Söz qədər ömrün olsun! - Tənzilə Rüstəmxanlı yazır
29 May 2024 / 12:02
Tənzilə Rüstəmxanlı
Zamana sığmayan Söz qədər ömrün olsun
Elə insanlar, şəxsiyyətlər var ki, onların haqqında hər an yeni nəysə demək, yazmaq istəyirsən. Doğum günlərini yalnız bəhanə kimi görmək lazım. Bu baxımdan mənimçün çox əziz olan Sona xanım haqqında təbriklə bərabər fikirlərim də bütün zamanlar üçün düşünüb doğum gününə rast gətirdiyim bir dost sözüdür.
Sona xanım Vəliyeva müasir Azərbaycan ədəbiyyatında nadir yaradıcılıq üslubu ilə seçilən, poetik düşüncələrini lirik-fəlsəfi biçimdə oxucuyla bölüşdürməyi bacaran şairələrdəndir. Özünəməxsus yaşam tərzi, xalq dilinə və poeziyasına yaradıcılıqla yanaşmaq, Vətənə və insani dəyərlərə olan tükənməz məhəbbətini aydın və şəffaf mövqedən poetik dildə ustalıqla təsvir etmək şairənin ədəbi mühütdəki nadir üslubunu ortaya qoymuşdur.
Şeirlərin əksəriyyətini sərbəst şeirlər hesab etmək olar. Məlumdur ki, bu şeir janrı poeziyanın açıq və sərbəst formasıdır. Belə ki, sərbəst vəzndə yazılmış bir çox şeir nümunələri təbii nitq formalarının ritminə uyğun şəkildə təqdim edilir. Lakin bəzən bu şeirlər də tam sərbəst olmur; onların sərbəstliyi ölçülü heca vəzninin və misraların tələb etdiyi şərtlərdən asılı olur. Şeirlər ölçü, qafiyə, yaxud da ənənəvi poetik texniki xüsusiyyətlər tələb etməsə də, müəllif özünəməxsus şəkildə sərbəst şeirlərinə mənalı, duyğulu bir sistem vermişdir, yeni nəfəsli struktur yaratmışdır. Aşağıdakı şeir buna aydınlıq gətirə bilər; burada şair müəyyən söz və ifadələri təkrar edir, vergüllərdən istifadə etməklə ritm və struktur yaradır.
Sona Vəliyevanın qələmə aldığı şeirlər, nəşr etdirdiyi “Çəhrayı rəngli dünyam”, “Arazbarı”, “Türkün gəlişi”, “Dünya görüş yerimiz”, “Qapına gəldim, İlahi”, “Dünya Tanrı biçimdədir” kitablarını oxuduqca istedadlı bir şairənin könül dünyası ilə təkbətək qalırsan.
Bu ömür görüş yerimiz,
Görüşdük, mən, atam, anam.
Mən Orda mələkdim, Allah,
Yerdə ADAM adlanmışam.
Bəzən yad gəlir buralar,
Ağaclar, dənizlər, çaylar.
Hanı deyilən doğmalar?
Gəlib gördüm tək qalmışam.
Sona xanım Vəliyevanın şeirlərində klassik ədəbiyyatımızın ruhu aydın duyulur, Tanrıya bağlı bir yaradıcı insanın düşüncələri əks olunur:
Kimə qaldı yurd yeri?
Əlim çatmır, əl verin…
Ürəyi qəm nisgilli,
Qapına gəldim, İlahi!
Yol tikana bələndi,
Naxışlar ilmələndi,
İçim – dərd qıfılbənddi,
Qapına gəldim, İlahi!
İstedadlı şairənin lirik şeirlərində insan, onun daxili dünyası, ətrafda baş verənlərə münasibəti dolğun əksini tapır. Lakin oxucu kədər notlarına bürünmür, ümidsizliyə qapanmır, əksinə nikbin ovqata köklənir:
Ölçüsüz, biçisiz bu doğmalığın
Bilirsə sirrini, qoy Tanrı desin.
Məni bu dünyanın təklənməyindən
Qurtara bilərdi tək sənin əlin.
Günəş istisində çovğun, boran var,
İçimdə min qışın küləyi əsir.
Əlim çarpazlanır sinəmə sarı
,
Görürəm ürəyin əlimdə əsir.
Sona Vəliyevanın bədii yaradıcılığını izləyənlər yaxşı bilir ki, şairə şeirlərində milli ruh, vətənpərvərlik, ikiyə bölünmüş Vətən, işğal altında qalan yurd yerlərimiz, bütöv Azərbaycan mövzularını daim önə çəkir:
Vətən də alın yazımız,
Qorumasaq, pozulacaq.
Alından pozulan yazı
Günahlarla yozulacaq.
Onun şeirlərində qaldırılan geniş məsələlərə, mövzu zənginliyinə, sözün yaxşı mənasında heyrətlənməmək olmur. Ədəbiyyatda hər hansı bir yenilik daha geniş mənada başa düşülməlidir. Forma və məzmun yeniliyi, canlı, ətli-qanlı misralar, qafiyəsiz bəndlər, kupletlər… bütün bunlar yeni nəsil şairlərinin yaradıcılığında nəzərəçarpan xarakterik cəhətlərdir.
Sona xanım və onun kimi şairlər daha çox qafiyəsiz şeirlərə üstünlük verirlər, çünki müasir dünya poeziyasında bu, vacib göstərici hesab olunur. Butün bunlardan əlavə, Sona xanımın şeirləri bəşəri dəyərlərə söykənir, bu şeirlərdə, sözün böyük mənasında, Sevgi var – Vətənə, Evə, Ailəyə, Allaha, Təbiətə, Dosta, Azadlıq və Tolerantlıq prinsiplərinə, Dünyaya sevgi var… Sayılan dəyərlərin taleyi Sonanı heç də kişilərdən az narahat etmir…
Milli varlığımız, dini paklığımız, mənəvi dəyərlərimiz Sona xanımın özündə və sözündə tükənməz bir sevgi ilə vəhdət daşıyır.
Təhlillər göstərir ki, hər bir görkəmli ədəbi simanı yaradıcılığa aparan mühüm səbəblər olur. Bu təyinatlı araşdırmalar ortaya çıxarır ki, haqqında bəhs etdiyimiz şairənin yaradıcılıq eşqini və ictimai fəallığını daxilindən qaynayan Vətən sevgisi və təmiz hislər yaratmışdır.
Yaradıcılığa orta məktəb yaşlarından başlayan Sona xanımın müsahibələrinin birinə belə bir sərlövhə seçilmişdir: “Şeirimdəki qonşu oğlan da, məktubunu gizli oxumağa yer axtardığım adam da… həyat yoldaşımdır”.
Bu büllur kimi təmiz adla yaşamaq, ərənlər kimi mübariz olmaq, Vətən və dövlət naminə çalışmaqla bu günümüz üçün də, sabahımıza da nümunələr sırasında olan Sona Vəliyevanın paklıq simasıdır.
Şairə xatirələrinin birində deyir: ““Pioner” qəzetində “Hardan başlanır Vətən” mövzusunda inşa müsabiqəsində iştirak etmək üçün sinfimizdə inşa yazan uşaqların hamısı “Sovetlər mənim böyük vətənimdir”, “Vətən sərhəddən başlayır” kimi ifadələr işlətmişdilər, mən yazmışdım ki, Vətən mənim yaşadığım evimizdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır”.
Bəli, el-obasını, böyüdüyü həyəti, budağından yıxıldığı, kölgəsində sərinlədiyi, odununda qalanan ocaqda qızındığı, atlasıyla bəzəndiyi, tutqurusuna yapışan qum dənəciyinin dişləri arasında xırçıldamasından belə ləzzət ala bilməyən şəxs “Vətən daşı” ola bilməz.
Şairənin şeir yaradıcılığından kiçik bir nümunə:
Gözümmü,ağlımmı,qəlbimmi haqlı,
Bu yaşımda nə dəyişim, nə danım,
Dünyanı ağ-qara görmək üçün mən
Gərək əlifbadan başlayım, canım.
Mən layla eşitdim çəhrayı rəngdə,
Mən öyüd eşitdim çəhrayı rəngdə,
Üzümdə göz yaşım möcüzə, vallah
Görsən, inanmazsan – çəhrayı rəngdə.
Sona xanımı fərqləndirən əsas cəhətlərdən biri də odur ki, ümummilli dərdlərimizdən bəhs edən bu şeirlərdə pafos, yalançı hay-küy yoxdur. Yəqin elə ona görə də “Türkün duası”, “Ərdəbilə gəldim”, “Qaçqın yataqxanası”, “Sərhəd adamları”, “Qardaşım Kefli İsgəndərə məktub” silsiləsindən olan şeirlər böyük maraqla oxunur:
Ümidim ürəyin son teli, Allah,
Qorxuram üzülə, gedib çatmayam.
Qarabağ bağrımın qara səbridir,
Qar yağır, don vursa, səbrim çatlayar.
Səninçün qaradam, qartopudur qış,
Mənim həsrətimə qarlar yağacaq.
Şuşanın, Laçının ümidi donub,
Qələbə yazında yarpaqlayacaq.
Yazan şairə xanım Zəfərin də müjdəsini öz şeri ilə vermiş oldu:
Düşmən haqqdan cəza bulur,
Yetməyə yollar durulur,
Turan birliyi qurulur,
Müjdə, Şuşam, biz gəlirik!
Bu gün axşama yetərik,
Zəfər bayrağın dikərik,
Yurda qəhrəman dönərik,
Müjdə, Şuşam, biz gəlirik!
Şairə xanım həm də Azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir. Vətənizim və elimiz, ədəbiyyatımızın inkişafı naminə daha böyük yaradıcılıq uğurları arzusu ilə deyim ki, Sona Vəliyevanın indiyə qədər işıq üzü görmüş “Azərbaycançılıq milli ideologiya və və ədəbi-estetik təlim kimi”, “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” elmi-publisistik əsərləri oxucularla növbəti görüşü olmaqla yanaşı, həm də yaradıcılıq hesabatı olmuşdur.
Əziz dostumun builki doğum gününü Azərbaycanımızın bütövləşdiyi bir zamanda qeyd edirik. Artıq Qarabağ tam mənası ilə Azərbaycandır! Bayrağımız bütün vətən boyu qürurla dalğalanır. Xalqını, dövlətini, vətənini göylərə ucaldıb göylər qədər tükənməz sevgi ilə sevən Sona xanımın sevincini duyuram. Doğum günün mübarək, əziz bacım, Zamanlara sığmayan Söz qədər ömrün olsun!
Azəri Türk Qadınlar Birliyinin sədri. Tənzilə Rüstəmxanlı