Məsələ janrda deyil
29 May 2024 / 12:05
Məsələ anrda deyil[1]
...Cavan yazıçılar tez-tez şikayətlənirlər ki, onları çap etmirlər, mətbuata yol tapmaq çətindir. Ancaq gənc müəllifləri sevindirməsəm də, deməliyəm ki, ədəbiyyata təzə gələnlərin çap olunması həmişə belə çətin olub. Deməliyəm ki, indi cavanlara əvvəlki illərdən daha çox qayğı göstərilir, yaxşı əsərlər isə az-az yaranır. İstedadla yazılmış əsərlər çox vaxt heç bir çətinlik olmadan çap edilir. Məsələn, bu yaxınlarda S.Baruzdin V.Kondratyevin “Saşka” əsərini oxuyub qeydsiz-şərtsiz, “Drujba norodov” jurnalında çap elədi. Eyni qayda ilə biz V. Karpovun "Naş sovremenniik"də verdik. Mən onun əlyazmalarını qabaqcadan oxumamışdım. Redaksiyaya gəldim, orada mənə dedilər ki, budur, çelyabinskli bir müəllifin dörd hekayəsini mətbəəyə yığılmağa göndərmişik, yaxşı yazılardır... Yaxşı əsər redaksiyada hadisəyə – bayrama çevrilir. Ancaq bəzən gənc müəlliflə elə rəftar eləyirlər, onu sevə-sevə elə əzizləyirlər ki, gənc yazıçı zəif əsərlər yazmağa başlayır.
Əsas çətinliklər çap olunmamaqdan deyil, “sandıq ədəbiyyatlarının” – yarımçıq, ikinci dərəcəli yazıların mətbuata yol tapmağından irəli gəlir. İkinci dərəcəli bir bəladır. Mənə böyük yazıçılarımızdan biri ilə söhbət eləmək imkanı yaranmışdı. Söhbət əsnasında o dedi ki, ədəbiyyat ətrafında həmişə çoxlu adam toplanıb, ədəbiyyatın hesabına dolanır. Bunun nəticəsində əsl ədəbiyyatla xaltura arasındakı sərhədi itiririk. Teatr və kinoya gəldikdə də qeyd etməliyik ki, bu sahələrdə sənətdən uzaq nə qədər adam başını girləyir. Mən heç kəsi incitmək fikrində deyiləm, ancaq deməliyəm ki, hansı səbəblər ucundansa çap olunan adamlar həddən artıq çoxdur. Görürsən biri əməkdar pensiyaçıdır, çap eləmək lazımdır, birinə bədbəxtlik üz verib, çap eləmək lazımdır. Biri nəsə bir igidlik göstərib. Biri ya Şimal qütbünə, ya Cənub qütbünə gedib... deməli, çap eləmək lazımdır. Hələ kimsə orduya komandanlıq eləyib, kimsə kəşfiyyatçı olub, kimsə çox çətinliklərə dözüb, kimsə çox şeylər görüb, belə-belə böyük kağız axını başlayır... On, iyirmi kitab quru ad, aralarında isə cəmisi bir-iki nəfər həqiqi yazıçı...
Bəzən isə təcrübəli, məşhur yazıçılar ədəbiyyatı çiy əsərlərlə doldururlar. Belə əsərlər çap olunur, dalınca tərif dolu məqalələr yazılır, ancaq sonra görürsən ki, əsər də unudulur, onun haqqında yazılmış məqalələr də... Mənə elə gəlir ki, bu iş, sadəcə olaraq, həm ədəbiyyata, həm də yüksək yazıçı adına qeyri-ciddi münasibət bəsləməkdən doğur. Yazıçı yaşlaşdıqca onun ədəbi məsuliyyəti də artmalıdır, o, öz yazıçı adını daha böyük qayğı ilə qorumalıdır.
İndi ədəbiyyat və incəsənətdə çoxlu yazıçı, artist, rejissor “sülalələri” yaranıb. Qoy məni düzgün başa düşsünlər, mən onların hamısını birdən günahlandırmaq istəmirəm. Bunların içində elə övladlar və qadınlar var ki, istedadda atalarından, ərlərindən dala qalmırlar, ancaq elələri də var ki, mədəniyyətimizin inkişafından daha çox, ona mane törədirlər. Heç kim ürək eləmir ki, belələrinin qarşısında dayansın, heç kəsin dili gəlmir ki, həqiqəti onların gözünün içinə desin. Biz tez-tez metallurqlar, inşaatçılar, meşə işçiləri arasında əməkçi sülalələri axtarırıq və bunu hər dəfə daha böyük çətinliklə tapırıq. Ancaq ədəbiyyatda, incəsənətdə, demək olar ki, hər teatrda, kinostudiyaların, teatrların, jurnalların, nəşriyyatların ətrafında ailə sülalələri yaranıb və öz təsdiqini alıb.
Uşaqlar həddən artıq istedadsız olduqda, valideynlər onların, heç olmasa, administrator olmağına çalışırlar. Heç kəs artist, yazıçı uşaqlarından birini zavodda, tikintidə, sexdə görməyib. Film çəkməyə kömək hamı üçün bir iş olub (xüsusilə artistlər üçün), teatr da eyni ilə. Hər cür şeir toqquşduranlar, müasir pyeslər quraşdıranlar, qazmaçılar və BAM-da işləyənlər haqqında roman və povestlər uyduranlar arasında həqiqi, istedadlı yazıçı qələminə çox az hallarda rast gəlmək olur.
...Nəhayət, yazıçı əməyinin ödənilməsi haqqında. Mən və mənim ədəbi nəslim indi ancaq təkrar nəşr olunan kitablarımızın hesabına yaşayırıq. Y.Naqibin çox yaxşı deyib: “Hekayəçi nəsə bir yerdən dolanmalıdır”. O özü (Y.Naqibin) dolanmaq üçün kinodan yapışdı. Bəs qalanları neyləməlidir?! Mənim bildiyimə görə, həmin bir çap vərəqindən az olan iki nəşriyyat – “Malış” və “Detskaya literatura” nəşriyyatları akkord pul yazır, çünki onlar balaca kitablar buraxırlar. Qalan nəşriyyatlar böyük həvəslə balaca hekayələri silsilə şəklində verirlər. Hekayə də ki, silsilə ilə getdi, müəllifə çap vərəqi hesabı ilə pul verilir. Mən elə bir jurnal tanımıram ki, müəlliflərinə akkordla haqq yazmış olsun. Ədəbiyyatımızın keyfiyyəti haqqında söhbətlərimiz işin maddi cəhətində də öz əksini tapmalıdır.
Bunlar bir-biriylə bağlı məsələlərdir. Hekayə janrının vəziyyəti, bəlkə, məhz buna görə də bir o qədər də qənaətbəxş deyildir. “Oqonyok” seriyasından olan kitabçalarda bir zamanlar yaxşı hekayələr çap olunurdu. Həm də bunun üçün mütləq “Oqonyok”un özündə çap olunmaq lazım gəlmirdi. Bu nəşrlərə hekayə janrına böyük həssaslıq və zövqlə yanaşmaq qabiliyyəti olan bir adam – Pavel Kravçenko məsul idi. Sergey Antonov, gözəl hekayənəvis mərhum Sergey Nikitin, Boris Beznı, Yuri Kazakov, Yuri Naqibin, mən... gözəl nəşrlər üçün ona borcluyuq. Pavel Kravçenko hamımızı tanıyırdı, hamımız da onu tanıyırdıq. Onun yanına sadəcə olaraq siqaret çəkməyə də getmək olurdu...
Bir vaxt “Sovetskaya Rossiya” nəşriyyatında “Qısa povest və hekayələr” seriyası vardı. Bundan əlavə, həmin nəşriyyatda “İlin ən yaxşı hekayələri” almanaxı buraxılırdı. Bu almanaxı bərpa etmək lazımdır. “Sovremennik” nəşriyyatı belə bir almanax buraxıb, ancaq bu kitabı tərtib edənlərin zövqü adamın ürəyini ağrıdır. Belə kitabların tərtibçiləri və redaksiya heyəti təsadüfi adamlardan deyil, müasir tanınmış novellaçılardan ibarət olmalıdır. Bu nəşrlər indi, bir neçə il ərzində unudulduğu üçün ilk almanaxı ancaq bir ilki deyil, son illər dövri mətbuatda, kitablarda... çap olunmuş ən yaxşı hekayələri seçməklə buraxmaq lazımdır.
Bir sözlə, belə nəşrlərin üzərinə daha çox məsuliyyət düşür, çünki onlarda hekayəçilik işinin böyük ənənələri davam etdirilməli, yenilik hərtərəfli əhatə olunmalıdır. Bu iş gənc yazıçılarımız üçün (həm də təkcə gənc yazıçılarımız üçün deyil) ədəbi istiqamət rolu oynaya bilərdi.
[1] “Literaturnaya Rossiya” qəzeti 1980-ci il 30 may tarixli nömrəsində “Müasir hekayə: problemlər və mühakimələr” silsiləsində SSRİ Dövlət mükafatı laureatı, yazıçı Viktor Astafyevin “İş janrda deyil” məqaləsini dərc etmişdir. Həmin məqalədən parça.