Sənət və ədəbiyyat dərgisi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Ana Tarla” kitabının təqdimatı keçirilib

15 Noyabr 2023 / 11:58

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə 13 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Ana Tarla” kitabının təqdimatı keçirilib.

 

Kitabın Azərbaycan dilində çap olunması qırğız xalqının görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovun zəngin irsinin tanıdılması, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın ədəbi-mədəni əlaqələrinin daha da gücləndirilməsi məqsədini daşıyır. Əsəri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi Teymur Elçin tərcümə etmişdir. Nəşrdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və dəstəyi ilə Çingiz Aytmatovun "Ana tarla" povesti əsasında səhnələşdirilən dram, eləcə də cari ilin aprel ayında Bakı Bələdiyyə Teatrı tərəfindən nümayiş olunan tamaşadan fotolar yer alır.

 

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu prezidenti Günay Əfəndiyeva Bakıda 9-cu Beynəlxalq Kitab Sərgisinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmasının böyük simvolik məna daşımasından söz açıb. O, Heydər Əliyevin mədəniyyətə, incəsənətə xüsusi məhəbbətindən bəhs edərək, Ulu Öndərin Azərbaycanın və bütövlükdə Türk Dünyasının sənət adamları, şair və yazıçıları ilə səmimi münasibətlərinə diqqət çəkib. Günay Əfəndiyeva Ulu Öndərin bu il 95 illik yubileyi qeyd olunan, Qırğızıstanın və Türk ədəbiyyatının böyük siması Çingiz Aytmatov ilə dostluq əlaqələrini vurğulayıb.

 

Günay Əfəndiyeva Fond tərəfindən Çingiz Aytmatovun “Ana Tarla” kitabının nəşrinin əhəmiyyətindən, əsərin mövzusunun müasir dünyada, eləcə də Azərbaycanda aktuallığından bəhs edərək, bildirib: “Əsəri oxuyarkən Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü bərpası naminə canlarını fəda etmiş qəhrəman oğulların və onları bizlərə bəxş edən anaların obrazları gözlərimizin önündə canlanır. Bu kitab Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğulları böyüdüb boya başa çatdıran mərd analara ithafdır”.

Tədbirdə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev çıxış edərək, kitabın Azərbaycan dilində nəşrini Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq münasibətlərinin, ədəbi əlaqələrin inkişafına töhfə kimi qiymətləndirib. Səfir layihənin həyata keçirilməsinə görə Beynəlxalq Türk Mədəniyyətinə və İrsi Fonduna təşəkkür edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev Çingiz Aytmatovun dünyəvi mövzuları ehtiva edən ədəbi-bədii yaradıcılığından söz açıb. Musa Quliyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən kitabın həm Qırğızıstan, həm də Azərbaycan üçün əlamətdar olan bir ildə işıq üzü görməsini gözəl mədəniyyət hadisəsi kimi qiymətləndirib. O, Fondun gənc təşkilat olmasına baxmayaraq, qısa müddət ərzində Türk xalqlarının tarixi-mədəni irsinin, ədəbiyyatının təbliğində, ictima-siyasi əlaqələrinin möhkəmlənməsində önəmli rol oynadığını vurğulayıb.

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunun icraçı direktoru Mehman Həsənli tədbirdə çıxış edərək, Çingiz Aytmatovun həyat və yaradıcılığından bəhs edib. O, görkəmli ədibin “Ana Tarla” əsərinin dərin milli və bəşəri məzmununa diqqəti çəkib. Natiq Fond tərəfindən kitabın hazırlanmasının və nəşrininin bütövlükdə Türk Dünyası üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

Tədbirin bədii hissəsində Bakı Bələdiyyə Teatrının aktyorları Elməddin Zabitli və Zülfiyyə Qurbanova Çingiz Aytmatovun əsərlərindən  parçaları, eləcə də Azərbaycan şairləri tərəfindən yazıçıya həsr olunmuş şeirləri səsləndiriblər.

Daha sonra Fondun Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində “Ana Tarla” əsəri əsasında hazırlanmış tamaşadan səhnələr göstərilib. Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Tədbir böyük maraq və alqışlarla qarşılanıb.

Təqdimatda tanınmış mədəniyyət və incəsənət xadimləri, Türk dövlətlərinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, ictimaiyyət və KİV təmsilçiləri iştirak ediblər.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.