Sənət və ədəbiyyat dərgisi

Hər kəs öləcək... - Nəcib Məhfuzun hekayəsi

26 Sentyabr 2023 / 13:24

Uşaq və inanc - Nəcib Məhfuzun hekayəsi

 | 1061 dəfə oxunub A A+ A-Tərcümələr

 

Nəcib MƏHFUZ

(1911-2006)

 

"Yaxın Şərqin Balzakı" ünvanını qazanmış görkəmli Misir nasiri, dramaturqu və ssenaristidir. Ədəbiyyat üzrə Nobel mükafatını qazanmış (1988) hələlik yeganə ərəb yazardır.

Qahirə Universitetinin Hüquq fakültəsindən məzun olub. Ömrü boyu ən müxtəlif qurum və redaksiyalarda çalışıb. Mədəniyyət 

Nazirliyində müşavir vəzifəsində işləyərkən pensiyaya çıxsa da, qəzet və kinostudiyalarla sıx əməkdaşlığını fasiləsiz davam etdirib.

1994-cü ildə barəsində dindarların ölüm fətvası verməsi nəticəsində evinin önündə bıçaqlanıb. Sağ qolundan aldığı zədə yazmasını çətinləşdirsə də, ahıl yazar qələmini əsla yerə qoymayıb. 

Məhsuldar ədəbi fəaliyyəti boyu 21 roman və 5 hekayə toplusu çap etdirə bilib.

 

 

- Ata...

- Nə var?

- Rəfiqəm Nadiyə ilə biz həmişə bir yerdəyik.

- Bunda pis nə var ki, balası?!

- Sinifdə də, tənəffüs vaxtı da, yeməkxanada da.

- Çox yaxşı. O, nəcib və tərbiyəli qızdır.

- Təkcə ilahiyyat dərsində mən bir sinifə gedirəm, o isə digərinə.

Kişi süfrə örtüyü tikən arvadına nəzər salanda onun gülümsündüyünü sezdi.

Odur ki, təbəssümlə cavab verdi:

- Hə də, bu şərt təkcə ilahiyyat dərsi üçün keçərlidir.

- Axı niyə, ata?

- Çünki sənin bir dinin var, onun isə başqa.

- O necə olur?

- Sən müsəlmansan, o isə xaçpərəst.

- Niyə axı, ata?

- Hələlik balacasan, böyüyəndə özün bunu başa düşəcəksən.

- Mən böyüyəm də artıq.

- Yox, balası, sən hələ balacasan.

- Bəs niyə mən müsəlmanam?

Bu yerdə kişi səbrini basmalı və sözləri ehtiyatla seçməliydi ki, çağdaş tərbiyə üsullarına hər hansı xələl gətirməsin.

- Sənin atan da, anan da müsəlman olduğundan sən də müsəlmansan.

- Bəs Nadiyənin?

- Onun isə ata-anası xaçpərəstdir, bundan dolayı özü də xaçpərəstdir.

- Atası sırf gözlük taxdığı üçünmü xaçpərəst sayılır?

- Yox, qızım, gözlüyün buna heç bir dəxli yoxdur. O qızın elə babası da xaçpərəst olub, ona görə...

Kişi bir istədi ki, Nadiyənin yeddi arxadan dönəninin də xaçpərəst olduğunu sayıb-sadalasın - bəlkə bu sayədə qızı bezib, başqa mövzuda söhbətə başlayaydı.

O ara qız soruşdu:

- Yaxşı, elə isə müsəlman olmaq yaxşıdır, yoxsa xaçpərəst?

Bir qədər fikirləşən kişi dilləndi:

- Hər ikisi yaxşıdır.

- Ancaq bunlardan hansısa daha yaxşı olmalıdır, ya yox?

- Bu dinlərin elə hər ikisi gözəldir.

- Bəlkə Nadiyədən heç ayrılmayım deyə, mən də xaçpərəstliyi qəbul eləyim?

- Yox, qızım, bu iş imkansızdır. Hər bir övlad öz ata-anasının dininə sadiq qalmalıdır.

- Axı, niyə ey?

"Həqiqətən də, indiki zəmanədə uşağa tərbiyə vermək xeyli müşkül işə dönüb ha!"

Atası suala sualla cavab verdi:

- Bunu öyrənmək üçün böyümək istəmirsən sən?

- Yox, ata.

- Yaxşı. Sən heç bilirsən bu "moda" deyilən şey nədir? Bax, kim isə bir modaya üstünlük verir, digəri isə başqa modaya. Müsəlman olmaq - dində bir növ ən son modadır. Odur ki, sən də məhz müsəlman olaraq qalmalısan.

- Onda belə çıxır ki, Nadiyə köhnə modaya üstünlük verir?

"Sən o Nadiyən ilə birgə məni lap boğaza yığdınız ha!"

Bacardıqca ehtiyatlı davranmağa çalışırdı: görünür, hər şeyə rəğmən, bayaq bir yanlışa yol verib. Gərək indi bu yaranan durumdan hər nə cürsə çıxaydı.

- Bilirsən, bu - bir zövq məsələsidir, ancaq yenə də hər kəs gərək valideynlərinin dininə sadiq qala.

- Mən onun köhnə, özümün isə təzə modaya uyduğumu Nadiyəyə söyləyə bilərəm?

Atası qızın sözünü kəsdi:

- Hər din gözəldir, çünki müsəlmanlar da, xaçpərəstlər də tək Allaha iman gətirirlər.

- Bəs elə isə bunu niyə ayrı-ayrı sinif otaqlarında edirlər?

- Çünki onların sitayiş tərzləri bir-birindən fərqlənir.

- Niyə fərqlənir axı?

- Bunu sən gələn, ya da o biri il öyrənəcəksən. Hələlik isə həm müsəlmanların, həm də xaçpərəstlərin tək Allaha inandıqlarını bilmən yetərlidir, bala.

- Ata, bəs sənin Allahın kimdir?

Kişini əl-ayaq basır. Uzun-uzadı fikrə dalır. Sonra təmkinlə qızından soruşur:

- Bununla bağlı müəllimən sənə nə deyib məktəbdə?

- O, bizə bir surə oxudu, sonra isə bir dua əzbərlədik, ancaq mən bunlardan heçcə nə anlamadım. Ata, sənin Allahın kimdir?

Bir qədər də düşünən kişi gülümsəyərək, başdansovduya bənzər bir cavab verir övladına:

- O - bütün xilqətin yaradıcısıdır.

- Bütün xilqətin?

- Hə, bütün xilqətin.

- Bəs "yaradıcı" nə deməkdir?

- Bax, bütün bu gördüklərini yaradan, yoxdan var eləyəndir o.

- O, bunu necə bacarıb?

- Özünün misilsiz iradəsi sayəsində.

- Bəs o, harada yaşayır?

- Dünyanın hər guşəsində.

- Bəs dünyanı xəlq edənə qədər o, harada yaşayırdı?

- Yüksəklərdə, la-a-p yuxarılarda...

- Səmada?

- Hə.

- Mən onu görmək istərdim.

- Bu... mümkün deyil axı.

- Televizorda da onu görəmmərəm?

- Heç televizorda da.

- İndiyəcən heç kəs onu görməyib ki?

- Heç kəs.

- Bəs onda sən haradan bilirsən ki, o, yuxarılardadır?

- Çünki bu şəksiz-şübhəsiz belədir.

- Onun yuxarıda olduğunu bəs ən əvvəl kim xəbər verib?

- Peyğəmbərlər.

- Peyğəmbərlər?

- Hə. Məsələn, Muhəmməd peyğəmbər.

- Ata, bəs o, bunu haradan öyrənib?

- İlahi vergi sayəsində.

- Bəyəm o, gözəgörünməzləri də görürmüş ki?

- Hə.

- Niyə, ata?

- Çünki Allah-təala onu bizlərdən fərqli yaradıbmış.

- Ancaq yenə də olsun, axı niyə?

Səbri lap daralan kişi dilləndi:

- Çünki o, nəyi necə istəyirsə, elə də xəlq eləyir.

- O, necə biridir ki?

- Çox güclüdür, hədsiz güclü. Buna görə də hər şeyi bacarır.

- Lap sənin kimi, ata?

Kişi gülməkdən özünü zorla tutdu:

- Yox, onun misli-bərabəri yoxdur.

- Bəs onda niyə o yuxarılarda yaşayır?

- Çünki bu Yer üzü ona darlıq edir. Ancaq o, burada hər olub-bitəni görür.

Bir az fikrə gedən qız soruşdu:

- Nadiyə isə deyir ki, o, nə vaxtsa Yer üzündə yaşayıb.

- O, Yer üzündə hər olub-bitəndən agah olduğu üçün, hə, insanlar adətən belə deyirlər. Elə sanılır ki, o da bizim aramızda yaşayır.

- Rəfiqəm deyir ki, insanlar onu vaxtilə qətlə yetiriblər.

- Ancaq o, ölümsüz olduğundan əsla ölə bilməzdi.

- Nadiyə isə deyir ki, insanlar onu öldürüblər.

- Yox, balası, insanlar özlərini inandırıblar ki, guya onu öldürüblər. Əslində isə o, ölüb-eləməyib, həmişə diridir.

- Mənim babam da sağdır?

- Yox, sənin baban ölüb.

- Onu da insanlar öldürüblər?

- Yox, öz əcəliylə ölüb.

- Necə yəni?

- Xəstələnib və ölüb də.

- Onda indi xəstə yatan bacım da öləcək, eləmi?

Arvadının qaşqabağını salladığını sezən ata qaşlarını çatıaraq dilləndi:

- Yox, inşallah, bacın sağalacaq.

- Bəs onda babam niyə öldü?

- Çünki həm yaşlanmışdı, həm də xəstə idi.

- Elə isə sən də yaşlı və xəstəsən. Bəs sən niyə ölməmisən?!

Bu yerdə anası qızın üstünə çımxırdı və özünü itirən uşaq baxışlarını anasından ayırıb, təkrar atasının üzünə zillədi.

- Allah nə vaxt uyğun bilsə, onda da öləcəyik, çünki hər şey onun hökmünə, məsləhətinə bağlıdır, - deyə kişi bayaqkı sualı cavablandırdı.

- Bəs niyə o, bizim ölümümüzü istəyir ki?

- Hər şey onun məsləhətinə uyğun baş verir axı.

- Ölüm necə, yaxşı şeydir?

- Yox, balası.

- Bəs onda Allah niyə belə, yəni yaxşı sayılmayan işlərə qol qoyur?

- Əgər Allah belə uyğun görürsə, deməli, insanlar ölməlidir də.

- Yox ey, axı, özün dedin ki, ölüm yaxşı şey deyil.

- Dilim çaşdı, balası.

- Bəs mən: "Sən niyə hələ ölməmisən?" deyə soruşanda, anam niyə özündən çıxdı?

- Çünki Allah hələlik bunu mənə rəva bilmir.

- Bəs nə vaxt rəva biləcək?

- Bizi bu dünyaya göndərən də, buradan alıb-aparan da odur.

- Axı, niyə görə?

- Ona görə ki, burada olduğumuz müddətdə xeyirxah əməllər işləyə bilək.

- Bəs niyə biz burada həmişəlik qalmırıq?

- Çünki insanlar Yer üzünü tərk eləməsələr, burada hamıya yer çatmaz.

- Bəs niyə bütün yaxşı əməllərimizi biz burada qoyub, getməliymişik?

- Çünki o gedəcəyimiz yer buradan daha gözəldir.

- Haradır ey ora?

- Yuxarılar.

- Allah olan yerlər?

- Hə.

- Orada onu görəcəyik?

- Hə.

- Bu, yaxşı şeydir?

- Əlbəttə ki.

- Sırf elə buna görə Yer üzünü tərk etməliymişik biz?

- Ancaq hələlik biz gücümüz yetəcək qədər xeyirxah əməllər işləməmişik.

- Babam necə, bunu bacarmışdı?

- Hə.

- Neyləmişdi ki, o?

- Ev tikib, bağ salmışdı.

- Bəs xalam oğlu Tutu nə eləmişdi?

Kişi yenə çarəsizliyə qapıldı və yardım istəyərmiş kimi arvadına tərəf baxdı. Sonra dilləndi:

- O da bu dünyadan köçməzdən əvvəl kiçik bir ev tikmişdi özünə.

- Qonşumuzun oğlu Lulu həmişə məni döyür və xeyirxahlığın nə olduğundan yerli-dibli xəbərsizdir.

- O, bir avaradır.

- Bəs o, necə, ölməyəcək?

- Allah rəva biləndə o da öləcək.

- Heç bir xeyirxah əməl işləməsə də, öləcək, eləmi?

- Hər kəs öləcək. Xeyirxahlar Allahın dərgahına yollanacaq, şər iş tutanlar isə atəşdə yanacaqlar.

Köksünü ötürən qız bir ara susdu.

Kişi özünü əldən düşmüş biri kimi hiss etməkdəydi. Verdiyi cavabların doğru-yanlışlığından isə hələ də narahat idi. Eşitdiyi tərs suallar qəlbinin dərin guşələrindəki o şübhə pərdələrini yırtıb-tökmüşdü.

Qız bayaqkı fikrini təkrar dilə gətirdi:

- Mən həmişə Nadiyə ilə olmağı arzulayıram.

Atasının çaşqınlığa qapıldığını görüncə, qız öz fikrini tamamladı:

- Hətta ilahiyyat dərsində də.

Kişi ucadan qəhqəhə çəkdi. Arvadını da gülmək tutdu.

Bir ağız əsnəyən kişi dedi:

- Bu cür məsələləri övladımla götür-qoy edəcəyim heç ağlıma gəlməzdi, vallah.

Arvadı söhbətə qoşuldu:

- Qoy hələ bir qızın böyüsün, onda içində baş qaldıran bütün şübhələri sən onunla gen-bol paylaşarsan.

Arvadının bunu zarafatla, yoxsa ciddi şəkildə dediyini öyrənmək istəyən kişi cəld ona sarı qanrılanda gördü ki, qadının bütün fikri-zikri əlindəki tikməyə cəmlənib.

 

 

Tərcümə: Azad Yaşar

 

edabiyyatqazeti.az

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.