Sənət və ədəbiyyat dərgisi

Tərəzidə çəkilə bilməyən zülmün nağılı - Sona Vəliveva yazır

27 Yanvar 2023 / 16:58

Sona Vəliyeva

Filologiya elmləri doktoru

 

Tərəzidə çəkilə bilməyən zülmün nağılı

 

Kitabxanamı səhmana salarkən Musa Yaqubun 1996-cı ildə “Sabah” nəşriyyatı tərəfindən kiril əlifbası ilə buraxılmış “Nanə yarpağı” adlı şeirlər kitabı diqqətimi çəkdi, götürüb bir daha oxumağa başladım...

Hələ gənclik illərndən ən duyğulu vaxtlarımda M.Füzuli, M.Araz, M.Yaqub, S.Rüstəmxanlı yaradıcılığına üz tutaraq rahatlığı tapdığım anları xatırladım.

Ön söz yerinə “Bu dünyanın qara daşı göyərməz” adlı müəllif yazısını təzədən oxudum. Mənə elə gəldi ki, Musa müəllim bu yazını elə indicə yazıb, hətta vərəqi qatlamayıb ki, mürəkkəbi yayılar, kağız korlanar...

Doğum gününü öz qələmi ilə tarixiləşdirib... 1937-ci il may ayının onu... Əslində, anası onun çəltik biçini vaxtı, sentyabrın sonu oktyabrın əvvəlində doğulduğunu xatırlayır. Şairin özünün qeyd etdiyi bir məqam daha maraqlıdır. Tərəzi bürcündə doğulmağı... Və tarazlığı sevməsi...

M. Yaqub ədalət ehtiyacının qəhət vaxtında, faciələrin, zülmlərin tüğyan etdiyi bir dövrdə şairlərin, sayılıb-seçilən ziyalıların qırğın hökmünə fərman verildiyi zamanda gedənlərin boşluğunu doldurmağa göndərilən şairdir...

 

Ağırı, yüngülü yerbəyer eylə,

Bu dünya özü bir daş tərəzidir...

 

  Həqiqətlərin çəkisi ədalətlə birləşəndə vicdanın ən qədim ilahi tərəzisi şair qələmində öz tarazlığını düzəldəcəkmiş. Qiyamətdəki tərəzini hərə öz qəlb gözünün ölçüsü ilə təsəvvür edir.  Davranışlarımızın, əməllərimizin səmimiyyət, səxavət, mərdlik meyarı tərəzi gözündə maddi ölçüyə çevrilə bilsəydi, yəqin ki, M.Yaqubu qələmi ən məsum bir şair kimi, mənəvi cəhətdən daha zəngin insan kimi tanıdardı. Günahların, faciələrin tüğyan etdiyi 37-ci ilin gedənlərinin – Cavidin, Müşfiqin, Ə.Cavadın və başqa vətənpərvər şairlərin yarımçıq şeirlərini tamamlamağa (bəlkə də, davam etməyə) əvəz və ya davamçı olaraq poeziya ocağımızın sönməməsi üçün mütləq M.Yaqub kimi şairlər millətin tale ehtiyacının nəticəsi kimi doğulmalıydı.

  O, səmimiyyəti, maddi gərəkliklərə önəm verməməsi, ədalət və mərdliyi ilə tarixi sələflərinin mənəvi övladı olduğunu sübut etdi. Sözə və yurda vəfalılığı ilə də tarixə çevrildi. Şeiri iftiralardan, siyasi oyunlardan, hiylələrdən uzaqda tutaraq öz mənəvi ideallarına sadiqliyini belə ifadə edirdi:

 

Sən mənəmi qarmaq atırsan bala,

Yaxama ilişən neçə qıra var.

Lap elə gül kimi siyasət ola,

Onda da bir hiylə, bir iftira var.

 

Şair söz, fikir tərəzisinin, ədalət tarazlığını var qüvvəsi ilə, qələmi yazdıqca, könül, qəlb kağızı tutduqca qoruya bildi. M.Yaqub haqqında çoxlu məqalələr, dost fikirləri, ədəbiyyatşünas yanaşmaları, müsahibələr mövcuddur. Çoxunu oxuyub, müxtəlif vaxtlarda fikrimi də bildirmişəm.

  Tanınmış şair, tədqiqatçı Fərid Hüseynin M.Yaqub yaradıcılığına və şəxsiyyətinə olan sonsuz ehtiram və heyranlığı “Tərəddüdün yaşıdı” kitabının ərsəyə gəlməsinə səbəb oldu. Fərid bu kitabda M.Yaqub yaradıcılığının poetikasının mayasındakı səmimiyyətin, saflığın təbiətin mövcudluğu ilə həmahəng olduğunu maraqlı təhlillərlə çatdırır.  

İlk yaradıcılıq dövründən başlayaraq, mərhələli poetik təkamülün M.Yaquba gətirdiyi şöhrətin əsiri olmamasının səbəb və sirrlərini Fərid məharətlə qələmə aldı. Dünyanın gəlimli-gedimli karvan köçündə M.Yaqubun qayğılarının, həyata, insanlara münasibətinin haqq ölçüsündən kənara çıxmadığının şahidi oluruq.

  M.Yaqub yaradıcılığı haqqında düşüncələrim genişləndikcə mən şairi həm də Azərbaycan təbiətinin insanla dərdləşən, onun dərd-sərini bütün insanlığa çatdıran təbiətin tərcüman ehtiyacı kimi dəyərləndirdim. M.Yaqub kimi bir şairin Bakıya gəlib, burda qərar tuta bilməməsi, ata-ana qədər əziz bildiyi o dağları, meşələri həyansız qoya bilməməsindən irəli gəlirdi. Sonralar öyrəndim ki, bulağın şırıltısı, nanənin həzin meh əsimində titrəməsi, palıdın ailə olaraq köklü, yeni fidanlarla mövcudluğu, dağ-daşda günəş şüasındakı ilahi nurun təcəllası, meşədəki hər ağacın – vələsin, ağcaqayının yemişanın hətta quşqonmaz çalı ağacının və kövrək, zərif çiçək olan bənövşənin həyati söhbətini ancaq M.Yaqub kimi şair anlaya bilərdi. Əgər o yerləri tərk etsəydi biz bugün təbiət tərcümanı olan şeirlərdən məhrum olardıq. Təbiət dərd-sərini, sirr-sözünü kimə söylərdi? M.Yaqub bu tənhalığı o yerlərə qıymadı. Hər ağac canlıdır, ruhu var, insan kimi... Hər bitki, hər çiçək bir missiyanın daşıyıcısı kimi yer üzünü bəzər, şəfalısı, zəhərlisi var, insan kimi... Dilini isə ancaq şairlər anlar. Hər şair yox, M.Yaqub kimi dağlar oğlu, təbiət tərcümanı olan şair anlar...

 

Gör məni hayana gətirdi bu yol,

Bir də təzlənib, güldü həyatım.

Sağ ol a dağ çayı, a yaylaq, sağ ol,

Burda bir anımı bir il yaşadım.

 

(“Gör məni hayana gətirdi bu yol”)

 

Təbiətə həyan olan dağ-daşla, axan çayla danışan, ot-ələfin, quşların, böcəklərin dilini şeirə, poeziyaya gətirən M.Yaqub şəhərli şair olsaydı, təbiətlə qurduğu dostluğun, sirdaşlığın mizanı pozulmuş olardı. Kiçik kənd ev – ocağında dünyanın ən səmimi təbiət və duyğular tərcümanı M.Yaqub uca dağı, kükrəyən çayı xatırladaraq yazıb-yaratdı. Yurddan, ev-ocağından aralı yaşaya bilmədi. Axı yüz illərin palıd meşəsində pöhrə verən yeni fidanları çıxarıb kənar yerdə əkəndə bitməsini kim gördü ki... Palıd ağacları ailə ənənəsinə sadiq, sıx şəkildə bir-birinə həyan olaraq, kökdən bir-birinə sarılaraq, boy-boy sıralana bilirlər. M.Yaqubun ürəyinin telləri həmin palıd kökləri ilə birləşik olduğu üçün, təbiətdən aralı yaşaya bilmədi...

  Yaşadığı dağlar qoynu Buynuz kəndi İlahinin ona bəxş etdiyi ilham qaynağı idi. M.Araza həsr etdiyi şeirində dediyi kimi, özünü bu yerlərdə çox gərəkli hiss edərək, bu yerləri özünə üstad, ozan sayır

 

Bəzən zaman mərd işini nəfs edər,

Palıd yenə tufanlarla bəhs edər,

Əl uzadıb tərəzimi əysələr,

Ürəyimdə heç pozulmaz mizanım.

 

Mənim könlüm yad səslərə satılmaz,

Şöhrət üçün hər məclisə atılmaz

İlhamıma yad nəfəsi qatılmaz,

“Ürəyimsiz kəlmə yazan deyiləm,

 Nə qədər ki, öz əlimdir yazanım”.

 

Əslində, bu yazını yazmağa məni vadar edən səbəb zəngin yaradıcılıq nümunələrinin içindən Ata-Ana ehtiyacının yanğı ilə poetikləşdirməsi oldu. Valideynlər, ana-ata, eləcə də övladlar İlahinin qismətidir. Onların taleyimizə doğmalığı  biz dünyaya gəlməzdən öncə müəyyən olunur.

  Ata ehtiyacının arxa, dayaq hesab olunduğu körpəlik, yeniyetməlik, gənclik illərində şair atasızlığın acısını yaşayır. Şairin duyğularının, ata itkisinin ağırlığını ölçən o “köhnə daş tərəzi” aciz dayanaraq susmağa üstünlük verir. Təskinlik üçün şairə mərdlik, dürüstlük, yurd sevgisi, ev-ocaq doğmalığına həyan olmaq hissləri ən böyük xəzinə kimi vəsiyyət olunub:

 

Atamın tez ötdü ömür qatarı,

Bilmirəm o, kama yetməyib, yetib,

Özü tez getsə də, mənimçün barı,

Adını daşıyan yurd qoyub gedib.

 

Atam son sözündə demişdi mənə,

Dünyanı bu yerdən baxanda sevim,

Yer var Himalaydan görünməz mənə,

Ən dərin dərədən görünür evim...

 

Bu şeiri oxuyanda özüm özümə aid bir sirri də çözə bildim. Bu yaşımda niyə malik olduğum hər şey mənim üçün doğulduğum evi əvəz edə bilmir? Niyə yuxularım böyüdüyüm evlə bağlı olur? Yuxularımda ağ əhənglə suvanmış evimizin torpaq ətrinə oyananda o ev üçün burnumun ucu hələ də nədən göynəyər?

Bəli, şairlər yaşa dolur, amma içlərində bir uşaq məsumluğu böyümür ki, böyümür. Dərdlər isə heç vaxt unudulmur.

  Bir payız günündə ata köçünü saxlamağa sadəlöhv uşaq ağlı ilə can atan, özünü min əzabdan-əzaba vuran M.Yaqubun qınaqlarında tarixiləşən ölüm həm də Ağyalı, Feldşer Soltan Əlini belə tarixiləşdirsə də, oğul şairə ata xilası üçün imkan vermir... Gələn bir gün gedəcək, ölüm haqqdır. Gəlişin ilk mənzili, gedişin son mənzilində qərar tutur. Arada yaşanan ömür məsafəsi, tale qismətidir. Xoş günlər və ya zülmlü uşaqlıq illəri ömrün yaşam qismətidir.

Ataya həsr etdiyi şeirində şairin atasını xilas etməyə kimlər vardıs,a onlar sanki məqsədli olaraq mövcud deyillər və ya haraya yetə bilmirlər. Ölümün gəlişi azmış kimi yağışın gur yağmasını şair poetik dillə qınayır:

 

Günah o yağışda, yağışdaydı ki,

Öldü cavan atam,

Nə yaşdaydı ki...

 

Atasızlıq əbədi ehtiyac kimi şairin tək şeirində deyil, bütün taleyində, düşüncəsində bir mənəvi ehtiyac kimi nisgilə yol açdı... Atasızlıq arxa-dayaqsız oğulları daha ehtiyyatlı olmağa, hər işi, hər ehtiyacı öz gücünə hesablamağa vadar edər. Tək olub, tək qərar verincə tək olan Allahdan özgə bir kimsə haraya çatmaz. Baxmayaraq ki, biz hamımız deyirik ki, uşaq anadan yetim qalır. Bəli, Musa Yaquba yetimliyi hiss etdirməyən kişi qeyrətli anası Ata boşluğunu doldura bilməzdi... Bu mümkünsüz idi... Analar ata ola bilmir. Amma qeyrətini kəlağayı yaşmağı ilə örtən anaların ömrü hər zaman öyünəcək örnək yerimiz olur. Zərif duruşlarını qaya kimi sərtləşdirərək həyatın ən ağır ildırım çaxmalarına belə sipər edərək, övladlarına ömrün, günün günəşli tərəfini göstərən anaların ruhu şad olsun!

  “Ana ömrü” şeirində şair anaların fədakarlığını belə əbədiləşdirməyə nail olub:

         Ana ömrü – bir laylanın diliylə,

         Sənə yanmış, mənə yanmış bir ömür

         Ana ömrü – körpəsinin əliylə

         Yuxuları oğurlanmış bir ömür.

 

         Ata ömrü davalarda itəndə,

         Ana ömrü təklənən bir ömürdür.

         İki ömrün cəfasını daşıyıb,

         Həsrət ilə yüklənən bir ömürdür.

 

         Bir parçası oğul toylu-busatlı,

         Bir parçası nəvə eşqli-qanadlı,

         Bir parçası qızlarından nigaran...

         Ağuşundan qəzəbləri uyudun,

         Dünyamızda hərb oyunu soyudan,

         Ömrümüzə səpələnmiş bir ömür.

 

“Zülmün nağılı” şeirini əvvəllər dəfələrlə oxumuşdum. Bu dəfə oxuyanda bütün tanıdığım “köhnə” zülmkeş xanımlar, nənəm, anam, digər qonum qonşular gözüm önündə canlandı. Böyük vətən müharibəsinə yollanan kişilər, onların ailə çətinlikləri, “ehtiyacları”, atasızlığın analara bəxş etdiyi tənhalıq, maddi, mənəvi çətinliklər gözüm önündə sıralandı. Nənəmin altı öz övladı ilə birlikdə necə qayın övladı və bacısı övladlarına çətir olması, ürəyinin yağını yavanlıq edərək onları bir süfrə ətrafında yığması, Ana ehtiyacını ödəməyə çalışmasını xatırladım. Öz uşaqlarından öncə onları yedirtməsi, işə buyuranda isə öz övladlarına müraciəti dillərdə deyilirdi. Elə anam da zəhmətkeşlik dərsini nənəmin məktəbində öyrənmişdi.

  M.Yaqub anasının ağır zəhmətini, tək-tənha bütün çətinliklərə, taleyin zülmünə sinə gərərək övladlarını böyütməsini belə poetikləşdirir:

 

Anam idi, zülm idi, bir də mən idim,

 Dünyamızda necə gəldi yaşardıq.

 Anam tənha, zülm güclü, mən yetim,

 Özümüzü hər cür işə qoşardıq.

 

Zülm ağır, zindan idi, daş idi,

Yüngülünü anam mənə verərdi

Biçin vaxtı köynəyimiz yaş idi,

Zülm orda özün günə verərdi.

 

Bir anlığa göz önündə dözülməz istidə, biçində hələ əli iş tutmayan oğlan uşağı ilə anasının ağır iş prosesi canlanır. Analar işin ağırını özləri görər, yemək vaxtı tikənin ən dadlısını övlada ötürər.       

  Zülm tənha bir qadının bir çətən külfətlə dolanışığına “rəhbərlik” edəndə, vay o ailənin halına... Zülm şeytan əməlidir... Nicatı ya səbr və təqvadır, ya da mübarizə... Dözüm, şükürdən keçməsə səbrin İlahidən möhürlənməz, mükafatı olmaz.

 

Anası səbri şükürlə qoşalaşdırdığı üçün İlahi mükafat olaraq M.Yaqub bir ananın övladlıq çərçivəsini aşaraq, təkcə Azərbaycanın sevilən şairi deyil, həm də dünyanın seçilən şairləri sırasında yer ala bildi.

“Qır qazanı qaynadan, üstündə qır köpünü quran, cindar kimi talelərlə oynayan, iynə ilə gor qazdırıb, ondan da vergi tutan” zülmü, şair anası ilə birgə poetikləşdirir. Zülmə sözdən heykəl ucaldan şairə eşq olsun! Hər mövzuda gözəl poetik nümunə yaranışını görmüşdük, oxumuşduq. Zülmü poetikləşdirib, “ağa kimi özünü günə verib , başqalarının əzabından zövq alan” obraza çevirmək hünəri M.Yaqubun duyğularının məhsulu ola bilərdi. Fikrimcə, xalqlar, millətlər zamanın müəyyən məqamında müvazinətini itirəndə, ədəbiyyatın, poeziyanın gücünə söykənib, duracaq. Çəkilən misallar güc-qüvvətə çevrilib tarixin dolayların aşmağa kömək edəcək. M.Yaqub zülmü poetikləşdirərək, əslində, zülmə lənətlər oxuyub, bütün insanları onu yer üzündən qovmağa səsləyir: “Gəlin zülmü elə məhv edək ki, bir də analar əzab çəkməsin” – deyir. Şair deyir ki, arada övladlar duranda zülm həyat ehtiyacının səbri, dözmü kimi, yaşamaq mücadiləsi kimi dəyərləndirilir...

 

Dəyirman da mürgülərdi bizimlə,

Ağnağaza onda növbə alardıq,

Aman Allah, bircə kasa un ilə,

O zülmdən necə razı qalardıq.

 

Şirin arpa yarmasından aşımız,

Qarğıdalı çalı nəydi – o zərdi.

Dəlicədən gic gedəndə başımız,

Zülm baxıb, lap uğunub gedərdi...

 

  Əslində M.Yaqub bu şeirlə bütün dünya qadınlarının əzablı, çətin gün-güzəranlı təbəqəsinə dastan bağlayıb. Çox asan, çox sadə dillə yaşanmış taledə zülmün özünün taleyini də göstərə bilib... Güclü qadınlar ən çətin zamanlarda zülmlə mücadilədə ömürlərini, sağlamlıqlarını girov qoyaraq övladlarının xilasına nail ola biliblər. Onu da deyim ki, heç bir qadın könüllü şəkildə mövcud çətinliklərə sinə gərib güclü olmaq istəməz. Axı daim güclü olmaq məcburiyyətində qaldıqca çətinliklər adamın üstünə gəlir, qalibiyyət əldə olunan ərəfədə ömrün xəstəliklərə uduzduğunun şahidi oluruq.

  Öz anamı xatırladım... Anam nə bizə, nə atama qıymazdı. Evin ən ağır işini özü görərdi. Kolxoz, sovxozun aldadıcı – “mükafatlı” maaşının müqabilində qazandığı pulu belə özünə qıymazdı. Hətta həyət-baca işlərində, arx-bərə çıxarılması işini də atama həvalə etməzdi. Hər gecə anamın bu qədər gücə malik olmasının  sirrini düşünərdim. Anamı atamdan çox çalışan gördükcə anamın bir sözünü xatırlardım: “Atan bir az nasazdı”. Sən demə, anam özü anadangəlmə ürək qüsuru ilə doğulub, amma bunu ömründə bir dəfə belə həkimə yoxlatmayıb. Bu azmış kimi, səhhəti bahasına beş övlad dünyaya gətirib. Evin ən ağır işlərini, hətta əkin-biçin işlərini belə heç kimə ümid olmayıb. Evin ən mətah tikəsini tələbə ikən özü yemədən bizə göndərər, hər zaman tox və güclü görünərdi. Anam övladlarının əlinin çörəyə çatdığını yeni gördüyü bir zamanda çox şükranlıq və minnətdarlıqla Allaha dualar edə-edə xəstəliyini bizdən gizlətməyə çalışardı. Xəstəxanada yatarkən şəhidlər xiyabanını ziyarət üçün məni dilə tutsa da, həkim vəziyyətinin ağır olmasına görə izn verməmişdi. Sonralar eşitdim ki, yanına gələn “üzüyola” bir qohumu dilə tutub ziyarətə nail olub... Həmin qohum anamın şəhidləri ağı, bayatı deyərək dillə ağladığını deyəndə mən də ağlamışdım. Bu mənim anam idi... Millətinin qəhrəman şəhidini övladı kimi oxşayıb ağlayan Azərbaycan anası... Təhlillər genişləndikcə gördüm ki, anam M.Yaqubun anasının “əkiz bacısı” imiş.

  Yer üzündə bütün fədakar analar bir-birinin bənzəridir. Saçları tumarsız, üzləri boyasız, xeyir-dualarının nuru üzlərinə İlahi gözəllik bəxş edən dünyanın ən gözəl anaları qarşısında baş əyirəm. Əslində, M.Yaqub yer üzündə bütün anaların əzab-əziyyətini, ağır taleli ailələrin zülmünü bu şeirlə nəzmə çəkib, tarixiləşdirib. Dünyanın bitməyən torpaq davası, pandemiyalar, qida qıtlığı, ekoloji fəlakətlər, şeytanın zülmünün davamıdır. Şərqdən qərbə köçlərdə itib-batan talelər zülmün oyuncağına çevrilib. Anaların zülmü hələ də bitmir ki, bitmir:

 

Vallah, o bir cindar idi, cin idi,

Onunla biz, hardan hara keçərdik.

Biçin vaxtı dəryaz idi, cin idi,

Hərdən bizə ayran verər içərdik –

 

– deyə zülmün oyunbazlığını oxucuya çatdırır. Zülm ərşə dayananda, ölüm xilas üçün qəhətə çıxanda, can boğazda yığılanda faciələrin ən dəhşətlisi baş verir. Zülm bitmədikcə insanla zülmün müəllifi şeytanın mübarizəsi davam edəcək:

 

Anam yoxdu, o dərdimi bilməyə

Bəlkə elə azadlıq var ölümdə,

Zülm ona izn verdi ölməyə

Anam getdi məni qoydu zülmdə...

 

Bəli, zülm bitmədikcə, ömürlər mücadilələrdə tükənib, bitir... İnsanlığın yaşamı İlahinin mərhəmətindən, şəfqətindən güc alıb, davam edir. İnsanın dünyasını dəyişməsi isə ölmək demək deyil. Bizi xeyir əməllərimizlə sonuncu xatırlayan adam yaşadıqca ömrümüz bitmiş sayılmaz.

Şairin fikrincə zülmdən qurtulmaq, tale azadlığı qazanaraq İlahinin bəxş etdiyi qismətə söykənərək yaşamaqdı:

 

Ağnağazam həmin şindən həmin daş,

Həmin mənəm dəyirmanda yatası,

Həmin cağcaq, həmin ağrı, həmin baş,

Azadlığa öyrənirəm qadası...

 

deyən şair fərdi qayğıların məcrasını aşaraq, yaşamaq uğrunda mübarizənin bəşəriliyini, zülmün mücadilə ilə yenilməsinin yollarını göstərir.

M.Yaqubun bütün şeirləri qəlbin ehtiyacı kimi zühur edib, sevilib. Duaların, laylayların müəllifi kimi hər zaman bir Anaları dinləmişik. Musa Yaqub zülmü yenib, övladına gün-güzəran bəxş edərək dünyasını dəyişən anasına layla deyəndə torpaq, yer, göy,  dağ, dərə, ot, ələf dil açır, analaşır. Nə bəxtəvər bir analıq! Övlad çiynində haqq dünyasına qovuşaraq oğul övladının layla, oxşaması ilə uyumaq, Bu, Allah məqamında rahatlığın mövcudluğu deməkdir:

 

Bu yanacan, o yanacan,

Çevril sağdan sol yanacan!

Böyrün ağrıyar anacan,

Darısqaldır evin, laylay,

De necədir, kefin laylay.

 

Xeyrə alqış, şərə alqış,

Bir yuvada tək qaranquş

Burda çarpış, orda çarpış,

Dincəl əzabkeşim laylay,

A qeyrətli kişi laylay.

 

Ay ev tikən, tək güc ilə,

Ay zəmisi tək biçilən,

Körpüsü tənha keçilən,

Durnası yoldaşsız anam,

Ay ömrü sirdaşsız anam.

 

M.Yaqubun şeirlərini oxuduqca ataya, anaya, qadına, təbiətə dünyada baş verən hadisələrə poetik yanaşmasının dərinliyinə enməyə çalışıram. Hər şeyin gözlədiyimdən də mükəmməl olduğu bir daha sübut olunur. Milli mentalitetdən irəli gəlibmi və ya elə şair yaranışından belə doğulub, gənclik illərinin ən şirin evlilik illərində yaradıcılığında ömür-gün yoldaşı Zöhrə xanıma daha da qol-qanad verəcək şeirlərə çox rast gəlmirik. Yadıma psixoloq E.Levinin bir fikri düşür: “Bütün qadınların mövcudluğunda üçdə bir kişi xarakterinin və psixoloji üstünlüyünün təsiri var. Ən çətin məqamda güc toplamağa kömək üçün bu keyfiyyət İlahinin yaranışa bəxş etdiyi nemətdir. Kişilərin psixologiyasının isə üçdə biri uşaq xarakterlidir, qayğıya, ülfətə ehtiyacları heç tükənməz”.

Düşündüm ki, bizim bütün ailələrin düşüncəli xanımları, həm də ailə başçısına qayğını körpələrinə göstərdiyi diqqətdən daha artıq göstərməyə çalışarlar. Əvəzində qadının analıq borcu kişinin ona göstərəcəyi sevgidən önə keçər, xanım daim ana olaraq ailənin qayğı çətirinə çevrilər. Bir gün qadının yoxluğunda bütün umacaqlar sıralanaraq ailə başçısı olan kişinin üstünə gələr. Qarmaqarışıq duyğuların içində bir həqiqət ürəkləri dağlayar. Sən demə, dünyadan köçən həm də tək evin qadını deyil, evdə hamının qayğısının və hər şeyin təminatçısı olan ANA imiş.

Zöhrə xanımın itkisi ömründən hər gün “bir kərpic” sökəndə inandı ki, itirdiyi tək sevdiyi xanım deyil, həm də həyanı, sirdaşı, həyatın acını-şirinini bölüşdüyü evin ehtiyaclarını ona söyləmədən həll yolu tapan, həm də ev-ocağın pasibani, yanan çırağı imiş...

Kənd yerində ismət, həya ölüncə imkan verməz ki, ailədə tərəflər bir-birinə səmimi sevgini etiraf etsin. “Adını demirəm, eldən ayıbdır” – nəsihətindən dərsini alan M.Yaqub Zöhrə xanımın dünyasını dəyişəndən sonra belə sevgisini özünə məxsus tərzdə ifadə edir:

 

...Tək bənövşə bitib lap yaxınında,

Mənə deyəcəyin gizli sözündü,

Xırda ləçəklərdə titrəyir səsin,

Atam da, anam da yatır yanında,

Necə danışaq ki, eşidilməsin.

 

...Bir də qulaq verək o qərib səsə,

Qoyub başımızı gedər – gəlməzə,

Daş məhbəs dilində danışaq bu gün,

Sonuncu sözünü tuta bilmədim,

Son nəfəs dilində danışaq bu gün.

 

Şeirimizdə sevginin ismət, həya duvağını qoruyub-saxlayan şair Azərbaycan xalqının ürəyində özünə elə taxt qurdu ki, bu şeirlər hər kəsin könül rübabının nəğməsinə çevrildi:

 

İllərimiz necə keçdi, bilmirəm,

Gül ömrümüz bir xalçanın çeşnəsi.

İndi burda bir məzardı, bir mənəm,

Əlimdə də qırx beş ilin heç nəsi.

 

Ata-anaya, doğma vətənə, onun insanlarına sonsuz şair sevgisinin ömür nağılı heç zaman bitməyəcək. Hər oxunan şeirində şair yeni əhval rakusundan oxucuyla həmsöhbət olduqca ömrün bitməyən nağılı söz ömrü qədər əbədi olacaq!

 

 

 

 

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.