Pyesi Nobel, filmi Oskar mükafatına layiq görülən əsər
28 İyun 2022 / 10:11
Pyesi Nobel, filmi Oskar mükafatına layiq görülən əsər
Berbard Şounun 1912-1913-cü illərdə yazdığı "Piqmalion" pyesi onun ən gözəl əsərlərindən biri hesab olunur. Bu əsərdə Şou Piqmalion haqqında mifi əsas götürüb və onu London şəhərinin real dövrünə gətirib.
B.Şounun Qalateyası orijinaldakından öz yaradıcısına qarşı çıxmağı ilə fərqlənir. Əsərin süjeti parodiyalı stilə və məişətin komikliyinə, tragikliyinə görə kifayət qədər ironikdir. Pyesin əsas elementleri isə çoxsaylı paradoks və diskussiyalardır. Bu minvalla əsərin tematikası söz və yaradıcılıq vasitəsilə mümküləşən insanların mənəvi oyanışını xüsusi vurğulayır.
Bu pyes böyük sosial-demokrat yönümlü bir əsərdir. Və cəmiyyətdəki insanların təbii bərəbərliyindən və həmçinin də hər birimizin özümüzü cəmiyyətdə müxtəlif cür ifadə edə biləcəyimiz haqqındadır. Burada "xalqdan çıxan istedadlar" da çox önəmlidir. Bu əsər qəhrəmanlarını bir-birinə nifrətə sövq etdirən psixoloji sevgi dramı kimidir. Lakin əsər özü özlüyündə humanist əsərdir və canlı olan hər bir şeyə, xüsusilə də insana qarşı necə qayğıyla yanaşmaq lazım olduğunu göstərir. Müəllif bizə insan üzərində soyuq təcrübələrin aparılmasının yolverilməz olduğunu deyir. Məhz elə bu, müəllifin əsərə qoyduğu ən başlıca ideyadır. Eliza Dulittl obrazının qeyri-adi cazibəsini oxucu artıq birinci hissədə onun qəribə bir jarqonda danışması ilə hiss edir.
"Piqmalion" pyesi bizə insanların aldığı savaddan asılı olaraq həyatlarının necə dəyişməsini göstərir. Əsərin əsas qəhrəmanları aşağı sosial təbəqədən olan Eliza Dulittl adlı gülçü, onun zibilçi işləyən atası, polkovnik Pikerinq, alim Henri Xiqins, həmçinin missis Xill və uşaqlarıdır (qızı və Freddi adlı oğlu).
Pyes təhsillə bağlı ibrətamiz və tərbiyəvi dəyərə malikdir. Yaxşı təhsil və tərbiyə hər bir insanın həyatında əhəmiyyətli rol oynayır.
"Piqmalion" komediyasın mifik əsası
"Nə vaxtsa Kipr adasında Piqmalion adlı böyük oymaçı-rəssam yaşayırdı" – Piqmalion haqda qədim yunan mifi bu cür başlayır. Kiprin bu məşhur çarı bir çox vərdişləriylə yanaşı, həm də qadınları sevməməsi ilə məşhur olmuşdu. Və o subay idi. O, bütün gücünü dövlətin idarəsinə və bir də ən sevimli əyləncəsi olan oyma sənətinə verirdi. Piqmalion heykəlcikləri mərmərdən, taxtadan, fil sümüyündən, yonur, gildən yapırdı. Bir dəfə o mərmərdən elə bir gözəl qadın fiquru yondu ki o özü belə bir gözəl qadını həyatında görməmişdi. Qalateyanın (onu Piqamalion belə adlandırmışdı) siması elə gözəldi ki, elə bil canlı idi. Əlləri də ona elə açılmışdı, sanki ona böyük bir səadət bəxş edəcəyinə söz verirdi. Piqmalion bu lal fiqura aşiq olmuşdu. Piqmalion sevgi tanrısı Afroditaya gecə-gündüz yalvarırdı ki, Qalateyanı canlandırsın. Axırı bir gün Afrodita onun sevgisini görüb yazığı gəlir və fiquru canlandırır. Bu mifdir. İndi isə Bernard Şonun Piqmalionundan danışaq. Bu yazıçı çox paradoksaldır. Bütün İngiltərə bilirdi ki, əgər ingilislər axşam tamaşanı seyr edib bəyənsə, səhər tezdən Bernard Şoudan "dağıdıcı" bir məqalə qəzetlərdə çap olunacaq. O, hamı kimi deyildi. Bu o deməkdir ki, onun "Piqmalion"u da bütün dünyanın bildiyindən fərqli olmalı idi. Lakin buna baxmayaraq, ingilislər gözləyirdilər ki, müəllif qaydalara riayət edəcək – mif necədirsə, dram da elə olacaq. Lakin Şou onlara kənardan baxıb gülürdü. Londonlular "Piqmalion" tamaşasına gəlir, dramaturqsa onlara "Anti-Piqmalion" göstərir!
– Burda nəsə bir yanlışlıq var! Hanı mif? – centlemenlərdən biri təəccüblənir. – Şou nəyisə səhv salıb. O kobud irlanddan nə gözləmək olardı ki? – bir başqası replika atır. – Burda nəsə var. Elə bil hər şey həyatımızdakı kimidir. Mif nağıldır, həyatsa sizin üçün nağıl deyil, – daha biri dillənir.
Şou, şübhəsiz ki, məhz elə bu cür müzakirəni eşitmək istəyirdi. O bu minvalla ənənəvi, soyuq və çərçivəli ingilisləri bir balaca silkələmək, onlara reaksiyaya gətirmək, reallığı, həyati problemləri müzakirə etdirməyə çalışırdı.
Baxaq görək bundan nə alınır? Londonlunun biri gedir teatra və tamaşada görür ki, Kipr çarı heç kimin tanımadığı, əsli-nəsli olmayan bir gözəlçəylə nikaha girir. Və hekayənin sonu yaxşı bitdiyinə görə hamı xoşbəxtdir, hamı məmnundur. Şousa tamaşaçıları reallığa qaytarır: məşhur zadəganlardan birimin kasıb bir qızla nikaha girməsinə varlı londonlular necə baxar? "Xeyir! Heç vaxt! Bu mümkün deyil!" – qışqırıb, İngiltərənin əsrlərdən süzülüb gələn adət-ənənələrini pozmağa cürət edən şəxsdən üz çevirərlər.
Zibilçini zadəgan cəmiyyətinə necə gətirib çıxarmaq olar ?
Şou müasir insanın iki üzünü ortaya çıxardı. Pyesdə o, qəsdən sevgini sübut etmir: Eliza və Xiqqins sevgiyə heç xırdaca bir ehmal da vura bilməzlər, çünki bu, həyatda mümkün deyil! Bax elə bu cür müəllif mifik əsasda bir nömrəli problemi – cəmiyyətdə sosial təbəqələşməni işıqlandırır. İkinci problem: əgər diqqətə alsaq ki, hər bir insan doğulandan istedadlıdır, onda mif öz təsdiqini tapır.
Piqmalion mifdə təbii, emal olunmamış materialdan (bir ovuc palçıqdan) əsrarəngiz gözəllik yaradır. Xeqqin də elə bu cür küçədən çirkli, savadsız gülçü qızı alır və ondan gözəl danışığı olan, yüksək maneralı hersoqiniya yaradır.
Qızın çox iti yaddaşı var, çox tez götürür, öyrənir. Hətta indi maneraları əsl zadəgan xanımlardan daha yaxşıdır. Bəs sonra? Axı irəliyə getməyə ona icazə verməyəcəklər. Onun ali təbəqəyə addım atmağa imkanı yoxdur. Çünki o zibilçinin qızıdır. Bax bu cür canlanmış, dəyişilmiş Qalateya (Eliza) mükəmməl oldu, amma sonra nə etmək lazım olduğunu nə o, nə də ki, Xiqqins bilir. İnkişaf etmiş, heç kimdən asılı olmayan bir professor da bu cür aşağı təbəqədən olan qızı sevə bilməz. O qız qulluqçu ola bilər, katibə ola bilər. Amma onunla nikaha girmək Xiqqins kimi müstəqil insanın belə heç vaxt ağlına gələ bilməz.
Hə, indisə miflə bağlı sonuncu problem haqqında – yaradanın yaratdıqları üzərindəki məsuliyyətindən danışaq. Mifoloji personaj nəinki yeni bir şey yaradıb, həm də ona həyat verməklə onun sonrakı taleyinin məsuliyyətini də üzərinə götürmüş, onunla evlənmiş, artıq üç uşaqları da dünyaya gəlmişdi. Onlar bir yerdə uzun və xoşbəxt ömür yaşadılar.
Bəs Xiqqens nə deyir? O hesab edir ki, eksperiment bitən kimi onlar "Lizanı "bataqlığa" ata bilərlər". Hətta missis Pirs belə professorun beyninə yeritməyə çalışır ki, qız dəniz sahilində bir daş deyil ki, istədiyin vaxt cibinə qoyub, istədiyin vaxt da ata biləsən.
Lakin professor sanki lal və kardır. Onun üçün ürək məsələlərindən daha çox eksperimental axtarışlar önəmlidir. O, özünə və Pikeringə dövrünün ən yaxşı müəllimlərindən biri olduğunu sübut etməyə çalışır. Ona elmi işin gedişatı, nəticəsi maraqlıdır. İnsan taleyi, sevgisi, hisslərinə qarşı olduqca laqeyddir. Kitabda da elə bu cür yazılıb "o qızın qaynar ürəyinin yanında soyuq bir daş parçası olaraq qaldı".
Beş hissədən ibarət olan bu pyes sanki fantaziyadır! Şoudan klassika əsasında müasir, orijinal, təzə əsərlər yaratmağı öyrənmək olar. Deyilənlərə görə, bütün dünyanın ən böyük, dahi əsərləri cəmi otuz altı süjet üzərində qurulub. Cəmi otuz altı süjet! Bizim bu cür rəngarəng həyatımızın bu cür az rəqəmlərə necə sığdığı çox təəccüblüdür. İnsan ömrü illərlə uzanır. Bizə elə gəlir ki, minilliklər boyu biz inkişaf edirik, müxtəlif kəşflər edirik, "mağara adamı"ndan daha da uzaqlaşırıq, yeni-yeni uğurlar qazanırıq. Və birdən yeni bir kəşflə üz-üzə dayanırıq: hər bir yenilik, yaxşıca unudulmuş köhnədir! Lakin yeni baxış bucağı, qeyri-adi rakurs, yeni nəfəs, problemin aktuallığı çox vacib məsələlərdir. Bernard Şou aforizmlərindən birində deyirdi ki, yumurtanı qırmamış, ondan qayğanaq bişirmək mümkün deyil. Yəni, bu iş əməlli-başlı zəhmət tələb edir.
Qədim yunanların və Şounun istedadı titanların istedadldır. 54 illik dramaturji fəaliyyəti zamanı Şou 56 pyes yazıb. Bundan ötrü, doğrudan da, titan olmaq lazım idi.
İngiltərəli irland insanları oyatmaq, onları düşünməyə vadar etməyə, müzakirə etməyə, mübahisə etməyə çalışıb. Və bunu, deyəsən, bacarıb.
Rus dilli materiallar əsasında hazırladı: Xanım Aydın