Rəqəmsalnamə - Qulu Ağsəs yazır
11 Oktyabr 2023 / 12:01
Qulu Ağsəs
Rəqəmsalnamə
Çağdaş tibbə inansaq, insan təqribən:
6 dəqiqə oksigensiz,
1 həftə susuz,
11 gün yuxusuz,
40 gün ac yaşaya bilər.
1 millət 44 gün ayaqüstə yaşadı – ayaqüstə və yuxusuz; 27 sentyabr səhər saat 6-dan ta 10 noyabr gecəyarısına kimi...
***
Adamsan, Adam Mitskeviç: “Təbiət zəhəri sürünənlərə verib. Güclülərin buna ehtiyacı yoxdur!”
Düşmən səngərləri ilan yuvasına oxşayırdı, onları torpağın altından çıxarıb... təzədən torpağın altına gömdük.
Hər günü zəfər olan müharibə! – bu, ancaq haqq savaşı ola bilərdi.
Kafir üstünə güllədən, mərmidən, PUA-dan tez şığıyan əsgər eşitmişdiniz? O, bizim əsgərdir! Aldığı ilk yüksəklik – Ruh yüksəkliyi oldu!
Atdığı silah ancaq hədəfə dəyirdi:
torpağı yaralamasın deyə,
quşa toxunmasın deyə,
ağacı qırmasın deyə.
Deyə-deyə aldılar Qarabağı: deyə-gülə, deyə-oxuya, deyə-oynaya...
***
Şuşa ətrafında gedən döyüşü rus bloger çəkmişdi, ermənilər üzü Xankəndiyə tərəf qaçırlar, bloger soruşur, niyə gedirsiniz, axı, Azərbaycan ordusu görünmür, terrorçuların komandiri cavabında:
- Onlar hər yerdədir, görünmədən bizi qırırlar, sanki yerin altından çıxırlar, - deyir...
***
Qarabağda təkcə ordumuz döyüşmədi, həm də orda uyuyan şəhidlərimiz silaha sarıldılar:
Silah çəksə elimizə,
Kimsə həddin aşsa əgər,
Şəhidlər o dünyanın da
Altın üstünə çevirər!..
Çevirdilər də: təkcə işğal altındakı torpaqlarımızda uyuyan şəhidlərimiz deyil, onlarla Şəhidlər Xiyabanındakılar da haqq savaşına qatıldılar.
Sizə bir sirr açım:
Şuşaya necə dırmandı igidlərimiz - deyimmi?
Onlara Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şuşalı Ramiz Qəmbərov əlini uzatdı! Qalxın, dedi, neçə ildir sizi gözləyirdik...
***
Ali Baş Komandan 44 gündə hər dildə müsahibə verdi, az qala:
hərbin dilində,
siyasətin dilində,
dünyanın aparıcı dillərində...
Həm də hər dildə dillərini kəsdi bədxahların. Hələ dava vaxtı yazmışdım: düşmənlər də ən dəqiq məlumatı Prezidentimizin Tviter səhifəsindən alırlar...
***
Bir vaxtlar: “Durnası da uçmazdı qürbətə bu diyarın”. 1993-cü ildən sonra Qarabağdan quşlar, vəhşi heyvanlar bir yana, ağaclar, daşlar da perik düşübmüş. Biz qayıdıb nələr gördük orda, nələr?! Prezident “Sanki burdan vəhşi qəbilə keçib” deməkdə nə qədər haqlıdır! Ucsuz-bucaqsız bir xarabalıq! 2020-ci ilin payızında Qarabağın şəklinə bundan “yumşaq” ad qoymaq olmazdı. Zəfərdən 1 il ötüb, vur-tut 1 il. Qarabağın indiki şəklinə baxın:
bərpa,
tikinti,
aeroport,
festivallar,
musiqi,
quş səsləri...
Bu payız durnalar da geri qayıdır – bütün qarabağlılar kimi...
***
44 günlük savaş,
8 noyabr 2020-ci il – Zəfər tariximiz,
4+4= 8,
8 həm də sonsuzluq işarəsidir. Mən elə görürəm...