Zəfərin poetik tarixi - Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poeması haqqında
20 May 2024 / 07:29
Sona Vəliyeva
Bu gün görkəmli şair Sabir Rüstəmxanlının doğum günüdür. Doğum günü münasibəti ilə Xalq şairin "Qarabağa dönüş" poeması haqqında filologiya elmləri doktoru Sona Vəliyevanın məqaləsini təqdim edirik:
Zəfərin poetik tarixi
(Sabir Rüstəmxanlının "Qarabağa dönüş” poeması haqqında düşüncələr...)
"Ədəbiyyat qəzeti”nin ötən ilin 24 dekabr nömrəsində Xalq şairi Sabir Rüstəmxanlının Vətən müharibəsində qələbəmizi tarixi salnaməyə çevirən "Qarabağa dönüş" poeması ədəbiyyatsevər ictimaiyyətə təqdim olundu... Bu tale şairə Tanrının müdrik yaşında ərməğan etdiyi ömür qismətidir. Çünki ilk qələm nümunələrindən başlayaraq yaradıcılıq missiyası Azərbaycançılıq olan, Vətən, millət sevdalısı S.Rüstəmxanlının Vətən müharibəmizin Zəfər dastanını yaratması təsadüf sayıla bilməz. Sabir Rüstəmxanlı sovet ideologiyasının hökm sürdüyü dövrlərdə istiqlal düşüncəsini poeziyası ilə yetişməkdə olan gəncliyin düşüncəsinə ötürə bilirdi. 1970-ci illərdə yaradıcılığının ən yüksəlişli dövründə yaratdığı bütün əsərlərində milli müstəqillik, azadlıq ideyaları, cənub həsrəti əsas motiv kimi onu şairlər sırasında önə çıxaran keyfiyyət kimi diqqəti cəlb edirdi. O illərdə qələmə aldığı şeirlərində deyirdi:
Müstəqillik! İlk inamım, ilk həsrətim,
Müstəqillik! Xalqın məslək bayrağıdır.
Müstəqillik hər ölkənin, məmləkətin,
Zülm, əsarət orbitindən çıxmağıdır.
Sovet ideologiyasının ən qüdrətli vaxtında ictimai tonla danışmağın özü böyük cəsarət tələb edirdi.
Bu illərdən başlanan milli mübarizə ideyalarının, azərbaycançılıq təfəkkürünün geniş şəkildə yaranması və təbliğində, eləcə də 90-cı illərin əvvəllərində başlayan meydan hərəkatının inkişafı, milli mücadilə tariximizin şanlı səhifələrin yazılmasında ictimai-siyasi fəaliyyəti ilə yanaşı onun poeziyası müstəsna rol oynadı. Milli həmrəyliyimizin poetik çağırışına çevrildi. Ən gərəkli anlarda poeziyanın xalqların düşüncəsində yaratdığı dönüş haqqında bir fikrin tarixi həqiqət olmasını təsdiq etdi. Bir daha sübut olundu ki, millətin həmrəyliyində poeziya güc, enerji mənbəyi kimi həm də müvazinətimizi qoruyan istinad yerimizdir. Onun bir vaxtlar cəsarətlə üz tutduğu "Vətən", "21 Azər", "Sağ ol Ana dilim", "Azərbaycan sözü", "Təbriz xiyabanı", "Taleyimlə barışmağım", "Şəhər sovetinə məktub", "Yurdun qisməti" kimi şeirlərindən "Ömür kitabı"na, "Göy Tanrı"ya, sonralar "Difailər"ə uzanan yaradıcılıq yolu bu gün "Qarabağa dönüş"ü yazmağına şairə tarixi haqq qazandırdı.
Qarabağ mövzusunda qələm adamlarının indiyə qədər yazmış olduqları və ya yazacaqları əsərlər müstəqillik dövrünün ədəbiyyat tarixində mövcud mərhələnin ədəbi nümunələri kimi təhlil olunanda, Sabir Rüstəmxanlı yaradıcılığı istiqlal ideyalarının tamlığı ilə öz əsaslı yerini ön cərgədə tutur. Milli mücadilənin ilk düşüncə tarixindən müstəqilliyin son Qarabağ Zəfərinə dastan yazmaq haqqının sahibi kimi, istiqlal şairi kimi...
İnanıram ki, hələ 1970-ci illərdə "Əsgər mahnıları" şeirini yazanda, bir gün Azərbaycanın müstəqil olacağını, tarixi zəfər yazmağa qadir öz ordusu olacağı arzusunu poetik fəhmlə gələcək yaradıcılığına davamı kimi ötürmüşdü. Bu gün Qarabağın zəfər tarixini yazanlardan biri olan şəhid Xudayarın səsi, Vətən nəğməsi bu bədii fəhmin işığının ona ötürdükləri idi:
Döyüşdə gözünə çilənsə də qan
Təmizdi, ləkəsiz zirvə qanıdır,
Mahnılar əsgərin güllə batmayan
Alınmaz, basılmaz qalalarıdır.
Ölümün üstünə getdi mahnılar,
Aldı qanadına çox ömrü darda...
Hayanda bir tənha əsgər qəbri var,
Sanıram, mahnı da dincəlir orda...
Bu şeirini 1970-ci illərdəki yaradıcılığından "Qarabağa dönüş"ə ümid oyadan bədii nümunələrdən biri saymaq olar. Bəli, çağın zəfər poemasını yazmağa bu gün ən çox tarixi, ədəbi, eləcə də bədii təfəkkür üfüqünün genişliyinə görə haqqı olan S. Rüstəmxanlı idi. O, bu missiyanı İlahi qismət kimi gözləyirdi...
"Qarabağa dönüş" – poemasında Sabir bəy istiqlal mücadiləsinin zəfər sevincini yaşamaqla yanaşı, hər əsgərin Vətən uğrunda şəhidliyinə, hər qazinin yaralanmasına dərin kədər hissini də oxucusuna ötürür. "Oğul" – deyə müraciət etdiyi əsgərlərin özünü Vətən qayası, Vətən qalası kimi ölümsüz təsvir etsə də, itkiləri ata kədəriylə qarşılayır. Ölüm haqdır, bir gün gələn, bir gün də gedəcək, qalan Vətəndir, Vətən əmanatı – deyir. Şuşa ruhumuzun qalası kimi işğal olunduğundan, yarımcan yaşamağımız ömrün ən acı səhifələri idi. O qalanı yenidən fəth edib bizə qürur yaşadan oğulların şəhidliyi, mübarizə əzmi poemanın əsas ideyası kimi o qəhrəmanlıq önündə hər birimizi sayğı duruşuna çağırır:
Nə ordu vecinədir,
Nə Qacar deyən "şüşə".
Bir həsrətli tələsir
aşiqiylə görüşə.
Gecə nəmli, divar yaş,
Oğlum, ehtiyatlı ol, ayağından qaçar daş,
Əsgər hərdən yan-yana, hərdən nəfəs-nəfəsə,
Hərdən qulaq kəsilir qaladan gələn səsə.
O haqqın sorğuçusu, son hökmü verən Allah
Görünməz bir tor hörüb, kim bacarar, ya pənah!
Əsgər asılıb tordan qalxır hörümçək kimi
Sarmaşıb qayalara yazağzı çiçək kimi.
Hər millətin Zəfər tarixində elə hadisələr baş verir ki, onsan sonra sanki xalq öz ruhu ilə yenidən doğulur. Aprel döyüşləri, itkilərimiz önündə içdiyimiz müqəddəs and, əslində, türkün özünə qayıdışı kimi qəbul olunmalıdır. Polad Həşimov kimi generalımızın itkisi milli həmrəyliyimizə çağırış harayı oldu. Poemada xatırlanan hər şeyin və hər kəsin zəfər döyüşü üçün birləşməsini şair belə tərənnüm edir:
Uzaq maviliklərdən baxır Polad Həşimli
Mehriban bir səs ilə "Qalx!" deyir əsgərinə.
Silkələ qayaları, yol aç qaya döşünlə
Yürü, xeyir-duamla mən də köməyəm sənə.
Şəhidlərin ruhları qaya üstə çıraqdı,
Mübariz də dumandan sıyrılıb gəlir birdən.
Fikrində son döyüşü özü gedir qabaqda
Qoruyur divar kimi əsgəri güllələrdən.
Tanış qəhrəmanlar, şəhidlər, hadisələr Zəfər dastanında, S.Rüstəmxanlı yaradıcılığında yenidən tarixiləşir. Mənfur erməni işğalçılarının torpaq hərisliyini əvvəllər də S.Rüstəmxanlı elmi-publisistik və nəsr əsərlərində dəfələrlə sübut etmişdi. Bu poema ilə şair saf, təmiz, axıcı və yaddaşlara əbədi həkk olunacaq bir dillə Zəfərimizin bədii tarixini yaratdı. Bir vaxtlar "bu dil şirinlikdə şərbət kimidir" – deyən S.Rüstəmxanlı həm də dilimizin tarixi yaşam haqqını zəfər dastanında əbədiləşdirir. Çünki sovetlər dövründə milli təfəkkürün məhvi yollarını düşünən sovet ideoloqları yerlərdə milli dilin dövlət səviyyəsində sıxışdırılmasından başlayanda S.Rüstəmxanlı Yazıçıların VII qurultayında "Dilimiz və taleyimiz" adlı çıxışında "Sosializm ana dilinin məhvidirsə, bizə belə sosializm lazım deyil" – deyəndə tarixin gələcək hadisələrinə milli düşüncədən baxa bilmişdi. Axı dil özündə tarixi, milli yaddaş və milli düşüncəni qoruması ilə yanaşı, həm də ideoloji və siyasi faktorları da yaşadır. Dilin saflığının qorunması məxsus olduğu xalqa əbədi dirilik suyu bəxş edən bulağa bənzər. O bulağın gözünün tutulmaması üçün S.Rüstəmxanlı hələ o vaxtlar dilinin keşikçi ziyalısı kimi ehtiyatı əldən verməməyə çağırırdı.
Şair hadisələrin təsvirində oxucunun qəlbində qürurla yanaşı, döyüş səhnəsinin bədii, eləcə də tarixi təsvirini rəsm tablosu və ya film kimi gözümüzün qarşısına gətirir. Yüz illər sonrakı nəsillər ən ağır silahlarla qazanılan qələbədə milli iradə və əzmimizin, ruhumuzun gücünün öndə durduğunu bu poemadan müfəssəl şəkildə öyrənəcəklər. Şuşa övladlarının sədaqətinə arxalanaraq əsarətə dözdü. Neçə-neçə ziyalılarımızın bu dərdə dözmədən dünyadan nakam köçdüklərini də şair yada salır. Dünyadan Qarabağ nisgili ilə köç edən qələm dostlarını xatırlaması ilə S Rüstəmxanlının sözə sədaqəti ilə yanaşı, dostluğa da vəfa və etibarını sübut edir.
Qarış-qarış alınan torpağın uğrunda gedən 44 günlük döyüşün sərkərdəsi, Ali Baş Komandanı, zabiti, sıravi əsgəri, arxa cəbhədəki vətəndaşları tariximizin şanlı qəhrəmanlarına çevrilərək gələcək nəsillərin qürur mənbəyinə çevriləcəklər:
Döşünə döyən ordu qanqal kimi biçilib,
Leş leşin üstündədir, oyanmaz bu yuxudan.
Düşmən siçana dönüb, düşmən elə kiçilib
Silahla bir-birinə saldırır qorxusundan.
Günahsız körpələrin qanı tutub gözünü.
Hesabat verməlidir bu qiyamət günündə.
Qorxudan ağlı çaşıb biçir özü-özünü.
Bir ordu qaçıb gedir yüz əsgərin önündən.
Poemada türkçülük düşüncəsi, qardaş türk xalqı və ordusu ilə həmrəyliyimiz qələbəmizin əsas amili kimi dəyərləndirilir. Bəli, içimizdə, qəlbimizdə birliyin, ruhumuzda istehkam möhkəmliyinin qurulmasından sonra hərbi istehkamları fəth etmək qüdrətinə malik olmağımız mümkün olurmuş!
Bu gün türkün bayramı, işğalçının yasıydı,
Allahın hökmü ilə yazılmışdı bu yazı,
Onun "bəla" dediyi Allahın balasıydı.
Xocalı qırğınının alınmışdı qisası.
Allahın hökmü ilə yazılmışdı bu yazı,
Millətimin zilləti axır çatmışdı sona.
30 illik həsrətin alınmışdı qisası,
Bir milyon göz baxırdı öz viranə yurduna!
Milli idrakın, təfəkkürün məfkurə qatına enməyi iri həcmli poetik əsərdə hər şair bacarmaz! Sabir bəy tarixin, folklorun, milli ideologiyanın yorulmaz araşdırmaçısı olduğu üçün, poemada hər şeyin öz yerli yerində ifadə olunmaq nizamını pozulmağa qoymur. Türk xalqı və türk ordusu ədəbiyyatımızda mövzu olaraq, milli-tarixi, ideoloji fəlsəfəmizdə xilaskar, yardımçı, qardaş obraz olaraq əbədiləşdi. Elə ən çətin anlarda biz də qardaş əlimizi əsirgəmədən uzatdıq. S.Rüstəmxanlının bu poemadakı düşüncələrinin məfkurə qaynaqları "Bu sənin xalqındır" (Bakı, 1995) kitabında publisistik dillə illər öncə belə ifadə edilirdi: "Turançılıq, yaxud azərbaycançılıq – təkcə bu günü söhbəti deyil. Mübarizə hərəkatımızın demək olar ki, bütün yolu bir iki anlayışdan paralel keçir. Bu ikiqatlı idealın torpağa yaxın olan birinci qatı vətənçilik, ikinci qatı azərbaycançılıqdırsa, buludlara yaxın ikinci qatı türk birliyinə əsaslanan turançılıqdır."
Elmi – ideoloji düşüncəsindən dərin izahdan keçərək bədii yaradıcılığında hər zaman təzahür olunan türkçülüyün mahiyyəti "Qarabağa dönüş"də daha zirvəyə qalxdı. Bəli, özünə qayıtdı türk, öz böyüklüyünü bütün dünyaya sübut etdi:
Zirvələrə qalxınca gücümüz oyanacaq
Bu güc tarixdən gələn ulu Turan gücüdür!
Savalandan Tanrıya, Ağrıdan Altaylara
Min illərlə var olan bir qəhrəman gücüdür.
Bir vaxtlar "Bu sənin xalqındır" kitabından oxuduqlarım zəfər tarixini əbədiləşdirən dastanda bir daha isbatını tapdı: "Görünür, islamçılığı, turançılığı, mənəvi, tərbiyəvi bir kateqoriya kimi, birləşdirici vasitə kimi, bu günün işi kimi qəbul etməliyik. Türkçülüyü biz yalnız müstəqil güclü türk dövlətlərinin mənəvi birliyi təsəvvür edə bilirik və bu da ilkin mərhələdə hər kəsin öz dövlətinin möhkəmləndirilməsini zəruriləşdirir."
S.Rüstəmxanlının türkçülük, azərbaycançılıq düşüncəsi H.Zərdabinin, İ.Qaspıralının, Ə.Hüseynzadənin, Y.Akçuranın, Ə.Ağaoğlunun, Z.Göyalpın bütün ümumtürk dünyasının müstəqillik, azadlıq məfkurəsinin davamı kimi diqqəti cəlb edir:
Bir vaxt Nuru paşa da gəldi qardaş hayına,
Dirək oldu yurdumda min könül sarayına,
Ocağımız küllənib, ümidimiz sönəndə,
Bakı, Şuşa, Zəngəzur qan gölünə dönəndə.
Tiflisdən, Qarabağdan, Naxçıvandan keçmişdi.
Neçə gizli tələdən, neçə qandan keçmişdi.
Dünyanın müasir inkişafında ekoloji xaosun və müharibələrin hökm sürdüyü bir vaxtda öz təsdiqini tapan bir müddəanı unutmamalıyıq. Erməni vandallığına müttəfiqlik edən dövlətlərin siyasi-dini baxışlarında xristianlıq amili əsas prinsip kimi qəbul olunur. Soyqırımı törədənlərə silah ötürənlər, həm də qırğınların iştirakçısına çevrilirlər. Ona görə də milli, dini birliyin işığında əldə olunan qələbədə qardaş, dost xalqların həmrəyliyinin "Qarabağa dönüş" poemasında tarixiləşdirilməsi faktı gələcək nəsillər üçün çox gərəklidir. Sabir Rüstəmxanlı Qələbə əzmimizin təməlində dayanan milli məfkurəni poemanın əsas leytmotivi kimi oxucuya çatdıraraq hələ qarşıda xalqımızın şanlı tarix yazacağına inamın səbəblərini də bədiiləşdirir.
Turan birliyimiz nəticəsində gələcəyimiz keçmişimizdən daha böyük olacaq! Tanrı dağlarından Ağrı dağına qədər mövcud olan coğrafiyada hər kəsin könlündə bir Turan vətəninin qurulması əbədiyaşarlığımızı təmin edəcək:
Ey qoca Azərbaycan! Haqq nazilir, qırılmır,
Sənin Zəfər gününə yazıram yeni dastan.
İki bitməz nəğməsi olmalı bu dastanın
Birincisi Türkiyə, ikincisi Pakistan.
Üç bayraq dalğalanır üç qardaşın şəninə.
Silir göz yaşlarımı iki əl, çıxım yasdan.
Bir dua da artacaq duamın üzərinə,
Alqış sənə, Türkiyə, Alqış sənə, Pakistan!
S.Rüstəmxanlının milli, dini birlik fəlsəfəsində sadəcə türk və ya müsəlmanlıq birliyi deyil, tərəqqipərvər bəşəri düşüncələrin də tərəfində durduğu haqq-ədalət, yurd, ocaq sevgisinə vicdanın səsi ilə dəyər verənlərin münasibəti ümumiləşir.
Poemada tarixi türk sərkərdələrinin adlarının yer alması qürurvericidir. Mete xan, Qazan xan, Oğuz xan, Alparslan, Ərtoğrul qəhrəmanlığından güc alan Azərbaycan əsgəri üçün əcdada, əsl-nəcabətə bağlılığın, onlarla qürur duymağın özü yeni qələbə dastanı yazmaq üçün enerji mənbəyidir. Çanaqqala savaşının dünəni, türkün neçə-neçə haqq davasının Şuşada davam etməsi düşüncəsi Turan birliyinin vacibliyini göstərir:
Ölüm-dirim anında haqdan gələn bir nida
Kəlmeyi-şəhadəttək ürəklərdə bəslənir.
Bu əmrin ilk vətəni Çanaqqala olmuşdu,
Yüz ili adlayaraq Şuşada da səslənir.
Ermənistanın zaman-zaman havadarlarının köməyi ilə Azərbaycandan torpaq qopartması siyasətin davamı, Daşnaksutyun terror təşkilatının "dənizdən dənizə böyük Ermənistan" yaratmaq ideyası 44 günlük haqq davasında iflasa uğradı. S.Rüstəmxanlının "Qarabağa dönüş" poeması Zəfərin yaranma prosesinə qədərki tarixdən başlayaraq, döyüş proseslərini və şanlı tarixin qəhrəman şəhid və qazilərinə Azərbaycan xalqının sevgi və münasibətini əbədiləşdirdi. Eləcə də qələbənin təməlində müdrik dövlətçilik siyasətinin və dövlət rəhbərinin sarsılmaz iradəsinin, Ali Baş Komandanla xalq, ordu həmrəyliyinin durması kimi tarixi düstur da poemada bədii həllini tapıb.
Bu bizim haqq işimiz, ədalət savaşımız,
İntiqam ala-ala dikələcək başımız.
Vur, əsgərim, vur! – deyə əmr eləyir Komandan
Qoy bir də yurdumuzda tökülməsin nahaq qan.
Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,
Başımızın üstündə üçrəngli bayrağımız!..
Qovur öz yuvasına quduzlaşan itləri
Ali Baş Komandanın qələbə tvitləri!
İllər öncə Azərbaycanın böyük şairi, istiqlal savaşımızın öncül ziyalısı Xəlil Rza Ulutürk S.Rüstəmxanlı haqqında tarixi fikirlərini belə ifadə edirdi: "Milli və bəşəri tərəqqi uğrunda mübarizə aparan kişilərdən biri, mənim nəzərimdə çağdaşımız Sabir Rüstəmxanlıdır. О, sadəcə bir fərd deyil, bu gün Аzərbaycan qurtuluşu uğrunda gedən ölüm-dirim mübarizəsinin bir damlası, bəlkə də, bir dalğasıdır. Lakin bu pak, ləkəsiz dalğa milyon-milyon dalğa ilə һәmahəng оlduğu üçün itib-batmır, yadda qalır və bəzən fırtınanın tacı kimi аpaydın görünür.
Sabir Rüstəmxanlıya mən dörd epiteti anasının südü kimi halal bilirəm və buna görə həmin təyinləri, qrammatik qaydaları pozub böyük hərflərlə yazıram: ŞAİR, YAZIÇI, PUBLİSİST, REDAKTOR və İCTİMAİ XADİM."
Yaşının və yaradıcılığının müdriklik çağında xalqına, Azərbaycan ədəbiyyatına bəxş etdiyi bu poema ilə S.Rüstəmxanlı bir daha vətəndaş şair olaraq hər zaman azərbaycançılıq məfkurəsini yaradıcılığında yaşadan çağdaş dövrümüzün klassiki olduğunu bir daha göstərdi.