Mirzə Ələkbər Sabirin şeirlərini oğurlayan qadın
03 Aprel 2024 / 00:59
Fərid Hüseyn
Qurdu quzuya tapşıran əcəl...
(“Ədəbiyyatımızın kədərli dəqiqələri” adlı esselər silsiləsindən III yazı...)
İnsanın qorxduğu gec-tez başına gəlir, sanki qorxmaqla biz öz qatilimizi, başkəsənimizi, qənimimizi yaradırıq, sonra da ehtiyatlılıqla, “dinmə-dinmə” ilə, başımızı bəladan qorumaqla o qorxunu yemləyib böyüdürük. Amma günlərin bir günü bütün ömrümüzü yeyə-yeyə ətə-qana dolan, məchul boy-buxun qazanan həmin qorxu daha canımızdan, ruhumuzdan qidalandığı heç nəylə yetinmir, iki ayağını bir başmağa dirəyərək, dişini dişinə sıxıb inad edir ki, “illah-billah” sənin özünü həzm-i-rabedən keçirməliyəm, əsl qurban sənin özünsən, yayınmağa, ora-bura vurnuxmağa hacət yoxdur. Və beləcə insan əlibağlı halda, çar-naçar qaçılmaz aqibəti ilə barışıb taleyinə boyun əyməkdən özgə yolu qalmadığını anlayır
1911-ci ilin qızmar yay günündə Mirzə Ələkbər Sabir vəfat edibmiş və yaxınları dərd-ələm əlindən canlarını qoymağa yer tapmırlarmış, doğmalarını başılovlu, qanıqara vaxtlarında Sabirə şəhərin mollabacılardan biri ağu deməyə bəlibmiş. Həmin “mollaxanım” öyrədilib göndərilmiş, fəndgir qandınmış. Yas məclisinin axtarında hüzr evinin adamlarına təkid edib ki, Sabirin öz yazdığı mərsiyələrdən gətirin birini seçib oxuyum. Kələyə aldanan ailə üzvləri bu riyakar mollanın “saf niyyəti”nə inanıb şairin bütün əlyazmalarının cəm olduğu torbasını gətirib qoyublar bu şeytana papış tikən qadının önünə. Elə ki, mollabacı görür ki, şairin ailə üzvlərinin başı hüzurun qayğılarına qarışıb, həmin bədniyyət qadın əlyazmalar torbasını götürüb tüpürür dabanına – asta qaçana imama qənim olsun, – beləcə aradan çıxır. Sonradan qadını ha axtarsalar da gördüm deyən, soraq verən olmur. Beləcə Sabirin əlyazmaları ömürlük, əbədiyyən zövqümüzdən itkin düşür.
Həyat Sabiri ölümə aldanmağa, mollalara uymağa, onların yalançı dualarına, düzülüb-qoşulma hədisçiliklərinə, bir çox hallarda özlərinə sərf edən dini əhvalatçılıqlarına aldanmağa qoymur, amma nakam ölüm Sabiri aldanışa məhkum edir. Həyatın paradoksuna baxın: Sabir yazdıqları ilə mollalara, “Məhəmməd dininin alverçilərinə” (Ş.Təbrizi) aldanmamağa, ruhu və gözü açıq olmağa çağırır, onun üçün gecə-gündüz minbir zillətlə, məhrumiyyətlərə qatlaşa-qatlaşa yazıb-yaradır, bədii irs doğurur, amma sonda həmin ədəbi zinətlər mübarizə apardığı mollaxanların, mollabacıların bəlasına tuş gələrək məhv olur. Bəs o məlum bəladan “Hop-hopnamə” necə yaxa qurtara bilibmiş?
Deməli, Sabir bütün yazdıqlarını çap etdirmək istəyirmiş, amma yoxun üzü qara olsun, pulu çatmırmış ki, qələm bəhrələrini nəşriyyatda yayımlada bilsin. Günlərin bir günü şairin qızı Səriyyə Soltan görür ki, atası qüssəlidir, içini yeyir, belə ələmli olmasının səbəbini soruşanda şair əsərlərini yayımlanmamasını dərd etdiyini gizlətmir. Dərdəqaim qızı atasına söyləyir ki, ürəyini sıxma, zinət əşyalarımı satıb yazdıqlarını çap etdirərik, sonra satışdan gələn pulla sən mənə yenilərini alarsan. Beləcə razılaşırlar, amma o qızıllar Sabirin külliyyatını çap etməyə bəs eləmir. Qərara gəlirlər ki, ayaqlarını yorğanlarına görə uzatsınlar – pulları nə qədər səhifə çap etməyə çatırsa ona qane olsunlar. Və nəhayət Sabir oturub şeirlərdən ən yaxşıların seçməyə başlayır və bu seçim təbii ki, şairin ürəyincə olmur, o, naəlaclıqdan bu şərtə razılaşır. Sabir seçdiyi şeirləri qızına verir amma nədənsə bir müddət həmin şeirlər qızında qalır şairin sağlığında çap olunmur. Mənimçün ən kədərli olan isə kitab çap etməyə pulu yetməyən Sabirin səhifələr az olsun, mətbəə xərcləri şişməsin deyə Sşairin öz “seçilmiş əsər”lərini çapa hazırlaması olur. Yəni Sabir pulsuzluq ucbatından hansısa şeirləri kənara qoymalı olur, hansılarısa kitaba daxil edir. Həmin seçim prosesi, əlyazmanın birini, götürüb o birini qoyan Sabirin yaşadığı həmin anlar mənim nəzərimdə ədəbiyyatımızın ən kədərli dəqiqələrindənidir. Unudulmaz şair öz övladı qədər əziz bildiyi əsərlərindən hansınısa kitaba daxil etmir, uzaq bir gündə nəşr olunacağı ümidi ilə saxlayır, sonra isə həmin mollabacı, mərsiyəxan o qızıldan qiymətli əlyazmaları oğurlayır. Sabirin öz əlləri ilə nəvaxtsa nəşri yetişəcək sədatəli bir günə saxladığı əlyazmalar onun ən kədərli günündə – öldüyü günlərdə yoxa çıxır. Həyat Sabiri mollabaşların üzərində hər nə qədər qalib edirsə də, ölüm onu bir o qədər məğlub hala salır.
Sabirdən bizə 10 mərsiyə yadigar qalıb. Onlardan biri “Çünki vücidi-alim” adlanır. Həmin yanğılı, göynəkli şeirin bədlərinin arasında biri xüsusən ağrıdıcıdır, biri sanki elə Sabirin taleyinə yazılıb, onun kəm bəxtinin boyuna biçilib, eyni zamanda o sətrlər onu həmin acı qismətə məhkum edən bizə də bəs qədər münasibdir:
Ancaq biz ağlarıq öz hali-fikarımızçın,
Zahir olan bəlayə əhli-diyarımızçın,
Ümmidgah itirmiş ətyami-zarımızçın,
Nemət ki getdi əldən, fəryadımız səzadır!
Son misranın (nemət ki, getdi əldən, fəryadımız səzadır!) aşkar mənası budur ki, Allahın bağışladığını itirəndə ah-fəğan eləmək səzadır, – yəni yaraşandır. Biz Sabirin irsini mollabacıya əmanət eləmişiksə, deməli, o yazıların alnına biryolluq yox olmaq da ən ədalətli tale qərarı sayıla bilər.