Sənət və ədəbiyyat dərgisi

İki nəfərlik təyyarə - İmir Məmmədlinin hekayəsi

22 Dekabr 2023 / 10:02

                                               İmir Məmmədli

                            İKİ NƏFƏRLİK TƏYYARƏ

                                      (Esse-xatirə)

         Bir dostum var idi, gözəl bir dostum... Xatirələrə həmişə belə başlamırıq, amma bu dəfə məhz belə başlaya bilərəm. Doğrudan da, gözəl bir dostum var idi. Dostum çox qeyri-adi, son dərəcə kreativ adam idi. Bir gün kəndə getmişdik, axşamçağı üfüqün qızartısından rəngini dəyişən yamacda gəzişirdik. Dostum gözlərini uzaqlara zilləyib yarıpıçıltılı səslə dedi:

         - Sənə bir şey deyəcəm, amma məni düz başa düş. Çoxdandır bir adamlıq uçaq düzəltmək niyyətindəyəm. Detalların çoxunu əldə etmişəm, az qalıb, bu yaxınlarda hazır olacaq...

         Söhbətinə ani ara verib əlavə etdi:

         - Sözün düzü, bu günə qədər təyyarəni tək adamlıq düzəltmək istəyirdim. Ancaq səninlə yaxından tanış olandan sonra, aramızda mehriban dostluq yaranandan bəri fikrimi dəyişdim. Əgər sən mənimlə birlikdə uçarsansa, layihəni dəyişib iki adamlıq uçaq düzəldə bilərəm.

         Dedim, razıyam, düzəlt, uçaq. Lakin əcəl macal vermədi, təyyarə hazır olana qədər, yəni uçaq ovqatımızı dəyişənədək dostum dünyasını dəyişdi.

         Bu yaxınlarda bərk darıxmışdım, sanki yer-göy məni sıxırdı, gündəlik rəngsiz adilikdən çıxmağa yol axtarırdım. Gözəl bir rəfiqəmə darıxdığımı deyib həmin əhvalatı danışdım. O gülüb dedi, qəribədir, bu gün mən də bərk darıxmışam. Nə deyirsən, birlikdə uçaq? Dedim, təyyarə hazır olsa idi, uçardıq. Beləcə gözlərimizdə yorğunluq gülə-gülə bir-birimizdən ayrıldıq, hərə öz cansıxıcı dünyasına qayıtdı.

         İki adamlıq uçaq isə hamımızın qəlbimizdə yarımçıq durur, o, heç vaxt hazır olmayacaq, çünki irili-xırdalı gündəlik qayğılar ayaqlarımızdan elə sallanıb ki, təyyarəni yerdən qaldıracaq əsas detalı tapmağa nə həvəs var, nə macal.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.