Sənət və ədəbiyyat dərgisi

Günay Əfəndiyeva “Bir millət , iki dövlət” forumuna məktub ünvanlayıb

02 Noyabr 2023 / 15:19

Azərbaycanın Naxçıvan şəhərində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bir millət iki dövlət" Forumu keçirilib.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Forum iştirakçılarına ünvanlanmış məktubu oxunub. Məktubda deyilir:

“Hörmətli tədbir iştirakçıları,

“Bir millət, iki Dövlət” Forumunda ilk öncə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfovu, Türkiyə-Azərbaycan Dostluq, İşbirliği və Dayanışma Vakfı başkanı Prof. Dr. Aygün Attarı, eləcə də bütün mötəbər qonaqları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan səmimi qəlbdən salamlayıram.

Müasir Azərbaycan dövlətinin banisi, bütün Türk Dünyasının görkəmli şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin 100 illiyinin və qardaş Türkiyə Cümhuriyətinin qurulmasının100 illik yubileylərinin qeyd olunması çərçivəsində, eləcə də hazırda regionda baş verən tarixi hadisələrin və yeni reallıqların fonunda bugünkü tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Təsadüfü deyil ki, “Bir millət, iki Dövlət” ForumuAzərbaycanın qədim diyarı Naxçıvan şəhərində keçirilir. Bu gün istər geosiyasi mövqeyi, istər zəngin tarixi keçmişi, mədəni irsi, istərsə də mövcud iqtisadi potensialı ilə Naxçıvan xüsusi əhəmiyyətə malikdir. Naxçıvan bütün dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşayıb. Bu torpaq Əcəmi Naxçıvani kimi memarı, Nəcməddin Naxçıvani, Hinduşah Naxçıvani kimi filosofları, İsmayıl Naxçıvanski, Hüseyn xan Naxçıvanski və Cəmşid Naxçıvanski kimi hərb xadimlərini, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi böyük ziyalı-yaradıcı insanları Azərbaycan xalqına bəxş edib.

Bu il 100 illik yubileyi təntənəli şəkildə qeyd olunan Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkənin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib.

Təsadüfi deyil ki, Azərbaycan tarixi üçün ən çətin zamanlarda Ulu Öndərin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə rəhbər seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, bütövlükdə ölkə üçün mühüm hadisəyə çevrildi və Azərbaycanın ondan sonrakı inkişafının əsasını qoydu.

Türk xalqlarının inteqrasiyasının sürətlənməsində, bu birliyə nail olunmasında Azərbaycanın, Naxçıvanın adının xüsusi keçməsi çox böyük əhəmiyyətə malikdir. Çünki Türk dünyasını birləşdirən, bir-birinə yaxın edən bir diyar kimi Naxçıvanın rolu böyükdür. 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilən IX Türkdilli Ölkələrin Dövlət BaşçılarıZirvəsində imzalanan Naxçıvan müqaviləsi ilə Türk Dövlətləri Təşkilatının əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının yaradılmasına dair Qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsinin Türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

Qürurla demək istərdim ki, Türk Əməkdaşlıq Təşkilatlarından biri olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk dövlətləri və xalqları arasında davam edən inteqrasiya proseslərinin fəal iştirakçısıdır. Təşkilat qədim və zəngin Türk tarixi-mədəni irsinin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərməkdə, bu sahədə çoxşaxəli beynəlxalq layihələr həyata keçirməkdədir.

Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. Burada keçirilən “Bir millət, iki Dövlət” Forumu Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq əlaqələri, hamımızın bir millət olmaq ruhuna bağlılığımızın növbəti bariz nümunəsidir. Azərbaycan ilə Türkiyə arasındakı doğma münasibət dərin tarixi köklərə söykənir. Bu gün çox haqlı olaraq ölkələrimiz və xalqlarımız arasında olan əlaqələr qardaşlığımızın zirvə nöqtəsi kimi dəyərləndirilir.

Son dövrlərdə baş verən hadisələr - Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə ölkənin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğanın bir-birinə nümunəvi qarşılıqlı dəstəkləri, tarixi Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi.

Xüsusilə vurğulamalıyam ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın dahi siyasi lideri Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyini il boyu Azərbaycanın daxilində və xaricində böyük şölənlə qeyd edib. Bu gün aranızda olmamağımın səbəbi də hal-hazırda Fond tərəfindən bu möhtəşəm yubileylərin Avropada, Hollandiya və İsveçrədə təntənəli şəkildə keçirilməsidir. Özüm Naxçıvanda olmasam da, ürəyim sizinlədir!

Yaşasın Türk Dünyası !

Hörmətlə,

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.