

 

Qara xəbər

 

Boylandım bir xəbər biləm, quşlar uçub keçdilər,

Təkcə mən keçə bilmədim, boy vermədi keçidlər.

... Dünyanın bir küncünə, sıxılıb boyun əydim

Qara cilvəli tellər, qara zər donumda mən

Sanki hörümçək torunda ölü bir pərvanəydim.

- Kim var burda? Bu quşları kim uçurur?

Kimdi belə yuvaları, dərbədər edib köçürür? –

Boynum quşlara sarıydı, quşları bir-bir sayırdım

seyr edirdim yollarını, fikrimdən qəfil ayıldım.

Bumbuz bir əl toxundu, toxunub çiynimə dəydi,

Çiyinlərim buz bağladı, O idi, O, Qiyafəydi.

Ziyadə tutqun idi, baxdım, rəngim saraldı,

yenə qayıdıb gəlmişdi, bu hal daha başqa haldı.

Əlləri parçalanmışdı, əllərindən qan axırdı,

Bəyaz donu ləkə çəkmiş, gözləri şimşək çaxırdı.

Bəbəkləri çevrilmişdi, üzü bənək-bənək[18] idi,

Ora-bura fırlanırdı, fikri ələk-vələk idi:

-Mənim də öz sinirim var, qəzəb gələndə gec gəlir,

Üfürür huşumu başdan, torpağa da güc eyləyir.

Yığışın, sıraya durun, gedin baxın, «üləmalar»,

İbrət olsun hamınıza, göyə yalan ulayanlar!

Sizi deyirəm, sizi, yer üzündəki şeytanlar,

Mənim daş-torpağımı qatıb-qatışdıranlar!

Haqsız işlərinizdi bax, yığılıb yerin tərkinə,

birdən-birə qəhr eyləyir, çevrilir çəpəkinə.

Göylə uçur ayağınız, göydə mayallaq vurursuz,

Gözləriniz altı görmür, yerə şıllaq vurursunuz.

Ayağınızın altından çəkib dünyanı dartacam,

hələ çox-çox məkanları, dibindən çəkib atacam.

- Elə demə... elə demə, qoca sən...

- Kimdi belə inləyən?

-...

- Bəlkə bir az kiriyəsən!... Mən özüm giryan qalmışam,

Baxıb dünyanın çərxinə, onsuz da büryan[19] olmuşam.

Nədir, kimə yanırsan?

- Yaratdığın insana.

- Bəs niyə gizlənmisən?

Gecə düşür, bu şər çağı, bu yerlərdə nə gəzirsən?

-...

-Yoxsa incidiblər səni, nədən bu qədər üzgünsən?

- ...

-Küsülüsüüüz?!

- ...

-Belə dee...

Bundan qeyri nə bilirsiz! Ömrü girinc eləmisiz,

Budur sizin əyləncəniz! Kin içində əriyirsiz,

Kin yumağı əyirir, kin çəkib, kin səriyirsiz.

Söylə görüm kimsən belə? Hansı bəni-mənşədənsən[20]?

-Sən yaradan bəndəyəm mən...

-Şübhəm vardır. Ürəyinin işığını görməyirəm.

-Niyə belə deyirsən... Nə yerdəyəm, nə göydəyəm,

Bütün bəndə dərdinə, yaranışdan göynəyirəm.

Görmürsənmi müntəzirəm[21], yollarında payəndəyəm[22], -

Bir bax, insan havasına... belə payi-piyadəyəm, -

      deyib, küncümdən boylandım, deyib bir az

                                                                       ürəkləndim,

baxdım, üzü həlimləşib, ürkək-ürkək yaxın

                                                                       gəldim.

Sinəmdə mərsin var idi... Bu hardandı?.. dərk

                                                                      etmədim,

Mərsinmi məst etdi belə, yoxsa mühitmi, ilahi

Niyə belə yenə axıb, axıb bir anda süstəldim?...

 

 

Üz-üzə söhbət

 

-Gücsüz bəşər! Tanıdım...

Mərhəba! Mərsini qorumusan...

... Niyə qara geyinmisən?

Üstündəki bu zər “ulduzlar[23] nədir?

Bir zər ki... zəmini[24] qara... neyləyirsən onu sən!

O ulduzlar yam-yaşdır... üşüdəcək bədənini...

Yalançıdır, çırp getsin! O ulduzlar ölüdür,

Çırp getsin, çırpılmalıdır! -

     Yaxın gəldi, lap aydınca gördü məni,

     əlini çəkdi başıma

     düz gözümün içinə baxıb bəbək zillədi:

- Sənə mavi göylərdən ipək don göndərəcəm.

- ...

- Kövrəlmə, dur! Ürəyin xoşuma gəldi.

Vaxt çox azdır. Bu ürəklə bu gün sən

mənə qasid olmalısan.

- Yadigarsan ulu çağdan. Fəhminə şəkk gətirmərəm,

Qasidliyi bilməsəm də, de ulum, de, yetirərəm.

- Elə isə, var get, söylə, yatanlar qoy silkələnsin,

yaşayır kimsə küləkdə... Küləyə kələk gəlməsin!

Torpaq haram götürməyir, tüpürür kənara atır,

Yamanlığın ucbatından yaxşılıq da itib batır.

Yüz belə təkanlar olub, görüm kim özünə gəlib

Dərs alıb bu fəlakətdən, hansı əyriniz düzəlib?

- ...

- Varidatlar - yoxsul çiyni! Ölçüm dürüst və tən gəlib,

Vurub kufəkun[25] edəcəm, ömrüm sizdən təngə gəlib.

- Elə demə, demə... Elə demə... Demə, demə!

De ki yuxudur bunlar, de ki sən xəbərsizsən.

De ki səni qara yuxu ilişdirir.

De ki o Faciə[26] də... bir fani dünya işidir.

De ulum, de,

Sənə də inam itərsə, demək yersiz və göysüzəm.

 

Nəm kipriklər

 

Gəldi dişarı sarı O, dayanmışdıq biz üz-üzə

Kirpikləri yam-yaş idi, qapandılar üst-üstə:

- Əlbəttə dünya işidir.

Dağlar qocalıbdır daha, dağlar çatdaq-çatdaqmış,

Abırına sığınıbmış, dağlar çapıq-çapıqmış.

Dağlar boşuna susmamış,

Demə dağların ürəyi min ildi çatdayıbmış!...

Əlbəttə mən də suçluyam.

Dağların çatıq qaşını

Görməmişəm, görməmişəm! Tutub silkələmişəm,

      dağların qoca çiynini...

      Başı ağrılı... dağları, bağrı yara dağları...

Günaha batdı əllərim, günahınız ucbatından,

Nigaran qaldı gözlərim həm doğudan, həm batıdan...

Çaşdırdınız, əfv ediniz, sizdən qəlbi sınıq düşdüm?

Təbimdən çıxardız məni, bu gecə... yaman üşüdüm...

      Dağlar idi... paralanıb, töküldü

      Dağlar idi, baş qoyub yerə bir-bir

     Çökdü yerin tərkinə,

     yerlə... birlikdə öldü...

Əllərim idi belə... örtdü üzümü titrədi,

Öz əllərimdi... belə, kəfən bilib qiyafəmi

çəkib üzümü örtdü...

 

Peşman əllər

 

Əfv ediniz, əfv edirəm, mən dağlardan da qocayam.

Peşiman baxır əllərim, müşkül iş ki, yaşayacam...

 

Ay işığında qələm

 

Əsrin son yuxusuydu bu.

O titrək səs yeri, göyü, olan-qalan...

             dağları dağlayırdı,

O Allahdı bu yuxuda, Allah təkin ağlayırdı!..

... Yenə yağışlar yağırdı, indi narın yağırdı,

Meh ilə şərik kəsilib, Ayın ay işığında

Mənim də saçlarımı, bir-bir daraqlayırdı;

Narın yağış içindən, narın dua ələnirdi,

dünyanın başı üstündən təsəllilər səpirdi:

“-Əsrin sonu gəlir daha, mənim qolum, qanadlarım,

Sizi sizə tapşırıram, mənim bəşər övladlarım!

Dünyanın məhşər dərdi var...

Xoşbəxt gündə xatırlayız, susqun baxan dağları siz,

Xoş bəxtinizdən də bölün, hərdən füqəralara[27] siz,

Daşa, torpağa, Günəşə, ulu göylərə inanın,

Məni diriykən yad edin, can üstündə çağırmayın.

Bəyazlığı düşunün siz, şərə-şürə olmayınız,

İnsanlığı düşününüz, şər işlərlə qalmayınız.

Günəşi də düşünərsiz... bəlkə Günəş də üşüdü...

Xətanı məndə bilməyiz, əsriniz sərsəri düşdü...”

 

Vida

Əsrə tabe olubmuş, O, astanada əsir imiş;

“Kim xatırlayacaq ki, onu?..” “Çox qəddar bir əsrmiş!..”

- İncikliyəm, övladlarım, belimi əyib gedirəm,

Ancaq sizə mərhəmətlər, xeyirxahlıq diləyirəm.

           - Daha gəlməyəcəksən?

           - Hə, sənsən. Qəndilli qız...

           - ...

           - Mərsini yaşadarsan...

           - Daha gəlməyəcəksən?...

           - Göydə iş başdan aşır,

          Çox iş var, görüləsi.

           - Bəs yer üzü? Yer üzünün yiyəsi?...

           - Qəddarlığa gücüm çatmaz...”

          Əlvida!......

- E- he, he, he, he, he, he, he, heyy!......

Olacaqmı dünyamızın müqəddəsi?.......          

 

Yeni sübh

 

...Sonra yağış yığışmışdı, yerdə Günəş qımışdı,

yola düşdü ayaqlarım... torpaq hələ yamyaşdı...

 

1988

 

[1] Çəkələt – yüngül ev ayaqqabısı

[2] Ləğvə (dial.) – iflic, zəif

[3] İyirmidəndi - 1920-ci il Sovet işğalına işarədir

[4] Mərsin - çəhrayı çiçəkli giləmeyvə; qaragilə

[5] Qəndil - çıraq, işıqsaçan

[6] Hovxurub - üfürüb

[7] Davul - indiki nağaradan böyük qədim musiqi alətidir.

[8] İsa – İsa Peyğəmbər nəzərdə tutulur.

[9] Zamanın - Zaman xəbərlər proqramı

[10] Yenidən quruluruq – yenidənqurma dövrünə işarədir.

 

[11] Hərzə - boş, mənasız danışmaq

[12] Ərəbə - araba

[13] Diyari-bəkir – burada bütün dünyanı gəzmək anlamındadır.

[14] Əcəri - təzə, heç işlənilməmiş

 

[15] Giryan – peşiman, ağlar günə qalmış

[16] İsaq-musaq - əfsanəvi İsa-Musa quşu

[17] Şənəbub –şanapipik quşu

[18] Bənək – xal

[19] Büryan – odda yanmaq, alovlanmaq

[20] Bəni-mənşə - burada kimlərdən, kimsən mənasındadır.

[21] Müntəzir – intizar, fərəqət

[22] Payəndə – sabit olmaq

[23] Ulduzlar – burada qızıl ulduz, Sovet bayrağının üzərindəki ulduz anlamında

[24] Zəmin - əsas, özül

[25] Kufəkun – dağılmaq, yerlə-yeksan olmaq

[26] Faciə - burada müharibə, dünyanın sonu anlamında

[27] Füqəra - yoxsul təbəqə, kasıblar

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.