Yaşıl dünya naminə - Gülbəniz Bayramova yazır
12 Avqust 2024 / 13:25
|
Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin media tərəfindən işıqlandırılmasının təhlili. |
|
|
Dünya bizim ümumi evimizdir. Məhz elə buna görə də irqindən, yaşayış yerindən, milliyyətindən asılı olmayaraq hər kəs dünyanı qorumalı, onun qayğısına qalmalıdır. Bu gün bəşəriyyətin ən qlobal problemlərindən biri də iqlim dəyişiklikləri və başı bəlalı ekologiyadır. Bütün dünyanı narahat edən ekoloji problemlərdən biri də yaşıl dünyamızın boz çöllərə dönmə qorxusudur. Bu qorxunun aradan qaldırılması uğrunda illər boyu bütün dünya ölkələri mübarizə aparsa da yaşıl dünyamızı itirmə təhlükəsi hələ də qalmaqdadır.
Bu gün dünyada insan ayağının dəydiyi hər yerdə müəyyən dərəcədə ekoloji böhran mövcuddur. Ekoloji böhranın səbəblərinə isə nümunə olaraq günümüzdə çoxalmaqda olan fabrik və zavodlardan havaya buraxılan zəhərli qazları, nəqliyyatı, hərbi əməliyyatlar nəticəsində təbiətə atılan tullantıları, sulara axıdılan zəhərli qarışıqlıqları və s. nümunə göstərmək olar.
Dünyada insana lazım olan bütün təbii nemətlərin sürətlə azaldığı, ölkələrin bitmək bilməyən müharibə ilə alışıb yandığı bir dövrdə insanların yaşıl dünya naminə həmrəy olması bütün bəşəriyyətin gələcəyini xilas edə biləcək ən düzgün seçimdir. Axı dünyamızı yaşadan onun ağciyərləri, bizim qorumalı olduğumuz ağaclardır.
Bütün dünyada olduğu kimi bu problem ölkəmizdə də mövcuddur və başlıca məqsəd yaşıl dünyamıza yenidən qovuşmaqdır. Bu məqsədlə, ölkəmizdə ətraf mühitin təmizlənməsi işləri görülmüş, ağacəkmə aksiyaları həyata keçirilmiş və başlıca mövzu kimi təbiətimizin qorunması hər zaman gündəmdə saxlanılmışdır.
Bu gün COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar qərarın verilməsi Azərbaycana böyük etimadın eləcə də iqlim dəyişmələrinin qarşısının alınması işində Azərbaycana olan böyük güvənin göstəricisidir. Məhz bu səbəbdən prezidentimiz Cənab İlham Əliyev yaşıl dünya naminə həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir.
Cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixində verdiyi bu sərəncam, elə məhz media tərəfindən ictimaiyyətə çatdırılmış, insanları yaşıl dünya naminə həmrəy olmağa səsləmişdilər.
Yaşıl dünya naminə həmrəyliyin media tərəfindən işıqlandırılmasının olduqca əhəmiyyətli rolu vardır. Belə ki, qəzetlərdə, jurnallarda, “Yaşıl dünyamız” başlıqlı məqalələrlə insanlar bu qlobal problemin öhtəsindən birlikdə gəlməyə səslənilir, televiziya xəbərlərində və s. əyani göstərilərək insanlarda ağac əkməyə həvəs oyadılır.
Dəyərli qəzetlərimizdən biri olan “Xalq” qəzetində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar verilən bir məqalədə Ulu Öndərimiz Heydər Əliyevin yaşıllığın, ağacların önəmi haqqında söylədikləri fikirlər yenidən sitat kimi gətirilmişdir:
“Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm,kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə özü-özünə xəyanət edir”.
Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikirlərinin media tərəfindən yenidən işıqlandırılması, insanlara bir ağacın kəsilməsinin nə qədər ciddi bir problem olduğunu göstərir, ağacın, ağac əkmənin çox böyük əhəmiyyətə malik olduğunu çatdırır.
Təbiətimizi qorumaq, yaşıl dünyamıza sahib çıxmaq bizim borcumuzdur. Çünki bu gün yaratdığımız, qayğısına qalıb çoxaltdığımız yaşıllıqlar gələcək nəsillərimizə miras qoyub getdiyimiz sağlam canlardır.
Dünyanı insansız, insanı dünyasız təsəvvür etmək mümkün deyil.Buna görə də biz bizim olanı qorumalı, dəyərini bilməli, bizə bəxş edilən bu gözəlliyi məhv etməməliyik.
Ümummilli lider Heydər Əliyev “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” demişdir. Bu gün onun layiqli davamçısı olan İlham Əliyev yaşıl dünyamızın əsrarəngiz parçası olan, cənnət məkan, yaşıllıqlar diyarı Qarabağı qara nəfslərdən azad edib, yenidən çiçəkləndirməklə ata vəsiyyətini yerinə yetirdi.
Bu gün Respublikamızın bütün rayon və şəhərlərində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq, ağacəkmə aksiyaları keçirilir və hər gün görülən işlər media tərəfindən insanlara çatdırılır. “Hərəyə bir ağac əkək” şüarları ilə media qurumları insanlarda ağac əkməyə ruh yüksəkliyi yaradır, onları ağac əkməyə sövq edirlər.
Ölkəmizdə yalnız bu il deyil, hər zaman yaşıllığın qeydinə qalınmış, ekologiyamızın çirkləndirilməsinin qarşısı alınmışdır.
Buna misal olaraq Prezident İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsini göstərmək olar.
Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifə düşür. Bu işin öhdəsindən bacarıqla gəlmək üçün isə jurnalistin özünün ekoloji aləmdə baş verən hadisələri bilməsi, yeniliklərlə maraqlanması olduqca vacibdir və əhəmiyyətlidir.
Bu gün yaşıl dünya naminə ölkəmizdə keçirilən aksiyalar, konfranslar, tədbirlər, çıxışlar bir sözlə yaşıllığımız uğrunda görülən bütün işlər məhz elə media tərəfindən uğurla işıqlandırılır.
Bu gün qəzetlərdə, radiolarda, televiziyalarda, sosial medialarda bir sözlə bütün kütləvi informasiya vasitələrində insanları yaşıl dünya naminə həmrəy olmağa səsləniş, yaşıl dünyamızı birgə qorumağa çağırış var.
Əgər bu gün vətəndaşlarımızın hər birinin COP29- dan xəbəri varsa, yaşıllıqlar olmadan dünyamızın gələcəkdə necə görünəcəyini təsəvvür edə bilirlərsə və ağacəkmə aksiyalarının, görülən bütün bu tədbirlərin mahiyyətini tam dərk edə bilirlərsə bu birbaşa dayanmadan çalışan medianın uğurudur.
Media birbaşa cəmiyyətlə sıx bağlı olduğundan, onun ictimaiyyətə təsiri daha güclüdür. Ona görə də bunun nəticəsidir ki, Qarabağda və ümumən bütün Azərbaycanda gedən çiçəkləndirmə, yaşıllıqların çoxaldılması işlərinin media tərəfindən insanlara çatdırılması onlarda ağac əkməyə həvəs, bu xeyirli işə vəsilə olmaqda istək oyatmışdır.
Media işçiləri, jurnalistlər yaşıl dünya naminə həmrəy olmaqla ictimaiyyətə bir nümunə olmağa çalışırlar. Bu istiqamətdə çalışan media nümayəndələrinin ən böyük uğurlarından biri də Heydər Əliyev Fondunun uğurlu layihəsi olan “Hərəyə bir ağac əkək” adlı aksiyada böyük həvəslə iştirak etmələri olmuşdur.
Cəmiyyətin güzgüsü rolunu oynayan jurnalistlər, bu nümunəvi addımları ilə bir daha insanlara ağac əkmənin, sağlam gələcəyin vacibliyini sadəcə yazaraq, çəkərək yox, əyani olaraq, insanlıq adına bu vacib addımı ataraq göstərmiş oldular.
Peşəsindən asılı olmayaraq istər jurnalist, istər həkim, istərsə də müəllim hər bir kəs bəşəriyyətimizin xilası yolunda həmrəy olmalı, yaşıl dünyamızın yaşaması uğrunda mübarizə aparmalıdır.
Bu gün əkilən hər bir ağac, sabah sağlam nəfəs ala biləcək bir candır.
Gəlin gələcək nəsillərə yaşana bilən bir dünya miras qoymaq uğrunda həmrəy olaq.
TƏLƏBƏ: Bayramova Gülbəniz
FAKÜLTƏ: Sosial elmlər
İXTİSAS: Jurnalistika
QRUP: AJ-101
KURS: 1