Sənət və ədəbiyyat dərgisi

Xatirələr bizimlədir - Səlim Babullaoğlunun şeiri + VİDEO

08 Noyabr 2022 / 20:06

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Layihənin sonuncü günüdür, bu gün,  8 noyabrda  “Şuşaya salam” layihəsi layihənin müəllifi ,  Azərbaycan şairi Səlim Babullaoğlu ilə, onun Şuşanı salamlaması, ürək sözləri və şeiri, qiraəti ilə biti.

 

Səlim Babullaoğlu :

 

“Əziz Şuşa!

Bu 44 gün dünyanın 30 ölkəsindən 44 şair Sənin şəninə və Sənə ithafən şeir oxudular. Bu Azərbaycan ədəbiyyatı tarixnin, Azərbaycan televiziyaçılığının ən uzun şeir marafonu idi. Bu həmin 44 gün idi ki, Müzəffər Ali Baş Komandanın, şanlı ordumuzun, mübarək şəhidlərimizin və cəsur qazilərimizin sayəsində biz Sənə qovuşduq. Həmin 44 gündə addım-addım Sənə doğru gəldik. Və çox şükür Allaha ki, bu gün hətta Səni görməyən şairlər Səni vəsf edirlər, mədh edirlər. Sənin haqqında oxuduqlarını, eşitdiklərini ürəklə danışırlar. Onlar Sənin Azərbaycanın incisi olduğunu, bir Azərbaycan şəhəri olduğunu təsdiq edirlər. Bu ölkələr sırasında Türkiyə, Pakistan, ABŞ, Böyük Britaniya, İtaliya, Macarıstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Gürcüstan, Rusiya Federasiyası, Tatarıstan, Başqırdıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Yaponiya, Vyetman, Oman, İran, Serbiya, Monteneqro və çoxlu başqa ölkələr vardı. Bu şairlər 44 günlük çıxışları ərzində Sənə dərin ehtiramlarını bildirdilər. Xalqımıza dərin ehtiramlarını bildirdilər. Əlbəttə ki, sən həm bu deyilən sözlərə, həm də bu sözlərin daha artığına layiqsən.

Sən azadsan Şuşa!

Sən bizimsən Şuşa!

Sən həmişə bizim olacaqsan!

İndi mən Sənin üçün o qanlı savaşların getdiyi dövrdə çəkilmiş bir sənədli filmə yazdığım şeiri oxumaq istəyirəm...”

 

*

 

Özümə bir ev qurmuşdum nə vaxtsa,

Gündüz kimi dümağ idi divarı.

Talvarında sarı salxım üzümü,

Həyətində şirin narı, zoğalı.

 

Sürahisi əlimizə sığaldı,

Bir cüt gözdü pəncərəsi gecələr.

Eyvanına bütün məhlə sığardı,

Civildəşib qaçışardı cücələr.

 

Burulardı bacasının tüstüsü,

Qapısının cırıltısı holavar.

Birdən-birə qəhət oldu istisi,

Qaçaq oldu birdən-birə el-oba.

 

Birdən-birə su yerinə həlməşik

İrin axdı, susuz qaldı bağatı.

Yetim qaldı həyət-baca, ev-eşik,

Uçub getdi laylasıynan bayatı.

 

Namərd yağı göz diksə də yurduma

Evimizə düz gəlmədi dirəyi,

Elimizə düz gəlmədi ürəyi,

Qolumuza tən gəlmədi biləyi.

 

Budur yenə qayıtmışıq atacan,

Kimi şəhid, kimi qazi, kimi ruh.

Bayatıynan, holavarnan qarışıq

Bir havayla  yenə dövrə vururuq.

 

Xatirələr bizimlədir - qol-boyun:

Hamı sağdır, hamı şaddır, anacan.

Çal-çağırdı el-obada, toy-düyün,

Bu ev bizim evmiz idi binadan.

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.