Sənət və ədəbiyyat dərgisi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu İsveçrənin Bern şəhərində sərgi keçirib

01 Noyabr 2023 / 15:01

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu  İsveçrənin Bern şəhərində sərgi keçirib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İsveçrənin Bern şəhərində qədim türk yazıları olan petroqliflərə, tamqalara və runik işarələrə həsr olunmuş sərgi təşkil edilib. Sərgi  Qazaxıstan Respublikasının İsveçrədəki Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Qazaxıstanın Milli Bayramı Respublika Gününə həsr olunub.

Tədbirdə çıxış edən Qazaxıstan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Kayrat Sarjanov ölkənin Milli Bayramının tarixi əhəmiyyətini, davam edən struktur islahatlarının, Prezident Kasım-Jomart Tokayevin qazax xalqına müraciətinin əsas müddəalarının mahiyyətini vurğulayıb. O, Qazaxıstan-İsveçrə əməkdaşlığının siyasi, ticari-iqtisadi və humanitar sahələrdə dinamik inkişafını qeyd edib. Səfir Kayrat Sarjanov Türk Dünyasının ayrılmaz parçası Qazaxıstanın mədəni irsinin qorunması və beynəlxalq miqyasda təbliği yönündə həyata keçirilən lahyihələrə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edərək, təşkilata fəaliyyətlərində uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın Respublika Günü münasibətilə səfir Kayrat Sarjanovu və bütün qazax xalqının nümayəndələrini təbrik edərək, Türk xalqlarının çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin təbliği istiqamətində təşkilatın fəaliyyət və məqsədlərindən söz açıb. Günay Əfəndiyeva qədim Türk yazılarından petroqliflərə, tamğalara və runik işarələrə həsr olunmuş sərginin rəhbərlik etdiyi Fond tərəfindən başladılan genişmiqyaslı layihənin bir hissəsi olduğunu bildirib. O, sərginin Avropa məkanında növbəti dəfə keçirilməsinin məqsəd və əhəmiyyətindən bəhs edib.

Sərgidə qədim Türk yazılarının və simvollarının daş və keramika üzərindəki bədii oymalarından ibarət müxtəlif əl işləri, türk ölkələrinin tanınmış tətbiqi sənət ustalarının Sanjar Jubanov (Qazaxıstan), Jumagul Tashiev (Qırğızıstan) və Sabit Qurbanovun (Azərbaycan) sənətkarlıq nümunələri təqdim olunub.

Tədbirdə İsveçrə Xarici İşlər Nazirliyinin rəhbərliyi, ölkədə akreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, dövlət qurumlarının, işgüzar və akademik dairələrin nümayəndələri, türkoloqlar, elm və mədəniyyət xadimləri, eləcə də ölkədəki qazax diasporunun, KİV-in təmsilçiləri iştirak ediblər.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.