Orxan Vəlinin ölüm səbəbini gizlədirdilər - Haluk Oralın müsahibəsi
23 Yanvar 2023 / 10:44
Onun ölüm səbəbini gizlədirdilər…
Haluk Oral: “Faktları ona görə yazıram ki, həqiqət itib-batmasın, heç olmasa haradasa yaşasın”
Budəfəki müsahibimiz Türkiyənin görkəmli şairi Orxan Vəli Qanıqdır (1914-1950) haqqındadır. Orxan Vəli şair dostları Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni ədəbi axın – "Qərib" cərəyanını yaradıblar. Orxan Vəli apardığı ədəbi mücadilə ilə Türkiyə poeziyasındakı yıpranmış, köhnəlmiş quruluşu yeniləyib, ədəbiyyata fərqli istiqamət verib. 36 illik həyatı boyunca poeziyaya yeni istiqamətdə yön vermək baxımından çox vacib, tarixi xidmətlər göstəribb. Bu gün də o, şeirləri ən çox oxunan şairlərdəndir.
Orxan Vəli yaradıcılığı haqqında ən gözəl kitablardan birini Türkiyənin görkəmli elm adamı, araşdırmaçı Haluk Oral qələmə alıb. Kitabın adı “Bir roman qəhrəmanı Orxan Vəli”dir.
H.Oral 1957-ci ildə anadan olub. O, İstanbul Universitetinin məzunudur. 1989-cu ildə Kanadada Simon Fraser Universitetində doktorantura təhsili alıb, 1990-cı ildən bəri Boğaziçi Universitetində çalışır. Görkəmli professorun kitablarının əsas özəlliklərindən biri odur ki, onun araşdırmaları alternativ bioqrafiyalar hesab olunur.
“Nazim Hikmət yolçuluğu”, “Şeir hekayələri” kitabları da olduqca maraqlıdır, hər biri müxtəlif nəşriyyatlarda bir neçə dəfə çap olunub və böyük oxucu marağı görüb. Ötən il XIII İstanbul Şeir Festivalında iştirak edərkən İstiqlaliyyət küçəsində yerləşən “İnsan” kitab evində professorla görüşüb O.Vəli haqqındakı kitabından doğan suallar ətrafında söhbətləşdik:
– Orxan Vəlinin yaşadığı illər bizdən uzaq zaman deyil, amma tərcümeyi-halı ilə bağlı o qədər dolaşıq məqamlar, araşdırmaçıların tədqiqat zamanı bilməyərəkdən yaratdığı problemlər var ki, sanki o, orta çağın sənətkarıdır və ömrü bugünkü insanlara tam dəqiqliklə bəlli deyil. Müasir bir şairin həyatı ilə bağlı nə üçün bunca sual doğuran məqamlar mövcuddur?
– Mən onun haqqındakı kitabı yazana qədər Orxan Vəli haqqında yeni sənədlərə və məlumatlara ehtiyaca var idi. Mən həmin səndələri və bilgiləri əldə etdim. Şeirsevərlər sadəcə onlara təqdim olanı oxuyurlar, bəzən ancaq şairin şeirlərini şərh edirlər, amma onun həyatı haqqında dərindən araşdırma aparmırlar. Sosial mediadan məlumat oxuyaraq şair barədə fikir yürütmək haqqına sahib olduğunu düşünənlər isə ayrıca bir bəladır. Ümumiyyətlə isə, yeni sənədlər, dəlillər olmadan şairin həyatı barədə fikir yürütmək, maraqlı kitab yazmaq mümkün deyil. Orxan Vəli haqqında bu qədər səhv məlumatların olmasına səbəb onun haqqında yazanların əksərinin səhv məlumatları bir-birindən saf-çürük etmədən köçürməlidir. Tədqiqatçı gərək əldə etdiyi mənbəyə şübhə ilə yanaşıb onu araşdırsın, dəqiqləşdirsin.
- Dərsliklərdə şairlərin tərcümeyi-hallarının yeni variantları hazırlanarkən sizin Orxan Vəli haqqında əldə etdiyiniz yeni faktlara etimad göstərib nəşrlərə daxil edirlərmi?
- Düşünmürəm ki, dərslik yazanlar mənim kitablarıma xüsusi diqqət ayırırlar. Məsələn, mən kitabımda Orxan Vəlinin doğum gününü 13 yox, 14 aprel olmasını faktlarla sübut etmişəm. Bir neçə araşdırmaçı bu faktı öz kitablarında qeyd edib. Amma bir çox mənbədə yenə də 13 aprel kimi qeyd edirlər. Bu isə etimad etməməkdən çox, diqqətsizlikdir. Çünki insanlar detallar üzərində çox da baş sındırmırlar. Mənim üçün əsas olan doğruları yazmaqdır. Onlara heç kəs istinad etməsə də olar. Faktları ona görə yazmıram ki, kimsə onlara baxıb səhvini düzəltsin. ədəbiyyatda “polislik etmək” mənlik deyil. Faktları ona görə yazıram ki, həqiqət itib-batmasın, heç olmasa haradasa yaşasın. Əlbəttə, kimsə öz yazdığı səhvini düzəltmirsə, onları aradan qaldırmaq mənim işim deyil.
- Orxan Vəli “Dünyaların kənarında” adlı bir roman yazmaq istəyibmiş. Sizcə, bu əsərin meydana gəlməməsinə səbəb nə olun?
- Orxan Vəli bir məktubunda qeyd edib ki, özünü dünyanın kənarında hiss edir. “Dünyanın kənarında qalan insanlar xoşbəxt deyil” yazır. Bir hekayəsində balıqçı və qızının restoranda balıq bişirib satmaqlarından bəhs edir və vurğulayır ki, onlar çox xoşbəxtdirlər. Çünki, onların bir dünyası var, həmin dünyada yaşayırlar. Özü isə gileylənir ki, mənim belə bir dünyam yoxdur. Sonra başqa bir məsələyə toxunur, yazır ki, Höte “Gənc Verterin iztirablarını” yazaraq intihar etmək düşüncəsindən xilas oldu, mən də bəlkə, bu kitabı qələmə alaraq dünyadan kənarda qalmaq hissimdən, təcrid olunmağım düşüncəsindən yaxa qurtararam. Heyif ki, yaza bilmir. Böyük ehtimalla, hərbi xidməti bitirməsinə az qalmış belə bir əsər qələmə almağı planlaşdırır. Hərbi xidməti başa vurandan sonra isə iş tapmaq, dolanmaq, pul qazanmaq qayğıları ilə əlləşib-vuruşduğu üçün planlaşdırdığı əsəri yaza bilmir. Həm də başa düşür ki, roman yazmaq çətindir, şeirləri ona özünüifadə baxımından kifayət edir. Romana sadəcə bir səhifə yarım giriş yazır və əsər beləcə də yarımçıq qalır. O zənnə düşmürəm ki, həmin əsəri tamamlayıb, sadəcə roman hardasa və nə vaxtsa it-bat olub. Çünki belə olsaydı, məktublarında bu barədə nəsə bir fikir, ştrix qeyd edərdi.
- Nazim Hikmət və Orxan Vəli haqqındakı hər iki kitabınız alternativ bioqrafiyalardır. Alternativ bioqrafiya yazmağın çətinliyi nədən ibarətdir?
- Mən əsər yazarkən düşünürəm ki, Nazim Hikmət barədə yüzlərlə kitab var, onları oxuyub ayrı-ayrı faktları özündə birləşdirən yeni kitab yazacam. Çünki yazılanı yazmaq mənasız işdir. Mən əldə etdiyim yeni sənədlərə əsaslanaraq nəsə etməyə çalışıram. Bu əvvəlki əsərlərə qarşı çıxmaq deyil, sadəcə faktların səhihliyinə əməl etməliyik. Çətin olan yeni sənədləri tapmaqdır və bir də hansısa materialı əldə edəndən sonra dəqiq bilməlisən ki, bu barədə yazılıb, yoxsa yox. Bu kriteriyalara əməl elədinsə, alternativ bioqrafiya yaza biləcəksən, əks halda yox.
- Orxan Vəlinin qardaşı Adnan Vəli “Orxan Vəli üçün” adlı kitabında yazır ki” qardaşı gecə evə qayıdarkən bələdiyyənin qazdığı xəndəyə yıxılıb, beyni zədələnib və vəfat edib. Fəqət bu yanlış çox yerdə yazılır, istifadə edilib yayılır. Amma fakt odur ki, həmin hadisə üç ay öncə olub və o, olay zamanı şairin başı əzilməyib, beyin qanaması keçirməyib, sadəcə topuğu cızılıb. Həmin hadisəni şair və əhatəsindəki insanlar gülməli bir qəza kimi xatırlayıb gülürmüş. Nə üçün bu kiçik hadisə şişirdilib, nəticədə hamının inandığı yalana, ölüm səbəbinə çevrilib?
- O zamanın qəzetlərini oxusanız görərsiniz ki, Orxan Vəlinin atası oğlunun çox spirtli içdiyinə görə öldüyünü deyir. Polis bu ölüm hadisəsini şübhəli hesab edir deyə əlavə araşdırmalar aparılır. Sonda belə nəticəyə gəlinir ki, çox spirtli içki içdiyinə görə beyin qanaması keçirilib. Ölüm səbəbi belə sənədləşdirilir. Amma bir neçə həkimlə bu barədə danışmışam, onlar mənə deyiblər ki, ölümlə bağlı normal sənəddə heç vaxt belə yazmazlar. Çünki beyin qanamasının əsas səbəbi bu şəkildə göstərilməməlidir. Adnan Vəlinin kitabındakı məlumat yayılana qədər heç kəs yazısında Orxanın yıxıldığı həmin çuxur haqqında heç bir mənbədə yazmayıb və danışmayıb. Özü də bu o vaxtdır ki, Adnan həbsdədir, Orxan isə azadlıqda. O, bunu necə bilə bilər? Həm də onun yazdığı kitab sonralar çap olunub.
- Uzun illər mətbuatda yazıblar ki, Orxan Vəlinin halı dostunun evində pisləşib. Amma nədənsə həmin dostunun adı gizli saxlanılıb. Həmin qadının adını niyə gizli saxlayıblar ki? Yaxud Orxan Vəli gecə vəfat edib, amma ölümü ilə bağlı sənəddə halının günorta pisləşdiyi qeyd edilir?
- Çünki onun gecə öldüyünü qeyd etsəydilər, həmin qadının evində o saatlarda olması insanlar arasında əlavə söz-söhbət yaradacaqdı? Həm də o qadın – Müzəffər Gencay şair Orxan Vəlinin dostu, vəkil Fuad Ömər Kəskinoğlunun sevgilisi idi. Fuad bəy isə ailəli idi, uşaqları vardı. Ancaq sevgilisinin varlığından da çoxları xəbərdar idi. O cür yazanlar istəmirdilər ki, şairin dostunun sevgilisinin evində gecə içki içdiyi bəyan olsun. Həmin qadın da o zaman gənc idi, indi onların hamısı haqq dünyasındadır.
Fuad bəy həm də Orxan Vəlinin və Məlik Cövdət Andayın dostu olub, özü də şeirlər yazırmış. Həm də Fuadın bacısı ilə - Məziyyət Bölükbaşı ilə Orxan Vəlinin arasında könül bağı olub, şair ona qarşı xoş hisslər duyub, onun dəftərlərinə şeirlər yazıb. Görürsən nə qədər qarışıq münasibətlərdir? Orxanın Vəlinin ailəsinin istəyi belə idi ki, ağıla gələcək söz-söhbətlər olmasın, dünyadan vaxtsız köçmüş şairin yaşantıları dilə-ağıza düşməsin. Ona görə bu yalanın populyarlaşmasında maraqlı olublar.
- Bu faktları qələmə almısınız. Yuxarıda adları çəkilənlərin ailə üzvlərindən kimsə sizə irad bildirmədimi ki, nə üçün gizlinləri açmısınız?
- Yox, belə şey olmayıb. Sadəcə Fuadın gəlini ilə görüşüb bəzi məqamları öyrənmişəm. İndi o da vəfat edib. Məziyyət xanımla 15 il öncə görüşmüşdüm. Onda 90 yaşı vardı. Ona dedim ki, danışdıqlarınızı yazacam, qətiyyən narahat olmadı. Məziyyət xanımın övladı yox idi.
- Orxan Vəlinin Nahid xanımla münasibətlərindən də yazmısınız. Fəqət bu münasibətləri elə dolaşıq qələmə almışınız ki, şairin onu sevib-sevmədiyini özüm üçün belə aydınlaşdıra bilmədim.
- Orxan Vəli Nahid xanımı tanıyanda o artıq ərdə idi, ona görə də məktublaşmalarından bəlli olmur ki, münasibətləri nə qədər məhrəmanə olub. Orxan Vəlinin ona yazdığı yüzlərlə məktubu qalıb. Orxan Vəli Nahid xanıma yaxınlıq duyur, əsgər getməmişdən də ona məktublar yazırdı.
Fəqət şairin eyni zamanda başqa qadınlara da yazdığı məktublar qalıb, onları tovlamağa çalışıb, öyüb, komplimentlər söyləyib. Bunları çox kübar edib. Eyni zamanda həm Bellaya yazıb, həm Nahidə, həm də Məziyyət xanıma. Şairin sevgisi bir şəxsə yönəlik deyildi. Bu sevgilər Orxan Vəliyə ilham verirdi, “bəsləyirdi onu”. Qadınları gözəl sözlər yazmaq, maraqlı şeirlər həsr etmək onun həyati marağı olub.
- Bəs nə üçün evlənməyib?
- O heç zaman evlənmək haqqında düşünməyib. Həm də maddi vəziyyəti normal olmayıb, stabil gəlir üzü görməyib. Bundan başqa, çox gənc yaşda dünyadan köçüb. Bəlkə, qırx yaşına çatsaydı, evlənərdi.
- Orxan Vəlinin cib dəftərinin sürəti ilə tanış oldum. Həmin dəftərdə rəhbəri olduğu “Yarpaq” dərgisinin abunəçilərinin siyahısını tutub. Orda 366 abunəçinin adı var, əksəriyyəti də o dövrün məşhur söz-sənət adamlarıdır. Bu siyahıdan belə nəticə çıxmırmı ki, “Yarpaq” dərgisi elə ziyalıların hesabına dərc olunurmuş, oxucuların ümidinə qalsaymış elə ilk nömrədən sonra batarmış?
- Belə olması çox təbiidir. Çünki o zaman oxuyub-yaza bilənlərin sayı indiki qədər deyildi, bundan başqa nəşrin çıxmasından xəbərdar olanlar az idi, almağa maddi gücü olanlar da çox deyildi. Jurnalların taleyi belədir, hamısı gec-tez bağlanır.
- Müasir dövrdə məktublar yoxdur. Şəxsi telefon yazışmaları da silindisə, deməli, o şairin yazdıqları itdi. Belə bir dövrün araşdırmaçısı, sizcə, hansı faktları əsas götürməlidir?
- Müasir dövrdə araşdırmaların mənbələri dəyişib. Məsələn, Orxan Vəlinin heç bir video görüntüsü yoxdur, qısaca bir səs yazısı qalıb, vəssalam. Mən onun haqqında kitab yazanda hər yerdə onun həyatının izlərini arayırdım. Ən yeni dövrün araşdırmaçıları son dönəm şairlərinin həyatını öyrənərkən əllərində çoxlu vizual materiallar olacaq. İndiki tədqiqatçılar vizual materialları üstün tutacaqlar. Yəni bəzi şeylər məhv olur, yerinə başqaları gəlir. Qaynaqlar dəyişə bilər, amma ədəbiyyatın, araşdırmaçılığın əsas mahiyyəti həmişə necə varsa elə də qalacaq.
Söhbətləşdi: Fərid Hüseyn
"Azərbaycan" jurnalı