Hüzünlü payız - Sunay Akının hekayəsi
03 İyul 2024 / 16:11
Sunay Akın
Hüzünlü payız
Yay kinoteatrlarındakı rəngli lampalar çıxarılır, taxta stullar üst-üstə çevrilir... Qələm, silgi, məktəb çantası, önlük... Bilmirəm niyə, sevinclə kədəri eyni zamanda yaşayıram payızda... Sinif rəhbərimdən qorxum hər payızda üzə çıxır...
Hə, mən hələ də sinif rəhbərimdən qorxuram. Müəllimləri çox sevirəm, amma "sinif rəhbəri, müəllim" görəndə qaçmağa yer axtarıram. Ona görə də payız mənə Hiçkokun məşhur filmindəki təpədəki qorxulu evi xatırladır...
Məktəb təzəcə başlamışdı, mən və yenicə tanış olduğum dostlarım bağçada qarğa balasına oxşayan qara önlüklərimizlə sevincək qaçıb oynayırdıq... Çantamın içinə dəftərlərim yığılmış, adım yazılmışdı kitablarımın içinə... Bunu mən yox, bir yaş böyük qardaşım yazmışdı... Buludların arasında uçurdum... Çünki məktəbdə idim; mənim də müəllimim var idi... Müəllimlərə yaxın idim, çox yaxın idim... Ah! Bir il əvvəl qardaşımın müəllimi bizim küçədən keçdi deyə o gecə necə ağladım... Hə, ağladım; Anam mənə hirslənməmişdi, atam qışqırmamışdı üstümə, amma mən ağlayırdım... O gecə öyrəndim ki, insanlar da sevincdən ağlaya bilirlər... Çünki o gün bizim küçədən müəllim keçmişdi!
Birdən gördüm ki, sinif rəhbərim məni çağırır!.. Qaçdım... Qaçmaq nədi, ona tərəf uçdum, sanki. Amma, müəllimin otağına girəndə anladım ki, vəziyyət heç də ürəkaçan deyil. Sinif rəhbərim sərt şəkildə soruşdu:
- Cibinizdə nə var?..
Şalvarımın cibində qabarıqlıq vardı. Tərəddüd etmədən çıxartdım cibimdəkiləri. Əski parçaları... Ciblərim rəngarəng əski parçaları ilə dolu idi. Atam Dərzi Tuncay iş başında olarkən, tikiş maşınından yerə düşən əski parçalarını toplamaq mənim üçün tamam başqa bir zövq idi. Həmin əski parçalarını evə gətirib dünya xəritəsində ölkələri çəkərdim. Sonra qayçı ilə hər ölkənin sərhədlərini kəsərdim: Yaponiya, Peru, Fransa, Keniya, Hindistan... Rəngarəng ölkələri cibimə dolduranda, sanki bütün dünyanı özümlə aparırdım və çox xoşbəxt olurdum. Axı bir dərzi uşağının başqa hansı oyuncağı ola bilərdi ki?!.
"Bunlar var, müəllim" dedim və əlimdəki parçaları uzatdım...
Dünya dağıldı, bütün ölkələr birdən-birə göyə uçdu əllərimdən. Yox, yerə böyük meteorit düşməmişdi. Sinif rəhbərimin silləsi idi... Qulaqlarım cingildəməsi arasında ancaq bu cümləni eşitmişdim: "Bu çirkli şeyləri bir daha məktəbə gətirmə..."
Payız idi... Məktəbin ilk günləri idi... Qara önlüklə qarğa balası kimi görünürdüm...
Necə deyərlər, payızda yarpaqların saralması hüzndür, yaşadığım bu təcrübəylə o yarpaqlar kimi bir şey qurudu ürəyimdə... Uşaqların qaçdığı məktəb həyətini görsəm, hər dəfə gözlərim yaşla dolur, bəzi dostlarımın yerdən əski parçalarını götürüb zibil qutusuna atarkən kinayəli gülüşlərini eşidən kimi oluram... Dünyanı atdığım fəsildir payız!
Ancaq payızla birlikdə sənət fəaliyyətləri artır... Teatr pərdələri açılır, muzeylərə ziyarətçi axını olur, rəflərdə yeni kitablar öz yerini tutur... Mən istini sevməyən payız uşağıyam... Üstəlik, payız günü ilk dəfə ciyərlərinə nəfəs dolduran uşaq... 1980-ci ildən ad günümü qeyd etmirəm... Çünki sentyabrın 12-də doğulmuşam, təəssüf ki!..
Azərbaycan türkcəsinə uyğunlaşdırdı:
Həqiqət Atilay