Yalvarma əbəs yerə- Federiko Lorkanın şeirləri
09 İyun 2023 / 09:56
Federiko Lorka
Gitara
Başlayır gitaranın
İniltisi, naləsi
Çilik-çilik dağılır
Səhərin piyaləsi.
Başlayır gitaranın
İniltisi, naləsi.
Umma ki, sakit olub
Susacaqdır gitara.
Ümid bağlama onun
Qəm nəğəmsi qurtara.
Yalvarma əbəs yerə
– yetər artıq, sus deyə.
Onun ağlayışları
Olar sənə hədiyyə.
Yoxuşdan axıb gələn
Bir dağ çeşməsi kimi.
Qarlara sığal çəkən
Küləyin səsi kimi
Gitara ağlayacaq
Susmayacaq gitara.
Ümid bağlama onun
Qəm nəğməsi qurtara.
Yalvarma — yetər artıq,
Bir sakit ol, sus! – deyə.
Bir anlıq təsəlli tap
Gəl ol qayğısız – deyə
Belə ağlayır Batı
Doğrunun həsrətiylə
(Belə ağlayır qürub
səhərin həsrətiylə)
hədəfsiz atılan ox
belə inləyir gedir.
Bircə damla şeh üçün
qaynar qum belə yanır.
İlan vurmuş yazıq quş
Belə gedir həyatdan
Gitara, ah gitara
beş xəncərin qurbanı
Söylə təsəllin, hanı?
“Mənzərə”
Zeytun ağaclarından
Düzlər yelpic götürüb.
Göylər mavi rəngini
Zeytunluğa ötürüb.
Dumanlı leysan kimi
Soyuq ulduzlar yağır
damcı-damcı tökülür
boşluğa ağır-ağır.
Körpə qarğı, toranlıq
Kanalın kənarında
durub tir-tir əsirlər.
Xəfif xışıltılarda
nə sirlər var, nə sirlər!
Üçüncü – boz küləkdir.
Sübhədək əsəcəkdir.
Zeytun budaqlarından
quş səsləri tökülür.
hər cəh-cəhdə elə bil
ürəkləri sökülür
Zavallı əsirlərin
qanadlı dəstələri.
Kim verdi, harda verdi
Sizə bunca kədəri.
Gecənin qaranlığı
Dörd bir tərəfdən axır.
Quşların quyruğuyla
Oynayıb ağır-ağır.
Çöl
Göylər gül rəngindədir
Ağaclar ağappaq.
Qapqara kömür olub
Biçənəklər yanaraq.
Qürubun yarasını
Örtmüşdür qurumuş qan
Dağların rəngsizliyi
Əzik görünür yaman.
Yol kənarı yarğanda
Bomboz tozlar gizlənir.
Xırda çaylar lillənib
Kəsilmişdir səs-səmir.
Göllər yatıb, yavaşdan
Cingildəyir qumrovlar
Su çəkənlər dayanıb
hər tərəfdə sükut var.
Göylər gül rəngindədir
Ağaclar ağappaq.
Mavi axşam bala-bala
Nəğmə deyir portağala.
Kiçik bacım mızıldayır,
"Yer portağala oxşayır!"
Ay ağlayır lap az qala
"Bənzəyəydim portağala!"
"Yox bu mümkün deyil bala!
Təzə, gülrəng olsan da sən
Limona da bənzəməzsən
Çox təəssüf!".
Tənhalıq
Tənha yarpaq:
sahilsiz gecələrin
kar
torpağı.
(Dağ ətəyində külək
zeytun budaqlarını titrədir)
Min illik çırağın
Min illik kədərin torpağı.
Dərin kellər torpağı
Oxlar və kor ölümlər
Torpağı.
(Boş yolların
qələmə meşəsinin küləyi).
Torpağı.
(Boş yolların
qələmə meşəsinin küləyi).
***
Mən öləndə açıq qoyun
Eyvanımın qapısını
Bir oğlan portağal dərir
(Eyvandan görürəm onu).
Bir biçinçi taxıl biçir
(Eyvandan görürəm onu)
mən öləndə açıq qoyun
Eyvanımın qapısını.
Göydə ölü bir ay var.
Onu dirildir bahar.
Qələmini cənubun yeli
qucaqlayaydı.
Ürəklər bollu-bollu
məhsul – ah gətirəydi.
Damlar məxmər kölgəni
torpaqlara sərəydi
Göydə bir ölü ay var
Onu dirildə bahar.
Üç çay haqqında ballada
Sən axırsan Qvadalkivir.
Portağallıq, zeytunluqdan
Qranada, iki çayın
Axır qardan buğdalığa
Ah məhəbbət!
Getdi, bir də qayıtmadı.
Qvadalkivir saqqalında
nardır çiçəkləyir sənin.
Qranada iki çayın, –
Biri – kədər, biri – qandır.
Ah məhəbbət!
Tərk eyləyib bizi getdi.
Ey ağ yelkən sənin üçün
Sevilyada geniş yol var.
Qranada dalğan üçün
Nəğmə – kürək, nəğmə – qanad.
Ah məhəbbət!
Getdi, bir də qayıtmadı.
Portağallar meşəsində
Qüllə sənsən Qvadalkivir
Göl yanında cüt qüllə tək
mürgüləyir.
Ah məhəbbət!
Tərk eyləyib bizi getdi.
Tərcümə edən: Rəsul Rza