Sənət və ədəbiyyat dərgisi

Hüseyn Cavid və Məhəmməd Əmin Rəsulzadə - Sona Vəliyeva yazır

13 Mart 2024 / 11:54

 

SONA VƏLİYEAV

Hüseyn Cavid və Məhəmməd Əmin Rəsulzadə

Hüseyn Cavid yaradıcılığının zənginliyi təkcə bədii-estetik mahiyyəti ilə deyil, eləcə də ictimai-siyasi ideya çəkisinə görə də tarixin istənilən zaman kəsiyində öz əhəmiyyətini və aktuallığını qoruyub saxlayacaqdır. H.Cavidin yaradıcılığında mədəniyyətin yüksək tərəqqisi, cəmiyyətin demokratik inkişafı və azad insan, azad düşüncə məsələsi kimi vacib amillər həmişə diqqət mərkəzində olmuşdur. Mütəfəkkir yazar ideyaları ilə XX əsr romantizmini zənginləşdirərək məhəbbət və həqiqətin dərkinə doğru yol başlayan yeni bir təkamülün əsasını qoydu, eləcə də Şərq və Qərb ədəbiyyat ənənələrinin vəhdətini yaratdı. Hüseyn Cavid istər “Həsbi-hal” silsilə yazılarında, istərsə “Müharibə və ədəbiyyat” məqaləsində Şərq və Qərb ədəbiyyatı, eləcə də türk ədəbiyyatının inkişaf mərhələsinə səbəb olan fransız ədəbi fikrinə münasibətini rəğbətlə bildirir. Bu ədəbi faydalanma prosesi onun dünyagörüşünün zənginliyindən xəbər verir.

“Həsbi-hal” məqaləsində Kant, Lokk və H.Spenser yaradıcılığına, onların cəmiyyətin yüksək tərəqqisi üçün insan amilinin vacib əhəmiyyət kəsb etməsi ideyasına münasibət bildirir: “Tərbiyə insanları fəzilətli, cəmiyyətə faydalı və kəndi məsləklərində məharətli bir hala gətirmək üçün ən qüvvətli və qısa olan üsuludur”. Şərq və Qərb ədəbi-estetik düşüncəsindən əxz etdiklərinin məcmusu Cavidə yeni bir romantizmin öndəri statusunu qazandırdı. Azərbaycan ədəbiyyatına gətirdiyi yeni bədii fəlsəfi təfəkkür, məzmun və forma yenilikləri onu dövrünün digər romantik yazarlarından və onlardan da əvvəl məşhurlaşan Qərb və rus romantiklərindən fərqləndirdi.

H.Cavidin romantik qəhrəmanları real cəmiyyətdə həqiqət və məhəbbətin qələbə çaldığı zaman və məkanda insanların yüksək tərəqqiyə qovuşa biləcəyini sübut edirdi. Bu mənada bir romantik sənətkar kimi Cavidi insan və cəmiyyətin azad, hürr tərəqqisinə xidmət məsələsi düşündürürdü.

 

Cavidə mütəfəkkirlik qazandıran həm də onun şəxsi və yaradıcılıq keyfiyyətlərinin vəhdət təşkil etməsi və son nəfəsinədək bu bütövlüyə sadiq qalması idi. Akademik Kamal Abdulla haqlı olaraq "Söz və fikir zadəganı" məqaləsində yazır: “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının fikir və söz zadəganı olmaqla böyük bir məktəbin – Füzuli dühasının davamçısı idi. Füzuli öz şeirlərində Azərbaycan insanının dünyaya münasibətini yüksək bədiiliklə hiss etdirirdi. Böyük şairin “Leyli və Məcnun” poeması Azərbaycan insanının dünyaya, bəşəriyyətə məhəbbətinin ifadəsi idi:

 

Olmuşdu zəbani-hali guya

Söylərdi ki, ey cəfaçı dünya,

Bildim qəmini sənin ki çoxdur,

Qəm yeməyə bir hərif yoxdur.

Gəldim qəminin olam hərifi,

Gəl imtahan eylə mən zəifi.

Qanda qəm ola, qılma ehmal,

Lütf eylə, dilli-həzinimə sal.

Həm ver mənə qəm yemək kəmali,

Həm aləmi qəmdən eylə xali.

 

Aləmi qəmdən xali etmək istəyən şair rəngindən, dilindən, dinindən asılı olmadan hər kəsin qəmini çəkib əsl multikultural dəyərləri yaşadan insandır. Burada aləm qeyri-müəyyən bir varlıq deyil, dinləri, mədəniyyətləri müstəlif olan insanlardan ibarət dünyadır”. (3, səh5)

Bəli, həqiqət və məhəbbət səyyahı olan Cavid romantizminin qəhrəmanları müxtəlif istiqamətlərdən yönələrək onun ideyalarının tərənnümçüsünə çevrildilər. Yaradıcılığının romantik əfsanəvi qəhrəmanı – Şeyx Sənan, mifik qəhrəmanı İblislə yanaşı, müqəddəs qəhrəmanı Peyğəmbər də vardır. Hüseyn Cavidin müasirlərindən olan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri M.Ə.Rəsulzadə dahi dramaturqun “Peyğəmbər” əsərinə həm ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən, həm də siyasi xadim olaraq dərindən təhlil etməyə çalışmışdır.

Məmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycanın ədəbiyyatı” kitabında (2) yazır: “Topal Teymur” əsəri ilə mənzum “Peyğəmbər” sovet rəhbərlərini çox məşğul edir. Şairin iki əsəri oxuculara dərin təsir buraxır.

 

Şairin ikinci əsəri daha yaxşı qarşılanır. Lakin “Peyğəmbər” mənzuməsində də bolşevik məzhəbli marksizm əqidəçiliyi burada da az küfr tapmamışdı” (1, s.63).

Hüseyn Cavid çağdaş Azərbaycan ədəbiyyatında – XX əsrdə peyğəmbər mövzusunu ictimai-siyasi hadisələrin məzmununa uyğun yeniləyirdi. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Məhəmməd Füzulinin yaradıcılığında ucalan peyğəmbər obrazı XX əsrdə dövrün hadisələri fonunda yenidən canlanır. Şəxsiyyətinin, yaradıcılığının bütövlüyü heç zaman şairi hakimiyyətin diktəsinə tabe olmağa sövq etdirə bilməmişdi.

“Topal Teymur”dan sonra başlanan ideoloji təhlillər, ədəbi tənqidlərdə qərəzli münasibətlər Cavidi heç zaman sarsıtmadı. Baxmayaraq ki, ateizm təbliğatı bolşevizmin ideologiyasında əsaslı yer tuturdu, şair “Peyğəmbər” əsərinin müqəddəs qəhrəmanı Məhəmməd peyğəmbəri bolşevik cəmiyyətinə ən ülvi hisslərlə təqdim etdi.

Hüseyn Cavidə qədər peyğəmbər mövzusu Qərb və rus ədəbiyyatından oxuculara tanış idi. Məhəmməd peyğəmbər haqqında 1772-73-cü illərdə Hötenin yazdığı “Məhəmməd faciəsi, peyğəmbərin həyat və müqəddəs fəaliyyəti haqqında” müfəssəl, geniş məlumata və ideya-estetik mahiyyətinə görə dahiyanə işlənmişdir.

Cavid “Peyğəmbər” pyesini yazandan təqribən 150 il öncə Caviddən fərqli olaraq Höte peyğəmbərin qızı Fatimə, Həzrəti Əli, peyğəmbərin süd anasının obrazlarını da əsərə gətirməklə peyğəmbəri həm də real tarixi şəxsiyyət kimi təsvir edirdi. Ona görə də Cavidin özündən əvvəl Məhəmməd peyğəmbər haqqında yazılmış mənbələrdən xəbərdarlığı ona, tarixi, müqəddəs mövzunu daha fərqli yaratmağa imkan verdi.

M.Ə.Rəsulzadə əsərin süjet xəttinin inkişafını peyğəmbərin həyat və müqəddəs fəaliyyətini əhatə edən “Bisət”, “Dəvət”, “Hicrət”, “Nüsrət” adlı dörd pərdəyə bölərək təhlil edir. Sözsüz ki, Rəsulzadə kimi ictimai xadim, siyasətçi Cavidin müqəddəs qəhrəmanının cəmiyyət hadisələri ilə münasibətinin təhlilində müəllifin özünün mövcud yeni ictimai-siyasi proseslərə vurğulanmış düşüncəsini də görürdü və əsərin təhlilinə fərqli yanaşmağa çalışırdı. Peyğəmbərin Hira dağında ilk vəhy anlarında mələklə dialoqunda söylədiyi:

 

 Öylə bir əsr içindəyəm ki, cihan

 Zülmü vəhşətlə qavrulub yanıyor. 

 Yüz çevirmiş də Tanrıdan insan,

 Küfrü haq, cəhli mərifət sanıyor.

 Dinləməz kimsə qəlbi, vicdanı,

Məhv edən haqlı, məhv olan haqsız.

 

 – fikirlərinə müəllifin müasirlik baxımdan yanaşmasının düzgün izahına üstünlük vermişdi.

M.Ə.Rəsulzadə: “Peyğəmbərlərin bu bədbin həsbi-halındakı qaranlıq tablonu sovet tənqidçiləri, təbii ki, kapitalist və burjua aləminə aid edirdilər. Lakin oxucu və tamaşaçılar burada “kommunist cənnəti” içindəki reallıqları görürlər. Bir dəstə cahillərin ayaqları altında insanlıq haqlarını tapdalayanlar onlar deyilmi?

“Zülm vəhşətlə qovrulub yanan” ölkə onların öz yurdlarıdır” (1, s.64).

Cavid bu əsərdə peyğəmbərləri cahillik dövründə ərəb dünyasına xilaskar göndərən Tanrıya sonsuz sevgilərlə yanaşı, dövrünün zülm və vəhşətlərindən qurtulmaq üçün xilaskara ehtiyac olduğunu oxucuya çatdırdı. Bu dövrün xilaskarı hakim quruluş rəhbərləri ola bilməz! Tanrıdan uzaq düşən bolşevik ideologiyasının vahid manqurtlaşma düşüncəsi aşılaması, milli dəyərləri içimizdə boğmağa çalışması kimi ideyalara qarşı olan Cavidin fikirləri tənqidçilərin diqqətindən, sözsüz ki, yayınmayacaqdı. Cavidə və onun kimi düşünənlərə qarşı getdikcə daha sərt mövqe aşkarlanmaqda idi.

M.Ə.Rəsulzadə ilə eyni zaman kəsiyinin ideoloji fikirlərini bölüşən H.Zeynallı “Hüseyn Cavidin qələmə aldığı “Peyğəmbər” haqqında mülahizələrim” adlı məqaləsində yazırdı: “Peyğəmbəri təsəvvür edilən mənziləsindən düşürüb adi bir insan şəklinə salmaq gərək idi ki... “Peyğəmbər” dediyimiz adam başqa palçıqdan yoğrulmamış, o da bizim kimi adi bir fərd olmuş, bəlkə, əsrinin, zamanının ən sadiq bir övladı olmuşdur” (4). Cavid dövrünün bütün təhlillərindən çox-çox yüksəklikdə dayanaraq müqəddəs düşüncə və amalı ilə Tanrıya, peyğəmbərlərə, eləcə də Turan sevdasına olan sadiqliyini “Peyğəmbər”in hər pərdəsində oxucuya çatdırırdı:

 

Ən kiçik zərrə, ən böyük aləm,

Tanrı eşqi ilə rəqs edib duruyor.

 

Ateizmin təbliğ olunduğu bir dövrdə bu fikirləri demək hakim cəmiyyətdə cəsarət tələb edirdi.

Cavid Tanrısına bağlı olduğu üçün şeirlərində, bütün dram əsərlərində bu sevgini, cəsarəti oxucusuna, tamaşaçısına məhəbbətlə ötürə bilirdi. M.Ə.Rəsulzadənin “Peyğəmbər” əsərinin təhlilinə xüsusi diqqət ayırması təsadüfi deyildir. Leninin Allah, fikirlərinin isə Allah kəlamı kimi, ən qatı dini ideologiya kimi beyinlərə yeridildiyi bir dövrdə peyğəmbərin “zühuru” sovet ideologiyasına qarşı çıxmaq kimi dəyərləndirilirdi. Ateizmə qarşı altun kitab – “Qurani-Kərim” təlqin edilir. Ədəbi ictimaiyyət bu cəsarətə heyranlıqla tamaşa etsə də, iblislər hər zaman öz əməlində mahir fürsətcil kimi məqamı çox da gözlətmədilər.

Bu hücumların başlanması nisbətən sonralar baş verəcəkdi, hələlik isə Cavid İlahiyə olan hüdudsuz sevgisi ilə yaşadığı dövrün rəhbərliyini, ideoloji təbliğatçıları sanki ovsunlamış kimi təsir bağışlayır. Belə ki, şairin əsərdə qoyduğu ideyanı görmürdülər, bəlkə də, dərk etmirdilər. Müəllif həm də dövrünün siyasi oyunbazlıqları içərisində Allahsız rejimin tüğyan etdiyi zaman islama imanlı və inanclı ziyalı münasibətini ortaya qoyurdu. Əslində, “Peyğəmbər” Cavidin reallığa romantik münasibətinin məcmusu olaraq dövrün ictimai-siyasi hadisələrindən yarandı.

M.Ə.Rəsulzadənin təhlillərində altun kitabı, yəni Quranı iqtibas edən peyğəmbərin dilindən deyilən:

 

 Ulu Tanrı, o görünməz yaradan

Əmr edər yalnız ədalət, ehsan,

O, fəna işləri, fəhşiyyatı

Nəhy edər, varlığının isbatı

Bu təbiət, bu məlamətli fəza...

Onca birdir: ulu, zəngin, füqəra,

 

– fikrinə belə münasibət bildirilir.

“Məhrumlar məmləkətində, bir məmləkətdə ki, özünü heç bir şeylə göstərməyən bir gənc varlı bir ailəyə mənsub olduğuna görə cəzalandırılır: “Allahın varlı ilə kasıba fərq qoymadığı”ndan danışmaq nə böyük cəsarət, nə də məharət tələb edirdi. Lakin şairin əsl cəsarətini biz indi görəcəyik.

Peyğəmbər təbliğat apararkən təhqirlərə məruz qalır. Onun dişini sındırırlar, ələ salırlar. Peyğəmbərin naümid bir çağında tarix rəmzi deyilən bir skelet səhnəyə çıxır və ona bir qılınc uzadaraq belə söyləyir:


                                                İnqilab istəyirmisən, mənə bax!

İştə kəskin qılınc, kitabı burax.

Parlayıb durmadıqca əldə silah,

Əzilərsən, qanın olar da mübah.

Eyləməz yardım incə hikmətlər,

Quru söz: busələr, məhəbbətlər,

Əvət, ancaq qılıncdadır qüvvət,

Bundadır haq, şərəf və hürriyyət.

 

İndi sadəcə inandırmaq deyil, məcbur etmək silahına da malik olan Peyğəmbər bir əlində "Allahın kitabı", o biri əlində isə polad bir qılınc aşağıdakı monoloqu deyir:

 

Bu qılınc, bir də bu mənalı kitab!

İştə kafi sizə... Yox başqa xitab,

Açar ancaq bu kitab el gözünü,

Siləcəkdir bu qılınc zülm izini.

Haq, vətən, zövqi-səadət, cənnət

Həp qılınc kölgəsi altında, əvət!..


            İşçi sinfinin qılıncı ilə qurulan dövrün fikri, şübhəsiz, bolşevik zövqünü oxşayar, lakin yurdsevərlərin "qılınc kölgəsindəki vətən" anlayışı heç də əsl kommunistlərin xoşlanacaqları bir şey deyildir” (1, s.66).

Vətəni qoruyan, inkişaf etdirən liderlərdir. Məhəmməd peyğəmbər tək millətinin deyil, eləcə də dövrünün inkişafına təkan verəcək qanunları İlahi əmri ilə həyata keçirən liderdir. Hüdudsuz idrak və təfəkkürü İlahidən nur alaraq genişləndirilən, fiziki gücü mələk əli ilə yenilənən, fəzilət dərkində “oxu” əmri ilə elmi idraka yiyələnən, həqiqətən, İlahi tərəfindən seçilən, sevilən böyük peyğəmbəri H.Cavid qələmi rəğbətlə oxucusuna təqdim edir.

Əslində, cəmiyyətə təsir üçün peyğəmbərin əlində iki güc var – kitabın gücü və qılınc gücü! Qılıncı işlətmək üçün də onun həm fiziki, həm də səfərbəredici təşviqatçı bacarığı mövcuddur.

O, Tanrı eşqinin fədaisidir:

 

Mən məhəbbət əsiriyəm… hər an,

Hər zaman özlərəm bir öylə cahan

Ki, bütün kainatı eşq olsun,

Könül uçduqca etila bulsun.

 

– deyir.

Cavidin “Məhəbbət və həqiqəti” dərk etməsi, məhəbbət və həqiqət əsiri olması fikrinin hakim olduğu romantizminin və yaradıcılıq estetikasının mahiyyəti peyğəmbərin dili ilə deyilən həmin parçada açılır.

Müəllif peyğəmbər obrazı ilə özünün həm həyat, eləcə də yaradıcılıq prinsiplərinə sadiqliyini bir daha sübut etdi. Çünki məhəbbət və həqiqəti dərk etməsi onu belə dahiyanə əsəri ərsəyə gətirə bilməsinə səbəb olmuşdu.

Vətən üçün “Haqq Vətən, zövqi-səadət, cənnət” deyən peyğəmbər diktəsi, əlbəttə ki, Cavidin vətən sevdasıdır. M.Ə.Rəsulzadə yazırdı: “Kommunist rejimi və istilası altında əzilən Azərbaycan vətənində azərbaycanlı şairin yaratdığı Peyğəmbərin dilindən söylənən Vətən şüarının ifadəsi xüsusilə aydındır. Bu sözlər vətənpərvərlik mənasında işlənir. Vətəni sadəcə sözdə sevmək kifayət deyil. Çünki hər hansı bir haqq kimi Vətən də ancaq mübarizədə qazanılır. Böyük bir sənətkarlıqla yazılmış bu əsərdən Azərbaycan oxucusunun alacağı hissə məhz budur. Yurdsevərlik bu əsərin təfərrüatında da özünü göstərir:

 

Deyir göydə bağçalar var,

Orda çiçəklər nur saçar,

İnsan mələk kimi uçar –

İstəməm, masaldır onlar.

Mən vuruldum yalnız sana,

Vətən! Ah, sevgili ana!

Dün bir quş gördüm yaralı,

Düşmüş yurdundan aralı.

Dişlərdi köksünü çalı,

Söylərdi san hər məalı:

Vəhşi qartal qıydı mana

Vətən!.. Ah, sevgili ana!..

 

Bu sözlərdə bolşeviklər, yəqin ki, komsomol allahsızlığı görürlər. Halbuki yurdsevər Azərbaycan, şübhəsiz, köksü dəlinən yaralı quşun şəxsində müqəddəs atəş məmləkətinin simvolu Prometeyi görür: Prometey keçmişdəki ikibaşlı çarlıq qartalının yerini tutan bolşevizmin oraq və çəkici tərəfindən parçalanıb didilir” (1, s.67).

M.Ə.Rəsulzadə Cavidin ən şah əsərlərindən biri olan “Peyğəmbər”də Tanrı eşqini romantizmin estetik prinsipləri, eləcə də reallığın yaratdığı hadisələrin dolayı yolla müasirləşdirilməsini çox dərindən təhlil etmişdir. Çox şairanə, romantik təsir bağışlayan təhlilin davamında Peyğəmbərin şair adlandırılması da Cavid romantizminin məhəbbət və həqiqət axtarışında oxucunu şairin göylərlə təmasına inandırır. Bu sözün bir mənada həqiqət kimi, digər məqamda istehza kimi deyilməsi təsadüfi deyil! Burada bir istehza digər həqiqəti açmağa yardımçı olur. Dəyərlərin belə ifadəsi Cavidanə tapıntıdır. Bu fikri peyğəmbərin cavabı tamamlayır:

 

Şairim, bəslədiyim sidqü səfa,

Çırpınıb izlədiyim nuri-dəha.

Daima ruhumu oqşar cəbərut,

Şeirü ilhamımı dinlər mələkut.

Bən fəqət hüsni-xuda şairiyim,

Yerə enməm də, səma şairiyim.

 

Əsərin ən yaddaqalan və həlledici məqamlarından biri olan bu səhnədə Cavidin yaradıcılığının əsas mahiyyəti, eləcə də şəxsi ləyaqət düsturu açılır. Cavidin reallıqda baş verənləri, ictimai proseslərin romantik üsulla, eləcə də müqəddəs mövzu içərisində “əridə” bilməsi əsl yazar ustalığı tələb edirdi. Eləcə də “Peyğəmbər” pyesi sübut edir ki, H.Cavid romantizmi bu cərəyanın tələblərindən qat-qat üstün dəyərləri əxz edən sənətkardır. H.Cavid yeni dövrdə fəlsəfi düşüncələrin cəmi kimi həqiqəti, məhəbbəti, təsəvvüfü və irfanı özündə birləşdirən sənətkardır. Onun üçün yerdə olan bütün hadisələr ədalətli olmalı, haqqa, məhəbbətə söykənməlidir. Əks halda, əxlaqi gözəlliklərin, iman nurunun yoxa çıxdığı, mənəviyyatın, əxlaqın siyasi çirkə bulaşdığı bir zamanda irfan şairi övliya Cavidin yerlərdə nə işi vardır?

Bu mənada Hüseyn Cavid də onun yaratdığı Peyğəmbər də göylər şairidir.

M.Ə.Rəsulzadə həqiqət şairi olan və romantizminin mayasında təsəvvüf və irfan dayanan H.Cavidin “Uçurum” əsərində şairin qələmlə təsvir etdiyini, rəssam qəhrəmanına fırçayla yaratmağı tövsiyə edir.

H.Cavidlə M.Ə.Rəsulzadəni birləşdirən xüsusiyyət xalqına, millətinə olan sevginin sonsuzluğu idi. Bəzən insanların özləri görüşməsələr belə, ideya və fəaliyyət istiqamətləri onları uzaqdan-uzağa bir-birinə rəğbət və ehtiram bəsləməyə sövq edir. H.Cavid 1937-ci ildə həbs olunan zaman sorğulanmasında M.Z.Rəsulzadə ilə bağlı suallarla qarşılaşır və cavab verir:

“– 1919-cu illərdə müsavat hökmranlığı illərində mən “Qurtuluş” və “Yaşıl qələm” jurnallarında iştirak etmişəm.

Sual:

– 1919-cu ildə Müsavat Partiyasına, xüsusilə də onun lideri M.Ə.Rəsulzadəyə münasibətiniz necə olub?

Cavab:

– O vaxt mən Müsavat Partiyası və onun lideri M.Ə.Rəsulzadə ilə heç bir əlaqədə olmamışam”.

A.Turan “Cavidnamə” kitabında H. Cavidin M.Ə.Rəsulzadənin bacanağı Seyid Hüseynlə yaxın dost olduqları bildirilir. Hətta “Cavidlə Rəsulzadənin arasında məhrəm münasibətlər barədə Seyid Hüseynin qızı Qumral Sadıqzadə də öz memuarlarında: “H.Cavidlə M.Əmin yaxın dost idilər”, – deyə bəhs edir (3, s.59).

M.Ə.Rəsulzadə “Uçurum” əsərinin təhlilini apararaq romantik sənətkarın xəyalpərəst rəssam qəhrəmanı Cəlala Əkrəmin dilindən tövsiyələr verir. Cavid yaradıcılığını dərindən araşdırarkən Rəsulzadə mütəfəkkir yazarın sənət kredosunun məhəbbət və həqiqət olduğunu dərindən dərk etdiyi üçün onun əsərləri arasında fikir uzlaşmasını ustalıqla təhlil edir:

“Cəlalın tablolarını seyr edərək məharət və bacarığına heyran qalan Əkrəm "Peyğəmbər" şairinin qələmlə təsvir etdiyi bir tablonun fırça ilə rəsmini çəkməyi arzulayır:
 

Mən öylə bir rəssam olsaydım əgər,

Hicaz ölkəsinə eylərdim səfər.

Uğraşıb durardım bir xeyli müddət,

Bir çox düşüncədən sonra, nəhayət,

Təsvir eylər idim gənclik çağında

Böyük Məhəmmədi Hirra dağında.


            Eyni motivi biz şairin əsərləri arasında müstəsna yer tutan "İblis" əsərində də görürük. Bu əsərdə şair əsasən xalqların hürriyyəti və insani mənəviyyatının yüksək təkamülünü bir romantik olaraq açmağa çalışır. İnsanların lənətlərinə qarşı özünü müdafiə edən İblisin dili ilə insanlar arasındakı təzadı təsvir edir və adəm övladının maddiyyat düşkünlüyünü və öz cinsinə qarşı canavar kəsildiyini göstərir (1, s.68-69).

M.Rəsulzadə H.Cavidin:

 

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət.

 

 – fikrinə tarixi yaşama haqqı qazandıraraq yazırdı:

“Ən qatı bir inqilabçı ədasıyla yazılan bu əsərində dahi şair onu tərk etməyən ana düşüncəsinə milliyyət və türkçülük fikrinə xüsusi bir yer ayırır: Turanın qurtulması üçün yalnız qılıncın kifayət olmadığını bir qəhrəmanın dili ilə deyə bilir.
            Mədəniyyət və irfan olmazsa, şairin söylədiyi bir türk zabitinin fikrincə, türk ordusu:

 

İstərsə bütün Hindi də, Əfqanı da sarsın,

İstərsə bütün qarşı çıxan maneyi yıxsın,

Turanı basıb bağrına, Altaylara çıxsın,

Mümkün deyil, əsla olamaz naili-amal,

Etdikcə xəyanət əli bu milləti pamal.

 

 – ola bilər (1, s.70).

 M.Rəsulzadənin bütün tarixi zaman kəsiklərində aktuallığını qoruyub saxlayan bu fikirləri sonralar cavidşünaslar tərəfindən daha da dərindən təhlil olunaraq yüksək dəyərləndirildi.

M.Rəsulzadə özü kimi millət və Turan sevdalısı olan H.Cavidin əsərlərini təhlil edərkən ona “dahi şair” deyə müraciət edir. Tarixin inkişafı, Azərbaycan ədəbiyyatşünaslığında cavidşünaslığın yaranması və inkişafı həqiqətən onun mütəfəkkir şair, bəşəri ideyaların daşıyıcısı olduğunu təsdiq etdi.

Buna görə də “İblis” əsəri üzərində dayanması M.Ə.Rəsulzadənin H.Cavid yaradıcılığına hərtərəfli diqqət yetirməsindən xəbər verirdi.

“İblis” faciəsindəki hadisələr İblis və Mələyin düşüncələrinə tam uyğundur. Artıq I Dünya müharibəsi dünyanı viran qoymuşdur, insanlar ağlagəlməz fəlakətlərlə üzləşmişdir, misli görünməmiş qırğınlar tüğyan edir. Əsərdəki hadisələr ərəb torpağında – Bağdad ərazisində baş versə də, dəhşətli müharibənin bütün dünyanı sarsıtması tam aydınlığı ilə görünür.

Faciədə şəraitə uyğun olaraq hərbi geyimdə özünü göstərən bir İblis var. Qan tökülən yerdə İblis hakim mövqedədir. İblis üçün hərbi məkan münbit və əhəmiyyətli məkandır. Bədii hadisələrin gedişi göstərir ki, roldan-rola girmək öz nəticələrini verməkdədir. “İblis” faciəsində hərbə dair məsləhət verən mülki geyimli bir adam var. Hadisələrdən istifadə edib qeyrətli bir qadına sahib olmaq istəyən hərbçi var. Hərdən dağlara çəkilən xalq xilaskarı Elxan surəti mövcuddur. İblis də, mülki geyimli insan da, hərbçi də, xalq xilaskarı Elxan da Hüseyn Cavidin özünün dünyanın geopolitik mənzərəsinə, bu mənzərəni idarə edən insanların daxili aləminə kifayət qədər bələdliyinin faktlarıdır. H.Cavidin hadisələrə şəxsi münasibəti, özünün zəngin mənəvi aləmi, müstəqil ziyalı düşüncəsi və cəmiyyətdəki müxtəlifliyin mənzərəsini tam aydınlığı ilə görməsi “İblis” əsərinin kifayət qədər mükəmməl alınmasına təkan vermişdir.

H.Cavid Türkiyədə təhsil almışdı, o dövrün görkəmli filosoflarından elm öyrənmiş və Avropada, Türkiyədə özünə mühüm yer tutan düşüncələrlə yaxından tanış idi. O, R.Tofiqdən, M.Akifdən türkçülük, vətənsevərlik, turansevərlik, təlimini mənimsəmişdi. XX əsrin əvvəllərində yaranan "Gənc türklər hərəkatı", Sultan Əbdülhəmidin çöküşü, Osmanlı imperiyasının məhvolma təhlükəsi “Türkiyəni necə xilas etməli?” sualını gündəmə gətirirdi. Bu qarışıq hadisələrə H.Cavid ziyalı kimi biganə qala bilməzdi. Bu dövrdə xilas yolu kimi 1901-ci ildə Məhəmmədağa Şahtaxtlı bir kitab yazaraq Fransada çap elətdirmişdi: “Türkiyəni necə xilas etməli?” Akademik İsa Həbibbəyli həmin kitab haqqında yazır: “Bu traktat Türkiyədəki ictimai-siyasi vəziyyət barəsində Avropa ictimaiyyətinə təqdim olunan ilk sanballı elmi-fəlsəfi əsər kimi də mühüm əhəmiyyətə malikdir”. H.Cavidə bu məsələlər yaxşı tanış idi və o, “İblis” əsəri ilə həmin suala müəyyən qədər bədii obrazların dili ilə cavab verirdi.

Alman siyasətinin I Dünya müharibəsinə girməsi, ingilis diplomatiyasının gizli fəaliyyəti, fransızların mədəniyyət pərdəsi altında öz siyasi niyyətlərini həyata keçirməsi və digər tərəfdən Şərq mentaliteti, milli əxlaq məsələləri H.Cavidin düşüncəsində sistemləşərək obraz, bədii detal və dialoqlar formasında “İblis” əsərində təsvir edilmişdir.

Türk ordusu dövrün imperialist qüvvələri ilə üz-üzə, göz-gözə dayanmışdı. Əsərdəki zabit Vasifin türk ordusundan nigaranlığı H.Cavidin özünün nigaranlığı demək idi. AMEA-nın müxbir üzvü K.Əliyev yazır: “Könüllü türk zabiti Vasif isə bir az bədbindir. O, türk ordusunun gələcəyindən narahatdır. Xəyanət əlinin yalnız bir insanı, bir ordunu deyil, hətta bir dövləti belə alt-üst etməsi qorxusunu yaşayan Vasif türkün keçmişi ilə gələcəyinin arasında dayanıb”.

Əlbəttə, milli dərk, milli düşüncə, bütöv amal, sədaqət və yüksək təhsil problemlərinin hər yerdə hiss olunması vacib məsələlər idi.

Düşünsək, türk milli məsələsinə milli düşüncədən yanaşılması yeni bir sualı ortaya çıxara bilər: bu gün Türkiyəni kim xilas edə bilər? Birincisi, türk millətini xilas etməyə dünyanın geosiyasi gedişində öz düşüncəsi ilə nail ola biləcək yeni milli liderə də böyük ehtiyac vardır.

Türkiyə üçün milli birlik, milli həmrəylik bu gün də vacibdir. Çox münasib bir dövr türkün türkə sadiqlik məsələsini də ortaya çıxarır. “Kazanlı bir türk” rus ordusu tərəfindən vuruşur:

 

Başqa millətdən olmuş olsaydın,

Yenə mümkündür əfvin… Ah azğın!

Türk olub türkə atəş etmək için

Yalnız bir cəzaya layiqsin:

O da edam…

 

Mövzu ilə mifik təfəkkürün, konkret İblis obrazının əlaqəsinə gəldikdə isə, bu, müharibənin dəhşətlərini əks etdirməyin ən optimal yollarından biridir”.

M.Ə.Rəsulzadə Hüseyn Cavidin “Siyavuş” əsərinə münasibətini bildirərkən romantik poeziyanın xüsusiyyətləri, bədii estetikası ilə tarixi mövzulu bu əsərdə mövcud dövrün hakimiyyətinə münasibəti də çox ustalıqla uzlaşdıra bilmişdi:

“Cavidin digər əsərləri kimi "Səyavuş"da türk şeirinin gözəlliyinin sirlərini bilən bir sənətkarın ifadə parlaqlığı vardır:

 

Rəqs edən gözəl qadının son dərəcə lətif nəğməsi:

Qayğısız baharın ilıq busəsi

Tellərimə qondu zülmət uçarkən.

Sərxoş bülbüllərin o bayğın səsi

Oxşadı ruhumu güllər açarkən.

 

Lakin bu pyesdə biz lirik nəğmələrin yanında gözəl düzülmüş səhnələrin hər gəlişini müşayiət edən bir çox dərin mənalı fəlsəfi fikirlər də tapırıq. Oxucu burada hürriyyət üçün çarpışmağa çağıran coşqun xitablara rast gəlir” (1, s.70-71).

Tarixi həqiqətlərə sadiqliyi H.Cavidin bütün yaradıcılığında həmişə əsas xətt olub, sənətkar şəxsiyyətinə şərəf və ehtiram gətirib. “Səyavuş” əsəri ilk türk tarixinin təməl dəyərlərinin səlcuq imperatorluğuna qədərki dövrünün hadisələrini əks etdirir. “Səyavuş” pyesi bir daha sübut etdi ki, H.Cavid hər bir söz, fikir üzərində, hər personajın formalaşdırılmasında ustalıqla çalışıb, elə ideyaları hədəf götürüb ki, təsadüflər üçün zərrə qədər yer qalmayıb.

Əsərin başlanğıcında olan bu qeyd ona elə öz dövründə verilən qiyməti aydın şəkildə göstərir: “Şarkın böyük dahilərindən Firdovsinin anadan olmasının 1000 illiyi ilə əlaqədar elan olunmuş müsabiqə üçün nəzərdə tutulmuş və H.Cavid həmin müsabiqədə qalib gəlmişdir”.

H.Cavid 624-cü ildə baş vermiş hadisələri Firdovsi “Şahnamə”sinə xitabən seçsə də, öz düşüncəsində və yaradıcılığında türkçülük məfkurəsini 1933-cü ilə qədər aparıcı ideya kimi sədaqətlə daşıyaraq dövrünün ən cəsarətli sənətkar addımını atmışdı.

1920-ci ildən 13 il keçir və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan yenidən bolşevik Rusiyasının işğalı altındadır. Bu zaman türkçülük ideyası zorən sosializm ideyası ilə əvəz edilirdi. “Formaca milli, məzmunca sosialist” ədəbiyyatının yaradılması bir prinsip kimi irəli sürülsə də, Hüseyn Cavid bu əsərlə nəinki tək Azərbaycanın, eləcə də Rusiya imperiyası daxilində fəaliyyət göstərən bütün türkdilli respublikaların milli yaddaşını daim oyaq qalmağa sövq etdi.

M.Ə.Rəsulzadə ruhu H.Cavidin “Səyavuş” əsərindəki türkçülük ideyası və azad vətən, milli tərəqqi ideyasını dərindən duyaraq, əsl milli ziyalı mövqeyini ortaya qoyurdu.

Hüseyn Cavidin Turan ideyası “Səyavuş” əsərində inkişaf etdirilir. Bütün yaradıcılığı boyu sadiq qaldığı Turan fəlsəfəsinin tarixi köklərinə qədər gedərək Alp Ər Tonqaya dayanıb, yeni tarixə üz tutub söz deyə bilmək yazardan cəsarət tələb edirdi. Alp Ər Tonqaya dönəndə ölümsüzlüyün sirrini H.Cavid daha dərindən dərk etdiyi üçün cəsarətin Səyavuş zirvəsindən hətta gələcəyi belə görürdü. Müəllif, Altayın dilindən söylənən aşağıdakı sözlərlə sanki əsl üsyankar kimi Altaya silahdaşlıq edirdi:

 

Yetər çıldırdınız “hökumət!” deyə,

Evləri yıxdınız “ədalət!” deyə.

Məzlumlar qanından badə sundunuz,

Qarğa-quzğun kimi leşə qondunuz.

“Qanun” deyə doğruluqdan caydınız,

Xalqın namusunu heçə saydınız.

 

Böyük ictimai xadim M.Ə.Rəsulzadənin də qeyd etdiyi kimi, buna o dövrdə hər sənətkarın cəsarəti çatmazdı ki, imperiya senzurasının əsərlərdə sözü çək-çevir edən ideologiyasına belə fikirlərlə qarşı çıxsın.

Böyük ictimai xadim, dövlət adamı M.Ə.Rəsulzadə bu ictimai motivləri əsl milli siyasi xadim, ideoloq kimi duymuş və dərin təhlil etməklə Cavid yaradıcılığına münasibətini Azərbaycan ədəbiyyatşünaslıq tarixinə ərməğan etmişdi.

 

                                                   ƏDƏBİYYAT

 

1. Müasirləri Hüseyn Cavid haqqında. Bakı, “Zərdabi LTD” MMC, 2018, s.63.

2. Rəsulzadə M.Ə. Çağdaş Azərbaycan ədəbiyyatı. Bakı, “Gənclik”, 1991.

3. Abdulla Kamal "Söz və fikir zadəganı", Hüseyn Cavid və dünya ədəbiyyatı. Respublika elmi konfrans materialları, Bakı 2019

4. Turan A. Cavidnamə. Bakı. “Elm və təhsil”, 2010, s.59.

5. Zeynallı H. Hüseyn Cavidin yazdığı “Peyğəmbər” haqqında mülahizələrim. –  “Maarif və mədəniyyət” jurnalı, 1926, N 9.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.