Sənət və ədəbiyyat dərgisi

“Əlvida, əlvida”,  söyləyirəm mən   İosif Brodskinin şeirləri

15 Noyabr 2022 / 10:13

İOSİF BRODSKİ

Onlar çox sevirdilər

Təpədə oturmağı,

Uzaqlara baxmağı...

Təpənin yamacından

Aydınca görünürdü

Kilsə, bağlar və zindan...

Görünürdü otlara bürünmüş su hövzəsi.

Atıb səndəllərini soyuq qumların üstə,

Oturardı ikisi.

 

Sarılıb dizlərinə

Buluda baxırdılar.

Onlardan aşağıda, kinonun qarşısında,

Bayaqdan yük maşını gözləyirdi çolaqlar.

Haradasa yamacda kərpic tullantıları,

Şüşə qırıntıları düşmüşdü bir qırağa.

Köhnə bank binasının

Çəhrayı qülləsinin dolanaraq başına,

Qarıldayırdı qarğa. 

 

Hamama gedən yolda

Mərkəzdəki maşınlar

Üç körpüdən keçirdi.

Bu gün kilsədə toydu –

Bir usta evlənirdi.

Burda isə – yamacda

Meh var, hüzur qoxulu.

Yoxdur ayrı səs-səmir,

Ağcaqanad oxuyur...

 

Oturduqları yerdə

Əzmişdilər otları.

Hər tərəf qara ləkə  –

Yemək qırıntları...

İnəklər də iştahla

Yalayırdı bu yeri.

Hamı yaxşı bilirdi,

Amma ki, özlərinin bundan yoxdu xəbəri.

 

Çəngəl, kibrit çöpləri,

Papiros kötükləri

Qalmışdı qumun altda.

Fırladıb atdıqları içki şüşələri də

Qaralırdı uzaqda.

Qalın kolluğa tərəf enirdilər aşağı,

Bir səs eşidən zaman.

Sakitcə ayrılırdı

İki səssiz oturan...

 

***

 

Dəli olmamışam mən, bu yay yorubdur məni,

Bir köynək geyinincə gün ötüb olur yarı.

Kaş ki, tez gələydi qış və örtəydi hər şeyi –

Şəhəri, adamları, bir də yaşıllıqları.

 

Geyincəkli uzanıb, elə qaldığım yerdən,

Oxuyaram kiminsə kitabını ilboyu,

Sanki bir köpək kimi – sahibini tərk edən,

Amma yenə qoruyan qaydaları yolboyu.

 

Azadlıq – unudasan soyadını zalımın,

Şiraz halvası kimi ağzın da şirin dada;

Tökülməyə göz yaşı o mavi gözlərinin,

Beynin qoç buynuzu tək buruq-buruq olsa da.

 

***

 

Nə həsrət, nə sevgi, nə də ki kədər,

nə könül ağrısı, nə də intizar,

sanki tam bir ömrü vermişik hədər,

önümüzdə yalnız yarım saat var.

 

Yəqin ki, görərsən, geriyə dönsən –

arxa küçəmizdə susmur taksilər,

kilsə bağçasında ağaclar isə

xəstə bir uşağa nəğmə deyirlər.

 

                          

O uzaq, o izsiz keçmişimizdən

bir gənc gözətçinin fit səsi gələr,

hardasa ucadan çalınar birdən

köhnə pianoda yersiz pərdələr.

 

Bilməzsən, bir fikir gələr başına:

yaxşı olardı ki, elə bölüb tən

beş qızıl günbəzlə məzar daşına

vəsiyyət edəsən öz ömrünü sən!

 

***

 

Sizə heç vaxt qalxmaz əlim.

Deməyə yox cəsarətim,

söyləməkçün qaranlığa işıq saçan həqiqəti,

bu günaha nə ad verim?!

 

Hər keçən gün daha qəti

qınayıram özümü mən,

və seçirəm məhəbbəti –

sizin dönük üzünüzü gördüyümdən.

 

***

 

Təşəkkür etməyə gecikdik bir az,

hər şeyə – nədən ki, hədiyyə olmaz

sizlərdən birinə, bir gün, kiməsə,

ilk dəfəki kimi yenə gülümsə.

Ötən məhəbbət də qayıdar yenə,

amma əvvəlkitək gülməz üzünə.

 

 

Tanış küçələrdən keçib gedərkən

“əlvida, əlvida”, – söyləyirəm mən,

aynalar titrəşir başımın üstdə,

ucalır uzaqdan gələn bu səs də,

sönür keçidlərdə yanan işıqlar.

Əlvida, ey eşqim, zəng et, xatırla!

Eləcə bir dəfə dön həmin yerə,

qıyıb gözlərini bax bu evlərə:

onların yanından gör neçə ildir

böyük bir izdiham şütüyüb gedir...

 

***

 

Korlar dolaşar gecələr.

Asan olurmuş beləcə

Keçib getmək meydanların o başına,

Yaşamaq əl havasına.

 

Hiss edərək bu dünyanı

əllərilə,

anlamadan nədir kölgə

nədir işıq,

və duyaraq soyuq daşı:

düzəldirlər daşdan divar.

Divarların arxasında kişilər var.

Qadınlar var.

Uşaqlar var.

Bir də pullar.

Ona görə 

bu yıxılmaz divardan

yan ötmək gərək.

 

Daşlar udar musiqini –

Soyuq daşa dəysə, əgər

Və əllərin kilidində

musiqilər ölüb gedər.

 

Yamandır gecələr ölmək.

Toxunub ölümə, ölmək.

Korlara asandır demək –

Meydanlardan keçib getmək.

 

***

 

Zildən yox, əlbəttə, beləcə pəsdən,

əlvida deyirəm hüznlü səslə

bu evə-eşiyə mən həmişəlik.

Nə şəhər kükrəyib ayağa qalxmaz,

nə də bu həzin səs onu oyatmaz.

Allah amanında! Sağ ol, hələlik!

 

Budur bu pilləkan, küçə, qaranlıq...

Şəhər kənarında hava dumanlı,

geniş bataqlıqlar, axşamın mehi

Nə qəmli gözlərə – mənim varlığım –

nə acı sözlərə maneə deyil.

 

Amma hardadır o – görünsə barı.

Çəngə-çəngə otlar... şam ağacları...

Bu yaxın məkanda yoxdur bir adam,

nə sən sevinirsən, nə də mən şadam.

 

Rus dilindən çevirdi: Afaq Şıxlı

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.