"Master və Marqarita"nın yazılma tarixi haqqında sirlər...
27 May 2024 / 07:51
“Master və Marqarita”nın yazılma tarixi
M.Bulqakovun arxivindəki sənədlər böyük yazıçının yaradıcılığını öyrənmək baxımından çox maraqlıdır. Bu qiymətli sənədlər içərisində onun məşhur “Master və Marqarita” romanı ilə bağlı materiallar xüsusilə əhəmiyyətlidir.
Bu materiallar aşağıdakı sənədlərdən ibarətdir: 20 dəftər əlyazmaları, iki dəftər roman üçün materiallar, romanın makinada yazılmış üç nüsxəsi (bunlardan ikisini yazıçı yenidən işləyib, həmin qeydlər vərəqlərdə qalır) və 1939-40-cı illərdə xəstə yatdığı vaxt diktəsi ilə yazılmış əlavələr, düzəlişlərdən ibarət bir dəftər.
Bu dəftərlərdən ikisi cırılıb. Bəzi səhifələrin üçdə biri, bəzilərinin isə yarısı yoxdur. Romanın ilk variantını naməlum səbəblərə görə müəllif özü cırıb. O, bu barədə məktublarının birində yazır. “Şəxsən mən özüm, öz əlimlə şeytan haqqında romanın qaralamasını sobaya atdım”. Y.Bulqakovanın xatiratına görə, yazıçı 1930-cu il martın 28-də məktub yazarkən dəftərləri cırıb, bir hissəsini sobaya atıb və qalan hissəsini saxlayıb ki, romanın varlığından bir iz qalsın. Müasirlərin xatırlamasına görə, o dövrdə roman “Caynaqlı məsləhətçi” adlanırdı.
Ancaq bu cırılmış dəftərlərdən roman haqqında ilkin təsəvvürlər yaranır. Roman 15 fəsildən ibarət olub. Birinci fəsil beş variantda yazılıb.
Sənədlərdən məlum olur ki, müəllif 1932-ci ildə Leninqradda romanı təzədən yazmağa başlayıb. Y.Bulqakova ona xatırladıb ki, romanın ilkin variantları Moskvada qalıb, onlarsız yazmaq çətin olacaq. M.Bulqakov ona belə cavab verir: “Hamısı yaxşı yadımdadır”.
Yazıçı 1936-cı ildə romanı yenidən işləməyə başlayır, lakin müəyyən səbəblərə görə roman üzərində iş dayanır.
Nəhayət, M.Bulqakov 1937-ci ildə romanı lap əvvəldən, təzədən yazmağa başlayır. Romanın birinci səhifəsində ilk dəfə olaraq “Master və Marqarita” adı yazılır. O vaxtdan başlayaraq müəllif romandan ayrılmır, ömrünün sonuna qədər üzərində işləyir.
Sonralar Bulqakov yenə roman üzərində düzəlişlər aparır, əlavələr edir. 1939-cu ilin avqustunda o, ağır xəstələnir, gözləri, demək olar ki, görmür. Ancaq heç cürə xəstəxanada yatmağa razı olmur. Onu müayinə edən həkimlərdən birinin arvadına dediyi sözləri: “Mən onun xəstəxanada yatmağına çox israr eləmirəm, onsuz da son günlərini yaşayır” – Bulqakov təsadüfən eşidir, müalicədən əl çəkir və bütün gücünü romana sərf edir.
1940-cı il fevralın 13-ü ağır və zəhmətli işin son günü olur. Y.Bulqakova roman üzərində bu son iş günü barədə yazır: “Mən 1940-cı ildə romanın birinci hissəsini oxuyurdum. O, müəyyən düzəlişlər edirdi. Romanın ikinci hissəsində Berliozun dəfnini təsvir edən sətirləri oxuyanda o, birdən məni dayandırdı: “Yaxşı, daha bəsdir”, – sonrakı günlər romanı təzədən oxumağı xahiş eləmədi.
1940-cı il fevralın 15-də Fadeyev xəstə Bulqakova baş çəkməyə gəlir. Onlar roman haqqında və Bulqakovun İtaliyanın cənubuna müalicəyə getməyi barədə söhbət eləyirlər.
1940-cı il martın 10-da M.Bulqakov vəfat edir. Onun arxivində “Master və Marqarita” romanının səkkiz variantı qalıb.
Hazırladı: Vaqif Bayatlı Odər