Minnətsiz şəfqətdən doğan suallar - Əsgər Rəsulun şeirləri
18 Noyabr 2022 / 12:00
ƏSGƏR RƏSUL
Özəlləşmə
İstədim soruşum necəsən, amma,
Qorxdum ki, sualım yanlış yozular.
İndi çoxlarına olub müəmma,
Minnətsiz şəfqətdən doğan suallar.
Hal-əhval soruşmaq mücərrədləşib,
Sanki hər sualda min gizlin yatır.
Elə bil dünyanın tərsdi gərdişi,
Günəş Qərbdən doğur, Şərqdəsə batır.
Bir yerdə oynamır indi uşaqlar,
Ancaq yaşayırlar eyni həyətdə.
Bir evdə bir kəndin əhalisi var.
Sanki yaşayırlar yad planetdə.
Artıq qonşusunu tanımır qonşu,
Hər kəs öz evinə çəkilib indi.
Bəzən xeyir-şərdə qarşılaşanda,
Tanınmır, bilinmir o kim, bu kimdi.
Hər şey özəlləşir, özəlləşdikcə,
Bəşər özgələşir, insan yadlaşır.
Millət əlbir olub özgələşdirir,
Mənəvi birliyi, milli yaddaşı...
Başsız da olmur
Dilimdən çəkdiyimi,
Düşmənimdən çəkmədim.
Başım da suçsuz deyil,
Neynək, başsız da olmur...
Özümü sirr saxladım,
İçərimi bağladım,
Hərdən doldum, ağladım,
Neynək, yaşsız da olmur..
Ömrüm yoxuşlu yoldu,
Yaman erkən yoruldum,
Bəzən peşman da oldum,
Neynək, “kaş”sız da olmur..
Tanrının lütfü
Ya Rəbb, məhəbbətin hikmətinə bax,
Ehtimalı belə sevməyə bəsdir.
Niyəsin, necəsin soruşub durma,
Arif ol, arifə tərif əbəsdir...
Tutmaqçün əlindən tək bircə kərə,
Fürsət axtarardın, nə tez unutdun.
İndi gülüşüylə səni bezdirən,
O qızın “yox”u da sənə umuddu...
Qızlar gəncliyində ipək misalı,
Bir az yaşlandımı, yaş günah kimi.
Kəsilsə dalınca oğrun baxışlar,
Taxtdan endirilmiş padşah kimi.
Bəzən tərk edilmək, ya unudulmaq,
Ruhunda təlatüm yaradır, fəqət
Fırtına qoparan əsla bu deyil,
Təlatüm ayağa düşən sədaqət.
Düşməni – lövbəri qalxan gəmiyə,
Tələsik adlamaq istəyən kişi.
Bir vaxt “tərk eləsən, ölləm” deyənin,
“Artıq düş yaxamdan” təlaş-təşvişi...
Qadın kişi üçün bir izdüşümü,
Namus nişanı tək durur yaxanda.
Sevgisi sevgidir, nifrəti nifrət,
Odur üşüdən də, odur yaxan da.
Ağac çiçək açır, meyvə doğulur,
Qadın çiçək açır körpə səsiylə.
Xaliq xəlq etməyi bəşər içində,
Qadına lütf edib möcüzəsiylə.
Tapınaq
Əlli ildir yol gəlirdik, nəhayət,
Düşə-qalxa özümüzü yetirdik.
Səni, məni tapdıq, amma nə fayda,
Tapanda da özümüzü itirdik.
“Bu sənmisən?”, – baxışınla sınadın,
Dodaq büzüb, yenə məni qınadın,
Yerə batsın şöhrət gəzən inadın,
Ağarmış saç, qarımış üz gətirdik.
Sönən ulduz, ölən ulduz axdımı,
Arxamca heç bircə dəfə baxdınmı,
Nahaq yerə qarğıma kor baxtını,
Biz bilərək bu oyunu bitirdik.
Gözlər fərsiz, saçlar nankor, ürək saf,
Nə biləydik bu yol sondur, ya əraf,
Bitərəfi həyat edər bərtəraf,
Gec anladıq, gec də ibrət götürdük.
Tərslik
Ağacdan yarpaq uçur,
Şikayəti küləkdən.
Dərddən bir şair köçür,
Şikayəti ürəkdən.
Yerdə pəhləvan yatır,
Gücü neçə min qatır,
Dostu badalaq atır,
Şikayəti biləkdən.
Bulaq başında bir qız,
Pərişan, yapayalqız,
Qoynu dəliqanlısız,
Şikayəti səhəngdən.
Düşmən oyaq, pusubdu,
Millət lal-kar, susubdu,
Vətən bizdən küsübdü,
Şikayəti dönəkdən.
Tamarzıyam
“Mən ölsəydim, o bəlkə ağlayardı,
Amma o ağlasaydı, mən ölərdim”
Özdəmir Asaf
Qoşa addımladıq uzun illəri,
Sənsiz bircə günü keçirmək olmur.
Məhrəm duyğuları, gizli sirləri,
Kağız parçasına köçürmək olmur.
Qorxuram əlimə qələm alanda,
Vərəqə qəlbinə dəyən söz salar.
Hissiz misralara hopan yalandan,
Bizim sevgiyə də yalan iz salar.
İncimə, qarğıma bu qismətini,
Acığın tutmasın mənə boş yerə.
İçimə sığmayan məhəbbətimi,
Mən necə sığdırım qafiyələrə.
Sən mənim könlümə payızda girdin,
Ömrüm də payıza girib... razıyam.
Sən hansı mövsümün meyvəsisən ki,
İlboyu dadına mən tamarzıyam.
Sənin ad gününə
Deyirsən qırx yaşın tamamdır bu gün,
Məncə, iyirmində ya var, ya yoxsan.
Qırxın qırx il əvvəl çıxmışdı, gülüm,
Haqq-hesab işində bir az uşaqsan.
Bu necə qırx yaş ki, ay atam-anam,
Sevirsən hələ də sən cizgi filmi.
Səhərlər yuxudan oyandırmasam,
Yatarsan günboyu körpələr kimi.
Çox da ki, saçına illər dən salıb,
Onlar üç balanın qırovu, qarı.
Məndən də bir parça yadigar qalıb,
Qovuşur dörd ömrün səndə yolları.
Sən layiq olsan da köşkə, saraya,
Gücüm bu xudmani bir evə çatdı.
Küsmə qismətinə düşən bu paya,
Neyləyək, bu həyat belə həyatdı.
Nə yaxşı, ömrümdə sizlər varsınız,
Yoxsa çəkilməzdi dünyanın yükü.
İnan ki, ən xoşbəxt insanlarsınız,
Köşk-saray görmüşəm içi dərd küpü.
İçləri qarsıdan gizli yanımlar,
Eşiyə vursaydı, aləm yanardı.
Həsədlə baxdığın bəylər, xanımlar,
Qəlbində mərhəmət oyandırardı.
Məndən erkən getmə, sən bir dənəmsən,
Yaşa məndən sonra bir ömür daha.
Əmanət edirəm, tapşırıram mən,
Üç balamı sənə, səni Allaha.
Təmənnasızlıq
Məgər ölmürükmü hər ölənlə biz,
Tabutlar məzara endirilərkən...
Bizi tərk etdikcə əzizlərimiz,
Bizdən bir parçanı alıb gedərkən.
Ağır, keşməkeşli ömür yolunda,
Xeyirxah insanlar əlindən tutur.
Sağında, solunda var-gəl edənlər,
Vaxt gəlir, adını belə unudur.
Küsmürəm, deyirəm qoy belə olsun,
Qarşılıq gözləmək çox mənasızdır.
Mənə edilənlər borcum sayılsın,
Mənim etdiklərim təmənnasızdır.