Sənət və ədəbiyyat dərgisi

Füzulinin rəsmi barədə bilmədiklərimiz...

27 May 2024 / 07:54

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Firuzə Ağayevadır. Onunla Xalq rəssamı Tofiq Ağababayevin "Füzulinin portreti" əsərindən danışmışıq.

 

 

Bakının ilk baş rəssamı Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi ailəsində anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirəndən sonra Sankt-Peterburqda keçmiş V.Muxina adına Ali-Sənaye Rəssamlıq Məktəbinin Keramika-şüşə fakültəsində aldığı təhsil rəssamın yaradıcılığında böyük rol oynayıb. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunun mozaik işləri də Tofiq Ağababayevə məxsusdur.

 

- Tofiq Ağababayev yaradıcılığında Füzuli obrazını necə xarakterizə edərdiniz?

- Usta sənətkar boyakarlıq, qrafika, dəzgah rəngkarlığı və monumental dekorativ-tətbiqi sənət janrında bir çox əsərlər yaradıb. Tofiq Ağababayevin öz əsərlərində Azərbaycan mədəniyyətinə və tarixinə xas xüsusiyyətləri əks etdirməsi, onun vətəninə və xalqına sıx bağlı olması ilə əlaqədardır. Biz onun bütün əsərlərində milli koloriti, əsl azərbaycanlı ruhunu duyuruq.  Tofiq Ağababayevin yaradıcılığında "Məhəmməd Füzuli" obrazı da xüsusi yer tutur. Sənətkar Füzuli obrazını portret janrında üç dəfə təsvir edib. Onlardan yalnız biri Azərbaycandadır. Biri amerikalı Füzulişünas tərəfindən, digəri isə milliyətcə rus olan sənətsevər tərəfində satın alınıb.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Rəssam Məhəmməd Füzulinin daxili zənginliyini xarici görkəmi ilə vəhdətdə təsvir edib. Əsərin koloritində rəssam şairin ədəbi fəaliyyətindəki rəngarəngliyi kətan üzərinə köçürüb. Burada hər bir kiçik detal belə Füzuli ruhu ilə həmahəngdir. Tofiq Ağababayev rəbbinə dərin məhəbbətini hər məqamda, həmçinin əsərlərində də ifadə edən Füzulini Allahın hüzurunda diz çökmüş və əllərini qaldıraraq dua edən formada təsvir edib. Rəssam Füzulinin dizlərinin üstündə vərəq və qələmdən lələyi təsvir etməklə şairin yaradıcılığına işarə edir.

- Məhəmməd Füzuli obrazına müraciət edən rəssamlardan danışarkən ilk ağla gələn adlardan biri də Azərbaycan müasir mənzərə rəngkarlığının banisi Səttar Bəhlulzadədir. İstərdim Səttarın Füzulisi ilə sözügedən portretin oxşar və fərqli cəhətlərindən danışaq.

- Səttar Bəhlulzadənin M.Füzuli obrazı ilə Tofiq Ağababayevin M.Füzuli obrazının oxşar cəhətlərindən biri daxili vəziyyətin əksidir. Çünki hər iki sənətkarın əsərlərində qəhrəmanın psixoloji aləmi, ruh dünyası prioritet məqam kimi daxili vəziyyəti əks etdirdiyindən Füzuli obrazı çox uğurlu alınıb. Hər iki obraza baxarkən şairin mənəvi dünyasına açılan pəncərə görürük.

Məhəmməd Füzuli portretlərinin  fərqli xüsusiyyətləri də var. Həmin fərqlərdən biri əsərin koloriti ilə bağlıdır. Səttar Bəhlulzadə əsərin koloritində məhdud rəng seçimindən istifadə etməsi əsərin bədiiliyini artırır. Rəssam ilahi eşqə ac olan Füzulini baxışları izləyicilərə tuşlanmamış, sadə və duyğulu təsvir edib. Şair sanki səyahət zamanı əbədiyyəti gözləri qarşısına gətirir. Onun səyahəti fikir səyahətidir və bu, əbədiyyətə qədər davam edəcək.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Bu əsərə baxdıqda rəssamın özünəxas üslubunu açıq-aşkar görə bilirik. Rəssam fəlsəfə ilə kədəri, müdrikliklə hüznü çox gözəl sintez edib. Tofiq Ağababayev M.Füzulinin portreti haqqında deyir: "Mənim üçün bu əsərlə Füzuli dünyasını, Füzuli poeziyasını duymaq olur".

Aytac SAHƏD

 

525.az

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.