General Polad Həşimovun xanımı:"Bizim birləşməyimizi Tanrı istəmişdi..."
18 Sentyabr 2024 / 11:11
General Polad Həşimovun xanımı: "Bizim birləşməyimizi Tanrı istəmişdi..."
Ödənməyəcək bir borcumuz var onlara. Təkcə doğum, anım günlərində, adları ilə bağlı hansısa tədbirlərdə onları xatırlamaq hər şey demək deyil. Çünki onların adı, xasiyyəti, taleyi müxtəlif olsa da, bir amal uğrunda eyni zirvəyə çata bildilər. Özlərinin isə bir adı var - ŞƏHİD.
Haqlarında yazmaq çox çətindir. Şəhid adından geridə qalanların gözünə dik baxmaq olmur. Bu, şəxsi düşüncəmdir və onlarla qarşılaşdığım zaman yaşadığım hisslərdir. Amma o da var ki, borclarından çıxmağa gücümüz yetməsə də, ən azından bu ad uğruna bacara bildiyimiz nə varsa, onu etməyimiz mütləqdir.
Şəhid ailəsilə bağlı istənilən xəbər sürətlə yayılır. Bütün mətbu orqanları, sosial şəbəkələr həmin hadisənin içində olmağa çalışır, informasiyanı bacardığı qədər işıqlandırır. Bu da təbiidir. Onların ən kiçik uğuru, sevinci belə, diqqətdən yayına bilməz. Son günlər adını qürurla andığımız Vətən oğlu şəhid general-mayor Polad Həşimovun oğlunun ali məktəbə qəbulu gündəmdən düşməyən bir xəbər oldu. Artıq məlumdur ki, Davud Həşimov 4 ölkənin 7 nüfuzlu universitetlərindən qəbul alıb. O, ABŞ-nin Purdue Universitetini seçib və kompüter mühəndisliyi ixtisasına yiyələnəcək ki, bu da generalın arzusu olub. Jurnalist kimi təbii ki, əlaqə yaradıb bir müsahibə haqqımdan istifadə etmək istədim. Eyni zamanda onu da istədim ki, yazı təkrar və yeknəsəqlikdən uzaq olsun. Düşündüm ki, tələbə Davud demək istədiklərini artıq bizlərə çatdıra bilib. Öz növbəmdə gəncin bu uğurundan istifadə edərək, söhbətimi üzərində böyük məsuliyyət daşıyan ana ilə qurmaq fikrimi gerçəkləşdirməyi qərarlaşdırdım. Və beləliklə, bu şənbə qonağımız şəhid general-mayor Polad Həşimovun xanımı, Bakı şəhəri üzrə Təhsil İdarəsində ümumi təhsilin təşkili şöbəsinin məsləhətçisi Ofelya Salmanova oldu.
"Çalışıram ki, yaxşı olum..."
- Səsinizdən hiss olunur ki, yaxşısınız...
- Şükür, yaxşıyam. Bilirsiniz ki, bu günlərdə övladımın xoş xəbərini eşitmişəm və ailə olaraq daha da yaxşıyıq. Ümumiyyətlə, mən həyatın gözünə dik baxan insanam. Yəni nə qədər çətinliklər və problemlər olsa da, həmişə mübariz olmağı sevən qadınam. Düşünürəm ki, hər nə yaşansa da, hər şeyin öhdəsindən gəlmək olar. Məndən "Necəsiniz" soruşanda bunu ötəri bir sual kimi qəbul etmirəm. Bu sualın arxasında əslində bir həyat dayanır. Çalışıram ki, yaxşı olum, çünki bu, həm həyat yoldaşımın adını yaşatmağım, həm özüm, həm də övladlarım üçün lazımdır.
- Onda elə övladlarla da söhbətimizə başlayaq. Generalın üç əmanəti - Aybəniz, Davud, Teymur...
- Polad Həşimov fərqli insan idi - hərbçi kimi mökəm, sərt, iradəli olsa da, ailədə özünü bir ailə başçısı, bir ata kimi hərtərəfli şəkildə göstərə bilirdi. Uşaqlara qarşı onun hansısa bir qadağasını görmədik, səsini qaldırmasını eşitmədik. Uşaqların hansısa bir dəcəlliyini görəndə onları özünəməxsus üsullarla cəzalandırardı. Bir kitab verib deyərdi ki, bu, 3 günə oxunmalıdır. Oğlanlara "pres" çəkdirərdi, "jim" elətdirədi. Evdə böyük idman döşəkləri hazırlatmışdı və lazım gəldikdə cəza hərəkətlərində onlardan yararlanırdı... O döşəklərdən uşaqlar xoş xatirə kimi indi də istifadə edirlər.
- Ata yolunu davam etmək istəyi...
- Düzü, nə atalarının, nə də özlərinin belə bir istəyi olub. Ümumiyyətlə, ailədə uşaqların peşə seçiminə biz tərəfdən təzyiq heç vaxt göstərilməyıb. Yalnız onların daxilində olan istəyi hiss edərək istiqamət vermişik. Aybəniz tibb sahəsini seçdi. Hələ uşaq yaşlarından onda həkim olmaq həvəsini hiss edirdik. Gəlinciklərini həmişə müayinə edər, iynə vurar, onlarla bir həkim kimi davranardı. Ailədə iki xalası həkim olduğundan bu sahə onu çox maraqlandırırdı. Görəndə ki, Aybənizin tibb sahəsinə meyli çoxdur və bu peşə üzrə inkişaf edə bilər, atası ona həkim olmağı məsləhət görmüşdü. Qızı da həm atasının arzusunu, həm də öz xəyallarını gerçəkləşdirib Tibb Universitetinə daxil oldu. Davud da kiçik yaşlarından kompüterlərə çox maraq göstərirdi. Ona da atası dəstək oldu ki, bu sahəyə getsə, uğur qazana bilər. Sonbeşiyimiz Teymur 10-cu sinfə keçib, yenə də seçim onun özünün olacaq. Amma mən bir nüansı vurğulamaq istərdim. Mən övladlarımın danışığından, fikirlərindən hiss edirəm ki, onların içində böyük Vətən sevgisi var. Vətərpərvərlik üçün hərbçi olmaq şərt deyil. Hansı sahədə olursa olsun, hər kəs Vətənə məhəbbəti özlüyündə bir cür yaşatmalıdır. Hərə Vətənin bir parçasıdır, cəmiyyətdə hansı mövqeyin sahibi olmağın heç bir əhəmiyyəti yoxdur. Bu Vətənə xidmət etməyə hamı borcludur. Hər ikisinin hərbi xidmətə getməyə yaman tələsdiyini görürəm. Amma Vətənə borc bununla bitmir axı...
"Mən tələbə idim, Polad Murovda xidmət edirdi"
- İndi də Ofelya Salmanova bir az özündən danışsın...
- Qəbələnin Vəndam qəsəbəsində böyük hörmət sahibi olan, çoxuşaqlı ziyalı bir ailənin qızıyam, səkkiz qızdan, bir oğlandan ibarət ailədə uşaqların hamısı alitəhsillidir. Özüm BDU-nun Mexanika-riyaziyyat fakültəsini həm bakalavr, həm magistr səviyyələri üzrə fərqlənmə ilə bitirmişəm. Elm sahəsində karyeramı davam etdirmək kimi bir istəyim vardı. Gənc tələbə kimi universitetdə hörmət qazana bilmişdim və müəllimlərim də məni irəliyə aparmaq uğrunda çalışırdılar. Lakin tale elə gətirdi ki, mən ailə həyatı qurmalı oldum.
- Karyera qurmaq arzularınıza rəğmən...
- Bəli, bütün arzularımı bir kənara qoydum, çünki ailə və onun dəyərləri mənim üçün hər şeydən üstün idi. Böyüdüyüm ailədə belə görmüşdüm. Ümumiyyətlə, insanın gözəl ailədə yetişməsi, yaxşı valideynlərə sahib olması həyatda böyük qazancdır. Söykəndiyin köklərin daha dərin, böyük dəyərlərə sahib olduğunu yaşa dolduqca anlamağa başlayırsan. Mən məhz belə ailədə böyümüşdüm. Ailəmiz Vəndamda adı hörmətlə çəkilən ailələrdən idi. Atam riyaziyyat müəllimi idi, yəqin elə ondandır ki, qızlardan beşimiz bu ixtisası seçmişik. Bunları ona görə vurğuladım ki, ailə dəyərlərinin, ailə bağlarının mənim üçün nə qədər dəyərli olduğunun kökünü anlada bilim.
- Hə, deməli ki, generalla həm də yerlisiniz...
- Elədir, lakin onların ailəsi Polad hələ körpə ikən Sumqayıta köçmüşdü. Burada boya-başa çatan mən olmuşam. Vəndam həmişə ziyalıları ilə tanınıb. Tələbə olarkən mənim Vəndamdan olduğumu biləndə həmişə deyərdilər ki, hə, ora alimlər kəndidir. İndi onların sırasında Polad Həşimovun da adı çəkilir.
- Söhbətimizin əvvəlində vurğuladınız ki, mübariz olmağı sevən bir qadınam. Bundan cəsarətlənib birlikdə ömür kitabınızı azacıq vərəqləmək istərdim. Başlayaq tanışlığınızdan...
- Polad Həşimovgillə uzaq qohumluq əlaqələrimiz olub. Valideynlərim bu qohumluqdan məlumatlı olsa da, nəsillər keçdikcə bu əlaqələr elə uzaqlıqda da qalıb. Bizim onunla qarşılaşa biləcək bir fürsətimiz olmayıb. Mən magistratura tələbəsi idim. Özü də elə bir tələbə ki, günü kitabxalarda, oxu zallarında keçirdi. Polad isə o zaman Murovda xidmət edirdi, ayda bir dəfə ordan enə bilirdi. Yəni bizim qarşılaşmaq, bir-birini tanımaq kimi bir şansımız olmayıb. Lakin o, məni bir dəfə Vəndamda toyda görübmüş, bunu da sonra bildim.
- Amma qarşılaşdınız və sonunda bir isti yuva da qurdunuz...
- "Qurani-Kərim"in hansısa bir ayəsində belə deyim var: "Onlar bir-birini axtarıb tapacaqlar". Allah iki insanı qovuşdurmaq istəyəndə, hansısa bir şəkildə onları qarşı-qarşıya gətirir. Poladı ev-eşik sahibi etmək istəyən valideynlər soraqlaşanda qohumlar bizim ailəni nişan verir. Və bizim ilk görüşümüzdə Polad toyda gördüyü həmin qız olduğumu bilib. Mən hər şeyə diqqətlə yanaşan biriyəm. Bu hadisəni biləndən sonra onun içində də bir reallıq axtardım. Bizim birləşməyimizi Tanrı istəmişdi, bir zaman məni ona göstərmişdi və sonunda yollarımızı çarpazlaşdırdı.
"Yavaş-yavaş dərk etməyə başladım ki, həyat yoldaşım kimdir"
- Onu da bildiniz ki, Polad Həşimov hərbçidir...
- Bilirsiniz, o zaman mənim hərbçi sənəti haqqında azacıq da olsa məlumatım yox idi, çünki nə qohumlarda, nə tanıdığım ətrafımızda hərbçi olub. Biz ailə qurandan sonra belə, mən onun işinin nədən ibarət olduğunu bilmirdim. Düzdür, hələ nişanlı vaxtımızda mənə işinin şəhərdə olmadığını, həftədə bir dəfə evə gəlmək imkanı olduğunu demişdi. Bununla belə, hələ də dərk edə bilmirdim ki, bu nə deməkdir və qarşıda məni nə gözləyir. Onu da demişdi ki, işləyə bilməyəcəksən. İşləsən belə, çətinliklərin çox olacaq, çünki işimlə əlaqədar tez-tez yerdəyişmələrim gözlənilir. Əgər hər şeyi arxada qoymağa hazırsansa, mən harda, sən də orda olmalısan. Lakin bununla belə, karyeranı qurmaq fikrindəsənsə, qarşını kəsə bilmərəm. Sən şəhərdə qalarsan, mənim də ayda bir dəfə gəlmək kimi bir imkanım olacaq. Birmənalı şəkildə onun ikinci fikrini qəbul etmədim, çünki ailə mənim üçün ən başda dayanan dəyər idi. Düşünürəm ki, işi, karyeranı həmişə qurmaq olar, lakin ailə bağlarının düzgün bünövrəsi ailə həyatının möhkəm təməli deməkdir.
- Sizi gözləyəcək çətinlikləri bilmədən uzanan əldən möhkəm yapışdınız...
- Əlbəttə ki... Evliliyimizin ilk həftəsini Sumqayıtda yaşadıq və sonra getdik Göygölə. Orada da bir həftəlik məzuniyyətdən sonra Polad qalxdı Murova. Həftədə bir dəfə oradan endiyini görəndən sonra yavaş-yavaş dərk etməyə başladım ki, həyat yoldaşım kimdir və qarşıda məni nələr gözləyir. Başlanğıcda əlbəttə ki, çətin idi, darıxırdım. Lakin insan elə bir varlıqdır ki, onda alışqanlıq kimi bir xüsusiyyət var. Mən də alışmağa başladım, uşaqlar olandan sonra vaxtım daha çox onlarla keçirdi. Və əvvəldə gördüyüm çətinlikləri oz gözəllikləri ilə qəbul etməyə başladım. Həftədə bir dəfə yolunu gözlədik, həmişə onu sevə-sevə qarşıladıq, çünki artıq bir hərbçi ailəsi idik. Bilirsiniz, həyata real baxdığım üçün mən hər şeyin içində bir rahatlıq axtaran insanam. Yəni bu qədəri yaşamalıyamsa, o zaman üsyan etməyin mənası yoxdur, o çətinliyin içində bir hüzur tapmağa çalışmaq lazımdır. Lakin Polad Həşimovun təyinatı Tovuza veriləndən sonra çətin, gərgin iş sonunda o, artıq hər gün evə gəlirdi.
- Ofelya Salmanovanın tanıdığı Polad Həşimov...
- Mənə bəzən sual verirlər ki, yadınızda qalan ən xoş xatirə... Hər an insanın yadında qalır və hər an da dəyərlidir. Adi bir misal çəkim. Səhər oyanır, yeməyini verib xeyir-dua ilə yola salırsan. Bu, gündəlik yaşanan bir haldır. Lakin həmin insanı itirəndən sonra düşünürsən ki, nə gözəl xatirələrdir... Polad Həşimov xaricən çox sərt görünə bilərdi, çünki hərbçi idi, məxfilik, ciddiyyət vardı. Yerişi, duruşu, qaməti çox şax, əzəmətli idi. Kənardan qaşqabaqlı görünə bilərdi, lakin daxilən o qədər təmiz, mənəviyyatı yüksək insan idi ki... Bir də sirli insan idi, özünü bütövlükdə açmazdı. Onun daxili aləminə girmək çox çətin idi, yəni nə düşünə bilər, hansı qərara gələ bilər, fikirləri nədir. Bunu özünə də deyirdim. Polad Həşimov çox az danışan insan olub. Yalnız baxışları ilə fikrini bildirə bilirdi. Bir problem olanda ona deyərdim ki, özüm sənin baxışından tutacam görüm fikrin nədir. Bu sözümə həmişə gülərdi. Axı, razı və ya narazı olduğunu demirdi, mən də bunu onun baxışlarından müəyyən edərdim. O xarakteri tutmaq o qədər çətin idi ki... Əvvəllər onun bu xasiyyətindən əziyyət çəksəm də, sonralar anladım ki, Polad Həşimovun böyüklüyü elə bundadır. Az danışmaqla, diqqəti özünə qarşı artırardı. Orasını da deyim ki, çox zarafatcıl idi. Lakin bu zarafatların özü də çox iti idi, içində mütləq bir məna tapmaq olardı. İstəmirəm düşünəsiniz ki, həyat yoldaşım olduğu üçün bu qədər fərqli danışıram. İnanın ki, həyatda olmasa da, mən getdikcə daha çox tanımağa başlamışam o insanı. Əminliklə deyə bilərəm ki, Polad Həşimov qeyri-adi insan idi. Bunu da yalnız Allah bəxş edə bilər bir insana.
"Bir dəfə də olsun Poladın səsini qaldırdığını eşitmədik"
- Sərtlik, ciddilik hərbçilərin xarakterik xüsusiyyətləridir. Amma onların bir ailə həyatı da var axı...
- Nə mən, nə də uşaqlar bir dəfə də olsun onun səsini qaldırdığını eşitmədik. Bir-iki dəfə işlə əlaqədar telefonda danışanda bir balaca səsini qaldıranda, biz həm narahat olmuşduq, həm də təəccüblənmişdik ki, Poladın səsi qalxdı. Sərtliyi heç zaman evə gətirməyib. Ona görə həmişə vurğulayıram ki, Polad Həşimov qeyri-adi insan olub. Gərgin iş rejimi olan, məsul bir hərbçi, möhkəm iradəli və səmimi, mehriban bir ailə başçısı, yəni bu xüsusiyyəti özündə yerbəyer etməyi bacarmışdı. Onun işi elə idi, çox gərgin və qəzəbli ola bilirdi. Belə hallarda o, yalnız susardı. Elə ona görə də bir ata kimi övladlarının xatirində həm çox qətiyyətli, həm möhkəm xarakterli, həm də hədsiz mülayim insan kimi qalıb.
- Biz elə hərbçi deyib durmuşuq, lakin onların da nəyisə bölüşməyə, dərd-dil etməyə ehtiyac duyan vaxtları olmamış deyil...
- Hərbçilər çox sirlidir, yəni işin tələbi budur. Ölkə müharibə şəraitindədir və xüsusən də Polad Həşimovdan söhbət gedir, çünki işin tələbindən başqa, bu, onun xarakterinə tamam zidd idi. İşin dərinliklərini mən heç zaman bilə bilməzdim, lakin elə məqamlar olub ki, o, mənimlə bölüşüb. Zamanla mən onun dediyi fikirlərin yerinə oturduğunu gördüm və görürəm də. Onun hər dediyi söz yalnız mənim içimdə də qalacaq.
- 17 il sürən bir ailə həyatının rahatlığından danışaq...
- 14 il biz cəbhə bölgəsində yaşamışıq, ona görə də fiziki tərəfdən çətinliklər çox olub. Ucqar kənddə yaşamaq, Poladın gərgin və çətin işi, həftədə bir dəfə ailəsinin yanına gəlmək. Xüsusən qışda təbiətin sərt, soyuq üzü və belə olan şəraitdə çətinliklər çox olurdu. Düzdür, bir qadın olaraq o zamanlarda fiziki çətinliklərim çox olub, amma indi deyirəm ki, o həyatı tərəddüd etmədən, sevə-sevə bir də yaşayaram. Bir kiçik hadisə danışım sizə. Məlumdur ki, kənd yerlərində qış aylarında ev yalnız odun sobası ilə qızır, o ki ola ucqar yerlər. Hər axşam gəlib odun doğrayıb eyvana yığardı ki, o biri gün üçün məətəl qalmayaq. Artıq axşamdır, odun qutarıb, ev soyuq, Poladdan isə xəbər yoxdur. Artıq gördüm ki, gözləmək mümkün deyil, özüm çıxıb odunları doğradım, səliqə ilə hamısını eyvana yığdım. Gecə saat 12-ni keçəndən sonra gəldi. Evə keçmədən buşlatını çıxarıb dedi ki, baltanı gətir tez odun doğrayım. Deyəndə ki, odunları doğramışam, eyvana qalxdı və səliqə ilə yığılan doğranmış odun qalağını görəndə özünə məxsus mülayim bir təbəssümlə üzümə baxdı. Anladım ki, hərəkətimdən çox razı qalıb. Yəni çox yorğun idi, üşümüşdü. Belə çətinliklər çox olub. Lakin axşamlar onun evə gəlməyi, küçənin başından maşının səsini eşidib qaçaraq uşaqların qapıda onu gözləməyi o qədər böyük xoşbəxtçilik idi ki... Sanki illərdir onu yolunu gözləmişdik. Bütün bu şirin anlar bütün çətinliklərin, yorğunluğun üstünü örtə bilirdi. Təbii ki, ikinci şans deyə bir şey yoxdur. Lakin Poladla daha bir həyat yaşamaq fürsəti olsaydı, düşünmədən bunları yenidən yaşayardım.
"Xoşbəxt qadınam ki, sevdiyi işində ona əngəl olmadım"
- Kaş Polad hərbçi olmazdı düşüncəsi...
- Heç vaxt belə bir düşüncəm olmadı. Yenə deyirəm, mən həyatın gözünə dik baxan insanam. Nə yaşayırıqsa, bu, bizim qədərimizdir. Həyata nəyisə dəyişmək üçün gəlmirik. Bəlkə də o zaman mən təkid edə bilərdim ki, hərbdən uzaqlaş, yığışaq Bakıya və rahat bir həyat yaşayaq. Amma mən bunu heç zaman etmədim. Gənc vaxtlarım idi, işləmək, təhsil sahəsilə bağlı arzularımı gerçəkləşdirmək istəyi haqqım idi. Mən Polad Həşimovun əziyyətinin, mücadiləsininin şahidi idim axı. Torpaqların işğalda olması onun qüruruna çox toxunurdu. Düşmənin o torpaqlarda at oynatması ilə heç cürə barışa bilmirdi ki, onlara görə mənim millətim qaçqın-köçkün həyatı yaşayır. Əmin idim ki, o, hər çətinliyin altına girəcək, təki torpaqlar alınsın. İndi özünüz deyin, bu qədər mübarizənin, zəhmətin qarşısında mən ona deyə bilərdimmi ki, niyə hərbçi oldun? Bu, Polada qarşı haqsızlıq olardı. Əksinə, mən hər zaman ona dəstək oldum bu illərdə. Ona görə ki, mən onun işinin çətinliyini bilmədən daxilindəki Poladı seçmişdim. Və xoşbəxt qadınam ki, sevdiyi işində ona əngəl olmadım. Polad Həşimov ön cəbhədə idi. Mən isə evdə onun arxa cəbhəsi olub ailəsini qorudum. Bir kişi üçün onun ailəsində hər şeyin sabit olması çox önəmlidir. Xüsusilə hərbçilər üçün. Bizlər o işin dərinliyini bilmirik və gərgin, təhlükəli, yorğun bir günün sonunda onlar evə gəlib xoş, isti münasibət görəndə, inanın ki, hər şeyi unudurlar. Gecənin istənilən saatında belə, evə gələndə uşaqlar yerlərindən qalxıb atalarına sarılanda onun üzündəki yorğunluq qarışıq xoşbəxtliyi Polad üçün heç nə əvəz edə bilməzdi. Bu, ona ən böyük dəstək idi.
- Xarakterinə uyğun başqa bir sahə...
- İnanın, xarakterinə görə hər bir sahədə uğur qazana bilən bir insan idi, çünki bacarıq imkanları çox geniş olub. Polad Həşimov böyük təmkin sahibi idi, qətiyyətli, möhkəm idi və onu asanlıqla özündən çıxarmaq mümkün deyildi. Əlindən gəlməyən iş yox idi. Əgər evdə bir məişət əşyası xarab olardısa, onu ustaya verməyə ehtiyac qalmırdı. İşinin darlığına baxmayaraq, özü onu təmir edib mənə təhvil verərdi. Yüksək savadı vardı, mütaliəni çox sevirdi. Oxuduğu ədəbiyyat müxtəlif sahələri əhatə edirdi. Riyaziyyatı, məntiqi çox güclü bilirdi. Şəhadətindən az bir müddət əvvəl məntiq kitabları almışdı, uşaqlarla bərabər onların üzərində işləyərdi. Bu baxımdan düşünürəm ki, Polad Həşimov bütün sahələrdə özünü tapa bilərdi. Lakin yeniyetmə yaşında seçdiyi hərbçilik onun alın yazısı imiş. Bununla belə, istənilən mövzuda onunla söhbət etmək olardı və o, rahatlıqla ən doğru qərarı verə bilərdi.
- Hərbçi xanımlarının daxilində bir həyəcan həmişə olub, çünki onlar müharibə şəraiti olan bir ölkədə Vətənə xidmət ediblər...
- Düzü, Poladın özünə görə o qədər həyəcan keçirmirdim. Niyə? O postlara gedən yollardan danışardı. Deyərdi ki, elə təhlükəli yollarla əsgərlər qalxırlar ki, cüzi bir ayaq sürüşməsi faciə ola bilər. O yerləri gözümlə görmək istədiyimi ona desəm də, bilirdim ki, heç zaman buna icazə verməz. Lakin Polad Həşimovun şəhadətinin ildönümündə mən o yerə qalxdım. Onda gördüm ki, bizim hərbçilərimiz, əsgərlərimiz hansı çətinliklər içində bu Vətəni, bizləri qoruyur. Polad Həşimovun möhkəm xarakteri bizə o qədər rahatlıq verirdi ki, heç zaman onun şəhid ola biləcəyini düşünmədim. Təbii ki, ondan bir qədər gec xəbər alanda narahat olsam da, ağlıma belə gəlməyib ki, Polada nəsə ola bilər. Mümkün olan bütün məqamları düşünmüşəm, bir tək şəhidlikdən savayı. Polad Həşimov öz möhkəmliyilə hamımızda belə bir inam yarada bilmişdi ki, ona heç nə ola bilməz, çünki hər çətinlikdən, ağır şəraitdən dimdik çıxan insan idi. Elə buna görə də hamının içində bir güvən, rahatlıq yarada bilmişdi. Sualda hərbçi xanımlar ifadəsini vurğuladınız. Bilirsiniz, nə qədər çətindir o həyat? Biz onları yola salandan sonra gözdən itənə qədər arxınca baxmışıq. Elə o pəncərələrin qabağında günlərlə yollarını gözləmişik. Bu anı yaşamayan bir hərbçi xanımı yoxdur, çünki onların hansı yola getdiyini, orada nələrlə üzləşdiyini tək biz bilmişik. Bütün bunların içində onların dik duruşu bizdə inam yarada bilmişdi.
"Övladlarımızı onun arzuladığı kimi yetişdirməyə çalışıram"
- 14 iyul 2020-ci il...
- Acı xəbər gözləmirdim, çünki Aprel döyüşlərində Polad Həşimov haqqında məlumat yayıldı ki, o, yaralanıb və 4 gün ondan bir xəbər ala bilməmişdik. Həmin ərəfədə Bərdədə yaşayırdıq və hər an hadisələrin içində olmuşuq. Dayanmadan yaralılar daşınır, mərmilərin gurultusu evləri silkələyir, Poladdan bir xəbər yoxdur. Bununla belə, yenə də son məqamı düşünməmişdim. Tovuz hadisələrində Qəbələdə idik, pandemiya dövrü, yollar bağlı idi. Açılan kimi təqribən 10 gün olardı ki, Polad bizi Qəbələyə yola salmışdı. Əslində özü də gəlməli idi, lakin qərarını dəyişdi, dedi ki, bir neçə gündən sonra mən də gələcəyəm. İyulun 14-ü səhər gördüm ki, bizə yaxın qohumlar gəlməyə başladı. Hətta təəcübləndim ki, bu saatda niyə gələn olsun ki... Bildirdilər ki, Polad haqqında belə bir xəbər yayılıb. Uşaqlarla sosial şəbəkəyə daxil olduq, bir məlumat tapa bilmədik. Lakin eyni zamanda qohumların üzündəki narahatlığı da hiss edirik. Hətta onlara deyirik ki, Aprel döyüşlərində də belə bir xəbər yayılmışdı, amma yanlış oldu. Lakin az keçməmiş qapı açıldı və insanlar yavaş-yavaş gəlməyə başladılar. Yalnız o zaman anladım ki, xəbər doğrudur.
- Generalsız ötən bu 4 il...
- Hər gün nələrisə eşidir, nələrisə öyrənirik. Xoşbəxt insan odur ki, yaşa dolduqca da, öyrənə bildikləri var. İnsan yaşadıqlarından dərs götürməlidir. Mənim xoşbəxt uşaqlığım, gəncliyim, ailə həyatım olub. İndi bir şəhid, Milli Qəhrəman xanımıyam. Onun üç övladını böyüdürəm. Üzərimdə məsuliyyətlərim çoxdur. Biz şəhid xanımları öz həyatımızı bir kənara qoymuşuq. İndi ən əvvəl şəhid yoldaşımın həyatını yaşayıram, çünki mən bilirəm ki, onun arzuları nə idi, nələri istəyirdi. Artıq o arzuları yerinə yetirməliyəm və tək oduğum üçün çox əziyyət çəkirəm. Bütün bunları Poladla etmək daha rahat idi. Övladları ilə bağlı istəyini həyata keçirməliyəm. Və üzərimizdə də Polad Həşimovun ailəsi deyə bir ad var. Bunu qoruyub saxlamaq bizim üçün heç də çətin deyil, çünki sağlığında necə idisə, indi də o istiqamətdə davam edirik. Tanıyanlar bilir ki, Polad Həşimov adı altında kölgələnmədik. Yəni bu ad var deyə, həmişə hörmət görəcəyik kimi bir düşüncə ilə yaşamadıq. Mən çalışmağa başladım, övladlarım təhsillərilə daha ciddi məşğul olmağa səy göstərdilər, nələrəsə nail olmağı bacardılar. Həyat mənə mübariz, qətiyyətli, daha çox səbirli olmağı öyrətdi. Özümü dərk edəndən Allaha bağlı biri olmuşam. İndi ona daha çox sığınıb, şükür etməyi öyrəndim bu illərdə. Bir də qədər adlı anlayışı başa düşdüm. Əgər həyat yoldaşım şəhid olmasaydı, mən qədərin nə olduğunu bilməzdim. Yəni yaşanmalı olandan qaçmaq mümkün deyil və onunla razılaşmağımız lazımdır. Mənim üçün əsas olan Polad Həşimovun adını qorumaqdır. Mən heç vaxt imkan vermədim ki, öz adım həyat yoldaşımın adının önünə keçsin. Müsahibələr, çəkilişlər üçün o qədər müraciət edən var ki... Mənim üçün əsas onun adının yaşanması önəmlidir. Və bir də Polad Həşimovun əmanəti olan övladlarımızı onun arzuladığı kimi yetişdirməyə çalışıram.
- Dediniz ki, Polad Həşimovun şəhid olduğu yerə qalxmısınız...
- 2021-ci ildə iyulun 14-də onun ildönümündə biz oranı ziyarət etdik. Çoxları mənə bunu məsləhət görmədi. Təbii ki, özüm də həyəcanlı idim ki, birdən orada hisslərimi cilovlaya bilmərəm. Lakin mən inadımdan dönmədim. O təpəyə gedən yolda o qədər çətinliklər vardı ki, Poladın dediklərini bir-bir xatırlayırdım. Bir də onu müşahidə etdim ki, o yolu gedərkən mənim gözümdən bir damla da yaş gəlmədi. İçimdəki qürur, məğrurluq buna imkan vermədi. Həm də mən şəhidimlə olan görüş nöqtəmə gedirdim. Onu cismən görməsəm də, bütün ruhumla hiss etdim. Yalnız postdan enib geri qayıdanda biixtiyar gözlərimdən yaş axdı. Yəqin ona görə ki, görüş nöqtəmizdən uzaqlaşırdım. Düzdü, çox çətin, təhlükəli bir yer olsa da, mən istəyərdim ki, o zirvə insanların gedib görə biləcəyi bir yer qədər əlçatan olsun.
SÖZARDI: Ofelya xanımla üzbəsurət söhbətləşmək imkanımız olmadı. Bizi ayıran məsafəni generalın çöhrəsində isti bir təbəssüm olan məlum fotosuna baxaraq qət elədim. Və mənə elə gəldi ki, bu təbəssüm müsahibimdən daha bir razılığın nişanəsi idi.
Tamilla M-zadə
525.az