Vaxtsız ölmək istəməyən adam - Tamam Bayatlı yazır
12 May 2024 / 11:48
Tamam Bayatlı
Vaxtsız ölmək istəməyən adam
Siz insanın necə ölməsi haqqında düşünürsünüzmü? Mən düşünmüşəm. Özü də çox. Səbəbi isə bir şey olub. Ölümü ədalətsizlik hesab eləmişəm. Fikirləşmişəm ki, necə olub Allah-taala hər şeyin ən yaxşısını, ən gözəlini insana verdiyi halda, ölümlərin ən ədalətsizini ona qismət edib? Axı insana düşünən beyin verib, özünü özünə dərk etdirmək, ona bu dünyada xoşladığı, sevdiyi nə varsa, hamısını bağışlamaq, sonra birdən hər şeyi əlindən alıb sevdiyi adamların ürəklərini göynədə-göynədə, ağlada-ağlada onu soyuq, qaranlıq bir yerə həmişəlik aparmaq ədalətsizlik deyilmi? Əgər ölmək mütləq lazımdırsa, qoy olsun, amma niyə bu cür dəhşətli, qorxulu bir fəlakət şəklində insanlara bəxş edilib ölüm?! Bax mən bunu başa düşə bilmirdim. Bilirdim ki, Allah-taala insanı çox sevir. Təbiətdə bütün yaratdıqlarından ən çox. Belə olmasaydı, o, ən gözəl səsi, ən gözəl dili, ən gözəl sevgini insana bəxş etməzdi. Təbiətdə yaratdıqlarının ən gözəlini də O, insan şəklində nəzərdə tutub. Yəqin, əvvəl-əvvəl ən gözəli gül kimi yaradıb. Sonra güldən də gözəlini – gülə baxıb onun gözəlliyinə sevinən balaca bir qız uşağını bağışlayıb. Bu da azlıq edib. Gəlinlik paltarında alışıb-yanan gözəllər gözəli gənc qız yaradıb. Bu da az görünüb. Səhər tezdən gözünü açaraq xoşbəxt körpəsinin yatışına tamaşa edən xoşbəxt ananın üzü yaranıb. Deyəsən, burada dayanıb İlahi, burada nöqtə qoyub. Bəs əgər keçilməyən gözəllik insana məxsusdursa, insan Tanrının sevimlisi deyilmi? Bəs onda niyə, tutaq ki, gülün ölümü təbii, sadə, hətta arzu olunan bir ölüm olduğu halda, insanınkı bu qədər dəhşətlidi? Axı gül (əlbəttə, insan onun ömrünü qırmasa) solur, quruyur, ləçəkləri büzüşmüş və formasını dəyişmiş yüngül qabığa çevrilir, külək onları bir-bir hiss olunmadan, heç kəsin nəzərini cəlb etmədən üfürüb ora-bura səpələyir, yenə həmin o küləyin nəfəsindən, toxumların qabıqları yavaş-yavaş çatlayır. Toxumlar sevincək torpağa tökülürlər ki, ...yenidən cücərsinlər. Bu cür ölüm nə bir kəsin ürəyini ağrıdır, nə bir kəsin gözünü yaşardır. Bəs əgər gülün ömrü gözəllikdən alışıb-yandığı bir vaxtda qırılarsa?
Onun gözəlliyindən sevinən o balaca qız uşağının üzünü gözünüz qabağına gətirin, onda görərsiniz gülün ömrünün qırılması nə dəhşətli fəlakətdi! Bəs insan ömrünün qırılması? Ölümü yox, ömrünün qırılması. Sən demə, ölüm və ömrün qırılması ayrı-ayrı şeylərmiş. Təbii insan ölümü də təbii gül ölümü kimi ağrısız-acısız, gözyaşısız olmalıymış. Sən demə, sevimlisi olan insana da ölümlərin ən ağrısızını, ən rahatını ayırıbmış. Mən belə bir ölüm haqqında danışmaq istəyirəm.
Əmimlə kənddə qalmış Yayamın (nənəm) ağır vəziyyətdə olduğu xəbəri bizə çatanda arvadın yaşı 90-ı keçmişdi. Atamgil təcili yola düşdülər. Biz uşaqlar getməmişdik. Yayam mənim tək nənəm yox, uşaqlıq dostum idi. Mən onun tumanlarının qatları arasında nağıllarıyla böyümüşdüm. Atamgil orada qaldığı 1-2 həftə ərzində hər gün bir az da çox ümid edirdim ki, ağır vəziyyət hələ ölüm demək deyil. Onlar qayıdıb gələndə səssizcə üzlərinə baxdım: ölüb, ya yox? Atamın rəngi azca solmuşdu. Demək ölüb. Öz otağıma çəkildim, bir küncdə yatağın üstündə oturub yazıq arvadın qohum-əqrəbasının, nəvələrinin hamısını görmədən, ürəyi nisgilli bu dünyadan köçdüyünü, ölərkən kimləri, nələri andığını, kimi ən çox görmək istədiyini, son anda axırıncı dəfə kimin üzünə baxmaq istədiyini fikirləşirdim. Anam yanıma gəldi, mən başımı dizimə əyib səssizcə ağladım. Amma birdən anam elə qəribə bir şey dedi ki, mən nəinki rahatlaşdım, hətta sevindim də! Sən demə, Yayam öləndə nə nədəsə gözü qalıb, nə kimisə görmək istəyib, nə də nisgili olub. Yayam o qədər qocalıbmış ki, lap bələkdəki uşağa çevrilibmiş. Nə dünyanın varlığını, nə özünün varlığını, nə nəvələrini, nə də oğullarını xatırlayırmış. Başına yığışmış qohum-qonşu da nahaq min bir əzabla arvada bu dünyanı xatırlatmaq, oğlunun gəldiyini xəbər vermək istəyirmişlər. Bələkdəki uşağa uzaqdan gəlmiş yaxın adamını tanıtdırmaq mümkündürmü? Eləcə də Yayam öləndə öz doğma oğlunu tanımayıb. Ona görə yox ki, o, xəstə imiş, ya huşu itibmiş, yox. Onun heç yeri ağrımırdı, heç nəyin əzabını çəkmirdi. O, sadəcə olaraq, təbii insan ölümüylə ölürdü. Gül ölümü kimi. Amma güldən fərqli olaraq Yayam ölüm qabağı qəribə bir şey xatırlayıb. Dörd tərəfdən arvada oğlunu tanıtdırmaq istəyən səs-küyə Yayam qəribə bir uşaq təbəssümü və qəribə bir sözlə cavab verib. O, birdən atamın üzünə baxıb, sanki tanıyıb, gülümsünüb və uşaq kimi deyib: – Hə, dədəm gəlib. Camaat deyəndə ki, nə dədə, ay arvad, bu sənin oğlundu, o, başını bulayıb öz dediyini deyib: – Dədəmdi (yəqin, atam, torpağı sanı yaşasın, arvadın dədəsinə çox oxşayırmış. Ancaq bu həm də təkcə oxşarlıq məsələsi deyil. Onu da deyim ki, ölümünə xeyli qalmış arvad artıq özünü uşaq, oğlanlarını isə dədəsi bilirmiş, elə ona görə də heç kəsi onu çimdirməyə qoymurmuş, nə gəlinini, nə də nəvələrini. Təkcə əmim (Yayamın qızı yox idi) onu soyundurub, qucağına alıb vannaya qoyar, özü su töküb, başını-bədənini sabunlayıb, uşaq kimi yuyarmış). Anam bunları mənə danışandan sonra necə yüngülləşdim, necə rahatlandım! Sevindim ki, ürəyimi göynədən şübhə yox oldu. Fikirləşirdim ki, bəlkə, yayam ölərkən ətrafında gözünə dəyən üzlər arasında mənim də üzümü axtarırmış (indi axtarmasın). O isə nəinki məni – nəvəsini, doğma oğlunu da unudubmuş.
Bundan da gözəl ölüm olar! Hər şeyi unudub, bu dünyaya gələrkən hara gəldiyini, kimin qucağına düşdüyünü, kimin gözünə baxdığını bilmədiyin kimi, heç nəyi hiss etmədən, hara getdiyini və haradan getdiyini anlamadan rahatca, sakitcə bələkdə yatan uşaq kimi gözlərini yumasan. Bu dünyada qalmış qohum-əqrəbaların da ağlamasın, sızlamasın, göynəməsin, əksinə, bir-birinə baxıb sevinsinlər. Sən demə, Allah-taala sevimlisi insan üçün də ən rahat, ən ağrısız ölüm nəzərdə tutubmuş. Sən demə, təbii ölüm heç də ədalətsizlik deyilmiş və bu cür ölümü insanlar bir-birinə arzulaya da bilərmiş.
Bəs niyə çox vaxt insan onun üçün nəzərdə tutulmuş bu təbii və gözəl ölümü ilə ölmür?! Çünki insan gülü, təbiəti öz təbii ölümü ilə ölməyə qoymur.