Sənət və ədəbiyyat dərgisi

Gündüz günsən, gecə  hilal... - Nikoloz Barataşvilinin şeirləri

18 Noyabr 2022 / 12:09

                                               NİKOLOZ  BARATAŞVİLİ 

                                               Bu şairin taleyi Azərbaycanla bağlı olub, Xan                                                         qızı Qönçəbəyimi         ürəkdən sevib, ona şeirlər                                                    ithaf edib, amma... 

 

 

 

Gürcü ədəbiyyatı və bədii təfəkkürünün zirvələrindən biri olan Nikoloz Barataşvilinin ədəbi irsi, həcm etibarı ilə kiçik  olsa da, gürcü poeziyasına  həmişəyaşar incilər bəxş etmişdir. Çox gənc yaşında vəfat etmiş bu dahi şairin həyat və yaradıcılıq yolu onun şairanə təbiəti ilə yanaşı, biz oxucularda şairlər barədə olan təsəvvürlə tam üst-üstə düşür – nakam sevgilər yaşamış, arzu və istəklərinə yetişə bilməmiş, sağlığında bir yaradıcı kimi diqqətdən kənar qalmış, gənc yaşında kimsəsiz vəfat etmiş bir şair... Elə bir şair ki, illər sonra nəşi vətənə qaytarıldıqda böyük bir izdihamla, dərin ehtiramla qarşılanmış və layiq olduğu hörmətlə torpağa verilmişdir.

***

 Nikoloz Barataşvili 1816-cı ildə, zadəganlar ailəsində anadan olmuşdur. Atası – Meliton Barataşvili Qafqaz canişinləri –Ermolov və Paskeviç dövründə tərcüməçi vəzifəsində işləyirdi. Anası Efemiya Orbeliani isə  gürcü romantizminin ikinci məşhur nümayəndəsi, general Qriqol Orbelianin bacısı idi. 7 yaşında ikən anası Tatoya (ailə üzvləri və yaxın dostları Nikolozu nəvazişlə Tato deyə çağırırdılar) yazıb-oxumaq öyrədir, sonra isə Kaloubani[1] məktəbinə qoyur. Burda gələcək şairə gürcü dili qrammatikasından filosof Solomon  Dodaşvili dərs deyirdi.

 1827-ci ildə  Nikolozu Tbilisidəki Nəciblər məktəbinə (sonradan Gimnaziya olur) göndərirlər. Həmin məktəbi 1835-ci ildə bitirən N.Barataşvili hərbi karyera arzulasa da  valideynləri “Çolaqsan” deyə icazə vermirlər. Məsələ burasındadır ki, hələ məktəbliykən hər iki ayağını sındıran Barataşvili axsayırdı. Ancaq görünür, rahat hərəkət etməsinə bu bir o qədər də mane olmurdu, dayısı Qriqol Orbelianiyə ünvanladığı məktubunda belə yazır: “Arzum əsgər olmaqdı, indiyədək məni fərəhləndirən bu olub və bəzən indi də qəlbimə sirayət edir. Arzum bu  idisə, bəs nə mane oldu? bax bu: valideynlərim çolaqsan, səni əlillər komandasından başqa bir yerə götürməzlər dedilər. Halbuki, ayağım sağalmışdır, indi də salamatdır, beləki, istədiyim qədər atılıb-düşür, hətta dans[2] da edə bilirəm”.

   Lakin, arzusunun xilafına Barataşvili mülki çinovnik  olur və gününü dəftərxananın darıxdırıcı mühitində keçirir. Belə bir cansıxıcı mühitə baxmayaraq işini vicdanla yerinə yetirir. Bununla bağlı bir xatirə var... Yuxarıdakı məktubundan da bəlli olduğu kimi N.Barataşvili rəqslərdən, ziyafətlərdən, şən toplantılardan əskik olmurdu. Bunlara diqqət yetirən, işlədiyi palatanın rəisi,  İlinskiy, öz “stolnaçalnikinin” bu qədər ora-bura qaçmasını bəyənmir və bir gün yoxlanış keçirmək qərarına gəlir, lakin hər şeyin yerli-yerində olduğunu görür:

  • В таком роде продолжаете бегать, сколько вашей душе угодно – deyir.

 XIX əsrin ortalarında  Qafqazda Şeyx Şamilin azadlıq uğrunda mübarizəsi geniş yayılmışdır. Rusiya Şeyx Şamilə qarşı müharibəyə ilhaq etdiyi torpaqlardakı əhalini, o cümlədən yüksək rütbəli hərbi qulluqçuları da cəlb etmişdi. Gürcüstandan Qriqol Orbeliani, Levan Melikişvili, Dimitri Corcadze, Niko Çavçavadze və s. kimi şəxslər həmin müharibədə şöhrət qazanmışdılar. Nikoloz Barataşvili dayısı Qriqol Orbelianidən onun özünün də iştirak etməsini xahiş edir, lakin yüksək vəzifəli Orbeliani bacısı oğlunun istəyini yerinə yetirmir. Bu hal N.Barataşvilini sarsıdır və dayısına, 1843-cü ilin 21  avqust tarixində, məzəmmətedici bir məktub yazır: “Qəribədir ki, gürcü adamının, o, nə qədər də möhtəşəm, güclü olsa da belə, uzaqgörənliyi yoxdur; o uzaqgörənliyi ki, özünün qocaldığını hiss etdikdə, varis tapsın, hazırlasın, bu dünyada yol göstərsin, cəmiyyətə çıxarsın ki, özü dünyadan köçdükdə (dünyada heç nə əbədi deyildir) xalq arasında  varisinin vasitəsilənişini davam edə bilsin. Deməyim odur ki, daxili səsim məni xoş gələcək üçün dəvət edir, qəlbim, sən indiki dövr üçün doğulmamısan, – deyir, yatma,- deyə buyurur. Yatmıram, ancaq məni bu darısqal qayalıqdan geniş yerə çıxaracaq adama ehtiyacım var... Çalış, məni Renenkamfın yanına düzəlt. Axı, nəsə edəcəyin vədilə ayrıldın məndən. Bilirəm, məni unutdun, amma xeyr, unutmamısan. Bu gürcüyə xas olan, özününkü üçün yarıtmaz olması xəstəliyi ucbatındandır”.

  Dayısından ümidini üzən N. Barataşvili  o vaxtlar Naxçıvanda müvəqqəti olaraq qəza rəisi təyin edilən dostu Levan Melikişviliyə müraciət edir və onun köməkçisi vəzifəsini alır. Şair  Naxçıvana 1844-cü ildə yollansa da orda çox qalmır, Levanla birlikdə 1845-ci ildə geri Tbilisiyə qayıdır.  Bir müddət sonra Telavidə yenə köməkçi vəzifəsinə təyin edilərək yollanmağa hazırlaşan Barataşvilinin yanına Gəncə qəzasının rəisi Mamuka Orbeliani gəlir, ona, Gəncədə iş təklif edir. Dağlarda qaçaqları qarşı keçirilən əməliyyatda iştirak edən şair sətəlcəm olur və 1845-ci ilin oktyabr  ayında, 28 yaşında Gəncədə vəfat edir.

***

 Nikoloz Barataşvilinin yaradıcılığı Romantizm ədəbi cərəyanına mənsubdur. Gürcü ədəbiyyatı üçün O,  formal olaraq,  Aleksandre Çavçavadze və Qriqol Orbelianidən sonra  üçüncü, lakin romantizmin ən böyük təmsilçisi hesab olunur. Ona görə “formal olaraq” ki, Barataşvilinin yaradıcılığı artıq nəinki XIX əsr gürcü ədəbiyyatının,  ümumiyyətlə gürcü bədii təfəkkürünün zirvələrindən sayılır. Şairin bioqraflarıdan biri olan İona Meunarqia XIX əsrin gürcü ədəbiyyatının vəziyyətinə ümumi nəzər salaraq yazır: “...Aleksandre Çavçavadzenin şeirlərini daha çox nəğmə kimi söyləyirdilər, nəinki oxuyurdular. Onun poeziyasına cazibədarlığı öz gözəl qızlarının mahnı söyləməsi də aşılayırdı. Heç bir mətbəə Onun şeirlərini qızlarının gözəl ləbləri qədər yaya bilməzdi. O dövrdə Davit Maçabelinin və Sayatnovanın şeirləri də oxunurdu, ancaq, sonradan zamanın göstərdiyi kimi, bunlardan heç birinin gələcəyi olmadı, çünki heç birində canlı ruh və səmimi, sadə hiss bulunmurdu. Onlar yalnız öz müasirlərinin duyğularını və zehinlərini deyil, yalnız qulaqlarını oxşayırdılar. Hətta Aleksandre Çavçavadzenin özü belə gürcü ədəbiyyatında məktəbə çevriləcək iz qoymadan getdi. Özündən sonra heç bir davamçısı, heç bir məktəbi olmadı”. [3]

  N. Barataşvilinin poeziyasındakı dərin hüzn isə əsla trafaretik deyil, hər bir konkret situasiyadan doğan,  fərdiyyətdən universallığa açılan bir səmimiyyətdir.  N. Barataşvili yaradıcılığındakı hüzn onun şəxsi problemlərlə, xidmətilə, sevgilərilə bağlı nakam arzularından irəli gəlsə də heç vaxt bu kimi darıxdırıcı nəsnələrin əsirliyində qalmır, istənilən halda ümumbəşəri, fəlsəfi xarakter kəsb edir. Məhxz bu səbəbdəndir ki, Romantizmin “Fəlsəfəni poeziyaya, poeziyanı isə fəlsəfəyə çevirmək”[4] prinsipi gürcü ədəbiyyatında ən gözəl şəkildə N. Barataşvilinin yaradıcılığında öz əksini tapmışdır.

 “N. Barataşvilinin hüznü dərdə şərikliyi deyil, hörmət və heyranlığı tələb edir, çünki bu kimi hüzn yalnız seçilmişlərin taleyidir. Bu ümumi qüssəni şəxsi qüssə kimi duymaqdır”. [5]

 

  Professor Revaz Siradzenin yazdığı kimi: “N. Barataşvilinin şeirlərinin əksəriyyəti ünvanlıdır. Bunun poetik fiunksiyası ilə yanaşı müəyyən estetik məqsədyönlülüyü də var. Xitab üzrə  qurulmuş fikir  düşüncənin  insani münasibətlərdən qopmadığına dair bir işarədir ”[6].

  Şairin məhəbbət mövzusunda yazdığı şeirlərdən biri, azərbaycanlı oxucunun xüsusi diqqətinə layiqdir. Yuxarıda qeyd etdik ki, şair Naxçıvanda  işləmişdir. Burda o Xan qızı Gönçəbəyimlə  tanış olur. Öz ohumu və Levan Melikişvilinin həyat yoldaşı Maiko Orbelianiyə Naxçıvandan yazdığı ikinci məktubda N. Barataşvili Qönçəbəyimlə bağlı bunları yazır:

“Naxçıvanda əlimə yeni bir şeir keçdi, on səkkiz yaşlı qız yazıb, adı Qönçəbəyimdir; xan qızıdır, çox gözəl və duzludur[7]; Orlovun[8] xanımıdır.  Zavallı öz ərindən yaman gileylidir, hazırda onunla birlikdə deyil, boşanmaq üzrədir. Zavallını zorla ərə verəndə on iki yaşı varmış. Bunların əhvaltlarından bir əla roman çıxar! Bu şeirdə özü-özünü ağlayır: bir yerdə deyir: “Mənim qəşəng bağçam, istəyirəm gələm və sənin fəvvarənlə, çiçəklərinlə danışam, ancaq qorxuram ki, mənim ərim də orda olar”. Bu şeiri yazdırıb tərcüməsi ilə bərabər göndərəcəm.”[9]

  Məktubdakı bu hissə ilə bağlı prof. Tamar Şarabidze N. Barataşvilinin izi ilə Naxçıvana yola düşür. Alimin fikrincə “Əhsən səni doğan anaya, ay qaragöz qız” şeiri böyük ehtimalla Gönçəbəyim xanıma həsr edilmişdir. Tədqiqatçı bunu deməyərkən iki dəlilə əsaslanır: birincisi,  şeir öz sadəliyi və oynaqlığı ilə olduqca xəlqi dildə yazılıb, beləki N.Barataşvilinin başqa şeirlərinin arxaik üslubundan fərqlənir, ikincisi isə odur ki, şair indiyədək mavi gözləri tərənnüm etdiyi halda, estetik zövqünü radikal şəkildə dəyişir.  T. Şarabidzenin  dediyinə əsasən, Gönçəbəyim N. Barataşvilinin son məhəbbəti, son ilham pərisi olmalıdır. Lakin, görünür, bu hiss platonik münasibətdən uzağa getmir, zira “Amansız küləklər əsdi” şeirində şair yenə də özünə xas mənəvi yetimliyinə, giley-güzarına qayıdır[10].

  Şairin “Vizit kartına” çevrilmiş “Merani” şeiri də dayısı İlia Orbelianinin Şeyx Şamilə əsir düşməsindən irəli gələn sarsıntıya görə yazılmışdır.  Əslində, şeirin orijinal adı “Fədakar süvaridir”, lakin xalqın təfəkküründə lirik qəhrəmanın atına tez-tez “Merani” (gürcücə sürətli, yarışma atına deyilir) deyə müraciətinə görə,  şeir yaddaşlarda da belə qalmış, sonralar isə rəsmi başlığa çevrilmişdir.

 “Merani” şeiri bu günün özündə də oxucularını vəcdə gətirir. Şeir azadlığa fədakarlıqla can atan insanın bir hayqırışıdır. Bu prosesdə lirik qəhrəmanın arxasınca bir lənət kimi, onu məhv etmək istəyilə qara quzğun[11] da qarılda-qarıldaya qanad çalır. Bu şeirdə söylənən acı dilək, N. Barataşvilinin həyatında gerçəkləşdi -  O, qohum-əqrəbası və sevdiklərindən uzaqda, yad bir diyarda əbədiyyətə qovuşdu.

 N. Baratşvilinin poeziyasının kəfşi və  nəşinin Tbilisiyə gətirilməsi ilə bağlı gürcü intellektualı Qeronti Kikodze (1888-1960) özünün  “Nikoloz Barataşvili” adlı essesində belə yazır:

“Gürcü ictimaiyyəti Onu (Nikoloz Barataşvilini – O.K) sanki iki dəfə kəşf etmiş oldu: ilk dəfə əllinci və altmışıncı illərdə (XIX əsrin 50 və 60-cı illəri nəzədə tutulur –O.K.), “Siskari” və “Sakartvelos moambe”-də Jurnallarında şeirləri çap edilərkən, ikinci dəfə isə 1893-cü ildə nəşi Gəncədən Tbilisiyə gətirildikdə.  Bu böyük bir siyasi nümayiş, gürcü xalqının təfəkkürünün oyanışına dair bir əlamət idi. Tabut, dəmiryolu vağzalından ta Didube kilsəsinin həyətinədək əldən-ələ keçirdi; Vətənə qayıtmış şairin nəşini  bir dindar ehtiramı ilə qarşılasınlar deyə, qadınlar öz uşaqlarına  diz çökdürürdülər”.

  Bəli, gecikən şöhrət və məhəbbət həmişə belə coşqulu olur...

 

Oqtay Kazımov

Filoloq

 

 

 

 

 

 

 

 

ƏHSƏN SƏNİ DOĞAN ANAYA, AY QARA GÖZ QIZ

 (Naxçıvanın sonuncu xanı Həsən xanın qızı Qönçəbəyimə)


Səni doğan ana ki var, əhsən ona, ay qaragöz,

Gündüz günsən, gecə  hilal... Nə bir kəlmə, nə də bir söz!...

Sənə görə yaşayıram, vurulmuşam o saf  ada,

Mən anamın tək oğluyam, peşman etmə bu dünyada!

 

 

Kasıb kəsəm, bu aləmdə elə bil ki, bir fəhləyəm,

Yapıncım var, xəncərim var, sən özün gör nəmənəyəm.

Yox, var-dövlət istəmirəm, könlünü ver, o bəsimdi,

Bundan daha dəyərlisin bilən varsa, söylə kimdi?

 

 

 

 

YADIMDADIR, YAR GÖZLƏRİN...


yadımdadır, yar, gözlərin,

necə də yaş axıdırdı,

gündüz dərdi qurtarmırdı,

gecə də yaş axıdırdı!

 

Ləblərinsə istəyini

Öz yarından gizlədirdi.

O gözlərin bu dünyanı

Ağlamırdı, sonra bildim!

 

Üzün mələk üzü kimi

Mənə dərin sirr açırdı:

Demə, gözlər mən yazığın

Yetimliyin ağlayırdı!

 

Mən indi də görəndə ki,

Göz yaşları oda düşür,

Sızlayaraq qəmlənirəm,

O xoş günlər yada düşür!

 

 

 

 

QINAMA, YAR...


yarım, sən öz ozanını eşqə görə qınama heç,

Dil hər şeyi deyə bilmir, günahından sən özün keç!

 

İstəyirəm, günəş olum, ağuşuma alım səni,

Axşam sənin üçün batım, səhər yada salım səni.

 

Səhərlərin müjdəçisi Dan ulduzu olum yenə,

Qoy yolumu gözləsinlər qızıl güllər dönə-dönə.

 

Istəyirəm, gözəl yarım, sən təmiz bir şeh olasan,

Dirçəldəsən çəmənləri, həzin əsən meh olasan.

 

Hər bir yana nur saçasan, can verəsən bitgilərə,

Eşqin daim bu dünyada timsal ola gözəllərə!

 

Görəsən bu istəyim də sadəcə bir sevgidirmi?

Eləsə gün nur saçammaz həmişə bir günəş kimi.

 

Qızıl gül də səhər-səhər aça bilməz, qönçə qalar,

Şeh çəmənə düşə bilməz, daşlar üstdə damıb qalar.

 

Sən olarsan hamı kimi, deyəmməzsən başqa gülsən,

Onda niyə aya-günə, ulduzlara bənzəyirsəm?

 

Xanım sənin gözəlliyin göylər kimi əbədidi,

Sənə olan hisslərimi heç kəs bilməz, adı sirdi!

 

 

 

 

BÜLBÜL QIZIL QÜL ÜSTDƏ


Bülbül qızılgül üstdə qonub cəh-cəh vururdu:

“Bu yaralı qəlbimlə mən ki sənə vuruldum,

Yalvarıram axşamdan, ləçək-ləçək açıl, gül,

Nurun mənə nəsib et, şölə kimi saçıl, gül.”

 

Zülmət çölü-çəməni dolaşırdı, gəzirdi,

Bülbül oxuyan zaman sərin mehlər əsirdi.

Sonra bülbül susanda asimana qalxdı ay,

Qızıl gül də açıldı, belə oldu bu olay.

 

Amma bülbül yuxuya getmişdi o məqamda,

Sonra günəş də qalxdı, quşlar uçdu yaxında,

Oyatdı o bülbülü qanadların küləyi,

Bülbül gördü, gül solub, sındı quşun ürəyi.

 

Dərdli qəlbi sızladı, qan-yaş axdı gözündən,

Qanad çalıb uçdu o,  qəm süzüldü sözündən.

Harayladı quşları: “saf-saf durun yanımda,

Gəlin, deyim dərdimi, bir yara var canımda!”

 

“Əzizləyib həmişə qönçə gülü sevirdim,

Başımdan da keçmişdim, gecə-gündüz demirdim;

Bir istəyim var idi, bilməzdim, zor olacaq,

Açılmağın istərdim, düşünmürdüm, solacaq!”

 

 

 

 

 

 

SOYUQ KÜLƏK ƏSDİ,

GÜLÜ ÜZÜB APARDI

 

Soyuq külək əsdi birdən, çiçəyimi apardı o,

Mənə həyat verənimi budağından qopardı o.

Ona səhər şeh düşərdi, gözü daim nəmli idi,

Eh, yerini qəm-kədərim, göz yaşlarım tutub indi.

 

Haradasa bir gün, birdən görsəm onun ləçəyini,

Ömrüm-günüm təzələnər, atar qəlbim bu dərdini.

Amma qəlbim sızladıqca dərdim şişir bulud kimi,

Fikrim-zikrim çiçəyimdir, itirmişəm çiçəyimi.

 

 

 

 

 

BİR MƏBƏD TAPDIM UZAQ SƏHRADA...


Layiqli bir məbəd tapdım, məbəd durub səhralarda;

Içəriyə işıq salan sönməz çıraq yanır orda.

Məleykələr çalır daim Davudun öz arfasını,

Asimandan səslər gəlir, o səslərin yoxdur sonu!

 

Usanmışdım, fani dünya çox yormuşdu məni darda,

Dincəlməyə səmim qəlbdən yer gəzirdim oralarda;

Ürəyimi sındırmışdı çarxi-fələk, neçə alçaq,

Bilirdim ki, bu pak çıraq mənə ürək qızdıracaq!

 

Bu istinin əvəzində öz eşqimi verəcəkdim,

Onun üçün candan keçib, uğurunda nələr çəkdim...

Xoş niyyətlə o məqamda bu qərarım oldu qəti,

Elə bil ki, tapmışdım mən səmavi bir səltənəti!

 

Amma qəlbi fani dünya sona qədər sevindirmir,

Məbəd birdən yoxa çıxdı – səhra susub, səhra dinmir;

Odu-budu ürəyimdə xoş duyğular qərar tutmur,

Əvəzində dərd və zülmət qəmli qəlbi heç unutmur!

 

 

Qeyb olunca həmin yerdə heç qalmadı izi-tozu!

Bəlkə də o gözə gəldi, yıxdı onu zaman özü, –

Yoxsa xain dünya yordu, qeyb olarkən dərdə daldı!

Mənə isə o məbəddən odu sönmüş çıraq qaldı!

 

Eşqim daha tikəmmədi  o məbədi – nurlu dağı!

Ta yandıra bilmədim mən odu sönmüş o çırağı!

Ümidimin qapıları bağlanıban getdi bada,

Mən də tənha yetim kimi dolaşıram bu dünyada!

 

 

 

 

 

KÜR QIRAĞINDA DÜŞÜNCƏLƏR


Kürün qırağına düşdüm, dərdimi

Sulara söyləyib dağıtmaq üçün;

Bu tanış yerlərdə göz yaşı tökdüm,

Burda da hər tərəf qəmliydi o gün;

Kürsə ağır-ağır axıb gedirdi,

Suda göy üzünün əksini gördüm.

 

Oturub sulara qulaq asınca

Gözlərim üfüqə zilləndi ancaq!

    Kür, bizə nələrsə deyib axarsan,

Zamanlar görmüsən, amma ki, lalsan!...

 

Bilmirəm nədənsə, həyat gözümdə puç idi onda,

Hər şey heçə dönür, hər şey itir, yox olur sonda.

Bu fani dünyamız, doğrudan da, insana babdı,

Həyat özü nədir? Sadəcə, bir dolmayam qabdı.

Varmı bu dünyada elə bir adam? Varsa o kimdi?

İstəklərinə çatandan sonra desin, bəsimdi?

 

Yenilməz padşahlar, hökmranlar belə

Sahib olsalar da ulusa, elə,

Yenə yad ölkəyə göz dikir onlar:

“O da mənim olsun, İlahi, nolar!”

Deyib can atırlar uzaq torpağa,

Amma bilmirlər ki, torpaqdır ağa,

Bir zaman bitəcək firavan çağlar,

Özləri torpağa qarışacaqlar!

 

Ən yaxşı padşahlar, gözəl çarlar da

Rahatlıq tapammır fani dünyada,

Durmadan min qayğı göstərir xalqa,

Ölkədə var olsun deyə hər adam...

İstəyir gələcək nəsillər onu

Nələt deyə-deyə salmasın yada.

Amma ki bu dünya dağılsa birdən,

Görülən işlər də gedəcək bada.

 

Lakin hələ ki, adımız kişidi, biz bilməliyik,

 Hər bir qaydaya əməl edibən valideyni də eşitməliyik.

 

İnsan yaşayınca köhnə ölüyə bənzəməməli,

Gərək bu dünyaya yönəlsin onun işi, əməli!

 

 

 

 

 

 

 

MERANİ


Çapır biyabanda mənim kəhərim, Meranim mənim,

Arxamca qarğa qarıldayır, qışqırır, bu kim!

İrəli, kəhərim, bu yolun yoxdur həddi, hüdudu,

Qüssəmi yelə ver, qara dalğalı dərdi unudum! 

 

Çovğunu parçala, qayaları aş, yar keç suları,

Yol kimi uzanan ağır günləri sən azalt barı!

Səni qorxutmasın, mənim Meranim, nə yağış, nə qar,

Mən yorulsam da, sən rəhm eləmə, məqsədə apar!

 

Qoy uzaq düşüm mən yurddan, yuvadan, dostdan, qardaşdan,

Sevgili yarımdan, onun şirin dili çıxmaz yadımdan;

Kəhərim, səhərim açan yerləri yurd-yuva sanım,

Mənə sirdaş olsun yalnız ulduzlar, saf asimanım!

 

Ürəyimdə qalan eşq naləsini atım dənizə,

Sən elə yorğala dəli fırtına güvənsin bizə!

İrəli, kəhərim, bu yolun yoxdur həddi, hüdudu,

Qüssəmi yelə ver, qara dalğalı dərdi unudum! 

 

Yurdda əcdadımın yatdığı yerdə yerim olmasın,

Üstümdə ağlayıb qan-yaş axıdan yarım olmasın;

Qara qarğa qazar məzarımı, külək hayqırar,

Çovğunlar doldurar qərib qəbrimi, məni basdırar!

 

Yarın göz yaşını əvəz eləyər şeh tökən çağlar,

Qohum-əqrabanın  əvəzinə də quzğunlar ağlar!

Irəli, Meranim, aş bəxtin səddini, davam et yolu,

Mən qul olmamışam, ola da bilmərəm talenin qulu!

 

Qoy, ölüm çöllərdə, biyabanlarda kimsəsiz, atım,

Məni qorxudammaz onun nizası, safdır muradım!

İrəli, kəhərim, bu yolun yoxdur həddi, hüdudu,

Qüssəmi yelə ver, qara dalğalı dərdi unudum! 

 

Bizim bu fədakar cəhdimiz, atım, faydasız olmaz,

Kim deyir, sənin açdığın bu yol əbədi qalmaz!

Məndən sonra gələn soydaşımın yolu açılar,

Onun  kəhərinin qənşərinə çıxmaz acılar!

 

Çapır biyabanda mənim kəhərim, mənim Meranim,

Arxamca qarğa qarıldayır, qışqırır, bu kim!

İrəli, kəhərim, bu yolun yoxdur həddii, hüdudu,

Qüssəmi yelə ver, qara dalğalı dərdi unudum! 

 

 

 

OROJİNALDAN TƏRCÜMƏ EDƏNİ

            İMİR MƏMMƏDLİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

[1] Tbilisidəki bir məhəllə

[2] Üslub qorunmuşdur –O.K.

[3] İona Meunarqia - “Əsərlər” 2010-cu il.

[4] Fridrix Şleqelin bu cümləsini Ernst Kassirer öz “İnsan nədir” kitabında işlədir, bizsə ilk dəfə R. Siradzenin “Gözəllik göydən gələn nurdur” adlı məqaləsində rastlaşdıq.

[5] R. Siradze- “Merani”. Məqalə  müəllifin vəfatından sonra nəşr edilən “Məna kəsb edən fikir” adlı kitabında dərc edilmişdir. 2021-ci il.

 

[6] R. Siradze – “Gözəllik göydən gələn nurdur”. Məqalə  müəllifin vəfatından sonra nəşr edilən “Məna kəsb edən fikir” adlı kitabında dərc edilmişdir. 2021-ci il.

[7] Burada cazibədar, ürəkaçan  

[8] Qafqaz qoşunlarının Don kazakları atamanı

[9] Məktub 1845-ci il 9 fevralda yazılıb

[10] Tamar Şarabidzenin fikirlərini Gürcüstan kanallarından biri üçün hazırlanan süjetdən təqdim edirik.

[11] N. Barataşvilinin  “Merani”-si Edqar Allan Ponun “Quzğun şeiri ilə müqayisə edilib.

 

 

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.