Sənət və ədəbiyyat dərgisi

Kimlər gəldi, kimlər getdi - REPORTAJ 

18 Aprel 2024 / 14:13

Türkan TURAN

 

Kimlər gəldi kimlər getdi...
 

Heç baxmaqla görmək də eyni olar? Baxmaq başqadır, görmək başqa... Məsələn, baxmaq görməyi, görmək hiss etməyi, hiss etmək anlamağı tələb edir. Hal belə olunca, əksəriyyət qısa yoldan getməklə kifayətlənir, yəni baxır və keçir. Çünki həyat o qədər sürətli axır ki, kimsənin dayanıb düşüncə tələb edən məqamları fikirləşməyə həvəsi və marağı qalmır. Əslində yaxınlarda bu cümləni birəbir yaşadım. İllərdir dəfələrlə önündən keçdiyim, baxdığım, amma görmədiyim, varlığından xəbərim olan, ilk fürsətdə getməyi planladığım, həftələri ertələyə-ertələyə iki il sonraya, yəni ötən həftəyə gətirib çatdırdığım, qarşısında dayananda "burnumun dibində imiş, amma xəbərim yoxmuş" dediyim bir yerə getdim. Addımımı içəri atar-atmaz heyranlıq içində donub qaldım. Bir az da özümü qınadım, "axı, buranı necə görməmişəm" deyə.

Halbuki eyni küçədə getmədiyim qalereya, muzey, tarixi abidə qalmayıb. Bura günün 24 saatı dovğa qazanı kimi bulanan, insanların qarışqa kimi aşağı-yuxarı axın etdiyi İstiqlal küçəsi üzərində yerləşən İstanbul Kino Muzeyidir.

Mustafa Kamal Atatürkün "10-cu il nitqi"ni söyləyərkən çəkildiyi kamera, Lümyer qardaşların 1890 tarixli kinematoqrafiyası, türk filminin önəmli hesab edilən xarakterlərinin geyindiyi geyimlər, bal mumu heykəlləri, beyinlərə "Qulyabanı" kimi həkk olan obrazın kostyumu, ilk afişalar və türk filminə aid bir-birindən dəyərli əşyalar burada sərgilənir.

Üç kolleksioner və iki institutla birlikdə yaradılan muzeydir... Yüz otuz parçadan ibarət bənzərsiz kolleksiyaya sahib, öz kateqoriyasında dünya üzrə ilk üçlükdə yer tutur.

Zaman axını

İstanbul Sinema Muzeyi, Kültür və Turizm Nazirliyinin ən gözəl layihələrindən biridir. İki yüz illik binanın iki mərtəbəsində özünə yer edən muzey sadəcə tarixi əşyalarla deyil, eyni zamanda müasir texnologiya ilə birləşərək fərqli ab-hava yaradıb.

Muzey üç bölmədən ibarətdir. Bunlardan ilki "Sinema Tarixi" bölümüdür. Burada Yeşilçamı iliklərinizə qədər hiss edə bilərsiniz. Yeşilçam, türk film tarixinin ən parlaq dönəmidir. Həmin filmlərdən hər birimizin  həyatında bir parça var. Otuza yaxın rejissorun beynəlxalq yarışlarda aldığı film ödülləri burda sərgilənir. Nəcib Fazil, Atıl Yılmaz kimi adların əl yazısı ilə olan ssenarilərini burada görə bilərsiniz. İndi hər birimizin əlində telefon, yazılarımızı ən müasir notbuklarla yazırıq. Həmin qalın dəftərləri görəndə adamın ağlına bir fikir gəlir, bu qədər ssenari əllə necə yazılıb. Halbuki elə də uzaq tarix deyil, amma insana min il kimi gəlir. Sanki daş dövründən götürüb texnologiya dövrünə atıblar hamımızı, o qədər qəribə baxırıq 15-20 il öncə gördüklərimizə. Film çəkmədən əvvəl yaradılan film vəsiqələri, kitabxana kartları, rəddedilmələr, ssenaridən çıxarılan bölümləri də ziyarət əsnasında görmək olar.

Bir digər bölümdə isə ən önəmli əsərlərdən biri şübhəsiz ki, 29 Oktyabr 1933-cü ildə Ankara Hipodromunda Mustafa Kamal Atatürk tərəfindən oxunan 10 nitqinin çəkildiyi kameradır. Eyni zamanda öyrəndik ki, həmin tədbirdən bu günə gəlib çıxan tək kamera budur.

Texnologiya hər sahədə liderliyini qoruyur

Muzeyin növbəti bölümü "İnteraktif  Digital" bölümüdür. Əsasən texnologiyaya marağı olanların böyük rəğbət və maraq göstərdiyi yerdir. Burada türk filmlərinin bir-birindən gözəl parçaları donmuş vəziyyətdə göstərilir, planşeti görüntünün üstünə tutan kimi hərəkət başlayır və kim bilir neçə dəfə izlədiyin filmləri seyr eləmələyə başlayırsan. Ümumilikdə, 8 min 406 film, 31 min 106 aktyor, rejissor, ssenarist, quruluşçu rejissor və film əməkçilərini ziyarətçilərlə qarşılaşdırır bu bölüm.

"Artırılmış həqiqət" bölümü sayəsində yaddaşlarda qalan film səhnələri, planşetlərin dəstəyi ilə izlənir.

Diqqət çəkən digər bölüm isə "Yaşıl pərdə"dir. Öncə ekranda filmi seçirsən, sonra yaşıl pərdənin önünə keçirsən, birdə baxırsan ki, uşaqlıqda izlədiyin film səhnələrində Adilə Naşit, Münir Özkul, Cüneyt Arkın, Kamal Sunal və digər böyük sənətçilərlə yan-yanasan. Hətta anı əks etdirən ekran foto çəkir, e-mailini yazırsan dərhal rəsmləri özünə göndərirsən. Zənnimcə, bu bölüm xeyli əyləncəlidir.

Əvvəli kazino-bar, sonrası muzey...

Doğrudur, muzey olduqca maraqlıdır, ancaq yerləşdiyi bina tək başına sənət əsəridir. Bura "Atlas 1948" kino mərkəzi kimi 1948-ci ildə fəaliyyətə başlayır. Dönəmin ən böyük kino mərkəzlərindən biri hesab edilir.

Bu bilgilər əskik göründü gözümə. Gəlin, 1948-ci ildən bir az da əvvəllə gedək, 150 il öncəyə.

XIX əsrin baş gicəlləndirən siyasət, iqtisadiyyat və sosial ortamı ilə birlikdə Pera da sürətlə qabıq dəyişdirdi. O zamanın 300 illik Cadde-i Kəbir-i, yəni günümüzün İstiqlal küçəsi xüsusilə XIX əsrin ikinci yarısında daş binalar, pasajlar, elçiliklər, köşklərlə doldu.

Bu böyük dəyişiklik sırasında Cadde-i Kəbirin ən gözəl binalarından biri zamanın məşhur zənginlərindən Agop Köçeyan tərəfindən tikilir. Köçeyan, Osmanlı dönəmində sərraflığın və təzə-təzə yaranan bankçılığın əsas fiqurlarından və erməni ailələrin son önəmli şəxslərindən biri idi. Əslində ataları, babaları İstanbulun bir çox yerində özəl mülk, dövlətin istifadəsi üçün binalar, adi yaşayış binaları tikdirmişdi. Agop Köçeyan da bu ənənəni davam etdirir. Bu gün Kadıköydə Bahariyyə caddəsi üzərində tək divarlıq yıxıntısı qalmış hamamı, Çəngəlköydəki məşhur yalını və Keçmiş Cadde-i Kəbir, yəni indiki İstiqlal caddəsində qışlıq evi tikdirmişdi. Bu yalılar və köşklər saray ailəsinə layiq lüksə sahibdir. Köçeyan dönəmin padşahı Sultan Abdulazizlə olan yaxınlığı və sultanın məlum ziyarətlərinə görə bu binanı inşa etdirib və fövqəladə şəkildə dizayn etdirir. İkinci mərtəbənin tavanları 1870-ci ildə İstanbula gələn fransız Rəssam Hippoly Dominique Berteauxun yaratdığı fövqəladə freskalarla doldurulub. Qışlıq olaraq tikilən bina Romadakı Palazzo Farnesseni örnək alaraq neoklassik tərzdə dizayn edilib. Binanın günümüzdə pasaj olaraq istifadə edilən qatı o ərəfələrdə cins atların baxıldığı tövlə kimi istifadə edilib. Sonrakı illərdə isə bura at cambazxanasına çevrilib. İllər sonra yenidən təmir edilərək əyləncə və sənət mərkəzi kimi istifadəyə verilir. Zaman içində və dönəmin ehtiyaclarına uyğun olaraq Köçəyanın göstərişi ilə memarlığında dəyişikliklər edilir, hətta bir az da əlavələr edilərək ərazisi xeyli böyüdülür. Abidənin memarının kimliyi ilə bağlı səhih məlumat yoxdur. Lakin bəzi mənbələrdə Andon və Garabed Tülbəndciyan qardaşları tərəfindən ərsəyə gətirildiyi bildirilir. Bu fikrin təməli, abidənin banisi olan Agop Köçeyanın Bəyoğlunda inşa etdirdiyi binaların memarı olaraq Tülbəndçiyan qardaşlarını seçmiş olmağıdır.

Bina, Köçeyan ailəsinin 1922-ci ildə Avropaya köç etməsindən sonra və Cümhuriyyətin qurulmasından sonra rəsmiləşdirilərək dövlətin balansına keçirilir. Hətta həmin ərəfələrdə bir müddət poçt idarəsi olaraq istifadə edilir. Lakin bir müddət sonra binanın mülkiyyəti 1930-cu illərdə tütün taciri Əziz və Əhmət Borovalı qardaşlara keçir.

İki il sonra birinci mərtəbə təmir edilir və əyləncə məkanı olaraq istifadəyə verilir. Vaxtı ilə at tövləsi olan qisimdə qurulan "Qırmızı Dəyirman" adlı kazino 1930-cu illərdə Seyyan Xanımın ilk türkcə tanqolarını səsləndirdiyi, Safiyə Aylanın ilk dəfə səhnəyə çıxdığı yerdir. Sadi Işılay ilə həyat yoldaşı tərəfindən Dəniz qızı Eftelyaya satıldıqdan sonra kazino Çağlayan adını aldı və dövrün tanınmış sənətçiləri burada səhnəyə çıxmağa başladı. On il sonra Lütfullah Sururi və Suzan Sururi tərəfindən alındı və Operatta məkanı olaraq istifadə edildi, revyu, operattalar səhnələşdirilməyə başlandı. Tezliklə, Atlas Sineması şəhərin önəmli bir əyləncə məkanı olan bu binanın arxasındakı bağçada inşa edildi. 19 fevral 1948-ci ildə açılan kinozal 1860 nəfərlik və 25 loja ilə Bəyoğlunun ən böyük kino mərkəzlərindən biri oldu. Sinemanın girişindəki binanın üst mərtəbəsi 1951-ci ildə "Kiçik səhnə" adlı teatr səhnəsi açıldı. Alt mərtəbədəki "Kulis Bar" dönəmin teatr, kino, müğənni, yazar, jurnalist tənqidçilərinin toplandığı yerə çevrildi. Beləliklə, Atlas sineması "Kiçik səhnə" və "Kulis bar" ilə birlikdə o dönəmin ən önəmli əyləncə və kültür mərkəzinə çevrildi.

Fərqli zamanlarda əl dəyişdirən və bir müddət istifadə edilməyən Atlas pasajı 1992-ci ildə Kültür və Turizm Nazirliyinin nəzninə keçdi. Bir il sonra restavrasiya edildi. Bundan sonra Türker İnanoğlu və İrfan Atasoy işlətməyə davam etdi. Lakin mərkəzə maraq əvvəlki kimi olmadı və 2008-ci ildə yenidən qapadıldı. Lakin 2019-2021 arasında yenidən restavrasiya edildi və İstanbul Sinema Muzeyi olaraq yeni bir funksiya qazandı.

Öz-özümə düşünürəm, bina olmaq da bir şey deyil, ağıla gələn, gəlməyən hər şeyə şahid olursan, içində 200 illik hər cür insan və hadisə keçir. Çətindir!

Fövqəladə memarlıq

Abidənin memarlığına gəldikdə isə... divarlardan tavana qədər renessans toxunuşları fışqırır. Hər tərəfdən dərin bir işçilik, əl əməyi, göz nuru yağır adamın üstünə. İçəridə bir su çeşməsi var. İstifadə üçünmü orda olub, yoxsa dekor olaraqmı, bəlli deyil. Demək olar ki, bütün otaqlarda kamin var və hamısı da mərmərdəndir. Üzərində qaroyllar, qədim mistik əfsanələrdə bəhsi keçən üzlər və çirkin insan sifətləri olduqca diqqət çəkir. Bunların neqativ enerjilərdən,  mövcud pisliklərdən qoruduğu düşünülür. Xüsusilə, XIII əsrdə Avropadakı bir çox binaların damlarında, fasadlarında sırf dekorativ məqsədlə istifadə edildiyi bilinən qarqoyllar çoxdur.

Puttolar

Bina Putto fiqurlarının İstanbulda istifadə edildiyi nadir abidələrdəndir. Puttolar sevgini, eşqi, saflığı təmsil etməkdədir. Mərkəzdə qarşılıqlı yerləşən önlərində masası olan putto təsvirlərinə baxıldığında Qərbin Feniks, İran ənənələrində Simurq, Orta Şərq simvollarından Anka quşu, türk əfsanalərində adı keçən Tuğrul adını alan quşlarla çərçivələndiyini görmək olar. Bu quşun ən önəmli xüsusiyyəti ölümsüzlüyüdür. Simurq fiquru fars sənəti və ədəbiyyatının bütün dönəmlərində görülür. Azərbaycan, Gürcüstan, Orta dövr Ermənistanı, Şərqi Roma İmperatorluğu və Fars kültürünün təsirli olduğu başqa bölgələrin etnoqrafiyasında özünəməxsus yeri var.  XIX əsrdə "təzadların doğan" neoklasik üslub abidənin işləmələrində özünü bu şəkildə göstərməkdədir.

Bir Berteaux incisi

Hippolyte Dominique Berteaux tərəfindən yaradılan, dörd elementin təsvir edildiyi freskalar tavanın dörd köşəsinə yerləşdirilən mərkəzdə isə yay və yaz təsvirləri yer almaqdadır. Hava, su, torpaq, od ünsürlü freskalar insanı valeh edir. Freskaların üzərində bir dişi, bir erkək və iki uşaq fiquru əks edilib. Tanrıdan gələn bərəkətin, güvənin, hüzurun rəsm edildiyi freskalar dörd element ilə verilən mesajları əks etdirir.

Açığı, mən muzey ziyarətinə getmişdim. Amma binanın möhtəşəm memarlığı məni ağuşuna elə aldı ki, az qalsın ora nə üçün getdiyimi unudum.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.