Sənət və ədəbiyyat dərgisi

Acgöz baxışlar - Pere Kaldersin hekayəsi

15 Noyabr 2022 / 11:21

Pere Kalders

 

İspaniyanın öz tarixi və ədəbi ənənələri ilə məşhur bölgəsi Kataloniyanın ən məşhur yazarlarındandır. O, həm də jurnalist və karikatura rəssamı kimi də tanınıb.

 

 

29 sentyabr 1912-ci ildə Barselonada dünyaya göz açıb. İspaniyada Vətəndaş müharibəsi başlananda onun 24 yaşı olub və “İlk arlekin” adlı hekayələr kitabı yenicə işıq üzü görübmüş. Respublikaçılar tərəfdə döyüşlərdə yaxından iştirak edən Pere əsir düşsə də, Prats-de-Molyodakı ölüm düşərgəsindən qaça bilir. Bir müddət sonra Kalders əvvəlcə Fransada, daha sonra isə okeanın o tayında, Meksikada peyda olur. 23 il sərasər yaşadığı bu ölkədə yazdığı əsərlərdə onun necə dərin vətən həsrəti çəkdiyini sezmək heç də çətin deyildir.

1955-ci ildə çap olunan “Gizli reallığın şahidliyi” adlı hekayələr kitabıyla o, özünün artıq yetkin bir nasir olduğunu isbatlayıb. Bunun ardınca çıxan “Uca dağların sakinləri” və “Sabah, sübh saat üçdə” adlı kitabları isə yazarın şöhrətini bir az da artırıb. 1963-cü ildə dogma vətəninə döndüyü zaman dogma oxucuları onu artıq İspaniya ədəbiyyatının tanınmış bir ustadı kimi, yəni dərin hörmətlə qarşılayıblar.

Sonrakı illərdə İspaniyanın bir sıra nüfuzlu ədəbi mükafatlarına layiq görülən Kalders 21 iyul 1994-cü ildə Barselonada vəfat edib.

 

 

Təbiətşünaslıq dərsi

 

 

İstənilən savadlı insana məlumdur ki, tropik bölgələrdəki bəzi şəhərlər öz misilsizliyinə görə Qərbin ən inkişaf etmiş şəhərlərindən zərrəcə geri qalmır.

Lakin təcrübə göstərir ki, bütün təfərrüatları bitdə-bitdə öyrənmədən bu cür qənaətlərə gələrkən tələsmək yersizdir. Sözügedən məsələyə fərqli cəhətdən yanaşmaqdan ötrü mən indi sizə olmuş bir əhvalatı danışmaq istəyirəm.

Bir dəfə, hansısa qayğılardan yaxamı qurtarıb, dincəlməkdən ötrü tropik şəhərlərdən birinə yollandım. Bu – yolları asfaltla döşənən, hər tinində svetoforlar qurulan, amerikansayağı göydələnlərlə dolu, hər küçəsində polisə rastlanan, dəqiq qrafik üzrə işləyən tramvaylara və hər dinə xas ibadətxanalara malik bir şəhər idi.

Ən müasir dəbli, yəni betondan və şüşədən tikilən bir binada özümə mənzil tutdum. Ev sahibim fəxrlə mənə bildirdi ki, buradakı tualet və vanna otaqlarının avadanlığı hansısa məşhur bir firmanın ən son kataloquna uyğun seçildiyi üçün hər cür tərifə layiqdir.

Belə görünürdü ki, bu mənzildə mən özümü lap cənnətin qoynunda hiss edəcəyəm. Ancaq əsla belə olmadı. Elə ilk gündən mənzildəki bütün dəlmə-deşiklərdən içəri cürbəcür iyrənc həşəratlar doluşmağa başladı. Məni acgöz baxışlarla süzən bu canlılar nə vaxt yuxuya gedəcəyimi səbirsizliklə gözləyirdilər ki, üstümə cumub, ora-buramı dişləsinlər. Amma mənzildə bu cür yaramaz məxluqlardan qorunmaq üçün müasir sənayenin durmadan istehsal elədiyi növbənöv kimyəvi vasitələr də vardı, bu səbəbdən mən rahat yata biləcəyimə zərrəcə şübhə bəsləmirdim.

Amma səhəri gün mən ayaqlarımın həndəvərində cürbəcür qurdların süründüyünə şahid oldum, daha sonra siçovullar, gecələr mənim üçün solo konsertlər verən tropik mənşəli hansısa sürünən məxluqlar, əqrəblər, çağaların qulaqlarını gəmirən, əlinə başqa yem keçməyəndə heç böyüklərin də qulaqlarından imtina eləməyən təhlükəli mimeola-alleuquis, bəyaz ağcaqanadlar və sair və ilaxır peyda oldu. Bir sözlə, bütün bu qəribə varlıqlardan hansınınsa naxoş baxışını öz üzərimdə hiss elədiyim an mən tutduğum bu mənzildə artıq özümü çağırılmamış qonaq yerində hiss etməyə başladım. Amma bizim, yəni avropalıların, necə insanlar olduğumuz da hər kəsə bəllidir. Heç kəsin qabağından qaçmayan, dediyində qətiyyətlə duran və öz tərs xasiyyətindən əl çəkməyən tiplərik biz. Hər şeyə rəğmən, mən bu məxluqlarla axıra qədər vuruşmaq barədə qəti qərar qəbul elədim və əlimdəki dəyənəklə səhərdən ta axşama qədər otaqlarda var-gəl eləməyə başladım. Hələ bəzən növbəti iyrənc məxluqu gizlicə pusmaqdan ötrü qaranlıq künclərə çəkilməyə də məcbur qalırdım.

Ancaq bir dəfə - deyəsən, çərşənbə günü idi – mətbəxə girəndə orada bir pələnglə rastlaşdım. Hə-ə, bax, bu yerdə mənim mələklərə xas səbrim daşdı, nə daşdı. Yəqin siz də razılaşarsınız ki, bu, lap ağ idi.

Başılovlu halda pilləkənlərlə enib, əlüstü özümü qapıçı xanıma çatdırdım.

- Mənim mənzilimdə pələng var!

Qadın dedi:

- Bu necə ola bilər?! Hər ilkindən daha erkən deyilmi ki, bu?..

- Daha erkən imiş? Doğrudanmı?

Tövrünü pozmayan qadın sözünə davam elədi:

- Hə. Adətən yağışlar mövsümü başlanan zaman hamilə pələnglər mənzillərə sığınırlar ki, öz balalarını südlə rahatca yemləyə bilsinlər. Siz ana pələngə toxunmasanız, onun da sizinlə bir işi olmaz. Yaxşısı budur, ümumiyyətlə, onu görməməzliyə vurun, ən vacibi isə odur ki, bilmədən, istəmədən onu tapdalamayın. Bilməmiş olmazsınız, vəhşi heyvanlarla xoş davrananda onlar əhliləşmiş həmnövlərindən heç nə ilə fərqlənmirlər.

- Doğrudan?

- Özünüz də bunu görəcəksiniz. Düzdür, bala pələnglər doğulacağı zaman müəyyən narahatlıqlar yaşaya bilərsiniz, ancaq həmin vaxtı siz özünüz də dəqiq hesablaya, təyin eləyə bilərsiniz. Elə ki o önəmli məqam yetişdi, siz iki günlüyə qonşu otelə daşınarsınız. Həmin günlərin pulu isə ödəniş məbləğinizdən mütləq çıxılacaq.

İçimi qaranlıq şübhələr gəmirirdi və mən könülsüz halda mənzilimə qalxmalı oldum. Tam qapıya çatdığım an qapıçı qadının verdiyi son tövsiyələr qulağıma dəydi:

- Lap unutmuşdum ha. Mətbəxin döşəməsinə mütləq həsir sərin və sizdən bir ricam daha olacaq: hər ehtimala qarşı orada bir vedrə suyu həmişə hazır tutun.

 

 

“Robert Heyn” sistemi

 

 

Dostum Luis Urdal qədər uğursuz birisinə həyatım boyu rast gəlmədiyimə and içməyə hazıram. Xətrini çox istəsəm də, onun hədsiz məhdud biri olduğunu da etiraf eləməyə məcburam.

Onunla birgə tutduğumuz kiçik mənzilin kirayə haqqını bir vaxtlar yarı-yarıya ödəyirdik. Ancaq bu razılaşmamıza o, heç cür riayət eləmirdi, çünki hər həftə öz iş yerini dəyişirdi: daha doğrusu, min bir əziyyətlə tapdığı işlərdən hər həftə sonra qovulurdu. Heç vaxt pulu olmurdu onun, mən isə kirayə haqqını tək ödəməyim hələ bir yana dursun, öz otaq qonşuma az-az, amma tez-tez borc da verməyə məcbur idim.

 

Yox, bütün bunlarla o zavallıdan şikayətləndiyimi sanmayın! Bunu ona görə dedim ki, sonradan yaşananların nə qədər ağlasığmaz olduğunu daha rahat anlayasınız. Urdal canlara dəyən yoldaş idi, özü az danışar, amma adamı səbirlə, maraqla dinləyərdi, buna görə də hamı onu öz yaxınlarının iş-gücüylə yaxından maraqlanan nəcib birisi sayırdı. O, təvazökar, sakit-susqun, səliqəli və zəhlətökməyən biri idi – bütün bunlar isə bir otaq yoldaşında arzulanacaq ən vacib cəhətlərdir. Onun əqli keyfiyyətləri barədə fikir yürütmək isə xeyli müşkül idi: bu cəhətdən ona bələd olmağa çalışan birisi öz qarşısında bir növ suya həsrət bir çöllü-biyaban görürdü, çünki qoynunda yaşadığı dünyanın dərki məsələlərində Urdal tamamən “piyada” biri idi. O, heç vaxt və heç nə oxumazdı, siyasətə, cəmiyyət həyatına və ümumiyyətlə, heç nəyə zərrəcə maraq duymazdı. Xasiyyətindəki yalnız bircə cəhət onun bu bozumtul varlıq şərtlərindən sıyrılmasına yardım edir, buna nisbətən rəng qatırdı: ara-sıra Urdal müəyyən mistifikasiyalar qurur, özünə qapılır və ən əhəmiyyətsiz sirlərə onların sahib olduğundan daha artıq mənalar yükləyə bilirdi.

Belə birisiylə yanaşı yaşamaq çətin deyildi. Onunla gün ərzində cəmi iki kərə - səhər tezdən və axşam – bir araya gəlirdik, həyatlarımız öz dinc və rahat axarındaydı və biz mümkün mübahisələrdən bacardıqca uzaq durmağa çalışırdıq. Yatmazdan öncə mən çarpayımın baş tərəfindəki lampanı yandırıb, uzun-uzadı mütaliə edirdim. Urdal isə əllərini başının altında çataqlayaraq, diqqətlə tavanı incələyirdi (onun orada heç vaxt və heç nə görmədiyindən mən adım qədər əmin idim). Bir neçə dəqiqə keçəndən sonra isə o, elə uzandığı şəkildə də yuxuya gedirdi. Gördüyü yuxular da yaşadığı həyat qədər boz və mənasız olurdu hər halda.

 

 

Günlərin bir günü təəccüb doğuracaq bir şey baş verdi – evə dönən qonşumun qoltuğunda bir kitab gördüm və buna sevindim:

- Axır ki! Adı nədir o kitabın?

Bunu deyib, əlimi uzatdım ki, kitabı alıb, adını oxuyum, ancaq geri çəkilən Urdal məni sərt baxışlarla süzərək dedi:

- Gəl, bir-birimizin işlərinə burun soxmayaq.

Bunu söyləyərkən o, sanki aramızdakı xəyali bir sazişin əsas şərtlərinə aydınlıq gətirməyə çalışırdı.

Həmin gündən etibarən bu kitab onun həyatının ayrılmaz ünsürünə çevrildi. Mən isə bir daha o kitabdan söz salmamaqla, bircə kitabı mənə qıymamasından incidiyimi, əslində, Urdala sezdirmək istəyirdim. Eyni vaxtda qonşumun aramsız qiraətinə də, hər axşam yatağının üstündəki lampanın mənimkindən daha uzun-uzadı yandığına da heyrətlənirdim.

Bundan bir neçə gün sonra, səhər tezdən mənə yanaşan qonşum sərt şəkildə soruşdu:

- Sənə nə qədər borcum var?

Münasibətlərimiz son günlər gərgin idi və mən düşünürdüm ki, təbiətcə dürüst və həssas biri sayılan Urdal mənə qarşı haqsız davrandığını, ən nəhayət, anlayıb. Bircə anın içində bütün incikliyim qeybə çəkildi və mən bütün səmimiyyətimlə onu inandırmağa çalışdım ki, borcla bağlı narahat olmasına dəyməz. Üzünə məsum bir təbəssüm qonduran qonşum cibindən bir çəngə pul çıxardıb dedi:

- Yox, yox, sadəcə indi bütün borcu bağlamam üçün imkan yaranıb.

Sonra o, bir əlində qələm və mənim də köməyimlə borcların siyahısını tutmağa çalışdı, çünki bütün köhnə borcları xatırlamaq elə də asan iş deyildi. Ən nəhayət, biz ümumi rəqəmi çıxaranda Urdal barmağına tüpürməklə, o bir çəngə puldan bir neçə kağız pulu ayırıb, mənə uzatdı və mızıldadı:

- Say ha, bilirsən də, mən həmişə səhv edirəm.

Vəziyyəti aydınlaşdırmaqdan ötrü ehtiyatla soruşdum:

- Deyəsən, iş tapmısan, hə?

O, qızarıb, gözlərini yerə dikdi, ağızucu “yox” deməklə, üzünü yana tutdu və bununla sanki bildirmək istədi ki, bu barədə heç danışmaq istəmir. Bu hərəkətiylə o, məni təkrar cırnatdı.

Zahirən münasibətlərimiz normal görünürdü, həyat da ki öz axarıyla gedirdi, ancaq sirli olaylar da öz inkişafındaydı.

Bir neçə gün ötəndən sonra otaq yoldaşım təzə əyin-baş, məşhur bir firmanın malı olan qızıl saat, bəzi şəxsi əşya, cürbəcür əntiq-füruş şeylər də aldı və bütün bunlar sayəsində bizim mənzilin ümumi görünüşü xeyli dərəcədə dəyişdi. Bütün bu əşyalardan bahalı şeylərə xas şıqlıq və keyfiyyət yağırdı. Onlardan yararlanmamı mənə də təklif edərkən hər dəfə Urdalın utancaqlığını sezirdim və mən bunu göstərilən səxavətin səmimiliyinə yozurdum.

Ad günümdə Urdal mənə çoxdan bəri almağı arzuladığım, amma buna heç cür pul tapmadığım gözəl bir fotoaparat bağışladı. Mən hədiyyəni geri verərək dedim:

- Bağışla, amma mən sənə bu cür bahalı hədiyyə verə bilməyəcəyəm.

Urdal həmişəkindən daha ürkək bir şəkildə hüdüləyib-tökdü:

- Eyb etməz, eybi yox, axı, mənim üçün bunu etmək çox da əziyyətli deyil.

Doğrudan da, bunu əziyyətsiz əldə etdiyi göz qabağındaydı. Qonşumun həyatındakı bu qəfil dəyişiklik göydəndüşmə və tamamilə əziyyətsiz baş vermişdi. Bəzən mən bunu onun oxuduğu o sirli kitabla izah edirdim, çünki Urdal onu hər axşam, həm də yuxulamasın deyə, gözlərini vaxtaşırı qırparaq oxuyurdu. Əlbəttə, burada başqa bir variant da mümkün idi: zəhər tacirləri narkotiklərin ünvana çatdırılmasında, adətən, elə sıravi insanların xidmətlərindən yararlanırlar ki, onlardan şübhələnmək heç kəsin ağlına gəlmir. Həmin narkotik bükümlərinin bəxş etdiyi zənginliyin adını sonradan onun sahibləri dəyişdirib, “uğurlu lotereya bileti”, “gözlənilmədən alınan miras” və ya “qəflətən tapılan dəfinə” də qoyurlar.

Bu cür təxminlərimə rəğmən, ömrü boyu heç nə oxumayan birisinin yalnız və yalnız bir kitaba bu cür, yəni görünməmiş dərəcədə mehir salması məni heyrətə gətirirdi. Nə gizlədim, bu bağlılıq mənim fikrimi-xəyalımı həm məşğul edir, həm də marağımı körükləyirdi. O kitabın yaşıl üz qabığı və üzərindəki qızılı hərflər mənə dinclik verməsə də, yatdığım küncdən baxmaqla, onun üstündə nə yazıldığını da heç cür oxuya bilmirdim.

Bir gün Urdal o kitab sinəsi üstə açıq qalmış halda yuxuya getdi. Hətta yuxuda da o, əlləriylə qucduğu bu kitabı qeyri-ixtiyari yad gözlərdən qorumaqdaydı. Kitabın səhifələrinin işıltısı sanki məni özünə cəzb edirdi, ətrafımdakı səssizlik isə mənə cürət verirdi. İndi özümü təmizə çıxarmam sizə gülünc görünə bilər, bəlkə də, amma o ara özümü nədənsə suç işləyən birinin yerində hiss edirdim. Buna rəğmən, yorğanımı bir kənara atıb, yerimdən qalxdım və barmaqlarımın ucunda Urdala yanaşdım.

Bədbəxtlikdən açıq səhifələrdən birində bir bölümün sonu, digərinin isə başlanğıcı vardı: sol tərəfdə müəllifin adı yazılmışdı – Robert Heyn, sağ səhifədə isə Roma rəqəmi və kursivlə yazılmış başlıq gözə dəyirdi: “İlk avtomobiliniz”. Qonşumun əlləri qalan qismləri örtdüyündən mən oxuduqlarımdan heç nə anlamadım, amma geri çəkilmək kimi bir niyyətim də yox idi: kitabı ehmalca yuxarıya doğru itələdim. O an Urdal yerində qımıldandı, ayaqlarını qarnına yığmaqla, başını yan tərəfə döndərdi. Kitab isə elə əvvəlki vəziyyətindəcə qaldı. Ürəyim necə şiddətlə döyünürdüsə, az qalırdı sinəmdən bayıra çıxsın, hətta mən ehtiyatlanırdım ki, onun döyüntüsünə indicə Urdal da oyanacaq. Ancaq hər şeyə rəğmən, maraq hissim qorxumu yendi. İkinci cəhdim uğurla nəticələndi və kağızın səthinə incə, qızılı hərflərlə yazılan kitabın adını, ən nəhayət, oxuya bildim: “Necə zəngin olmalı”.

Bir anlığa karıxıb qaldım ki, o sırtıq müəlliflər və naşirlər insanların axmaqlığından necə də ustalıqla yararlanırlar. Daha sonra, artıq yatağıma uzananda isə, uzun müddət gözümə yuxu getmədi və dostum barədə düşündüm ki, bu kitab görəsən, onun həyatına necə təsir göstərib axı? Kim bilir, bəlkə də o, varlanmaq üçün hansısa əclaflığa və ya cinayətə qol qoyub?

Tədricən içimdə Urdala qarşı lal bir qəzəb hissi yaranmağa başladı. Həm də düşünürdüm ki, heç kəs bu cür xəyallar qurmaq haqqına sahib deyildir. Özünü yalançı vədlərin əsirinə çevirmək, bazar falçılarının ümidinə qalmaq və ya hansısa kitabın sətirləri arasında əlkimya düsturu axtarmaq mənə son dərəcə mənasız görünürdü, bunu yetkin bir insana əsla yaraşdırmırdım. Odur ki, həmin andan etibarən içimdə, bəlkə heç özüm də istəmədən, Urdala qarşı bir inciklik hissi oyandı. Ancaq qonşum bu davranışımı görməzliyə vururdu, ya da bundan incikliyini heç büruzə vermirdi.

İki gün sonra o, həmişəki ürkəkliyi ilə mənə balkona çıxmağı təklif elədi. Sonra isə küçə fənərinin işığında bərq vuran sonuncu model “Yaguar”ı barmağıyla göstərdi. Baxışlarını yerdən ayırmadan dedi:

- Bu, mənim ilk maşınımdır.

Bu yerdə özümü tuta bilməyib dedim:

- Bilirəm, bilirəm, o kitabın beşinci bölümü məhz bu haqdadır!

Sonra isə mən qarmaqarışıq, anlaşılmaz şəkildə, dilim topuq vura-vura (çünki dəlillərimin ifadəsi üçün tapdığım sözlər yetərincə kasad idi) firıldaqçıları da, onlara inanan insanları da lənətləməyə başladım. Urdal kimi gözüqıpıq insanların hər hansı mübarizə aparmadan da həyatda uğur qazanmağa, xoşbəxtliyə və rifaha qovuşmağa sadəlöhvcəsinə can atmasını yamanladım. Dediyimdən də əl çəkmirdim:

- Bütün bunlar təhlükəlidir, Urdal. Axırın heç yaxşı olmaya bilər.

Ötəri qorxuya qapılan qonşum səmimiyyətlə soruşdu:

- Axı niyə? Başıma nə gələ bilər ki, mənim?

Onun bu yalvarış dolu sualı məni heyrətləndirdi. O ara onun nələr yaşadığından xəbərsiz idim və dəlillərimin kasadlığına rəğmən, onu bu yoldan çəkindirmək məqsədiylə öncəgörənlərə xas bir əminliklə dedim:

- Sən də xərçəng xəstəliyini ot bitkiləriylə müalicə edənlərin gününə düşə bilərsən.

Üzünü əlləriylə örtərək, köksünü ötürən Urdal dodaqaltı mızıldandı:

- Artıq geri çəkilməm üçün gecdir. Bu işlər xeyli dərinə gedib.

Beləcə, hər şey dəyişməz qaldı. Bir müddət sonra dostum özünə şəxsi sürücü, mükəmməl əndama malik sarışın katibə tutdu, şəhərdə özünə ev, dəniz kənarında isə villa aldı, təyyarə, yaxta və digər nəqliyyat vasitələrinin sahibinə çevrildi və keyfinə görə bunların hansı birinisə tərcih eləməyə başladı. Düzdür, bütün bu nemətləri onunla paylaşmağı o, mənə də təklif eləmişdi, amma mən bir missioner və ictimai qınaqçı kimi tutduğum köhnə mövqedən əsla əl çəkmirdim.

İndi, yəni üstündən xeyli müddət ötəndən sonra, mən öz davranışımı gözdən keçirəndə heyrətdən lap karıxıram. Dediyimdən dönməməyim hələ bir yana dursun, mən Urdalın başına betər müsibətlərin gələcəyindən də əmin idim, halbuki onların heç biri baş vermədi. Ona bəslədiyim bu münasibətin yeganə nəticəsi isə o oldu ki, qarşılıqlı əlaqələrimiz əvvəlcə soyudu, sonra isə tamamən kəsildi. Etiraf etməliyəm ki, buna özüm bais oldum və daha sonra bu məyusluq hissinə qəflətən öz-özümə qarşı qəzəb hissi də qarışdı: “Axı bütün bunlarda nə var axı belə?! Əgər izn-icazə verilən hər şey günbəgün təkmilləşirsə, hətta yuxuda ikən insana skripkada çalmaq və ya riyaziyyat dərsləri verilirsə, onda varlanmağın fərqli üsulları niyə öyrədilməsin ki?!” İçimdəki şübhələr tədricən dağılıb getdi və mən qəti qənaətə gəldim ki, belə bir üsul həqiqətən də var və onun beynəlxalq miqyasda tətbiqinə təcili qaydada başlamağın tam zamanıdır.

Uzun-uzadı tərəddüdlərdən sonra bir axşam işdən çıxanda yolumu kitab mağazasından saldım. Anlaşılmaz bir utancaqlıq hissi məni bürüdüyündən əvvəlcə bir neçə jurnalı vərəqlədim və son vaxtlar işıq üzü görən ədəbi nəşrlərlə maraqlandım: birdən-birə öz niyyətimi açıqlamam hər halda yaxşı düşməzdi. Ən nəhayət, mən üzümə insan düşkünlüklərinə rişxəndlə yanaşan kübar bir insana xas təbəssüm qondurmaqla soruşdum:

- Bağışlayın, sizdə Robert Heynin “Necə zəngin olmalı?” kitabı yoxdur ki?

- Satılıb qurtarıb, - dedilər.

Bu cavabın məndə təəssüf hissi oyatdığını gizlətməm və üzümdən yağan kübarlığı qorumam xeyli müşkül oldu. Necə yəni “qurtarıb”? Axı mən o kitabla bağlı xeyli planlar, niyyətlər qurmuşdum, uzun sözün qısası, mən o kitaba böyük ümidlər bağlamışdım axı. Səadətin bax, indicə üzünə güləcəyini umduğun bir anda əllərinin təkrar hər şeydən üzülməsi adamı məyus etməzmi?!

Ancaq hər şeyi itirilmiş saymaq olmazdı. O qədər mağazalar vardı ki! Həm də o kitab yağlı əppəyə dönüb, bircə anda bazardan qeyb ola bilməzdi ki! Bütün şəhəri ayaqdan saldım, aldığım hər inkar cavabı içimdəki hikkəni bir az da qabartdı: o cür qiymətsiz bir kitabı kiçik tirajla buraxmağa qıyan naşirin necə darqafalı olduğuna sinirləndim.

O dəm mən kiçik kitab mağazası işlədən, kitab sərrafı sayılan və heyrətamiz yaddaşı olan köhnə dostumu xatırladım. Başqa birisinin içimdəki bu yanğıdan xəbər tutacağından hər nə qədər çəkinsəm də, sizə açdığım o məlum səbəblər üzündən mən həmin kitabı iki dünya bir olsa da, Urdaldan istəyə bilməzdim.

İstər-istəməz ayaqlarım məni o dostumun kitab dükanına aparıb çıxartdı. Kandardan içəri girdiyim andan dilim-ağzım qurudu, əl-ayağımı tər basdı, çox yəqin ki, saçlarım da pırpızlandı yenə, hətta boğazımı sıxan qalstuku da boşaltmağa məcbur oldum. Hər hansı bir bəhanə uydurmaqdan və hər cür nəzakətli müraciətdən imtina edərək, fikrimdən keçəni birbaşa dilimə gətirdim:

- Səndə Robert Heynin “Necə zəngin olmalı?” kitabı varmı?

- Yox. İndi onu heç yerdə tapammazsan.

Dostum mənə izah elədi ki, o kitabın nəşrində əməyi keçən hər kəs – mətn yığıcıları və korrektorlar - özlərinə yaxşı gün-güzəran qurduqları və artıq öz şəxsi qazancları hesabına yaşadıqları üçün həmin nəşriyyat ən dəyərli mütəxəssislərini itirib. Buna görə də kitabın təkrar nəşrindən imtina olunub. Digər tərəfdən, hökumət də o kitabın nəşrini yasaqlamağa çalışırmış və bu məqsədlə onun bütün nüsxələri satışdan yığılıb, hətta iş o yerə çatıb ki, kütləvi kitabxanaların fondunda da o kitabı tapmaq olmur.

- Bəlkə tanış-bilişdən kimdənsə taparam? Müvəqqəti alıb oxumaq və bunun haqqını ödəmək şərtiylə...

- Biz buna da cəhd göstərmişik, ancaq heç nə alınmayıb.

Mən piştaxtaya söykənib durmuşdum, boğazım yamanca acışırdı. Dostum əbəs yerə mənə ürək-dirək verməyində idi:

- İndi durub sənə desəm ki, pul həyatda hər şey demək deyil, yəqin gülünc səslənər. Yeniyetmə-zad deyilsən ki! Özün də bunu çox gözəl anlayırsan. Əgər istəsəydin, həmin seriyadan sənə başqa bir kitabı məsləhət görərdim.

- Onu da Robert Heyn yazıb?

- Hə.

Bircə anda dirçəlmişdim sanki:

- Bəs adı nədir onun?

- “Kasıblıqda necə xoşbəxt olmalı?”.

Bu kitabın adı mənə sən deyən də cazibədar gəlmədi və bu məqam məni təkrar çarəsizliyə sürükləyirdi. Sırf nəzakət xatirinə mən endirim-filan istəmədən kitabı satın aldım, içəri girəndə dostumla salamlaşmadığım kimi, indi də xudahafizləşmədən o mağazanı tərk elədim.

Yorğun və əsəbi olduğumdan yatağa da erkən girdim, əmin idim ki, bu ovqatla yuxuya getmək məndən ötrü əsl işgəncəyə çevriləcək. Öz taleyimdən uzun-uzadı şikayətləndim və o ara heç ağlıma da gəlmədi ki, yuxunun köməyi ilə adətən qısaltdığımız gecələr bu dərəcədə bitməz, uzun ola bilirmiş. Saatlarca o üz, bu üzə çevriləndən sonra mən, ən nəhayət, əlimi uzadıb, Robert Heynin kitabını götürdüm. Bu, çarəsizliyimin aşkar etirafı idi.

Onu da etiraf eləməliyəm ki, kitab elə ilk səhifələrdən məni özünə kilidləyə bildi. Yazarın seçdiyi səmimi və xoş yazı üslubu yanan qəlbimə sanki sərin su çiləyirdi. Bu, insanın başqaları qarşısındakı məsuliyyətini azaltmaq hesabına nələrdən imtina edə biləcəyinə dair uzun bir hekayət idi. Daha sonra oxucuya bütün sosial bağlardan tədricən imtina hissi aşılanırdı ki, bunun da nəticəsində vətəndaşların cəmiyyət qarşısındakı borc və öhdəlikləri son dərəcə dumanlı bir şeyə çevrilirdi. Kitabın haradasa ortalarına çatanda mən Qərb iqtisadiyyatında adi şey sayılan qiymət dalğalanmalarına, iqtisadi böhrana və işsizliyə heç tüpürmək də istəmirdim artıq. İlk dəfə idi ki, mən gələcəyə kinayə dolu bir biganəliklə baxırdım.

Sabahısı gün mən işdə istefa ərizəsi yazdım, iki gün sonra kirayə mənzilimin sahibəsi ilə vidalaşdım, bütün şəxsi əmlakımı qapıçı qadına bağışlayandan sonra öz yeni yaşam tərzimə - səyahətlərə və dünyanın gedişatının dərkinə başladım.

Aradan iki həftə keçincə, kitabdakı iki fəsli ötürdüm (bu yolla mən hadisələrin “Robert Heyn” sistemi üzrə inkişafını önləməyə niyyətliydim) və bədənimdəki ilk biti yaxalaya bildim. Xatirimdədir ki, həmin an mən bir çay sahilində, suların şux şırıltısı altında, həm də şaftalı ağacının gövdəsinə söykənərək oturmuşdum. Adətən, yeni dost qazanarkən necə sevinirlərsə, mən də eyni ruh yüksəkliyi ilə ovcumdakı o həşəratı süzürdüm: indi onun da bədənində mənim qanım dolaşırdı. Qəfildən ağacdan ovcuma bir şeh damlası düşdü və mən başına gələ biləcək hər cür qaçılmaz bəladan qurtarmaq arzusuyla o aciz varlığı, yəni biti, nəvazişlə qaytarıb, boynumun ardına qoydum.

 

Dilimizə çevirdi: Azad Yaşar

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.