Sənət və ədəbiyyat dərgisi

Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

17 Avqust 2022 / 12:26

     Rüstəm Dastanoğlu

                                             

                                            Kölgə

                                                           (hekayə)

 

     … Ətrafda nə qədər canlı var idisə, hamısı bir günlük ömürlərini üstlərindən keçirib, üz tutmuşdular tezdən çıxdıqları yerə tərəf: mal-qoyun qarınlarını doydurub, təpənin döşü ilə örüşdən qayıdırdı, qazlar, ördəklər qağıldaşa-qağıldaşa çaydan çıxıb, yanlarını basa-basa yiyələrinin qapısına tərəf gedirdilər, yerdə bör-böcək, qarışqalar, göydə quşlar tək-tək gözə dəyirdilər; hamısı yuvalarına çəkilməkdə idi.

     Oğlanla anası da Çınqılın dibindəki tütün şitillərini suvarıb əllərində bel, Ağdaşın altı deyilən təpənin ətəyi ilə tezdən çıxdıqları evlərinə qayıdırdılar.

     Oğlana elə gəlirdi ki, bütün gün ərzində hiss olunmadan gəlib kənddən xeyli aralı sıralanmış dağların üstünə çıxmış günəş dağların arxasında onu gözləyən qan rəngli gölün ağuşuna girməyə tələsmirdi: dağların üstündən asılıb, öz yuvalarına çəkilməkdə olan canlılara həsrətlə tamaşa eləyirdi, çünki günəş də bütün canlılar kimi, tezdən hansı yuvadan çıxmışdısa, o tərəfə dönmək arzusundaydı, onu qoynuna çəkən qanlı gölün qanına bələnmək istəmirdi.

     … Anası beli çiynində aparırdı, oğlan isə, belin sapından yapışıb arxasınca sürüyürdü. Anası bir az irəlidə, oğlan, onun böyrü ilə gedirdi. Heç biri dinib danışmırdı. Ətəyi boyu getdikləri təpənin kölgəsi uzanıb, özündən beş-altı dəfə uzun olmuşdu; təpədən xeyli aralıda axan çayı keçmişdi, üz tutmuşdu çayın o biri üzündə cərgə ilə düzülmüş evlərin həyətinə sarı. Aynabəndinin və pəncərələrin şüşələrində işıqlar sayrışırdı. Kölgə can atırdı ki, o işıqları öləzitsin və hər yeri öz ətəyi altına alsın.

     … Oğlan indi də gözlərini günəşdən, dağdan-dərədən yığışdırıb, anasının yol çəkən, hərdən səyriyən gözlərinə, illərin çöhrəsində açdığı cizgilərə zilləmişdi. Anasına tamaşa eləyə-eləyə birdən öz-özünə kəşf etdi ki, insanların özləri kimi, danışıqları, oturub-durmaqları kimi, susmaqları da fərqli olurmuş: adam var susanda darıxırsan, ona ürəyində acıyırsan, istəyirsən ki, bir şey danışsın, desin, gülsün. Dinib-danışmayanda fikirləşirsən ki, bu nə qədər əfəl, bivec, heç nəyə yarımayan adamdı. Bir başqası susanda özün bilmirsən neyniyəsən, bilmirsən, böyürlərindən sallanan əllərini hara dürtəsən, ayaqlarını necə qoyasan, nə haqda, necə danışasan? Birində özündən zəhlən gedir, o birində– susandan.

     Anasının susması isə bunların heç birinə oxşamırdı. O, fikrə dalmış anasının böyrüncə gedəndə nə darıxır, nə də əli, ayağı, özlərinə yer axtarırdı. Yol çəkən, səyriyən gözlər, illərin sifətində açdığı cizgilər, oğlanın içini "burub" işə salmışdı. Oğlanın içi, beyni qurulu saat kimi işləyirdi. Təbiət öz dilsiz varlığı ilə adamı necə danışdırırdısa, anası da indi öz susmağı ilə oğlunu həmin dildə danışdırırdı. Oğlan fikirləşirdi ki, Allah bilir, anamın indi səyriyən gözlərinin qabağında, dayaz çayın içi ilə ayaqyalın ağzı yuxarı, ağzı aşağı, suyu sıçrada-sıçrada arıq, çəlimsiz qız uşağımı qaçır (anasının danışığından oğlanın beynində anasının uşaqlığı belə qalmışdı və elə bil suyun içi ilə qaçan o qız uşağını nə vaxtsa, onun özü də görmüşdü), çoxdan dünyalarını dəyişmiş ata-anasınımı xatırlayır, uşaqlarına toymu çaldırır?

     Anası danışsaydı, oğlanın fikirləşdiyi şeylərdən biri haqqında danışa bilərdi, susmağı ilə isə oğluna yüz şeyi danışdırırdı.

      Birdən anası addımlarının ahəngini pozmadan, sifətində dəyişiklik etmədən, gözlərini yoldan çəkmədən, oğluna tərəf baxmadan, beynindəki fikrin davamı kimi, dilləndi ki, bu təpəni şahid çəkib sənə bir şey tapşırıram, harda olsan, yadından çıxmasın: Xeyransa xalan öləndən sonra, həmişə ona Quran oxutdur. Xeyransa sonsuzdu, dünyadan izsiz gedəcək.

     Hələ dünyasını dəyişməmiş Xeyransa xalası haqqında deyilən bu sözlər, oğlanın içini göyür-göyür göynətdi və bu göynərtini canından çıxartmaq üçün o, nədənsə başını göyə qaldırıb it kimi ulamaq istədi. Başını yuxarı qaldırdı, amma ulaya bilmədi. İçinin göynərtisi vurub bəbəyini yandıra-yandıra gözlərini yaşla doldurdu, ayağının altını görmədi, səndələdi, gözlərini yumub açdı. Gözünün içinə yayılmış yaş yığılıb yanağına süzüldü.

     Sonrakı sözləri elə bil qeybdən eşidirdi:

     … Allah-Təalanın işindən də baş açmaq olmur. O bədbəxt görən, neyniyəcəkd başdan-ayağa əclaflarla dolu olan bu boyda dünyaya, heç olmasa, özü kimi bir mayıf uşaq gətirməklə? Dünyanın gedişimi dəyişəcəkdi?… Xeyransanın özünü belə yaradajaydısa, neynirdi yaradıf? Bizə göz dağımı eləmək istəyirdi?

     … Anası bayaqdan, anadangəlmə topal, qıvrıla-qıvrıla, min bir əziyyətlə yeriyən, dünyaya qız gəlib, qız qarıyan, özündən böyük bacısı Xeyransa haqqında fikirləşirmiş. Yol çəkən, səyriyən gözlərinin qabağında nə balaca qız uşağı qaçırmış, nə də oğluna-qızına toy çaldırırmış.

 

     … Oğlana birdən gün kimi o da aydın oldu ki, öz susmağı ilə adama yüz şey danışdıran, darıxmağa qoymayan gözlərin, sifətin yiyəsi ancaq belə şeylər haqqında fikirləşə bilərdi.

     Kölgə artıq uzanıb şüşələrdə oynaşan işıqları söndürmüşdü, onların varlıqlarından əsər-əlamət qoymamışdı. Və göz işlədikcə hər tərəfi Kölgə öz qara ətəyinin altına almışdı: günəş kəndin kənarında sıralanmış dağların arxasındakı qan gölünə düşürdü.

     … Kölgəsi hər yanı basmış təpənin ətəyi ilə, oğlan anasıyla tütün suvarmaqdan qayıdırdı. Nə oğlan danışırdı, nə anası. Anasının beli çiynində idi. Yol çəkən gözləri yuvasından dikəlib daha tez-tez səyriyirdi, elə bil onu harasa, heç kimin görmədiyi, bilmədiyi, təkcə o bir cüt gözə əyan olan sehirli bir aləmə tərəf çəkib aparırdı. Anası yüngül addımlarla, nəfəsini belə dərmədən onu sehirli aləmə tərəf çəkib aparan bu bir cüt gözün dalınca gedirdi…

     Oğlan isə belin sapından yapışıb dalınca sürüyürdü. Və elə bil oğlan beli sürümürdü, bel onu arxadan itələyə-itələyə anasının ardınca aparırdı…

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.