İndi peşmanam - Eka Kevanaşvilinin şeirləri
25 Yanvar 2023 / 17:16
Tiflisdə doğulub. 2002-ci ildə Tiflis Dövlət Universitetində Beynəlxalq Jurnalistika fakültəsində magistr təhsili alıb. "Yaşıl dalğa” radiosunda aparıcı kimi çalışıb. Yeddi kitab müəllifidir; beş şeir, bir qısa hekayə, bir də esse kitabı yazıb. 2014-cü ildə "SABA” Şeir Mükafatını qazanıb. 2020-ci ildə qısa hekayələr kitabı "Anam haqqında heç nə” Gürcüstan Yazıçılar Birliyinin mükafatını qazanıb. Şeirləri ingilis, rus, alman, italyan, İsveç, Ukrayna, çex dillərində dərc olunub
Anam gəldi
Bu iki kəlməlik cümlədən gözəl
nə ola bilər ki: "Anam gəldi”.
Anam gəldi.
Onun artıq 67 yaşı var.
Qeyri-ixtiyari mindi avtobusa,
hərlənib-fırlanıb yanıma gəldi.
Onu qarşıladı yorğun,
güzəran qayğılarından quruyan, tükənən qızı.
Anam gəldi
və dibimə su tökdü.
Anamdan payız qoxusu gəlirdi,
həqiqət qoxusu, yarpaq qoxusu...
Mənə atamdan,
heç neçəyə satdığı üzümdən danışdı.
Mən yaşayan şəhərə
qablaşdırılmış yaz mövsümünü anam gətirdi.
Uşaq vaxtlarımdakı vərdişlərimi,
davranışlarımı və qadağalarımı da o gətirdi
və mən evə qayıtdım.
Anam gəldi:
Heç belə də şeir mövzusu olar?
Hər gün nəhəng şəhərdə
onsuz da kimsə anası kiminsə qonağı olur,
öz yaylığı, kəndləri və hərarəti ilə.
Yaxşısı budur ki,
şəhərin özbaşınalıqlarından yazım,
rəhbərin heyvani qərarları barədə,
döyülən qadınlar xüsusunda,
amma mən yenə də
anam haqqında yazmaq istəyirəm.
Çünki o üç yüz kilometrlik yoldan gəlib,
dolanbac yollar doqquz dəfə haldan salıb sürücünü,
o maşını saxlayıb,
özünə gələndən sonra
üzr istəyərək yoluna davam elədi.
Hər şey haqqında yaza bilərəm;
Daha çox oxunan
və daha çox insanın marağını
özünə çəkən məsələlərdən.
Amma o yazılan belə nadir bir əhvalat olmayacaq.
Necə ki, bir ananın balaca şəhərindən
öz böyük şəhərinə gəlməsi kimi.
Anam gəldi.
Qədim sevgi nəğməsi
Dolabı səliqəyə salanda
corabımın itən tayı yerə elə düşdü ki,
eynən bir foto albomun
ortasından cırılmış şəkilin sən olan tərəfi kimi.
İndi peşmanam,
niyə səni itirdim ki?
Niyə axı mümkünsüzdür sənin mənim böyük,
amma əvvəlki eşqim olmağın.
Belə olsa bunu bütün dünyaya çatdırardım,
amma yenə də heç kəsin acığı tutmaz,
kimsə "gözünün üstə qaşın var” deyə bilməzdi.
Deyərdilər ki, ötən əsrin eşqi haqda
bu yaşdakı bir qadın nə çərənləyir?
Amma əldən nə gəlir ki,
yanan sönübsə
niyə belə qorxursunuz qədim
və ayağı bu dünyadan çəkmiş eşqlərdən?
Və yenə də eşqi gözəgörünməz bir yerə təpirik
bir tayı itən corab kimi – dolabın dərinliklərinə.
Tərcümə edən: Fərid Hüseyn