Sənət və ədəbiyyat dərgisi

Ernest Heminquey – Köhnə cəbhəyə qayıdış

26 May 2022 / 09:44

Litpark.az saytı Ernest Heminqueyin "Köhnə cəbhəyə qayıdış" hekayəsini Xanım Aydının tərcüməsində təqdim edir:

Əvvəlki cəbhəyə qayıtmayın. Əgər Paşendeyldə (Belçikada kənd. Birinci dünya müharibəsində ən böyük döyüşlərdən biri orada baş verib – X.A.) gecə yarısı baş verənlər, ya da Vimi yamacını ələ keçirən birinci dalğa yaddaşınızı hələ də incidirsə, ora qayıdıb ölüləri diriltməyə can atmayın. Bu, sizə heç nə verməyəcək. Yeni cəbhə elə əvvəlki kimidir. Eynilə baldırınızdakı nazik çapığa və qanınız süzülüb çəkmənizin içinə dolanda oturub bağla sıxdığınız, sonradan əldəqayırma əsayla sarğı məntəqəsinə getdiyinizdə çəkdiyiniz ayağınıza bənzəyir.

  Əgər ürəyiniz istəyirsə başqa bir cəbhəyə yollanın. Təxəyyülünüz bütün olanları ağlınızda canladırmaqla sizi xilas edəcək. Amma nəbadə öz cəbhənizə qayıtmaq fikrinə düşəsiniz: dəyişikliyə məruz qalan hər bir xırdalıq, inanılmaz, ağlasığmaz ölü sükut, nə vaxtsa minalardan dəlmə-deşik olan çöllərin parlaq yaşıllığı, səngər və məftillər əlbir olub, sizə olduqca vacib görünən hadisə və məkanların, əslində, qarabasma, xəyal, uydurma olduğuna inandırmağa çalışacaqlar. Bu, xadimələrin təmizlik işləri apardıqları alaqaranlıq teatr binasına girmək kimi bir şeydir. Mən bunu yəqin bilirəm – qayıtmışam bir vaxt öz köhnə cəbhəmə.

 

 

  Bircə döyüş meydanı görünüşünə və ağırlığına görə dəyişəcək, əvvəlki kimi yaşıl düzəngah olacaq, torpaqdakı dəlmə-deşikləri hamarlayacaq, səngərləri dolduracaq, blindajları dağıdıb düzəldəcək, qalaq-qalaq məftilləri qopararaq əridib yox edəcək. Döyüş meydanından – torpaqdan onun müqəddəslik zirvəsinə qaldıran cəsədləri çıxarıb həlak olduqları yerdən çox-çox uzaqlarda – gözəl, səliqəli qəbiristanlıqlarda dəfn edildiyini görəndə mütləq sizin hissləriniz də dəyişəcək. Nə vaxtsa yaşadığınız, müharibənin toxunmadığı – viran qoymadığı şəhərlərsə sizi hər şeydən daha çox mat qoyacaq. Yəqin ki, bir çox şəhərləri sevirsiniz. Amma ştab zabitindən başqa,  kiminsə döyüş meydanını sevdiyinə inanmaram.

  Bəlkə də, əvvəlki cəbhənin o biri yanında möcüzəvi Flamandiya – adlarıyla, hələ də öz sehrini qoruyub saxlayan dar küçəli şəhərlər qalıb. Bəlkə də, belə şəhərlər  var. Mən özüm Skiodan (İtaliyada şəhər – X.A.) təzəlikcə gəlmişəm. O çox gözəl şəhər idi. İndisə onu heç tanımadım. Çox şey qurban verərdim ki, bir daha ora heç vaxt qayıtmayım.

  Skio dünyanın ən gözəl yerlərindən biri idi. Trentinoda (İtaliyanın əyaləti) Alp dağlarının ətəyində şənliyin, istirahətin və gözəlliyin mərkəzi olan balaca şəhərcikdir. İnsan ancaq bu cür şəhər haqqında xəyallar qura bilər. Bizi orada mənzillərə yerləşdirəndə hamı heyrət içindəydi. Müharibədən sonra qayıdıb burada yaşamaq arzusunu dilə gətirirdi. Əla mətbəxi olan "Dyu Spadi" otelini və yerləşdiyimiz – adını "Şəhərkənarı klub Skio" adlandırdığımız zavod da xatirimdədir.

  Həmin gün şəhər gözümə balacalaşmış, sıxılmış kimi dəydi. Mən vitrinlərdəki xırda xallı köynəklərə, ucuz Çin qablarına, gənc oğlan və qızların bir-birinə fərqli-fərqli yeddi cür baxdığı şəkillər təsvir olunan açıqcalara, boyat və iri dilim qara çörəklərə  baxa-baxa  ensiz və uzun əsas küçəylə addımlayırdım. Küçənin sonu gedib dağlara dirəşirdi. Bir həftə əvvəl Müqəddəs Bernard dərəsindəydim. İndi başlarındakı qar papaqları əriyib və onlar çox darıxdırıcı, yağışlardan şırımlanmış dəydilər gözümə. Görünüşləri təpələrdən bir az babat idi. Buna baxmayaraq, gözümü xeyli vaxt onlardan çəkə bilmədim. Sonraysa küçənin o biri tərəfiylə bara tərəf üzü aşağı düşdüm. Yavaş-yavaş yağış damcılamağa başlamışdı. Dükan sahibləri jalüzləri çəkirdilər.

  – Şəhər müharibədən sonra dəyişilib, –  hündür kətildə oturub bar piştaxtasında narazı sifətlə nəysə toxuyan qara saçlı, qırmızıyanaq qıza dedim.

  – Hə? – qız bircə dənə də olsun ilmə buraxmadan dilləndi.

  – Mən müharibə vaxtı burada olmuşam, – söylədim.

  – Çox adam olub, – qız hüznlü sakit səslə cavab verdi. Mən içkinin pulunu ödəyib çıxanda  o, mexaniki olaraq, – Grasia, sinyor, – dedi.

  Bəli, bura Skio idi. İndi "Dyu Spadi" də artıq balaca karvansara boyda qalmışdı. Qaldığımız zavoddan da boğuq səslər gəlir, çirkab sular əvvəllər keflə çimdiyimiz çayın rəngini bulandırırdı. Arxadakı köhnə girişi də kərpiclə hörmüşdülər. Bütün bunları görəndən sonra, sanki yer ayağımın altından qaçdı. Gecəni yuxum ərşə çəkildi, yata bilmədim. Səhər tezdənsə yağışa qərq olan şəhərə gəzməyə çıxdım.

  Skioda divarları qlisiniya çiçəklərindən olan bağ vardı. İsti yay gecələrində orada bombaya oxşayan ayın altında həmişə pivə vururduq. Masanın yanındakı böyük çinarın qol-budaqları arasından ayın işığı qəribə formalı kölgələr salırdı. Axşam gəzintisindən sonra o yeri axtarmamağı yaxşı ki, ağlım kəsdi. Bəlkə, elə bir bağ heç vaxt olmayıb da.

  Bəlkə, Skioda heç müharibə də heç vaxt olmayıb. Mən oteldəki cırıldayan çarpayıda uzanıb tavanın tən ortasında asılan elektrik lampasının işığında kitab oxumaq istədim. Olmadı, bir də ayıldım ki, xatirələrə dalmışam. Sonra durub lampanı söndürdüm. Pəncərədən küçəyə boylandım. Fənərin işığı yağışın damcıları altında tutqunlaşmışdı. Bu 1916-cı ildə batalyonların addımladığı həmin o tozlu küçə idi. "Briqata Ankona", "Briqata Komo", "Brikata Toskana" və Karsodan olan onlarla başqa briqadalar avstriyalıların hücumunun qarşısını almaq üçün bura gəlmişdilər. Avstriyalılarsa artıq dağı aşmış, Venesiya və Lombardiya düzənliyinə aparan dərəyə doğru düşməyə başlamışdılar. Onlar yaxşı döyüşçülər idi. Yayın əvvəlində toz basmış yolla addımlayır, Qallio, Aziaqo, Kanovadan gələn hücumları dəf edir, dağlarda, Trentino yamacındakı küknar meşələrində həlak olurdular.

 

 

 

  Bu yol, 1918-ci ilin iyununda köhnə briqadaların daha bir hücumu dəf etmək üçün Pyaveya (İtaliyada çay) tökülüşüb gəldikləri həmin o köhnə tozlu yol idi. Onların ən yaxşı döyüşçüləri Karsodakı, Horisiyadakı döyüşdə, San-Qabriel dağında, Qrappda həlak oldular. Artıq 1918-ci ildə onlar 1916-cı ildəki kimi şövqlə addımlamırdılar. Bəzi alaylar geridə qalmışdılar. Batalyon üfüqdə toz buluduna çevriləndən sonra hələ uzun müddət yolun qırağıyla veyl-veyl addımlayan bədbəxt cavanlar, öldürücü İtaliya günəşinin altında dözülməz başgicəllənməylə mübarizə aparırdılar.

  Beləliklə, biz nə vaxtsa nəhəng təchizetmə stansiyası sayılan Mestreyə (İtaliyada şəhər – X.A,) çatdıq. Bizlə səyahət edən italyan spekulyantlarından ibarət kompaniya isə Venesiyaya istirahətə yollandı. Pyaveyə getmək üçün avtomobil icarələdik. Arxa oturacaqda yerimizi rahatlayıb xəritəni gözdən keçirməyə başladıq. Yol Venesiya yaxınlığındakı sahilləri caynağına almış zəhərli adriatik bataqlıqlarını iki yerə ayırırdı.

  Avstriyalılar və italyanların bir-birlərinə qarşı hücuma keçdikləri yerdə – Porto-Qrandenin yaxınlığında, Pyavenin aşağı deltasında insanların olmadığı bir yerdə avtomobilimizi saxladıq. Mexanizmin tənzimləyicisiylə uzun, kirli, zəhlətökən, üzücü işə başlamanın vaxtı idi. Sürücü bununla məşğul olanacan, barmağına polad tilişkə batıranacan, mənim arvadım Xedli səyahət çantamızdakı iynəylə onu çıxaranacan biz günəşin altında əməlli-başlı bişdik. Sonra külək dumanı qovdu, Venesiya və sehrli nağıllardakı dekorasiyanı xatırladan sarımtıl-bozumtul sular görünməyə başladı.

  Nəhayət ki, sürücü qalın, sıx saçlarına yağlı əliylə sığal çəkərək avtomobili işə saldı və biz yola düşdük. Belə yadımdadır ki, bizim məqsədimiz dəqiq planı çəkilmiş, hətta siçovulların da yaşamadığı Fossalta şəhərinə getmək idi. Düz bir il onu minaatandan atəşə tutublar. Sakitlik çökən kimi avstriyalılar orda mümkün olan hər şeyi dağıdıblar. Müharibə vaxtı Pyavenin Venesiya sahilində avstriyalılar tərəfindən tutulan ilk döyüş meydanı Fossalta şəhəri olub. Çay daşları döşənmiş viranə küçələrdə saysız-hesabsız adam öldürülmüşdü. Hamını bir nəfər kimi "flammenverfer" od püskürən silahıyla zirzəmilərdən çıxarmışdılar.

  Biz maşını bir qıraqda saxlayıb gəzintiyə çıxdıq. Dağılmış şəhərin bütün ağrıları, faciələri artıq keçmişdə qalıb. Onları yeni tikilmiş, parlaq mavi, qırmızı və sarı rənglərə boyanmış evlər əvəz edib. Mən Fossaltada ən azı əlli dəfə olmuşam, amma indi onu tanıya bilmədim. Gözümə ən pis görünən yeni suvaqlanmış kilsə oldu. Diqqətlə baxanda taxtalardakı sınıqları, kəsikləri görmək olurdu. Lakin buralarda nə baş verdiyindən bixəbər adam onların nədən belə "yaralandığını" anlaya bilməzdi. Ətrafda hər yan yaşıllaşmış, çiçəklənmişdi.

  Mən ot basmış yamacla qalxdım. Yuxarıda ayaq saxladım. Pyaveyə düşən bütün yolları seyr etdim.  Dunay qəhvəyi olan qədər də, Pyave mavi rəngliydi. Çayın o biri tərəfində – düz avstriyalıların  müdafiə sərhədinin yerində  yepyeni tikilmiş iki ev gördüm.

  Mən yoldaşıma göstərmək üçün döyüş vaxtı torpaqda açılmış dəlmə-deşiklərdən axtardım. Lakin yamacın  hər yeri yamyaşıl və hamar idi. Tikanlı məftil dolanmış böyük yumağın yanında minanın pas atmış bir parçasını tapdıq. Çuqun qırığın hamar kənarlarından, bunun kimyəvi tərkibli mərmi olduğunu başa düşdük. Cəbhədən – döyüşlərdən yadigar qalan elə bircə bu mərmi idi.

  Maşına doğru qayıdan zaman yol boyu söhbət etdik: Nə yaxşı ki, Fossalta yenidən qurulub. Yəqin ki, burada yaşayan ailələr yenidən öz evlərinə qayıtdıqlarına görə xoşbəxtdirlər. Başqa ölkələrin dağıdılmış şəhərlərdən baxmalı, görməli yer – muzey düzəldikləri və bundan istifadə edib qarşı tərəfdən təzminat aldıqları bir vaxtda, biz italiyalılar dağıdılmış torpaqlarımızda yenidənqurma işləri apardığımızı fəxrlə xatırladıq. Biz lazım olan hər şeyi dedik və susduq. Əlavə etməli heç nə qalmadı. Birdən-birə aralığa elə bil hüzn çökdü.

  Yenidən qurulmuş şəhər, dağıdılmış, viran qoyulmuş şəhərdən daha kədərlidir. İnsanlar öz evlərini geri ala bilməmişdilər. Onlara verilən köhnə evlərinin yerində tikilmiş yeni evlər idi. Uşaqlarla oynadıqları, işığı söndürüb sevişdiyi otaq, isindikləri soba, nikaha girdikləri kilsə, övladlarını itirdikləri otaq – bütün bunlardan heç biri daha yox idi. Müharibədə bomboş viranə qalmış kəndin, nəsə xüsusi bir şərəfi, ləyaqəti var. O, nəyinsə uğrunda həlak olub və o nədisə toxunulmadan, olduğu kimi saxlanılsa yaxşıdı. Hər şey böyük bir fədakarlığın bir parçasıydı, indi isə  hər şey yeni, eybəcər bir boşluğa qərq olub. Hər şey əvvəlki kimidir, lakin ondan bir az pis.

  Biz mənim ən yaxşı dostumun öldürüldüyü küçədən, eybəcər evlərin yanından keçib maşına çatdıq. Əgər müharibə olmasaydı heç vaxt maşının sahibi onu əldə edə bilməzdi. Deyəsən, ideyamız həyata keçmədi. İstəyirdim arvadıma müharibənin qalıqlarından nəsə göstərim. O, da alınmadı. Keçmiş, daha  sınmış "Viktrola" qrammofon valı kimi cansız idi. Ötən günün arxasınca qaçmaq – kabusun dalınca qaçmaq... Və əgər sizə yenə də sübut lazımdırsa, qayıdın əvvəlki cəbhənizə.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.